Ramin Musayev: “Azərbaycan futbolu yaltaqlığı sevir“ MÜSAHİBƏ
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev 2004 - 2008-ci illərdə "Neftçi" klubunun vitse-prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə "ağ-qaralar" MDB və Baltikyanı ölkələrin "Birlik Kuboku"nun qalibi, Azərbaycan çempionu, gümüş və ikiqat bürünc medalçı olub.
Bu gün "Neftçi"nin 88 yaşı tamamlanır. Əlamətdar gün münasibətilə Teleqraf Ramin Musayevdən müsahibə alıb. Musayev digər məsələlərə də toxunub:
- "Neftçi"nin ildönümü ilə əlaqədar nələr deyə bilərsiniz?
- 2007-ci ildə “Neftçi”nin 70 illik yubileyində kitab buraxdırdım. Təəssüf ki, o kitabdan mənə vermədilər. Problem deyil. “Neftçi” həmişə Azərbaycan futbolsevərlərinin öncül, ən sevilən komandası olub. Lakin bu gün belə komanda həmin sevgidən məhrumdur. Arzu edərdik ki, biz də əvvəl-axır normal komanda kimi nailiyyətlərinə yenidən sevinək. İnanıram ki, bunu etmək asandır.
- Sizin işlədiyiniz dönəmlərdə “Neftçi”çempionluq, Birlik Kuboku, medallar qazanırdı. Son dövlər isə klubun titulları xeyli azalıb. Bu, nə ilə bağlıdır?
- Bir sahədə çalışanda həmin sahəni sevmək və işə vicdanla yanaşmaq lazımdır. Mənim vaxtımda “Neftçi”də cəmi 4 nəfər işçi - mətbuat katibi, mən və 2 nəfər də komanda ilə məşğul olan var idi. Bu gün isə orada 20-30 nəfər var, ancaq sözbirliyi yoxdur. “Neftçi”də qərarı bir nəfər vermir. Qərar verənlər çoxdur, ona görə də nailiyyətləri əldə etmək çətindir.
- Klubda Müşahidə Şurası yarandıqdan sonramı çatlar dərinləşdi, yoxsa?
- Elə Müşahidə Şurasından əvvəl də elə idi. Rövnəq Abdullayev klub prezidenti, mən isə vitse-prezident idim. Rövnəq müəllim AFFA-ya prezident keçdikdən sonra biz qaldıq prezidentsiz. 5 gün, 10 gün, axırda dedim “Ay Rövnəq müəllim, bizə bir prezident verin, belə olmur". Dedi: "Elə sən olmalısan, yığ komandanı, özün-özünü prezident elan et". Mən isə "İstəmirəm, ona görə ki, mən işləsəm, prezidentin gərək, maliyyələşən yeri olsun. Yoxsa quru-quru oturum ki, prezidentəm, kiminsə sözünə qulaq asmalı, kiməsə söz deməliyəm. Bu, süni alınar, "kukla" kimi olmaq istəmirəm. Həqiqi prezident olmaq istəyirəm, o da mənim imkanım daxilində deyil. Buna görə də istəmirəm" cavabını verdim. Üzümə baxdı, “Yaxşı, gözlə, mən səni başqa yerə göndərəcəyəm” söylədi. Elə də oldu. Mən PFL-ə gəldim, oraya başqa adamlar təyin olundu. “Neftçi”nin bu gün aşağılanmasının əsas səbəbi söz sahibinin bir deyil, 5-6 nəfər olmasıdır. Statistikaya baxın, görün, bizim zamanımızda “Neftçi”yə gələn hansı legioner ehtiyat skamyada oturub? Heç vaxt! Legioner gəlib, yerli futbolçular ondan nəsə öyrənməyəcəklərsə, onları gətirməyin nə mənası var.
- Həmin legionerlərdən əlaqəniz qalan varmı?
- Bu günə qədər hər ad günümdə legioner futbolçular mənimlə mesajlaşır, təbrikləşir, zəng vurur. Miçoviç, Adamya, hər biri təbrik edir. Deyirəm: "Nə yaxşı unutmamısınız?" Cavab verirlər: "Sizi unutmaq olarmı?” Özümü tərifləmək istəmirəm, sadəcə, dediyim odur ki, biz ailə olmuşuq. Futbolçunun problemi futbol oynamaq olurdu. Qalan problemlərini mən həll etməli idim ki, fikri futbolda olsun.
- "Ağ-qaralar"la səfərlərdə unudulmayan xoş xatirələrinizi də bölüşərdiniz...
- Xatirələrim bir deyil, iki deyil… 2007/2008 mövsümü idi. Almaniya və Hollandiya arasındakı meşənin içində oteldə qalırdıq. Fikriləşdim ki, 2 həftədir eyni otel, eyni yer, eyni məşq, komanda yorulub. Baxdım, meşədə quru ağaclar var, çubuqlardan qəşəng şiş düzəltmək olar. Gəldim, otel müdirinə kabab üçün qoyun əti almaq istədiyimi bildirdim. Bir quzu bizim danalar boyda idi. Gəldik, kabab çəkdim. Uşaqlar əllərində qab düzülüblər, hər biri kabab yedi. İnanın Allaha, otel sahibi Amerikanın bayrağını endirib Azərbaycan bayrağını qaldırdı. Şəkillər qalır, heç biri tarixdən silinəsi deyil. Amma “Neftçi” stadionda guşə yaratdı. Orada mənim adımdan əsər-əlamət yoxdur. Gizlətməklə deyil ki?! Tarixdə qalıb.
- Stadionda yaradılan guşədə sizə yer ayrılmaması indiki “Neftçi” rəhbərliyi ilə münasibətlərin vəziyyətindən irəli gələn addımdır?
- Bugünkü “Neftçi” rəhbərliyi ilə yox. Bunlar Kamran Quliyevin klub prezidentliyi vaxtında baş verib. Hətta üzünə baxıb dedim ki, “Kamran, sağ ol, hörmətin budurmu?” Rövnəq müəllim də görüb əsəbiləşdi ki, niyə bu kişinin adı burada yoxdur? Mən də başımı aşağı salıb, çıxıb getdim. Onlar gizlətməklə, ört-basdır etməklə deyil. Bu gün də şəhərə çıxanda ağsaqqallar yaxınlaşır ki, “Ramin müəllim, hanı o vaxtki “Neftçi?” Yəni, insanlar o zamankı nailiyyətləri unutmayıb, yenə də hörmətlə yanaşırlar. 14 il PFL-də prezident, 5 il “Neftçi”də vitse-prezident oldum. O beş ildə qazandığım “Neftçi”sevərlərin sevgisi bugün də qalır. 14 ildə PFL-də bir elə azarkeş sevgisi olmadı, nəinki beş ildə “ağ-qara”sevərlərin gözündə ucalmağım.
- Ermənistan “Pünik”i ilə Birlik Kubokundakı oyunlar barədə nə deyərdiniz?
- 2005-ci il yanvarın 19-da “Pünik”i udduq. Növbəti il onların qorxub qaçması, hamısı yaddaşlardadır. 2006-ci il gecə saat 4-də aeroporta gedib onları videoya çəkdik ki, bunlar bir az şeytan millətdir. Elan edərlər ki, biz oynamırıq, rahatlaşıb oyuna çıxmarıq, birdən bunlar gəlib çıxarlar ki, biz gəldik, siz yox idiniz. Yəni, bunları gözümüzlə görmək üçün qışın soyuğunda, gecə saat 4-də onları gedib izləmək... Bundan ötrü adam qoymuşdum. Doğrudan da gələsi olmadılar. Stadiona daxil olmaq üçün bizdən 20 nəfərə icazə vermişdilər. O 20 nəfərin 10-u klubda işləyən idi, daha 10 nəfərə buraxılış vermişdilər. 10 nəfərlik buraxılışla 150 nəfəri içəri saldım. Birini salıb, digərini çıxarırdım. Belə vəziyyət yaşamışıq. Yenə də nə istəsələr, fikirləşsinlər. “Qızıl oyun”, “Xəzər-Lənkəran” - “Neftçi” matçından görüntülər var. Nəyisə gizlətmək mümkün deyil. Arzulayıram ki, rəhbərliyindən asılı olmayaraq, flaqman geri qayıtsın, əvvəlki ab-hava “Neftçi”də görünsün. Nə qədər ki “Neftçi”də xarici baş məşqçi olacaq, heç bir nailiyyət gözləməyək. Yerli baş məşqçi cavabdehlik daşıyır. Əcnəbinin nə vecinə? Xatırlayırsınızsa, millinin baş məşqçisi Berti Foqtsa “Qaranquşlar gəldi-gedərdir” demişdim. Onun üstündə az qala məni xalq düşməni çıxarıb güllələyirdilər ki, niyə Foqtsa qaranquş demisən? Bu gün o Berti haradadır? Azərbaycan futbolu ilə maraqlanırmı? Eləcə də digərləri.
- Ağasəlim Mircavadovun o zamanlar “Neftçi”dən “Xəzər-Lənkəran”a keçidindən sonra sadiq “ağ-qara” azarkeşlər hələ də onu bağışlamır. Bununla bağlı nə deyərdiniz?
- Ağasəlim müəllimi “Neftçi”yə şəxsən mən gətirdim. “Karvan”da məsləhətçi işləyirdi, Kazbek Tuayevin gedişindən sonra onu “Neftçi”yə dəvət etdim. Baxmayaraq ki, həmin vaxt AFFA rəhbərliyi böyük bir problem yaratmaq istədi. Guya, Tuayevi müdafiə edirdilər. Əslində isə bu, müdafiə deyildi. “Ağasəlim niyə gəlməlidir?" kimi fikirlər vardı. Amma xeyri olmadı, çünki Mircavadov titullu baş məşqçidir, özünü də sübut etdi. Futbolçu və məşqçi daim bir yerdə olmur, nə vaxtsa yerlərini dəyişirlər. Həmin vaxt Ağasəlim müəllim düz etdi. Çünki o, Birlik Kubokunu qazandıqdan sonra bir qədər soyuq münasibət gördü. Özünə hörmət qoyan insandır, ona görə də getdi.
- Daha sonralar “Neftçi” tarixinin ən yaxşı dövrlərini yaşadı…
- Böyükağa Hacıyev 5 titul qazandı. Gözəl komanda yaratmışdılar. Çünki Hacıyevin yanında Tərlan Əhmədov vardı. Bunu danmaq olmaz. Tərlanı niyə sevmirlər, bilmirəm. Bunun da səbəbi olmalıdır. Deyməlidirlər ki, bu addımına görə, o səbəbdən istəmirik. Sadəcə, Ramin Musayevlə “salam-əleyk"i var, onu o vaxt “Nefçi” yə Musayev gətirmişdi. Ona görə Əhmədov bu gün “Neftçi”dən kənardadır. Elə bil Ramin Musayev Azərbaycan futbolunun düşməni olub. Xeyr, heç də elə olmayıb. Çalışdığım sahə üçün nələr çəkdiyimi Allah, ətrafımdakılar, bir də mən bilirəm. Açıq ürək əməliyyatı olunmuşam, ürəyimdə 7 stend var. Bunların hamısını mən futbolda "qazandım".
- PFL-dən gedişiniz “Qarabağ”ın avrokubok oyunundan sonra baş verdi. Bu, əvvəldən planlaşdırılmış kimi də anlaşıldı, yoxsa həqiqətən təsadüf idi?
- Vallah bu, mənim özümə də hələ qaranlıq qalıb. Çümpionatın püşkatmasını mən etdim, yarışı başqa adam keçirdi. Uğurlar arzulayıram. Sevinirəm ki, məni elə gözəl insan əvəzlədi. Oradakı kollektivi, ailəni qoruyub saxladığı üçün Elxan Səmədova minnətdaram. Allah ona şəfa versin.
- Bəlkə “Qarabağ”la səfərə getdiyinizə görə hadisələr belə nəticələndi?
- Yox, elə düşünmürəm. Mən özüm könüllü şəkildə getmişdim. Çünki şengen vizamın vaxtı bitirdi, səfərdə olmadığım üçün getməli idim. Bir də hər bir komandanın avrokubok oyunlarına PFL-dən bir nəfər aparması mütləq idi. PFL-in əsasnaməsində bu bənd vardı.
- PFL-də işlədiyiniz zamanlar digər hegemon klublara baxıb təəssübkeşlik hissi duyurdunuzmu?
- Həmin vaxtlar “Xəzər-Lənkəran”, “Karvan”, “Bakı” və “İnter” kimi çempionluğa iddialı klublar vardı. Derbi isə “Xəzər-Lənkəran” - “Neftçi” oyunu sayılırdı. “Qarabağ” o zaman üzdə yox idi. Sadaladığım klubların yoxluğunda Ağdam təmsilçisi ortaya çıxdı. Düzdür, vardı, amma bu səviyyədə deyidi.
- “Neftçi”nin tədbirlərinə dəvət alırsınız?
- Yox, heç istəmirəm də. Çünki cəmi 8 il polisdə, 19 il isə idman sahəsində çalışmışam. 1995-ci ildə polis sistemindən ayrılsam belə, bu gün həmin hörməti yenə qazanır, həmin hörməti görürəm. Keçmiş polis işçisi kimi hər kəs mənə hörmət edir. Amma Azərbaycanda futbolda çalışıb sağlamlığını itirmək ağılsızlıqdır. Əziyyətli, amma hörmətsiz işdir. Mən belə düşünürəm və belə gördüm. Heç kəs "yalandır" deyə bilməz. Azərbaycan futbolunda çalışırsansa, hörmətin var. Ona görə ki, bu sahə yaltaqllığı sevir. Ancaq süni deyil, əsl hörmət lazımdır.
- İllərinizi futbola ayırdığınız üçün peşmansınızmı?
- Yox, peşman deyiləm. Ona görə ki, idmansevərlərin hamısı məni tanıdı. Futbolçulardan, məşqçilərdən fərqli olaraq, kənarda hörmətimi saxlayırlar. Restoran, hava limanı, harada olsam yaxınlaşıb hörmət göstərirlər və bu, mənə bəs edir. Hansı sahədə çalışsam, birinci növbədə, insanlara dəyər vermişəm. Çünki həyatda qalan odur. Şükür ki, bəhrəsini görürəm.
- Məşqçilərdən küsülü qaldığınız kimlərdir?
- Bircə Vlastimil Petrjeladır (gülür). “Zenit”də idi, sonra mən “Neftçi”yə gətirdim. Baxdım, düz yolda deyil, ona görə də qovdum. Baxmayaraq ki, müqavilə davam edirdi, günahkar özü olduğundan, sakitcə getdi. Nə şikayət etdi, nə bir şey. Ümumiyyətlə, 5 il ərzində “Neftçi”də çalışdığım zamanlar heç kəs qərarlarımdan şikayət etmədi.
- Belə söhbət vardı ki, Petrjelanı köhnə maşınla yollamısız?
- Yaşıl bazardan furqonlu "VAZ 2104" deyilən "Jiquli" ilə yola salmışdıq. Çünki ona layiq idi. Əfsus ki, həmin vaxt bəzi jurnalistlər məni çox tənqid etdilər. Ancaq sonunda həmin baş məşqçinin həyat yoldaşı bildirdi ki, psoxoloji durumu yaxşı olmadığı üçün müalicə alır. Təbii ki, düz edib qovmuşam.
- “Neftçi”nin oyunlarını izləyirsinizmi?
- Oyunların, demək olar, hamısına baxıram. Ürəyimcə olmasa da, məcburən izləyirəm. Çünki uşaqlıqdan futbola həvəsim var.
- Samir Abasovun "Neftçi"dəki nəticələrindən də narazısınız?
- Bilirsiz necədir, Samir Abasov “Sumqayıt”dan gələndə səhvə yol verdi. Təbii ki, şəxsi qərarıdır. Bəlkə də əvvəlki vəzifəmdə olsaydım, bu sözü deməzdim. Bu gün azarkeş kimi deyirəm ki, o, “Sumqayıt”dan halallıqla çıxmalıydı. "Sumqayıt" onu ilk baş məşqçi edən komandadır. “Sumqayıt”dan “Neftçi”yə gedib, ora qayıtdı. Heç oradan qayıtmamalı idi. Düşünmədi ki, oradakı rəhbərlik “Neftçi”də yoxdur, burada rəhbərlərdir. Ona görə də heç nə alınmır.
- Yəni mövsümün sonunda Abasovu eyni aqibət gözləyirmi?
- Yüz faiz gözləyir. İstəmərəm getsin, özümüzünküdür, öz futbolçumuz olub. Amma 6-7-ci pillələr “Neftçi”yə yaraşmır.
- Ölkə kubokunu qazanacağına da inanmırsınız?
- Bu heyətlə mümkün deyil.
- İndiki “Neftçi”nin nə zaman toparlanacağını düşünürsünüz?
- Çətin... Nə qədər ki rəhbər bir nəfər deyil, heç nə alınmayacaq. İndiki rəhbərliyin kim olduğunu da bilmirəm. Maraqlı da deyil.

