Icma.az
close
up
RU
Qula qulluq eləmək Türkan Turan yazır

Qula qulluq eləmək Türkan Turan yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Son günlər oxuduğum tarix kitablarında rastıma çıxan padşah və qulları kəlməsinin üzərində daha çox düşünürəm. Təbii ki, quldarlıq dövrünü hər birimiz bilirik. Amma yüz il bundan öncəyə qədər padşahların xalqa "qullarım" deməyi adama bir az qəribə gəlir. Nədənsə, yüz ili elə də uzaq tarix kimi görmürəm. Bəlkə də, memarlığın, ədəbiyyatın, mədəniyyətin, sənətin zirvə dönəmi olduğuna görə, mənə belə gəlir. Məsələn, o vaxt səslə oynamaq mümkün deyildi, ya gözəl səsə sahib idin, ya deyildin. Ya şeir yaza bilirdin, ya da buna istedadın çatmırdı. Bugünkü kimi kopyalamaq, bənzətmək, oğurlamaq yox idi.

Yaxınlarda Vilyam Bleykin bir şeiri çıxdı qarşıma. Əvvəlcə gözlərimə inanmadım, sonra bir az da dərindən araşdırdım və məlum oldu ki, həm Azəbaycandan, həm də Türkiyədən bir neçə şair Bleykin misralarını ələ keçirib. Əlbəttə, həmin misraları yazmaq fikrim yoxdur, həm etik deyil, həm də belə şeylərin mümkün ola biləcəyini qəbul edirəm. Çünki bu məsələyə tolerant yanaşmağı Oskar Uayld öyrədib. Ustadın çox sevdiyim sözü var, deyir ki, "yaxşı yazıçılar borc olaraq alır, böyük yazıçılar isə oğurlayır".

Padşah və qullara gəldikdə isə, taxta oturduqları anda özlərini Allah zənn etmələri zənnimcə, insandakı kibirin, təkəbbürün ən uc nöqtəsidir. İndi nə o padşahlar var, nə də qulları. Onlardan günümüzə sadəcə daşlar, betonlar və əməlləri qalıb.

Yaxınlarda yolumu o dönəmdən qalan xanlardan (karvansaray) birinə saldım. Kim bilir, həftədə neçə dənə xan görürəm, təbii ki, hamısından yazmaq olmaz. Amma hekayəsi və əsrarəngiz memarlığı olanlara biganə qala bilmirəm.

Ruməli xanı

İstiqlal caddəsinin Taksim istiqamətindəki girişində, önündən bəlkə də min dəfə keçdiyim, üzərinə "Cite Roumeli" yazılan bina var. Bina II Abdulhəmidin mabeyinci başı, yəni saray sözçüsü olan, eyni zamanda o dönəmin tacirlərindən sayılan Raqıb Paşa tərəfindən 1876-1894-cü illərdə inşa edilib. İtalyan memarlar bu binanı elə gözəl tikib və dizayn ediblər ki, önündən neçə dəfə keçirsən keç, hər səfərində ayaq saxlamaq keçir ürəyindən. Raqıb Paşa həmin ərəfələrdə o ərazidə Ruməli ilə birlikdə Anadolu və Afrika adlı əlavə iki xan da tikdirib. O dönəm Osmanlı imperatorluğunun yayıldığı ərazilərin simvolu olaraq Paşa xanlara bu adları verib.

Zirzəmi də daxil olmaqla abidə doqquz mərtəbədən ibarətdir. Lift yoxdur, açığı, gəzərkən bunun əskikliyini hiss eləmirsən. İçərinin mistik aurası və maraqlı mənzərələr pilləkənlər yuxarı çıxarkən insanı yormur. Bütün mərtəbələr demək olar ki, boşdur. Sən demə, vaxtilə çoxotaqlı evlərdə yaşamaq üçün yüksək vəzifəli dövlət adamı olmaq lazım imiş. Eləcə də, bu xandakı evlərdə...

Raqıb Paşa binanı inşa etdirərkən əməlli-başlı dəridən-qabıqdan çıxırmış. Bir gün Sultan Abdulhəmid "Çox yorğun görünürsən, paşa, nə işlə məşğulsan" deyə soruşur. Paşa, "qullarınıza başlarını sala biləcək bir yer tikdirirəm, hökmdarım" deyə cavab verir. Yuxarıda da bəhs etmişdim, deməli, padşahdan aşağı olan hamı qul sayılırmış, fərqi yoxdur vəzirsən, ya da saray sözçüsü. Padşah da özünü Tanrı sayıb, səltənətinin sonsuzadək sürəcəyini zənn edirmiş. Deyim ki, bu bina beynimizdə canlandırdığımız səviyyədəki qulların qalacağı yer deyil. Həddən artıq lüksdür. Elə həm o dönəm, həm də indi üçün.

Bir-birini qucaqlayan tarix

Əvvəllər xanın yerində məşhur Bodos və Kevrok adlı şəxslərin odun anbarları mövcud imiş. Raqıb Paşa məkanı həmin şəxslərdən satın alaraq bu işə qol qoyur. Xüsusilə 1800-cü illərdə inşa edilən binalarda sənəti ifadə edən toxunuşlar dəbdə idi. Burada da o həmin modanı görmək mümkündür. Fasad qismi neoklassik və neorenessans tərzində inşa edilib, içərisində barok, rokoko, renessans izlərini görmək olar, zirzəmidə isə klassik tərz güclü şəkildə nəzərə çarpır. Passaj kimi fəaliyyət göstərən bina Ağa Məscidinin düz yanındadır. Paşanın binanı abidənin yanında tikdirməsi təsadüf deyil. Məscidin qarşısından, yəni İstiqlal caddəsindən hər gün minlərlə insan aşağı-yuxarı axın edir. Ancaq içi mən qarışıq abidənin 1596-cı ildən bəri fəaliyyətdə olduğunu bilmirdik. Olduqca kiçik və sadə olan məscidin bir neçə əsrlik tarixi olduğuna inanmaq çətindir.

İbadətgah Qalata Sarayı ağalarından Hüseyn Ağa tərəfindən inşa edilib. O qədər sadədir ki, heç qübbəsi də yoxdur. Amma ilk illərdə qübbəsinin var olduğunu deyirlər. II Mahmud tərəfindən iki dəfə təmir edilmişdi, ancaq ondan sonra uzun müddət gözdən uzaq qalır və xarabalığa çevriləcəkkən Paşa məsələyə əl atır. Aradan illər keçir, bu dəfə Vəqflər İdarəsi tərəfindən restavrasiya edilir. Baxan kimi hiss edirsən ki, mehrabı, divarları, minarənin gövdəsi keçmişdən qalıb, qalan hər şeyi təzələnib. Şadırvan Memar Sinanın əsəri olan Sinan Paşa məscidindən, fəvvarə isə Eyyub təkkəsindən gətirilib. Kiçicik bu yerdən azanın səsi əskik olmur. Görüntüsü də elədir ki, nə çox gözə girir, nə də arxa planda qalır.

Xalqın üzünü görməmək üçün tikilən tunel

İndi gələk əsas məsələyə, yəni məni buraya gətirən səbəbə - Ruməli xanının 2017-ci ildə restavrasiya olunmaq üçün qapadılmasına. Bina tarixi olduğu üçün zəlzələyə qarşı dayanıqlılığını yoxlamaq, problem varsa, aradan qaldırmaq üçün zirzəmiyə əl atırlar. Baxırlar ki, içəri zir-zibil və torpaqla doludur. Yavaş-yavaş təmizləməyə başlayırlar. Qalaq-qalaq zir-zibil təmizləyəndən sonra çalışanlar qarşılaşdıqları mənzərəni görəndə gözlərinə inanmırlar. Sən demə, üstü pasaj və evlərdən ibarət binanın bütün sirri zirzəmisində gizlənirmiş. Zirzəmi deyəndə gözünüzdə qaranlıq, ürək sıxan, alçaq, boğucu yer canlanmasın. Elə təsəvvür edin ki, bura hər hansısa qədim sarayın bir parçasıdır. Uzun  dəhlizi, enli və böyük tağları, tağların içində otaqları, dəhlizin də öz qolları var. Təbii ki, bu mənzərə insanın beyninə min fikir gətirir. Düşünürsən ki, yaşayış üçün nəzərdə tutulan binanın altında bu cür dəbdəbəli, sanki birazdan padşah keçəcəkmiş kimi qurulan, dizayn edilən tunelin məqsədi nə imiş? Sən demə, bu gizli tunel üç Xanı bir-birinə keçid etmək üçün nəzərdə tutulubmuş.

O vaxt xalqa qarışmaq istəməyən üst təbəqədən olan soylu və varlı adamlar həm binalar arasında, həm də çıxışlarda bu gizli tunellərdən istifadə edirmişlər. Sütunu xalq olanların da xalqa yuxarıdan aşağı baxmaqları lap komediyadır. Dinəndə də, Paşa Sultana deyir ki, "Bəs hökmdarım qullarına başlarını sala biləcəkləri dam tikirəm". Deyilənə görə, Paşanın ömrü vəfa etsəymiş, Avstraliya və Amerika adlı iki xan tikdirməyi planlaşdırırmış.

Peyam Safadan Sait Faiqə qədər...

Ruməli xanı, Osmanlı və Türkiyənin tarixində önəmli hadisələrə şahid və səhnə olub. Dönəmin sənətçilərinin, dövlət adamlarının, siyasətçilərinin, ədəbiyyatçılarının bir növ görüş nöqtəsi imiş. Abdulhəmidin yavərlərindən olan Qəni bəyi vuran Hafiz Paşadan, Rəfi Cavad Ulunaya, Xalid Fəxridən sonralar buradan çıxmayacaq olan Peyami Safaya qədər bir çox fərqli sahələrdən gələni-gedəni varmış. Hətta Sait Faiq Abasıyanıq Burqazadada canını tapşırmadan bir gün əvvəl bütün dostlarını burada toplayaraq yeyib içibmişlər. Bu hadisədən sonra xan bir müddət insanların beynində "son axşam yeməyi" kimi qalır. Sonra bu da unudulur, hər şey kimi...

Binanın ev kimi nəzərdə tutulmuş otaqları demək olar ki, tamamilə boşdur. Heç ofis kimi də istifadəyə verilmir. Sadəcə pasajı aktiv şəkildə işləyir. Restoran, kafe, ofis və mağazaların fəaliyyətindədir. Lap üstə isə böyük terras var. Bütün Bəyoğlu, Uzaqdan görünən Şişli ayaqlarının altında qalır. Bəzən həddən artıq yalın, tənha olan bina təkliyə çəkilmək, düşünmək, fərqinə varmaq üçün əla yerdir. Eyni zamanda İstanbulun betonlara necə təslim olduğunu buradan daha dəqiq görmək mümkündür.

Əslində Paşanın tikdirdiyi abidələrin hamısı bir-birindən gözəldir. Onlardan digəri Kadıköydə, Caddəbostanda yerləşən məşhur Raqıb Paşa Köşküdür. Şəhərin ən möhtəşəm abidələrindən olan bu köşk 1906-cı ildə Paşa tərəfindən Avqust Casmunda inşa etdirilib. Bu köşkü 2 il əvvəldən gözaltı etmişəm, amma ziyarətə açılmır ki, açılmır. Yenə də ümidliyəm, bəlkə bir gün...

Qeyd edim ki, təzəlikcə, yəni Rumeli xanındakı tunel kəşf edildikdən sonra ziyarətçilərin, tiktoker və blogerlərin buraya axını başlayıb. Zirzəminin mədəniyyət və sənət fəaliyyətlərində də istifadə edilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see269

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri