Icma.az
close
up
RU
"Ədəbiyyata ordudan tərxis olunan əsgər kimi baxırlar" Sabir Rüstəmxanlı

"Ədəbiyyata ordudan tərxis olunan əsgər kimi baxırlar" Sabir Rüstəmxanlı

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi Cahangir Namazov çağdaş Azərbaycan ədəbiyyatının parlaq siması, Azərbaycan xalq şairi, nasir, publisist, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdan müsahibə alıb.

Bakupost.az həmin müsahibəni tədim edir:

— Uşaqlıq illərin iz yaddaşınızda hansı rənglər, hansı səslərlə qalıb? Bu rənglər və səslərin şair ruhunuza nə dərəcədə qatqısı olub.

— Mənim şeirlərimi araşdıran tənqidçilərdən biri yazıb: “Sabir Rüstəmxanlının şeirlərinin ümumi rəngi ağdır”. Kənardan görünən belədir. Mübahisə etmək də olar. Çünki türklüyün rəmzi olan mavi rəngi də çox sevirəm. “Ana südü”, “Ay işığı”, “Qarlı dağlar”, “Ağ yuxular”, “Ağ ümidlər”. “Anamızın əli unlu, üzü unlu...”,“Ömrün ilki də ağ, sonu da ağdır” və s. Tənqidçi yəqin ki, şeirlərimdə tez-tez işlədilən belə metaforalara əsaslanmışdı. Mən doğurdan da qarlı dağlar arasında qışı bitmək bilməyən bir kənddə doğulmuşam, qar haqqında şeirlərim də çoxdur. Xarakterimdəki xeyirxahlıq, adamlara yaxşılıq etmək vərdişi də bu ağ rəngi gücləndirir. Amma bütövlükdə uşaqlıqdan yaddaşıma hopmuş başqa rəngləri-saralmış zəmilərin, bərəkətli xırmanların və saralan payız meşələrinin rəngi də unudulmazdır. Vida və ayrılıqla bağlı olan hər şey məni həmişə içdən duyğulandırır.

Səs məsələsi daha mürəkkəbdir. Daha çox yadımda qalan hansılardır. Evlərimizin üstündən uçub cənuba gedən durna qatarlarının qıy səsləri. Həmişə nədənsə mənə elə gəlirdi ki, bu durnalar bu gün İran adlı bir ölkədə qalmış Cənubi Azərbaycana-Təbrizə uçur. Sübh çağı yenicə yuxudan oyanan quşların civiltisi nə qədər duyğusal idisə az qala göyü parçalayan göy gurultuları, yaz yağışlarının və yeri silkələyən ildırımların səsi də o qədər unudulmazdır. Bəlkə buna görə də “öz səsindən asılmış Torağayılar” və ya “şimşək harayı” leksikonumda çox təkrarlanıb. Bir də ney səsi, ürəyi titrədən ney səsi...

— Poeziyada milli ruhu oyatmaqla yanaşı, ümumbəşəri dəyərləri necə və hansı yollarla uzlaşdırmaq olar?

— Ümumbəşəri dediyimiz ayrı-ayrı milli dəyərlərin toplusudur.

Milli ruhu oyatmaq xalqı ümumbəşəri dəyərlərdən uzaqlaşdırmır əksinə ona daha da yaxınlaşdırır.

Bu sənətin bütün sahələrinə aiddir. Məsələn Səmərqənd, Buxara, Xiyvə abidələri millidir.

Özbək əməyinin və ruhunun məhsuludur. Lakin bunu hansı yolla ümumdünya mədəniyyətindən ayırmaq olar? Milli mədəniyyətlər böyüdükcə ümumbəşəri mədəniyyət də böyüyür.

Milli olmaq-sevmək deməkdir.

Öz keçmişini, tarixini, torpağını və yaradıcılıq qüdrətini. Özünü sevməklə sən heç kimə savaş elan etmirsən. Savaş həvəskarları “ümumbəşəri” adı altında xalqların xarakterindən və keçdiyi yoldan irəli gələn özəllikləri silib məhv etməklə, qloballaşma adı altında dünyanı ümumi bir boz rəngə bürümək istəyənlərdir. Amma məncə ümumbəşəri olmaq istəyirsənsə özünü daha yaxşı dərk et, daha çox milli ol!

Yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işğalına, ilahiyyat ərəb işğalına yol açanda, xalqı öz Azərbaycan-türk kökünün üstündə daim canlı saxlayan ədəbiyyat olmuşdur.

Bunu bilən düşmənlər tarix boyu ilk növbədə millətin söz deyənlərini, düşüncə sahiblərini, ana dilini hədəfə alıb, bizi yabançı dillərin, yabançı ədəbiyyatın, yabançı düşüncənin əsirinə çevirməyə çalışıblar. Gərək ümumbəşərilik ruh işğalına çevrilməsin.

— Usta-şagirdlik yalnız bilik ötürmək deyil, qəlbdən-qəlbə keçən bir ruh məktəbidir. Bu məktəbdə aldığımız ən böyük dərsi necə izah edərdiniz?

— Ustad deyiləndə mən ilk öncə öz məktəb müəllimlərimi, sonra da Türk dilində yazılan ədəbiyyatın klassiklərini nəzərdə tuturam.

Hər iki çeşmədən içdiyim saf sudur. Məktəb müəllimlərim, atamın-anamın yolunu davam etdirərək, mənə düzlük, halallıq, işə sevgi, yurda-ocağa bağlılıq dərsi keçib. Bununla yanaşı, ürəyimi torpağ , millət, Vətən tarixi sevgisi ilə, azadlıq ruhu və cəsarətlə doldurublar. Böyük ədəbiyyat müəllimlərimiz-Dədə Qorquddan, Nizami Gəncəvidən, Nəsimidən, Nəvaidən, Fizulidən isə ana dilinə sevgi, böyük humanist ideyalar, tanrı-insan bağlılığı, mənəvi kamillik, kainatı bütöv görmək dərsi almışam.

— Şairliklə insanlıq arasındakı ən incə bağ sizcə daha çox nədə özünü göstərir?

— Şairliklə insanlıq bir-birindən ayrı şeylər deyil. Şairlik insan halının peyğəmbərə, tanrıya, göylərə ən yaxın olan halıdır. Şair insanların təkcə çölünü yox, həm də içini görür.

Ən başlıcası isə şair insanları sevir və ömrü boyu bu sevgidən yazır. Məncə ən qısa bağ- sevgidir.

Şeir insan ruhunun elə bir əbədi, dəyişilməz duyğusudur ki, onu keçmiş-gələcək ölçüləri ilə ayırmaq, keçmişlə bu günün, bu günlə gələcəyin mənəviyyatı, qəlb dünyası arasında sərhəd çəkmək çox çətindir. İnsanın ağlı, məlumatı, təhsili nə qədər artsa, yeniləşsə və bu günün adamı ensiklopedik məlumatı ilə keçmişin ən böyük alimlərini də heyrətə sala biləcək bir səviyyəyə çatsa da, onun hiss və duyğuları öz sələflərindən o qədər də fərqlənmir.

Dəyişilən ifadə formasıdır. Keçmişdə cəngavərlər sevgililəri ilə görüşə at üstündə, arabada və s. gedirdilər, indi maşınla gedirlər, görüşə aparan duyğunun

mahiyyəti isə az dəyişilib. Məncə, bu gün ədəbiyyatımızda müşahidə olunan bir sıra keyfiyyətlər gələcəyin də əlamətləri sayıla bilər. Gələcəyin şeiri, şübhəsiz, bizə məlum olan iki meyli qoruyub saxlayacaq. Yəni, şeirin informasiya yükü getdikcə daha da artacaq: başqa sözlə desək, ədəbiyyat daha ağıllı olacaq. Bununla yanaşı, xüsusən şeir üçün daha etibarlı və gələcək üçün də dəyişilməz yol-- hisslərin və sevginin dili ilə danışıqdır.

— Sizin fikrinizcə şairin ən böyük xoşbəxtliyi nədir? Yazdığının insanlara təsiri, tarixin onu yaddaşında saxlaması, yoxsa ürəyinin yüngülləşməsi.

— Məncə önəmli olan şairin öz ürəyini boşaltması, öz ruhunun səsini, duyğularını, sevgi və nifrətini dilə gətirmək, qələmə almaqdır. Bu prosesdə o yazdığının insanlara təsiri və sözünün tarixdə qalıb qalmayacağı haqqında düşünmür və ya çox az düşünür.

— “Söz-İlahi qüvvədir” deyirlər. Sizcə bu gün söz nə qədər qiymətlidir. Bu günün şair və yazıçıları cəmiyyətə təsir edə bilirmi?

— Sözə münasibət tarixi şəraitə və xalqların mədəni səviyyəsinə uyğun olaraq dəyişilir. əslində söz doğurdan da ilahi qüvvədir. Belə bir inam da formalaşdırılıb ki kainat ilahinin “Ol” kəlməsindən yaranıb. Şərqdə bu inam daha güclüdür. Klassik şairlərimizin “Vəhdəti vücud” inamı, yəni insanı tanrının zərrəsi saymaq, onu bir başa yaradana bağlamaq həm də sözümüzə və ədəbi təfəkkürümüzə təsir göstərib. Hurufizm cərəyanının Türk dünyasında nə qədər geniş yayıldığını bilirsiniz. İnsan üzünün hər bir cizgisi bir hərfə bənzədilirdi. İnsan sifətinə yazılmış sözlər İlahi kəlamlar kimi oxunurdu. İndi zahirən söz əvvəlki sehrini itirir, amma hər halda onu əvəz edən başqa bir qüvvə də yoxdur. Azərbaycanda şair və yazıçıların sözü həmişə nüfuzlu söz, ağsaqqal sözü sayılıb. Şairlərə inanıblar. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının önündə, aralarında mən də olmaqla, şairlər və yazıçılar dayanırdılar. Xalq bizə inanırdı. Bizim arxamızca gedirdi. Bəlkə buna görə hakimiyyət orqanları həmişə söz sahiblərinə və ədəbiyyata qısqanclıqla, bəlkə də qorxu ilə yanaşıblar. Bu gün dünyanın hər yerində ədəbiyyatı, sənəti gözdən salmaq üçün müxtəlif vasitələr düşünürlər. Söz adamı özünü daimi bir qorxu mühitində hiss edir. Ədəbiyyata dövlət dəstəyi azalır. Tirajın azlığı yeni kitabların populyarlaşmasına imkan vermir. Amma yenə ədəbiyyat öz gücünü və cəmiyyətə təsir etmək bacarığını saxlayır. Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir.


— Bir sənətkar kimi bu gün cəmiyyətdə sizi ən çox narahat edən problem nədir və şair bu problemi necə həll edə bilər?

— Dünyada qloballaşma deyilən adamları qərbin əsirinə, robota çevirən, öz kökündən qoparmağa çalışan, ailəni, ənənəvi dəyərləri dağıtmaq istəyən bir proses gedir. Ən çox narahatçılıq doğuran budur. Şübhəsiz bütün bunlar şairin yaradıcılığına təsir göstərir və çox vaxt onu gedən proseslərlə üz-üzə qoyur. Bu terdə şair öz millətinin mənəvi dəyərlərinin, ana dilinin, milli ruhun, ədalətin, demokrayanın qoruyucusuna çevrilməlidir. Söz səngəri əbədidir və şair də daim bu səngərdərir.

— Şairin həyatı yalnız şeirdən ibarət olmamalıdır. Sizə görə şairin dünyası daha nələrlə zənginləşə bilər?

— Mən Azərbaycanın xalq şairi olsam da heç vaxt bir janra qapanıb qalmamışam. Bütün ömrüm boyu publisist yazılar yazmışam. Həyatımızın elə bir sahəsi yoxdur ki o barədə aydın vətəndaşlıq mövqeyindən fikrimi bildirməyim. Cavan vaxtımdan Azərbaycan ədəbiyyatını müxtəlif Beynəlxalq formlarda təmsil etmişəm. 1988-ci ildə aşılanan Meydan hərəkatını idarə etmişəm. 1989-cu ildə Azərbaycanın ilk müstəqil və demokratik qəzetini nəşr etmişəm. 1990-cı ildə xalqın təkidi ilə Azərbaycan parlamentinə deputat seçilmişəm. Sonra Mətbuat və iİnformasiya naziri olmuşam. Dünya parlamentində və İslam ölkələri təşkilatının Parlament ittifaqında Azərbaycanı təmsil edənlərdən biri olmuşam. Dünya azərbaycanlıları konqresinin həmsədriyəm.. Yəni əslində bir şair ömrü yaşamamışam. Çünki mənim düşüncəmə görə şairlik ilk növbədə öz ölkəsinin nümunəvi vətəndaşı olmaq deməkdir. Bir şeirimdə dediyim kimi:

Şairlər yer üzünə şeir yazmağa gəlmir,

Gəlirlər bu dünyanın tarazlığı itəndə.

Gəlirlər ürəklərə dəmir pərdə çəkilib,

damardan qan yerinə paslı sular gedəndə.

Təkcə şairlər dözər dünyanı əyən dərdə,

yeri şar kimi sıxan əriməz qəm yükünə,

Milyon qəlbə sığmayan iztirablar, əzablar,

dərdlər-qəmlər sığacaq bir şair ürəyinə.

Sairlər yer üzünə gəlmirlər xumar gözlə

baxıb gülə-çiçəyə,

qadınların nazına şeir deyib getsinlər.

Gəlirlər insanların könlünə işıq səpib

ədalət göyərtsinlər...

— Şeirlərinizdən Vətən, Türkçülük,xalq və millət dərdi əsas mövzulardan biridir. Milli-tarixi keçmişi tərənnüm edən şeirdə istedad, ilham və bilikdən başqa daha hansı keyfiyyətlər önəmlidir?

— Məncə, bu məsələ, yəni bir şairin ictimai-siyasi mövzuda, vətəndaşlıq problemlərindən yoğrulmuş şeirlər yazdığı halda, başqa bir şairin lirik və ya fəlsəfi şeirlər yazması tale işidir. Heç bir qələm əhli öz-özünə, mexaniki bir şəkildə belə bir seçim edə bilməz. Bu işdə ailə və məktəb tərbiyəsi də ciddi rol oynayır. Mən İranla sərhəddə doğulmuşam və uşaqlıqdan xalqın, Vətənin parçalanmasının nə boyda bir faciə olduğunu dərk etmişəm. Başqa mühitdə bu duyğular yaşana bilməz. Bu işdə Tarix bilgisi və “Qan yaddaşı “ da mühüm rol oynayır. İnsan özünü , millətini, tarixini və dünyanı dərindən bilib dərk etdikcə öz kökünə, ocağına daha möhkəm bağlanır. Türk dünyasını görmədən- bilmədən, onun tarixini və mədəniyyətini öyrənib sevmədən onun haqqında nə yaza bilərsən?

Vətənə, millətə Məcnun sevgisi əsas şərtdir. Sevmək və onun yolunda hər cür fədakarlığa hazır olmaq!

— “Şair - cəmiyyətin aynasıdır” deyirlər. Bu günkü türk dünyası şairləri sizcə cəmiyyətin aynası ola bilirlərmi?

— Türk dünyası böyükdür və bu dünyada şairlər bir-birindən fərqli, bir-birindən gözəl nəğğmələr qoşurlar.. Onların bir-birini daha yaxşı tanımasına və tanıtdırmasına ehtiyac var.

Türk dünyası həmişə böyük istedadlar yetirib, indi də yetirir. Şeir, ədəbiyyat həm də millətin daxili enerjisini, gücünü, şərə qarşı mübarizə qüdrətini göstərən sənət növüdür. Dünyanı poetik gözlə görən və güclü bədii əsərlər yarada bilən xalqın tükənməkdən, bitməkdən, yəni ölümdən qorxusu yoxdur. Başqa bir örnək də göstərə bilərəm: Azərbaycan türklərinin bir parçası olan Kərkük türkmanları Azərbaycandan və Türkiyədən aralıda İraqın siyasi xəritəsi içində qalıblar. Belə bir tədric olunmuşluq və siyasi basqı altında onlar öz dillərini və ruhlarını unutmaq əvəzinə, tam tərsinə, gücü poetik yaradıcılığa veriblər, Söz onların yaşamaq gücünün aynasına çevrilib. Sayı-hesabı bilinməyən Kərkük xoriat və maniləri ( dörd sətirlik şeirlər-bayatılar) sirli bir dünyadır. Cəmi dörd misrada insan təbiətinə və yer üzündəki yaşama aid olan bütün sirlər, sevinclər və kədərlər, mübarizə əzmi və ölüm öz əksini tapıb. Türk xalqlarının son dərəcə zəngin folkloru və yazılı ədəbiyyatı bu xalqların keçmişindən gəlsə də amma həm də parlaq gələcəyinin təminatçısıdır.

Mənə görə poetik söz olmasa dünya gözəlliyinii itirər.

Sözün qüdrətinə inanıram

Sözdən doğulmuşuq, mayamız təmiz,

Dünyanı söz ilə dəyişməliyik.

Ölüm hamımızın son səngərimiz,

Sonuncu sözədək döyüşməliyik!

— Şairlə bəşəriyyət arasında əsas bağı yaradan nədir?

— Şair bəşəriyyətin, yəni insanlığın bir zərrəsidir. Bir damla su özündə dünyanı əks etdirdiyi kimi şair də öz həyat yaradıcılığında insanlığın bütün ruhunu, ideallarını, əsas keyfiyyətlərini əks etdirir. Əsas bağlılıq budur.

— İnsan həyatında “daxili sükunət” deyilən bir hal var. Sizin yaradıcılığınızda bu sükunət hansı prosesdən keçib şeirə çevrilir?

— Belə bir sükunət adətən iri bir əsəri yazıb qurtardıqdan sonra yaranır. Sanki uzun bir yol keçib mənzil başına çatmısan, yaxud uzun ayrılıqdan sonra doğma evinə qayıtmısan: elə qapının ağzındaca, sənə doğma olan, öz əlinlə əkdiyin çinar ağacının altındaca oturub yorğunluğunu çıxarırsan. Necə çətin bir yol keçdiyini və qarşıda daha hansı məqsədlərin olduğunu düşünmədən... Bu halda insanın ürəyində qəribə bir boşluq yaranır hətta bitirdiyin əsəri öz əlinlə yazdığına da inana bilmirsən. Yeni bir yol başlayacağına, yeni nə isə yazacağına, ilhamın yenidən gələcəyinə də heç bir ümidin yoxdur. Sanki bütün sözlər deyilib qurtarıb, bütün yollar bağlanıb. Amma sonra qəfildən bulaq yenidən qaynamağa başlayır. Bu təxminən Koroğlu dastanındakı sehrli çeşmə kimidir. Müəyyən müddət ərzində yerdən gur bir axın kimi çıxır, sonra qəfildən torpağın altına çəkilir, elə bilirsən o su bir daha gəlməyəcək. O sükunət və ya boşluq dövrü nə vaxt bitəcək,yeni yazın bu dəfə hansı mövzuda və hansı janrda olacaq bilmirsən. Amma təcrübəli və peşəkar yazıçılar bu sükunət halını bir az qısalda bilər. köhnə əsərlə yeni əsər arasında istirahətə az vaxt ayırar.

— Sizcə çağdaş ədəbiyyat xalqın qəlbinə yol tapa bilirmi? Ədəbiyyat nə zaman xalqla, millətlə birlikdə yaşayır?

— Ədəbiyyatın xalqın qəlbinə yol tapması üçün ilk növbədə onu xalqa çatdırmaq lazımdır. Yəni kitabların tirajları elə olmalıdır ki, hər bir maraqlanan oxucuya çatsın. Sovet dövründə olan kitab ticarəti şəbəkəsi indi yoxdur. Dövlətin kitaba marağı azalıb, ondan ideoloji silah kimi istifadə etmir. Kitabların tirajı məhduddur, bir çox rayonlara və kəndlərə ümumiyyətlə yeni kitab getmir. Elektron kitab çıxdı, daha əvvəlki kitablara və kitabxanalara ehtiyac yoxdur düşüncəsi getdikcə daha da genişlənir. Bu, tamamilə səhv düşüncədir.

Yazıçıların kəndlərə, rayonlara səfərləri, oxucularla görüşlər azalıb. Televiziyalar ciddi ədəbiyyatı təqdim etməkdənsə daha çox şou proqramlarına və ucuz ədəbiyyata yer verirlər. Mövcud sosial şəbəkələrdə ciddi bədii əsərlər əvəzinə çox vaxt mənasız söz yığınları paylaşılır. Buna görə də ədəbiyyatın xalqın ürəyinə yol tapmamasından gileylənmək doğru deyil. ədəbiyyatı getdikcə ümumxalq dəyəri olmaqdan çıxıb məhdud bir dairənin malına çevirmək istəyirlər..

Bənzətmə nə qədər uyğunsuz görünsə də indi ədəbiyyata ordudan tərxis olunmuş bir əsgər kimi baxırlar. Savaş başlanan kimi hamının gözü sözə və ziyalıya çevrilir. Dar gündə söz də əsgər kimi xalqın önündə düşmənlə üz-üzə səngərdədir. Buna görə də Ermənistanla sonuncu Qarabağ savaşında da Azərbaycan ədəbiyyatı bütün qüdrəti ilə ordumuzun yanında, xalqın arasında idi.

Kitabla bağlı dediyim neqativ hallara baxmayaraq, ədəbiyyat daim xalqın ürəyində və yanındadır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see307

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see163

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see146

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see128

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see127

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see124

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see124

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see121

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see120

Ulduzlar bu 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?

26 İyun 2025 18:49see119

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see119

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see119

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see118

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see117

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

25 İyun 2025 18:56see117

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see117

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see117

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see115

Yevlaxda TIR daş yüklü avtomobilə çırpılıb FOTO

26 İyun 2025 01:53see113

Rep oxuduğuma görə qarğış edirlər Alim Qasımov

26 İyun 2025 19:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri