Qusarda kənd təsərrüfatı obyektlərinə baxış keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Noyabrın 18-də Qusar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrasının təmin edilməsi məqsədilə yaradılmış Qərargahın növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Qusar RİH-in başçısı Sahir Məmmədxanov, Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin sektor müdiri Habil Əzənmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin rəisi Süleyman Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional bölməsinin müdiri vəzifəsini icra edən Aqşin Bayramov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları və qərargahın digər üzvləri, həmçinin onlayn formatda RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qərargahın iclasında Dövlət Proqramının icrası ilə bağlı Qusar rayonu üzrə hazırlanmış Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinin mövcud vəziyyəti, qarşıda duran prioritet istiqamətlər, aqrar istehsalın genişləndirilməsi imkanları müzakirə edilib.
Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov iclas iştirakçılarını salamlayaraq Dövlət Proqramının aqrar sektorun inkişafı, istehsal potensialının artırılması və regionların iqtisadi imkanlarından daha səmərəli istifadə baxımından əhəmiyyətini vurğulayıb. Qusarın aqrar istehsal üçün geniş imkanlara malik olduğunu diqqətə çatdıran icra başçısı qeyd edib ki, rayonun bu sahədə mövcud potensialından daha səmərəli istifadə üçün dövlət qurumları ilə fermer və sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vacibdir. Bildirilib ki, sahibkarların təşəbbüslərinin dəstəklənməsi, onların qarşılaşdıqları problemlərin aidiyyəti qurumlarla birgə həlli və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə istehsalın genişləndirilməsi, yeni imkanların yaradılması və iqtisadi fəallığın artırılması üçün əlverişli zəmin formalaşacaq. İcra başçısı qeyd edib ki, sahibkarlar tərəfindən irəli sürülmüş təşəbbüslər nəzərə alınmaqla hazırlanmış İş Planında 68 layihə üzrə rayonun kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyulması nəzərdə tutulub. Növbəti illərdə layihələrin sayının və qoyulacaq investisiya məbləğinin artması ehtimal olunur. Rayon icra hakimiyyətinin başçısı, eyni zamanda, Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə sahibkarların və fermerlərin qarşılaşdıqları başlıca çətinliklər barədə məlumat verib. Mövcud problemlər sırasında elektrik enerjisi təchizatı, torpaq sahələrinin təyinatı, torpaqların girov qoyulması ilə bağlı məsələlər, kredit resurslarına çıxış, ixrac imkanları, subsidiya mexanizmləri, kadrların çatışmaması və suvarma təminatı kimi istiqamətlər xüsusi qeyd olunub.
Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin sektor müdiri Habil Əzənmədov çıxışında Dövlət Proqramının ölkənin aqrar sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirərək onun yalnız qarşıya qoyulmuş hədəfləri deyil, eyni zamanda, həmin hədəflərə çatmaq üçün konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsi olduğunu diqqətə çatdırıb. Proqramın icrası prosesində zərurət yarandığı təqdirdə müvafiq əlavə və düzəlişlərin nəzərdən keçirilməsinin mümkünlüyünü qeyd edən Habil Əzəmmədov əsas diqqətin yerli təşəbbüslərin müəyyənləşdirilməsinə, onların reallaşdırılması zamanı meydana çıxan çətinliklərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına yönəldilməli olduğunu vurğulayıb. O, təşəbbüslərin irəli sürülməsi ilə yanaşı, onların icra mexanizmlərinin də işlək olmasının vacibliyini qeyd edərək dövlətin əsas məqsədlərindən birinin əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi fəallığın artırılması olduğunu bildirib. Bu baxımdan, Dövlət Proqramının icrasında yerli şəraitin, mövcud resursların və sahibkarların real ehtiyaclarının nəzərə alınmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, Dövlət Proqramının qəbulundan sonra onun icra vəziyyətinin öyrənilməsi məqsədilə yerlərdə monitorinqlər aparılır, irəli sürülən təşəbbüslər və onların həyata keçirilməsinə mane olan amillər araşdırılır. Eyni zamanda, aqrar sektorun inkişafına xidmət edən yeni təkliflərin müzakirəsinə və onların reallaşdırılması istiqamətində əməkdaşlığa açıq olunduğu vurğulanıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov Dövlət Proqramında fermer və sahibkarlar üçün nəzərdə tutulan dəstək mexanizmləri, aqrar sahənin inkişafına yönəlmiş imkanlar və prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O, torpaq və su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, heyvandarlığın inkişafı, yaşıl enerji həllərinin təşviqi, kadr potensialının gücləndirilməsi, eləcə də kənd təsərrüfatı məhsullarının emalı və ixracının dəstəklənməsi istiqamətlərində nəzərdə tutulan imkanları diqqətə çatdırıb. Qeyd olunub ki, bu mexanizmlərdən məqsədyönlü istifadə istehsalın səmərəliliyinin yüksəldilməsinə, müasir texnologiyaların təsərrüfatlara inteqrasiyasına və aqrar məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edir.
İclasda çıxış edən sahibkar və qərargah üzvü Jalə Əmirbəyova aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları bir sıra aktual problemlərə toxunub. Xüsusilə ixtisaslı kadr çatışmazlığının istehsal prosesinə və təsərrüfatların inkişafına təsirini qeyd edən sahibkar bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı Dövlət Proqramının mahiyyətinin və nəzərdə tutulan dəstək mexanizmlərinin əhali, fermerlər və sahibkarlar arasında geniş təfsir olunmasının əhəmiyyəti də diqqətə çatdırılıb. Bildirilib ki, proqramın yaratdığı imkanlardan səmərəli istifadə edilməsi üçün maarifləndirmə işləri gücləndirilməli, təsərrüfat sahiblərinin mövcud güzəştlər, maliyyə dəstəyi və digər təşviq mexanizmləri barədə məlumatlılığı artırılmalıdır.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov müzakirələr zamanı bir sıra təkliflər də irəli sürərək Qusarın aqrar potensialının daha da genişləndirilməli olduğunu bildirib. Bununla yanaşı, kənd təsərrüfatının inkişafına təsir göstərən kommunal və infrastruktur məsələlərinin də diqqətdə saxlanılmasının, mövcud çatışmazlıqların aidiyyəti qurumlarla birgə araşdırılaraq mərhələli şəkildə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
İclasın yekununda Dövlət Proqramında müəyyən edilmiş hədəflərin Qusar rayonu üzrə ardıcıl və səmərəli icrasının təmin olunması, mövcud problemlərin aidiyyəti qurumlarla birgə həlli, fermer və sahibkarların təşəbbüslərinin dəstəklənməsi, eləcə də Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin icrasına nəzarətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.
Müşavirədən sonra Dövlət Proqramı çərçivəsində həyata keçirilən və icrası davam etdirilən layihələrin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə rayonda fəaliyyət göstərən bir sıra təsərrüfatlara yerində baxış keçirilib.
Baxış zamanı bağçılıq və meyvəçilik, heyvandarlıq sahələri, eləcə də soyuducu anbar komplekslərinin tikintisi və quraşdırılması istiqamətində aparılan işlərlə tanış olunub, layihələrin icra vəziyyəti, görülmüş işlərin həcmi və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















