Icma.az
close
up
RU
Quru təhdidlər, təsirsiz addımlar Rusiya Ermənistanı necə İTİRİR? TƏHLİL

Quru təhdidlər, təsirsiz addımlar Rusiya Ermənistanı necə İTİRİR? TƏHLİL

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya-Ermənistan münasibətləri artıq klassik diplomatik böhran mərhələsini də keçib. Bu gün proses sadəcə tərəflər arasında gərginlik deyil, faktiki olaraq geosiyasi ayrılmanın açıq mərhələsidir.
İrəvan artıq strateji istiqamətini Qərbə doğru dəyişdiyini gizlətməyə çalışmır. Əksinə, Avropa İttifaqı ilə inteqrasiya barədə açıq mesajlar verilir, Avropa platformaları Ermənistanın əsas siyasi tribunalarına çevrilir, anti-Rusiya ritorikası isə artıq təsadüfi çıxış yox, dövlət xəttinin elementinə çevrilib.
Ermənistan rəsmilərinin anti-Rusiya mesajları
Nikol Paşinyan mayın 11-də jurnalistlərə açıqlamasında açıq şəkildə qeyd edib ki, Ermənistanın xarici siyasətini Rusiya müəyyən edə bilməz:
“Biz Ermənistan Respublikasının dövlət maraqlarını rəhbər tutmağa davam edəcəyik, münasibətlərimizi dərinləşdirməyə, Rusiya Federasiyası ilə münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik. Həmçinin anlayırıq ki, münasibətlərdə qaçılmaz transformasiya baş verir”.
Təbii ki, Ermənistan Baş naziri qaçılmaz transformasiya dedikdə ölkəsinin Avropa İttifaqına inteqrasiyasını nəzərdə tutur.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə açıq şəkildə bildirib ki, "Rusiya qazın qiymətini artırarsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq".
Mayın 2-də Simonyan daha da irəli gedərək, Rusiyanı Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd göstərməkdə ittiham edib.
Bundan əlavə, İrəvan açıqlamlarla kifayətlənmir, əməli addımlarla da Qərbə üz tutduğunu sübuta yetirir. Belə ki, Nikol Paşinyanın mayın 24-də verdiyi qərara əsasən Ermənistan Xarici İşlər Nazirliyinin tərkibində Avropa Departamentindən ayrılaraq Avropaya inteqrasiya departamenti yaradılacaq.
Moskva isə quru bəyanatlarla kifayətlənir
Moskva bütün bunların qarşılığında ya növbəti “narahatıq” bəyanatı verir, ya da müxtəlif teleqram kanalları vasitəsilə regionda təhdid ritorikasını artırır.
Xüsusilə də, son günlərdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Paşinyanı hədəf alan açıqlamaları ilə diqqət çəkir. Belə ki, martın 24-də Medvedev “Max” sosial şəbəkə hesabında Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini tənqid edib. O, Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırması ehtimalından bəhs edib və bu halda ermənilərin Paşinyanı hakimiyyətdən göndərəcəyini vurğulayıb.
Bu gün isə Medvedev “Ria Novosti”yə müsahibəsində Ermənistan üçün Ukrayna ssenarisini gündəmə gətirib:
“Xüsusilə təhlükəlidir ki, müvəqqəti siyasi fiqur olan Nikol öz vətənini banderaçı Ukraynanın kədərli yoluna fəal şəkildə sürükləyir”.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Medvedevlə bənzər şəkildə Ermənistanda baş verənləri Ukraynadakı Avromaydan hadisələri ilə müqayisə edib və İrəvanı “qeyri-dost” addımlar atmaqda ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ermənistan baş nazirinin Aİİ liderlərinin sammitində iştirakdan imtina etməsini şərh edərkən bildirib ki, "bu, artıq Nikol Paşinyanın məhz bu istiqamətdə formalaşdırdığı bir sistemə çevrilir".
Sözdə təhdid, əməldə isə...
Rusiya rəsmilərinin bu cür sərt təhdid və tənqidlərinə nəzər saldıqda elə təəssürat yaranır ki, guya Moskva İrəvanı cəzalandırmaq üçün əlindəki bütün kartları işə salmağa hazırlaşır. Ancaq real addımların bu açıqlamalarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Son dövrlərdə Rusiyanın Ermənistanı “cəzalandırmaq” üçün atdığı addımlara nəzər salanda, bu mənzərə daha aydın görünür:
- Mayın 22-də Ermənistan istehsalı olan “Cermuk” mineral sularının ölkəyə idxalını və satışını tamamilə dayandırıb.
- Eyni gündə Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
- Mayın 23-də isə Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub.
Göründüyü kimi, Moskvanın İrəvanı cəzalandırmaq üçün etdikləri yalnız bunlardan ibarətdir. Bəs, Rusiyanın Ermənistana qarşı real addımlar atmaq üçün imkanları yoxdurmu? Təbii ki var.
Rusiyanın əlində Ermənistanı çökdürəcək rıçaqlar mövcuddur.
Hətta Rusiya istəsə, Ermənistan iqtisadiyyatını və enerji sistemini çox qısa müddətdə ağır böhranla üz-üzə qoya bilər. Çünki Ermənistanın əsas strateji infrastrukturu hələ də birbaşa və ya dolayı şəkildə Rusiyanın nəzarətindədir.
Məsələn, hazırda “Qazprom” Ermənistanın enerji sistemində kritik mövqeyə malikdir. Rusiya Ermənistana qazı min kubmetr üçün 177,5 dollar qiymətinə satır, halbuki Avropada birja qiymətləri 2026-cı ilin mayında 570–590 dollar arasında dəyişib. Moskva nəinki Avropadakı qiymətləri tətbiq etmək, hətta Ermənistana qazı indikininin 2 qatı qiymətinə satsa, bu İrəvan üçün böhrana səbəb olar. Çünki sənaye, kommunal sistem və sosial sabitlik birbaşa ucuz Rusiya qazı üzərində qurulub.
Bununla yanaşı Rusiyanın əlində, Metsamor AES məsələsi var. Ermənistanın atom elektrik stansiyası illərdir Rusiyanın texniki dəstəyi ilə fəaliyyət göstərir. “Rosatom”un iştirakı olmadan stansiyanın təhlükəsiz və stabil fəaliyyəti ciddi risk altına düşə bilər. Amma Moskva bu kartı da nədənsə açmır.
Ermənistanın dəmir yolu infrastrukturu da faktiki olaraq Rusiyanın nəzarətindədir. Ermənistanın logistika imkanları onsuz da məhduddur və bu sistemin dayanması ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.
Üstəlik Ermənistanın qızıl, mis və digər strateji yataqlarında rus kapitalının ciddi payı mövcuddur. Rusiya şirkətləri istəsələr, həmin sektorların fəaliyyətində böyük problemlər yarada bilərlər. Lakin Kreml hələ də bu imkanlardan istifadə etmək istəmir.
Ən əsası, Rusiyanın Ermənistana ciddi hərbi təsir rıçaqları da mövcuddur. Belə ki, hazırda Gümrüdəki 102-ci Rusiya hərbi bazası Ermənistanda fəaliyyətini davam etdirir. Ermənistanın Türkiyə ilə sərhədlərini də rus sərhədçiləri qoruyur.
 

Moskva niyə sərt addım atmır? Nə üçün yalnız quru təhdid və ciddi təsiri olmayan qadağalarla kifayətlənir?


Bunu üç ehtimalla izah etmək olar:
- Moskva Ermənistanın son geosiyasi dönüşünə tam inanmır.
- Öz sərt addımlarının mümkün nəticələrindən qorxur.
- Kremldə İrəvana qarşı siyasətin necə formalaşdırılacağı ilə bağlı vahid yanaşma yoxdur.
Təbii ki, bu sualın dəqiq cavabını yalnız Kreml ver bilər. Lakin çox güman ki, Moskva hələ də Ermənistanı tam itirməkdən qorxur. Kreml anlayır ki, sərt iqtisadi və enerji təzyiqi Ermənistan cəmiyyətində anti-Rusiya hisslərini daha da gücləndirə bilər. Paşinyan isə bunu dərhal “Rusiya Ermənistanı cəzalandırır” narrativinə çevirər və Qərbdə özünü daha rahat legitimləşdirər.
Digər tərəfdən, Rusiyanın özü də regiondakı mövqelərinin zəiflədiyini anlayır. Ukrayna müharibəsi fonunda Kreml yeni cəbhələr açmaq istəmir. Ermənistanın birdəfəlik Qərb orbitinə keçməsi isə Rusiyanın Cənubi Qafqazdakı geosiyasi dayaqlarının çökməsi demək olar. Məhz buna görə Moskva qərarsız vəziyyətdə qalıb. Nə sərt addım ata, nə də baş verənlərlə barışa bilir.
Teleqram təhdidləri və yanlış hədəf
Göründüyü kimi, Ermənistan-Rusiya münasibətlərində ciddi paradoksal vəziyyət mövcuddur. Ən qəribəsi isə odur ki, Ermənistan açıq şəkildə Rusiyanın təsir dairəsindən uzaqlaşdığı halda, bəzi rusiyapərəst media resursları və anonim teleqram şəbəkələri əsas hədəfi yenə Azərbaycana çevirirlər.
Sanki Kremlin bəzi dairələri regiondakı strateji uğursuzluğun məsuliyyətini İrəvanda deyil, Bakıda axtarmağa çalışırlar. Halbuki bunun reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. İrəvanın hazırki siyasəti ermənilərin köhnə vərdişidir. Son 200 il ərzində, nə vaxt Rusiya zəifləyibsə, Ermənistan özünə başqa himayədar axtarıb.
Azərbaycan isə illər əvvəl Moskvanı xəbərdar edirdi ki, Ermənistan xarici siyasəti emosional “müttəfiqlik” üzərində yox, sırf situativ maraqlar üzərində qurur. Ancaq Moskva bunu eşitmək istəmədi, erməniləri hərzamankı kimi “tarixi müttəfiq” statusunda gördü, erməni lobbisinin Rusiyada təşkilatlanmasına, böyük media gücü formalaşdırmasına meydan verdi.
Yəni, bu gün baş verənlər əslində yenilik deyil. Sadəcə Kreml bunu çox gec anladığı üçün belə mənzərə ortaya çıxıb.
Strateji və siutativ siyasi kursun fərqi
Bütün bu proseslər fonunda Azərbaycanın strateji davranış modeli özünü daha aydın şəkildə sübuta yetirir. Bakı heç vaxt münasibətləri emosional avantüraya çevirmədi. Ən çətin dövrlərdə belə dövlət maraqları soyuqqanlı şəkildə qorundu.
Hətta AZAL təyyarəsi ilə bağlı faciədən sonra belə Azərbaycan körpüləri birdəfəlik yandırmaq, isterik anti-Rusiya kampaniyasına başlamaq yolunu seçmədi. Çünki Bakı anlayır ki, regionda qonşularla münasibətləri emosiyalar yox, strateji hesablamalar müəyyən etməlidir. Yəni, region ölkələri ilə münasibətlər “qonşun pisdirsə, köç qurtar” prinsipi ilə qurula bilməz.
Ancaq Ermənistan məhz strateji deyil, situativ qərar verərək fərqli yol seçdi. İllərlə Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi hesabına yaşayan İrəvan indi Moskvanı açıq şəkildə geosiyasi yük kimi təqdim etməyə çalışır.
Moskva ayılanda artıq gec olacaq...
Bu gün Rusiya hələ də ümid edir ki, Ermənistanı əvvəlki kimi öz orbitində saxlamaq mümkündür. Amma proses artıq çox uzağa gedib. İrəvan Qərbə doğru strateji dönüş edib və bunu geri çevirmək əvvəlki qədər asan deyil.
 

Ən təhlükəlisi isə odur ki, Kreml hələ də reallığı qəbul etmək əvəzinə bəyanatlarla vaxt itirir. Rusiyanın əlində hələ də çox ciddi təsir alətləri var, amma Moskva ya onları tətbiq etməyə qorxur, ya da gecikir.


Belə davam etsə, Rusiya bir gün ayılıb görəcək ki, Ermənistan artıq KTMT-dən çıxıb, Aİİ-ni də tərk edib, hətta Gömrüdəki bazadan rus hərbçilərini də yola salıb. O zaman isə nə Medvedevin sərt təhdidləri, nə də gülə, şəraba qoyulan embarqolar Kremlin itirdiyi təsiri geri qaytara biləcək...
Bizim.Media-nın analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri