Icma.az
close
up
RU
Qurban Qurbanov Qarabağ dan ayrılmaq istəyib?

Qurban Qurbanov Qarabağ dan ayrılmaq istəyib?

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib.

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel deyib.

"Köhlən atlar"ın rəhbəri Qurban Qurbanovun uzun müddət "Qarabağ"ın baş məşqçisi olmasına münasibət bildirib:

"Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işə, qurulan sistemə və bir-birimizə olan inamımızı əsas götürmüşük. Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik. Bu gün "Qarabağ" daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu, o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır".

O, Avropada qazanılan uğurlu nəticələrdən sonra azarkeşlərin təbii daha böyük transferlər gözlədiyini söyləyib:

"Azarkeşin daha böyük adlar görmək istəməsi tamamilə başadüşüləndir. Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. "Transfer pəncərəsi"nin sonunda yalnız "kimi aldın?" sualını vermək kifayət deyil. "Kimi saxladın?", "hansı mövqedə rəqabəti artırdın?", "komandanın ümumi balansını necə dəyişdin?", "gələn futbolçunun inkişaf potensialı nədir?" kimi suallar da verilməlidir. Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür.

Kamilo Duran buna yaxşı nümunələrdən biridir. O, "Qarabağ"a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. "Qarabağ"da keçdiyi inkişaf prosesindən sonra "Seltik"ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır. Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir. Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir. Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir".

T.Gözel son illərdə "Qarabağ"dan Avropanın daha yüksək səviyyəli çempionatlarına və tanınmış klublarına transfer olunan futbolçuların sayının artığını vurğulayıb:

"Əgər məqsəd yalnız futbolçu alıb satmaq olsaydı, bu, idman layihəsi deyil, sırf kommersiya fəaliyyəti olardı. Biz futbolçunu müəyyən edirik, onu komandaya gətiririk, sistemimizə uyğunlaşdırırıq, inkişaf etməsinə şərait yaradırıq, Avropa arenasında özünü göstərmək imkanı veririk. Əgər həmin futbolçu bir müddətdən sonra karyerasının növbəti mərhələsinə keçirsə, bu, həm futbolçunun, həm məşqçi heyətinin, həm də klubun uğurudur. Juninyo bunun çox yaxşı nümunəsidir. O, Portuqaliyanın "Şaveş" klubundan "Qarabağ"a gəldi. Burada Avropa oyunları da daxil olmaqla yüksək səviyyədə özünü göstərdi, iki mövsüm ərzində böyük inkişaf yolu keçdi və daha sonra Braziliyanın ən tanınmış klublarından biri olan "Flamenqo"ya transfer olundu. Braziliyadan çıxmış bir futbolçunu Avropaya gətirib, burada inkişaf etdirib, sonra "Flamenqo" kimi Braziliya nəhənginə transfer etmək sıradan hadisə deyil. Bu, "Qarabağ"da futbolçu ilə hansı işin görüldüyünü göstərir. Burada ilk növbədə Qurban Qurbanovun, onun məşqçi heyətinin, skautinq sistemimizin və futbolçu ilə gündəlik çalışan bütün əməkdaşların əməyini qeyd etmək lazımdır. Belə transferlər klub üçün maliyyə baxımından da əlavə imkan yaradır. Qazanılan vəsait yenidən əsas komandaya, akademiyaya, infrastruktura, seleksiya sisteminə və başqa inkişaf istiqamətlərinə yönəldilə bilər. Əsas məqsəd budur ki, futbolçular dəyişsə də, sistem gücünü itirməsin".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Sentyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri