Rasim Cəfər: ARKA nın ildə 3 4 filmi bizim kinonu inkişaf etdirə bilməyəcək MÜSAHİBƏ
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Əməkdar artist Rasim Cəfərin APA-ya müsahibəsi
- Sonuncu çəkildiyiniz "Tağıyev III: Sona" filmini izlədim, vizual baxımdan yaxşı film idi.
- Bir ara geniş yayılmış bir fikir var idi ki, guya bizdə kino rəssamı yoxdur, nə bilim, o yoxdur, bu yoxdur, tarixi film çəkə bilmərik və sair. Amma “Tağıyev” filmi çıxandan sonra bu qənaət tamamilə dəyişdi. Bizdə rəssam da var, digər sahələrin mütəxəssisləri də. Sadəcə, yaxşı ssenari yazılsa və maliyyə ayrılsa, hər şeyi çəkmək mümkündür. Bunu da “Tağıyev III: Sona” filmi ilə özümüzə sübut etdik.
Soruşursan: “Filmin nəyi yaxşı deyil?” – bilmir, amma deyir film xoşuma gəlmədi
- Belə çıxır ki, ssenari yoxdur?
- Mənə o qədər ssenarilər göndərirlər… Heç kim öz balasına pis deməz axı. Düşünürlər ki, “mən əla ssenari yazmışam, sadəcə pul vermirlər”. Amma oxuyursan – düzdür, yaxşıları da olur, görürsən ki, məğz var, lakin dramaturji baxımdan ciddi düzəlişə ehtiyac duyulur. Eləsi də olur ki, çox yaxşı yazılıb. Bir də eləsi var ki, ümumiyyətlə kino materialı deyil, amma yazanın özünə xoş gəlir. Ona görə də hansı ssenaristi danışdırsan deyəcək ki, məndə ssenari var, sadəcə çəkməyə pul vermirlər. Bilmirəm, nə lazımdır… Bu, sistemli şəkildə olmalıdır. Ümumiyyətlə, kino da, teatr da bir-birindən asılıdır. Yaxşı ssenari olmalıdır, daha sonra yaxşı rejissor, yaxşı aktyor, yaxşı rəssam... Hamısı bir-birinə o qədər bağlıdır ki, zəncirin bir həlqəsi zəif olanda ümumi ağırlığa tab gətirmir. Məsələn, tamaşaçı filmə baxır. Sahənin adamları deyirlər ki, məsələn, rejissura zəifdir. Əksər tamaşaçılar isə sadəcə “yaxşı kino deyil” deyirlər. Soruşursan: “Nəyi yaxşı deyil?” – bilmir, amma deyir ki, film xoşuma gəlmədi.
Çox az adam mənəvi ehtiyaclarına zaman ayıra bilir
- Müsahibəyə gəlməmişdən əvvəl Hüseyn Cavid parkında gəzişirdim. Düşündüm ki, görəsən ilin-günün bu vaxtı teatr, şeir, ümumiyyətlə yaradıcılıq nəyə lazımdır?
- Əvvəllər çox olurdu. Kulisdə dayanıb səhnəyə çıxacağım an fikirləşirdim ki, bizim gördüyümüz iş kimə lazımdır? Ümumiyyətlə, mənim özümə lazımdırmı? Mən niyə səhnəyə çıxıram? Özümü inandırıram ki, məsələn, indi mən Hamletəm, səhnəyə çıxıram. Öz-özümü yalandan aldadıram. Bu kimə, nəyə lazımdır? Əvvəllər çox düşünürdüm ki, görəsən, aktyorluq, rejissorluq, rəssamlıq hansı ehtiyacdan yaranıb? Bunun dəqiq düsturunu tapa bilməmişəm. Hansı zərurətdən yaranıb ki, insan çıxsın, 5 nəfərin qarşısında nəsə göstərsin, onlar da alqışlasınlar, nəticədə o da xoşbəxt olsun? Bunların hamısı ruhsal qatla bağlı ehtiyaclardır. Yəni mənəvi ehtiyaclardır, heç biri maddi tələbat deyil.
Getdikcə zaman sürətlənir. Həyatın sürəti artıb. Bu sürətin içində insanların başı sosial və gündəlik qayğılara o qədər qarışıb ki, mənəvi şeylərə zaman ayırmağa vaxtları qalmır. Vaxt tapmırlar ki, fikirləşsinlər, məsələn, bu gün mənim şeirə ehtiyacım var, bir şeir oxuyum, ya gedib bir tamaşaya baxım. O ehtiyaclara vaxt qalmır. Çox az adam mənəvi ehtiyaclarına zaman ayıra bilir.
İnsan olduqca, özünü dərk etmək ehtiyacı da olacaq
- Tədricən incəsənətə ehtiyac qalmaya bilər?
- Yox, məncə elə olmayacaq. Bilirsiniz necədir, yaradıcılıq ümumiyyətlə ruhsal və mənəvi qatla bağlıdır. Ona görə də nə qədər ki, insan var, bu da olacaq. Az olacaq, amma yenə də olacaq. Ola bilər ki, ehtiyac çox azalsın, amma tam olaraq yox olmayacaq. Sonra tədricən yenidən artacaq. Onun tamamilə itməsi üçün insanın özü yox olmalıdır. İnsan olmayanda incəsənət, yaradıcılıq da olmaz. Onda gərək hər şey robotlaşsın. İndi hər sahədə robotlar düzəldirlər. Nə qədər ki, insan var, onun içində eşələnmək, qurdalanmaq, özünü dərk etmək ehtiyacı da var.
- Rasim Cəfər “kinoşnu”dur?
- Əsasən, ilk vaxtlarda sima baxımından çətinliklər yaşayırdım. Film kastinqlərinə məni qəbul etmirdilər. Deyirdilər ki, “kinoşnu” deyilsən və ya “uyğun gəlmirsən”. Hətta bunu dəfələrlə söyləmişəm: üzümə deyirdilər ki, sənin simanda “azərbaycanlı üzü” yoxdur. Bu sözlər məni ruhdan salmırdı, əksinən daha da motivasiya edirdi. Mütəmadi olaraq kastinqlərə gedirdim, amma yenə də seçmirdilər. Bir dəfə açıq şəkildə demişdilər ki “səni tamaşaçıya sevdirə bilmərik”.
Asif Rüstəmovun filminə çəkiləndən sonra isə artıq təkliflər çoxalmağa başladı. Gördülər ki, mən də kino adamıyam (gülür).
- Bəs filmlərə qəbul olmamağınız, özünüzə qarşı bu fikirlərin deyilməsi sizi ruhdan salmırdı?
- Xeyr, çünki İncəsənət Universitetinə daxil olanda da məqsədim kino idi. Universitetə qəbul olunanda teatra o qədər də marağım yox idi. Teatra sevgim, marağım, səhnədə oynamaq istəyi sonradan yarandı. Amma mən universitetə məhz “kino” deyərək gəlmişdim. Ona görə də bu istək məndə daha da artırdı. Türklər demişkən, inadına dirəşirdim.
Rasim Balayev kimi oynayırdım
- Teatrla kino arasındakı fərqlər barədə nə düşünürsünüz? Sizcə, hansı aktyora daha çox imkan yaradır?
- Mən uşaqlıqdan kinonu çox sevirdim. Hər həftənin beşinci günü sovet dövründə “Ekran-efir” adlı həftəlik proqram var idi, onu alırdıq. Mən isə filmləri qələmlə dairəyə alırdım ki, hansı film hansı gün göstəriləcək. Filmlər, yayımlanan verilişlər olurdu, mən də gecə saat neçəyə qədər olursa-olsun yatmırdım, oturub gözləyirdim ki, filmə baxım. Uşaqlıqdan kino sevgim çox güclü olub. Mən Xırdalanda böyümüşəm. Orada “Dostluq” kinoteatrı var idi. Ayda 2-3 dəfə kinoya gedirdik. Ən çox hind filmləri göstərilirdi, daha sonra türk filmləri gəlməyə başladı. “Bəyin oğurlanması” filminə ilk dəfə kinoteatrda baxmışam. Bir sözlə, kinoya sevgim çox idi, mənim üçün kino son dərəcə maraqlı bir aləm idi. Uşaqlıqda Azərbaycan filmlərindən ən çox sevdiyim “Nəsimi” filmi idi. Bütün gün Nəsiminin qəzəllərini deyib, Rasim Balayev kimi oynayırdım. Elə bilirdim ki, o obrazı mən canlandırıram. Filmlərə baxdıqca özüm də onları təqlid edib oynamağa çalışırdım. Ona görə də teatrda oynaya-oynaya kino sevgisi məni rahat buraxmırdı, içimdə daim bir hiss vardı ki, mən mütləq kinoda çəkilməliyəm.
- “Obraz naminə hər şeyə hazır olan aktyor” kimi məşhursunuz. Belə bir yanaşmanın sərhədləri varmı?
- Mənim üçün bəzi məqamlar var. Bilirsiniz niyə? Mənim üçün xarici görünüşü dəyişmək və s. kimi məsələlər problem deyil. Həmişə demişəm ki, kinoya görə çox şey edə bilərəm. Amma bəzi mənəvi kodekslər var ki, onları ya çox çətinliklə edirəm, ya da ümumiyyətlə etmirəm. Məsələn, bir film var idi. Orada çox sevdiyim, hörmət etdiyim ağsaqqal bir aktyor oynayırdı. Mən isə onu kadrda çox pis söyməli idim. Mən bunu edə bilmirdim. Özümə qalib gələ bilmirdim. Rejissor deyirdi ki, burada nə var? Sən onu yox, personajı söyürsən. Deyirdim ki, başa düşürəm, amma içimdəki maneə buna imkan vermir. Düzünü deyim, axırda etdim. Yəni bu kimi şeylərin üstündən keçə bilərəm. Açıq səhnələr, kadrda soyunmaq, söyüş söymək, xarici görünüşü dəyişmək və s. bunlar olub, bunlardan qaçmamışam. Mənim üçün problem olmayıb. Açığını deyim, mən homofob da deyiləm (gülür).
Övladım mən etdiyim heç nəyə görə cavabdeh deyil
- Sənət adamının həyatında övladı doğulduqdan sonra hansı dəyişikliklər baş verir, hansı “olmazlar” əlavə olunur?
- “Ev” filmində yataq səhnəsi var. Bu filmi ilk dəfə nümayiş etdirəndə mənə bir qız yaxınlaşdı və soruşdu: “Utanmırsınız?” Dedim: “Niyə utanmalıyam?” Özü də səhv etmirəmsə, o jurnalist idi. Dedi: “Bəs gələcəkdə övladlarınız olacaq, ona baxacaqlar, utanmayacaqsınız?” Mən bunu həqiqətən başa düşmədim. Nə vaxtsa uşağım olacaq, ona görə mən utanacam? Uşağım məni görəcək? Bu mənim işimdir, peşəmdir. Övladım olduqdan sonra da sözün düzü, bu məsələyə görə heç bir dəyişiklik baş verməyib. “Uşaqlarıma görə artıq bunu etmərəm!” kimi düşüncəm olmayıb. Bir də düşünürəm ki, övladım etdiyim heç nəyə görə cavabdeh deyil, məsuliyyət daşımır. Hələ ki mən o həddi-buluğa çatana qədər onun üçün məsuliyyət daşıyıram.
- Teatr və kino sahəsində paralel fəaliyyət kimi sıx rejim sizə hansı zərər və faydalar gətirdi?
- Teatr maddiyyatla bağlı deyil. Ümumiyyətlə, teatrda maddiyyat demək olar yoxdur. Orada elə yüksək əmək haqqı verilmir ki, sən ondan imtina edə bilməyəsən. Sən bu gün teatrdan uzaqlaşsan, oradan aldığın əmək haqqını istənilən yerdə rahat qazana bilərsən. Kino, çəkiliş elə bir sahədir ki, həmişə olmur. İldə bir-iki layihə ola bilər. Amma teatr səhnəsi elədir ki, sən daim oradasan və həmişə oynayırsan. Həmçinin formada qalırsan. Bir də görürsən mənə deyirlər ki, hara baxırıq, səni görürük. Deyirəm ki, məni harada görmüsünüz, bir ad çəkin. Ad çəkə bilmirlər. Yəni deməyim odur ki, kinoda layihələr tez-tez olmur. Ona görə də “qurdunu öldürmək” üçün teatr hər zaman qalmalıdır. Çünki biz aktyorlar hər zaman oynamaq istəyirik.
Aktyor yaradıcı qul deyil
- Kino aktyoru ilə teatr aktyoru arasında fərq olmalıdır?
- Onu bir az ideallaşdırırlar, amma mənim üçün aktyor – aktyordur. Mən bunu dəfələrlə hər yerdə demişəm. Mən aktyoru “kino aktyoru”na, “teatr aktyoru”na ayırmıram. Aktyor aktyordur. Məsələn, əvvəllər uzaq döyüş üçün qalxan və nizə olub. Yaxınlaşanda qılınc çıxarıblar. Daha sonralar isə tüfəng, silah, süngü və sair. Teatrla kinonun fərqi də buradadır. Sadəcə olaraq baxır, sən harada hansı silahla döyüşürsən. Ümumiyyətlə, döyüşə bilirsənmi? Adam var, həm teatrda, həm də kinoda “döyüşə” bilir. Adam var ki, teatrda yaxşı oynayır, kinoda axsayır və ya əksinə – kinoda yaxşı oynayır, teatrda axsayır. Amma nəticə etibarilə o, aktyordur. Əslində hamısını bacarmalıdır. Əgər sən aktyorsansa, teatr və kinoda oyun tərzini fərqləndirməyi bacarmalısan.
Mən həmişə deyirəm: teatr, serial və kino – üçü də fərqli oyun tərzidir. Sən teatrda oynadığın kimi serialda, serialda oynadığın kimi kinoda və kinoda oynadığın kimi teatrda oynaya bilməzsən. Çox cüzi də olsa fərqləri var. Teatrla kino arasında fərq böyükdür, amma teatrla serialın, serialla kinonun arasında az fərq var. Bunu aktyor özü müəyyən etməlidir ki, hansı silahdan istifadə edəcək.
Amma teatrda aktyorun işi rejissordan asılıdır. O səni diktə edir ki, sən indi teatrda oynayırsan, ya kinoya çəkilirsən. Sadəcə olaraq aktyor özü müəyyən etməlidir: “Mən indi harada nə edirəm?”
- Qeyd etdiniz ki, aktyor rejissordan asılıdır. Belə bir deyim var, peşəkarlardan eşitmişəm: “Rejissor cinsindən asılı olmayaraq, kişi, aktyor cinsindən asılı olmayaraq, qadındır”. Yəni, aktyor rejissora tabe olmalıdır. Doğrudan aktyor rejissora tabedir?
- Deyirlər ki, “rejissor” sözü “rejim” sözündən gəlir, yəni rejim yaradandır. Amma mənim üçün rejissor yön göstərəndir, istiqamət verəndir, kapitandır. Filmi gəmiyə bənzətsək, onun hara gedəcəyini rejissor bilir. Tamaşa baxımından desək, rejissor tamaşa qurur, rolları bölür. Aktyor isə yalnız öz rolunu fikirləşir: rolunun missiyası nədir, ali məqsədi nədir. Rejissor isə ümumi işi görür. Ona görə də sən qismən rejissora tabe olmalısan.
Mənim üçün aktyor sudur. Su arxetipdir, güclüdür, çoxşaxəlidir, dərin mənası var. Aktyor su olmalıdır ki, ona təklif olunan qabın formasını rahat ala bilsin. Aktyorluq budur. Bu, həm də rejissorla birgə işdir. Bir az kobud ifadə edəcəm: aktyor yaradıcı qul deyil. “Rejissor nə dedi, o da olacaq” – bu, belə deyil. Təbii ki, rejissorun istəyi əsasdır. Amma qadın–kişi münasibətində olduğu kimi, tərəflər bir-birinə güzəştə getməlidirlər. Mən daxilən nəyisə qəbul etməyəndə, rejissorla “dirəşirəm” ki, niyə? Məni başa sal.
Əgər başa düşüb, hiss edib, daxilən həzm edirəmsə, razılaşıramsa, problem yoxdur. Amma razılaşmıramsa, onu edə bilmirəm. O, mənim orqanikama yatmır. Elə bil ki, özümü məcbur edirəm. Hər şey mənim orqanikama uyğun olmalıdır. Mən nədəsə zorlanıramsa, bu pisdir – istər tamaşada olsun, istər filmdə. Hiss olunur ki, aktyor narahatdır. Aktyor narahat olmamalıdır, rahat olmalıdır.
- Bəzən deyirlər ki, sən onu qəbul etməsən də ona uyğun oyna, yaxşı bir şey alınacaq.
- Bilmirəm, bəlkə də elə də mümkündür. Amma məndə mümkün deyil. “Rejissor deyib deyə etməliyəm” kimi bir şey məndə olmur. Rejissor niyə və nəyə görə elə dediyini mənə başa sala bilməsə, yaxud mən özüm onun əsasını tapmasam, tapşırığını yerinə yetirə bilmirəm. Məndə alınmır. Bunu mütləq əsaslandırmalıyam. Əgər əsaslandıra bilməsəm, onu oynaya bilmirəm.
- Gələcəkdə özünüzü rejissor kimi sınamağı düşünmüsünüz?
- Rejissor nə istədiyini dəqiq biləndə həm özü, həm də aktyor üçün işləmək daha rahat olur. Bəzən rejissor nəyisə intuitiv hiss edib deyir ki, filan səhnəni belə istəyirəm. Vəziyyət onda çətinləşir. Normal aktyor belə vəziyyətdə cavab verir ki, sənin nə istədiyini başa düşürəm, amma niyə istəyirsən? Onda gərək rejissor nə istədiyini izah eləsin. Rejissor çəkmək istədiyini izah edə bilməyəndə mənim üçün də çətin olur. Mən özüm üçün nəyə görə belə olduğunu əsaslandırmalıyam. Ancaq rejissor nə istədiyini və nəyə görə istədiyini dəqiq biləndə onunla işləmək daha rahat olur. Mən bəzən filmlərdə, seriallarda aktyorla iş üzrə çalışıram. Məsələn, keçən mövsüm 12 seriyalı uşaq serialı – “Mən, Lalə, bir də Şerlok Holms”u çəkmişdik. Onun ikinci mövsümünü də çəkdik, hazırda İTV-də yayımlanır. Orada mən uşaqlarla işləyirdim. Çalışırdım ki, uşaqlar üçün heç nə qaranlıq qalmasın. Hər şeyi izah edirdim. Gələcəkdə rejissor olsam, çalışacağam ki, mənim üçün də qaranlıq heç nə qalmasın və kiməsə nəyisə başa salanda bunu rahat şəkildə edə bilim. Ümumiyyətlə, elə də olmalıdır.
İranlı rejissorların düşüncə tərzi xoşuma gəlir
- Rasim bəy, İran filmləri barədə nə düşünürsünüz? O cür qapalılıq, senzura şəraitində film çəkirlər və nəticə göz qabağındadır. O zaman bizim film niyə İran kinosu səviyyəsinə qalxmır? Bəlkə senzura müəyyən mənada inkişafa da kömək edir?
- Elə senzura olmaz, İrandakı senzura oyuna bənzəyir. Bu necə senzuradır ki, Cəfər Pənahi ev dustağı ola-ola film çəkdi, onu xaricə festivala göndərdi? Onunla yanaşı başqa rejissorlar da var, hətta ölkədən çıxıb festivallara da gedirlər. Mənə hərdən elə gəlir ki, bunun özü də bir göstərişdir. Mənim sadəcə iranlı rejissorların düşüncə tərzindən xoşuma gəlir. Biz kino barədə düşüncə tərzimizi dəyişməliyik. Baxış bucağımızı dəyişməliyik. Mən çox festivallarda oluram. Gedib baxırsan – kinoda əsas olan hekayədir. Hekayə çox vacibdir. Görürsən ki, çox sadə hekayədir, amma çox gözəldir. Deyirsən ki, bu hekayə niyə bizim ağlımıza gəlməyib?
Bizdə bir az qəribəlik var. Bilmirəm, bu, nədən irəli gəlir. Kino deyəndə sanki zəif və ya “ağılsız” görünməkdən qorxuruq. Rahat ol – içində nə var, onu çək. Rejissor hekayə danışandır. Sən maraqlı hekayə danışsan, onu nə ilə çəkməyin fərq etmir. Hansı avadanlıqla çəkməyinin də fərqi yoxdur. Hekayən maraqlıdırsa, tamaşaçı baxacaq və qulaq asacaq. Biz sadə şeyləri danışmaqdan qorxuruq. Əslində hər şey çox sadədir. Ən qəliz filmlərin belə hekayəsinə baxanda görürsən ki, əslində çox sadədir.
Bizim sahə çox maliyyə tələb edən sahədir. Kinoya çox pul axmalıdır ki, inkişaf olsun. Eybi yox, qoy 3-4 filmi pis çəksinlər. Ölkədə ildə 3-4 film çəkdirib onlardan şedevr çıxmasını gözləmək düzgün deyil. İldə ən azı 20 film çəkilməlidir ki, onların içindən yaxşıları ortaya çıxsın.
Kino bazarını yaratmaq lazımdır ki, hamı kino çəkməyə maraqlı olsun. Düşünürəm ki, kino sahəsinin inkişafı üçün bunlar çox vacibdir. Bizdə aktyorların, rejissorların hüquqlarını və qonorarını qoruyan şəxslər, qurumlar olmalıdır. Məsələn, xaricdə Aktyorlar İttifaqı, Rejissorlar İttifaqı və s. kimi orqanlar var. Bizdə də kino bazarı inkişaf etməlidir ki, aktyor və rejissorların hüquqlarını qoruyan qurumlar yaransın. Bazar yaranmadan bu qurumlar yaransa belə, faydası olmayacaq.
- Bəs dövlət dəstəyi lazım deyil?
- Dövlət də, kino ictimaiyyəti də çalışmalıdır ki, kino bazarı yaransın. ARKA dövlətindir. O, dövlətin ideologiyasını, siyasətini, istəklərini ifadə edən filmlər çəkmək üçün ildə 2-3 film sifariş verəcək. Amma tək bununla kino industriyası inkişaf etmir. Müəllif kinosu, azad kino və s. paralel inkişaf etməlidir ki, kino bazarı yaransın. Məsələn, qurumlar dövlətlə paralel olaraq müstəqil filmlər çəkməlidirlər. Öz filmlərimiz kinoteatrlara girməlidir ki, kino industriyası inkişaf etsin. ARKA-nın ildə 3-4 filmi bizim kinonu inkişaf etdirə bilməyəcək.
“Nənəm mənə bel verib, gələn-gedəni vur deyib”
- Azad kino da olanda “Buzovna” kimi filmlər ortaya çıxır. Belə-belə filmlər də nəticədə “bizdə rejissor, film yoxdur” fikrini daha da möhkəmlədirir.
- Yenə deyirəm ki, biz baxış bucağımızı dəyişməliyik. Mən “Buzovna” filminin heyətini tanıyıram. Çox istedadlı uşaqlardır. Filmin rejissoru Elvin Rüstəmzadə istedadlı rejissordur. İndi gəncdirlər də. Düzdür, həmin dövrdə həm onların tərəfində idim, həm də deyildim. Çünki gəncdirlər, çəkmək istəyiblər və çəkiblər. Amma digər tərəfdən baxanda bəzi şeyləri nəzərə almaq lazımdır. Yəni, bura Fransa, İtaliya, İngiltərə deyil. Müəyyən şeyləri, kodeksləri, bizim mentalitetə uyğun “qırmızı xətləri” gözləmək lazımdır. Məsələn, həmin məsələ “Bir cənub şəhərində” filmində də var: “O günləri getmişdim Lorana. Bir dənə kişi çıxmadı qabağıma” – yəni, guya Loran adlı bir yerdə kişi yoxdur. Orada konkret olaraq deyə bilərdilər, amma Loran adlı yer realda yoxdur. Bundan qaçmışdılar. Deməli, müəlliflər öz arealını tanıyır, filmin kimə və hara üçün çəkildiyini bilir və anlayır ki, bu, sabah əks reaksiya doğura bilər.
Eləcə də biz. Əgər bunu öz auditoriyamız üçün çəkiriksə, müəyyən şeyləri nəzərə almalıyıq. Son dövrlər Elvin Rüstəmzadənin işlərinə baxıram. Çox istedadlı rejissordur. Hətta onun “Dalan” filmində mən də oynamışam. İstedadlı gəncdir. Sadəcə, bəzən müəyyən şeyləri nəzərə almaq lazımdır.
Necə deyərlər, bizdə belə bir məsələ var: “Nənəm mənə bel verib, gələn-gedəni vur deyib”. Azadlıq bu deyil. Mənim azadlığım sənin sərhədinə qədərdir. Yəni ordan o tərəfi artıq azadlıq deyil. Azadlıq o demək deyil ki, istədiyini elə, hamını söy. Belə olmur axı (gülür).
- Bəzi gənc aktyorlar sizi “köhnə məktəb” adlandırır.
- Müasir aktyorluqla bağlı çıxan bütün metodikalarla maraqlanıram. Hamısının kökündə Konstantin Sergeyeviç Stanislavski var. Məntiq sənəti hara yönəlirsə-yönəlsin, gedib Aristotelə dayanır, aktyor sənəti də eynilə Stanislavskiyə dayanır. Bir dəfə biz bir master-klassda idik. Tapşırıq verdilər, onu yerinə yetirdik, sonra müəllimlə müzakirə apardıq. Mən də öz fikirlərimi dedim. Bir aktyor məndən incidi ki, mən orda üç sistemlə oynayırdım, sən məni başa düşməmişəm. Mən də ona izah elədim ki, çox gözəl, istəsən, beş sistemlə də oyna, tamaşaçı sənə inanmayandan sonra onun əhəmiyyəti qalmır, gərək tamaşaçını inandırasan.
Stanislavskinin özü də deyib ki, təkcə onun yazdıqlarının hamısını bilməklə aktyor olmaq olmaz. Əsas olan necə sistemlə oynamaq deyil, nəyi necə idarə etməkdir.
Stanislavskinin aktyorlarla bağlı bir fikri var ki, mənim çox xoşuma gəlir. Deyir: “Şüurlu psixotexnikalar vasitəsi ilə ruhun şüursuz yaradıcılığına yol açmaq”. Yəni sən bilə-bilə oraya girirsən, qapıları açırsan ki, gəl. Heç kim deyə bilməz ki, mən ideal insanam. Bizim içimizdə həm mənfi, həm də müsbət tərəflər var. Aktyorluğun gücü isə odur ki, sən şüurlu şəkildə istədiyini qapını açıb çölə buraxa bilirsən. Onu bacarırsansa, yaxşı aktyor olacaqsan.
İstedadlılara kömək etmək lazımdır, çünki istedadsızlar özlərini hər yerə soxurlar
- Aktyorlar arasında “özünü rejissora satmaq” ifadəsi dolaşır bu nə deməkdir?
- Mən Vaqif İbrahimoğlundan da dərs almışam. Bizdə belə bir yanaşma var idi. Misal üçün, əgər Yuğ teatrında Qoqolun bir tamaşasını hazırlayırdıqsa, onun bütün əsərlərini oxuyurduq. Bununla yanaşı, Qoqol haqqında yazılmış bütün yazıları, onun haqqında olan psixoloji rəyləri tapırdıq – niyə belə əsərlər yazıb, hansı problemləri olub və s. Mən tamaşada Qoqolun özünü oynayırdım deyə daha çox araşdırırdım. Tamaşanı Mikayıl Mikayılov qurmuşdu. Bu, şəxsən mənim üçün Vaqif İbrahimoğlundan qalmış bir yanaşmadır.
Məsələn, mən Hüseyn Cavidin “Şeyx Sənan”ını oynayıramsa, onun ən azı 4-5 əsərindən xəbərdar olmalıyam. Ümumiyyətlə, Hüseyn Cavidin istəyi nədir? Adam nə düşünüb? Çünki bütün müəlliflərin təxminən əsas bir yaradıcılıq paradiqması olur. 10 dənə əsər də yazsa, içində çox vaxt bir problemi həll edir, ən dərin qatında öz problemini əks etdirir. Məsələn, bir müəllifin bütün əsərlərində ata–oğul problemi varsa, bütün əsərlərində fərqli formalarda onu həll edir, amma məğzi eynidir.
Vaqif İbrahimoğlu bizə öyrətmişdi ki, əgər Hüseyn Cavidin “Şeyx Sənan”ını oynayırsansa, onun ən azı 5 əsərini bilməlisiniz ki, bu adamın yaradıcılıq psixologiyası, paradiqması nədir, nəyi axtarır, nəyi həll edir, ümumiyyətlə niyə bu əsərləri yazıb kimi suallara cavab tapa biləsən. Ondan sonra yavaş-yavaş gəlirsən ki, bu əsər nədir və sənin oynadığın personaj kimdir. Aktyor üçün bu mütləqdir. Ola bilər ki, bəzi insanlar deyərlər ki, “Bu aktyorun nəyinə lazımdır? Sözünü dedi, çıxıb getsin, rejissor nə istəyirsə, onu edəcək”. Amma mənə görə, aktyor oynadığı şeyi bilməli, anlamalı, dərk etməlidir.
“Özünü rejissora satmaq” ifadəsi teatrda da, kinoda da işləyir. Hərdən olur, kastinqlər keçirilir. Mən kastinqlərdə otururam, gənclər gəlir. Deyirəm: “Bax, mən rejissoram. Mən səni niyə çəkməliyəm? Özünü sat, həqiqətən də belə deyirəm. Sən gəlmisən, özünü satmalısan. Özünü sübut elə ki, mən səni çəkim”. Bu, özünü satmaqdır.
Elə vaxt olur kimsə kastinqə gəlir, deyirəm: “Bir dənə şeir de”. Soruşur ki, nə deyim? Yaxud özünü təqdim edə bilmir. Özünü satmaq bacarığı aktyorda olmalıdır. Bəzən də belə olur ki, az-çox tanınan bir aktyoru kastinqə çağırırlar, şikayətlənir ki, məni tanımırlar, niyə kastinqə çağırırlar? Məsələ tanıyıb-tanımamaq deyil. Məni də kastinqə çağırırlar, gedirəm. Özüm film çəksəm, ən böyük aktyoru belə kastinqə çağıraram. Məsələn, Qurban İsmayılov. Ona ustad kimi baxıram, ona görə adını çəksəm, inciməz. Onu belə kastinqə çağıraram. Niyə? Çünki baxıram ki, Qurban İsmayılov bu rolu çox yaxşı oynayar. Sadəcə burada xırda bir nüans var: mən orada Qurban İsmayılovu görməmişəm. Əmin olmaq istəyirəm ki, Qurban İsmayılov mənim üçün bu nüansı edə bilər, yoxsa yox. 90 faiz əminəm ki, edə bilər, amma 10 faiz şübhəm var. Bu, çox normaldır. Rejissor tam əmin olmalıdır.
Bizdə “özünü satmaq” ifadəsinə yaxşı baxılmır. Əslində iki proporsiya var: biri bədənini satmaq, biri də ruhunu satmaq. Biz ruhumuzu satırıq (gülür).
- Sizcə də Azərbaycanda aktyorun taleyini istedad yox, tanışlıq müəyyən edir?
- İstedad vacibdir, olmalıdır. Amma tək istedad kifayət etmir. Buna Azərbaycan üçün şans da əlavə olunmalıdır. Üstəlik, bəzən tanışlıqlar da lazım olur. İstedadlılara kömək etmək lazımdır, çünki istedadsızlar özlərini hər yerə soxurlar. Bizdə buna daha çox ehtiyac var. İstedadlılara kömək etmək lazımdır, çünki onsuz da istedadsızlar daha çoxdur. Onların tanışları da daha çoxdur. Ona görə də istedadlılara daha çox kömək etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















