Reparasiya krediti Avropanın öz özünü dağıtma aktı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa artıq yeni bir mərhələyə qədəm qoyub: burada müharibə istisna yox, norma halına gəlib, iqtisadiyyat isə siyasətin açıq alətinə çevrilib. Brüsseldə müzakirə olunan 140 milyard avroluq "reparasiya krediti" sadəcə Ukraynaya maliyyə dəstəyi məsələsi deyil - bu, Qərb dünyasının özünün qurduğu qayda və prinsipləri pozaraq, siyasi təsir uğrunda necə irəli getməyə hazır olduğunun göstəricisidir.
Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu gün "reparasiya krediti" adlandırılan mexanizm əslində bir dövlətin dondurulmuş suveren aktivlərindən digərinə uzunmüddətli kredit üçün girov kimi istifadə edilməsinin ilk nümunəsidir. Əgər bu presedent reallaşarsa, o, təkcə Avropanın maliyyə sistemini deyil, İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq hüququn özülünü də sarsıdacaq.
Rəqəmlərin, faizlərin və razılaşmaların arxasında duran əsas sual budur: Qərb siyasi mənəviyyatı iqtisadi reallığa qurban vermədən davam edə bilərmi?
Bu suala veriləcək cavab təkcə Ukraynanın gələcəyini deyil, bütövlükdə Avropanın strateji dayanıqlığını da müəyyən edəcək. Çünki maliyyə institutlarına inam böhranı artıq sistemli xarakter alıb.
Yeni mexanizm - köhnə dəyərlərin sonu
Avropa İttifaqı Rusiya aktivlərini girov qoymaqla Ukraynaya kredit vermək məsələsini gündəmə gətirəndə, bu, təkcə yardım paketi deyildi - bu, yeni bir siyasi-maliyyə hakimiyyət modelinin sınağı idi. 2024-cü ildə Rusiya Federasiyasının təxminən 300 milyard dollarlıq valyuta ehtiyatının 210 milyardı Avropada, əsasən də Belçikanın "Euroclear" depozitarında dondurulmuşdu.
Bu aktivlər Avropa üçün sıradan maliyyə göstəricisi deyil - bunlar geosiyasətin "qızıl fondu"na çevrilib. Bu vəsaitlərin hüquqi toxunulmazlığı ilə siyasi təzyiq praktikası arasında ciddi ziddiyyət yaranıb. Əgər bu pullar doğrudan da Kiyevə veriləcək kreditin təminatı kimi istifadə olunsa, Avropa ilk dəfə başqa bir dövlətin suveren aktivlərini öz daxili siyasi məqsədləri üçün yönləndirmiş olacaq.
Bu qərar sadəcə maliyyə əməliyyatı deyil - ideoloji dönüş nöqtəsidir. Bu, Qərbin artıq "qaydalar və prosedurlar" əsasında yox, "məqsədlər və qərarlar" əsasında hərəkət etdiyini göstərir. Ukraynaya dəstək bu modelin sınaq poliqonuna çevrilib. Artıq söhbət bir dəfəlik yardımdan yox, siyasi məqsədyönlülüyü hüquqi legitimlikdən üstün tutan yeni maliyyə doktrinasının qurulmasından gedir.
Ukrayna - Avropa həmrəyliyinin sərhəd sınağı
2024-2025-ci illərdə Avropanın Ukraynaya göstərdiyi dəstək rekord həddə çatdı: təkcə 2024-cü ildə 41,7 milyard dollarlıq xarici maliyyə ayrıldı, bunun üçdə biri qrant, qalanı güzəştli kredit idi. Almaniya, Skandinaviya və Baltik ölkələri bu prosesin lokomotivi rolunu oynadı - ümumi köçürmələrin 60 faizindən çoxunu təmin etdilər.
Amma siyasi istəklər iqtisadi reallığa dirəndi. Avropa ölkələrinin büdcələri artıq kəskin kəsir altındadır, Fransa borc yükü 90 faizdən, İtaliyanın isə 145 faizdən yuxarı qalxıb. Müdafiə xərcləri isə ÜDM-dən daha sürətlə artır. Bu şəraitdə Ukraynaya 140 milyard avroluq kredit təkcə yardım deyil - Avropa həmrəyliyinin davamlılığını sınağa çəkən tarixi testdir.
İsveçin Avropa işləri üzrə naziri Yessika Rozenkrantsın etiraf etdiyi kimi, "uzunmüddətli perspektivdə Aİ ölkələri Ukraynanın maliyyə ehtiyaclarını milli büdcələr hesabına qarşılaya bilməyəcək". Bu, təkcə maliyyə yorğunluğunun deyil, siyasi limitin də göstəricisidir: Avropa ictimaiyyəti artıq Kiyevə dəstəyi şərtsiz prioritet kimi görmür.
Avropa həmrəyliyi indi riyazi hesablara tabe olub. Ukraynaya yardım artıq vergi islahatı kimi dəyərləndirilir - hər yeni milyard əlavə konsensus tələb edir, amma bu konsensus gündən-günə çətinləşir.
Köməkdən asılılığa doğru: iqtisadi anatomiyanın dəyişməsi
Ukrayna bu gün struktur xarici asılılıq vəziyyətində yaşayır və bu asılılıq artıq institusional xarakter alıb. 2024-cü ildə dövlət büdcəsinin təxminən yarısı xarici vəsait hesabına formalaşdı. BVF, Dünya Bankı, Yaponiya, Kanada və ilk növbədə Avropa İttifaqı bu ölkənin maliyyə "dayağını" təşkil edir.
Amma məhz bu dayağın özü Ukraynanın problemi olub. Büdcə xərclərini xaricdən gələn pullarla bağlayan dövlət gec-tez strateji müstəqilliyini itirir. Kiyev indi sanki təcrübə laboratoriyasına çevrilib: bir ölkə öz daxili inkişaf mənbələri olmadan, yalnız xarici transfərlərlə nə qədər müddət yaşaya bilər?
İqtisadi nəzəriyyə baxımından bu, "hərbi keynsçilik"dən maliyyə neokolonializminə keçid deməkdir - pul gəlir, amma əvəzində idarəetmə üzərində nəzarət verilir. Uzunmüddətli planda Ukrayna artıq Avroatlantik ailənin üzvü kimi yox, onun maliyyə asılısı kimi görünür.
Reparasiya krediti - hüquqi dönüş nöqtəsi
Hüquqi baxımdan bu kredit suveren aktivlərin toxunulmazlığı prinsipinə zərbədir. İkinci Dünya Müharibəsindən sonra beynəlxalq maliyyə sisteminin təməli məhz bu prinsip üzərində qurulmuşdu: mərkəzi bankların vəsaitləri xaricdə saxlanılırdı, çünki beynəlxalq hüquq onların təhlükəsizliyinə zəmanət verirdi.
Bu səbəbdən də aktivlərin yerləşdiyi Belçika yeni sxemə qarşı çıxır. Çünki əgər Avropa sabah Çin, Səudiyyə Ərəbistanı və ya Hindistanın aktivlərini dondursa, onların Avropa maliyyə institutlarına inamı tamamilə yox olacaq. Bu isə artıq siyasət yox, Avropanın maliyyə mərkəzi kimi mövcudluq məsələsidir.
BVF-nin hesablamalarına görə, təkcə 2024-cü ildə Avrozona daxilinə xarici investisiya axını 18 faiz azalıb, 2025-də isə əgər reparasiya krediti təsdiqlənsə, bu rəqəm 12 faiz də düşə bilər. Bazarlarda artıq anlayış formalaşıb: Avropanın hüquqi sabitliyi yerini siyasi loyalizmə verir.
Beləcə, qitə qarşısında seçim dayanıb: Ukraynanı xilas edib özünə olan etibarı dağıtmaq, yoxsa etibarı qoruyub siyasi məğlubiyyəti qəbul etmək.
ABŞ, tariflər və maliyyə hökmranlığının yeni məntiqi
Reparasiya krediti Amerika kontekstindən kənarda dəyərləndirilə bilməz. Prezident Trampın Rusiya neftinə 100 faiz rüsum tətbiqi və Çin idxalına tarifləri qaldırmaq siyasəti əslində rəqiblərə qarşı maliyyə səfərbərliyinin tərkib hissəsidir. ABŞ faktiki olaraq yeni bir sistem qurur: burada dollar və sanksiyalar eyni sikkənin iki üzü kimi işləyir.
Avropa üçün bu, müstəqillik yox, ABŞ-ın təzyiq arxitekturasına daxil olmaq deməkdir. Kredit formal olaraq Avrokomissiyanın xətti ilə rəsmiləşsə belə, onun taleyini yenə Vaşinqtonun mövqeyi müəyyən edəcək. Tramp artıq Çin mallarına qoyulan rüsumlardan əldə edilən gəlirlərlə "Ukraynanın qələbə fondu" yaratmağı təklif edib. Əgər bu mexanizm işə düşsə, Ukrayna ABŞ-ın qlobal ticarət axınlarını yenidən bölüşdürmə hesabına maliyyələşən siyasi layihəsinə çevriləcək.
Bu yanaşma yeni Atlantik maliyyə qaydasının doğulduğunu göstərir - burada sanksiyalar və tariflər kapitalın paylanması alətinə çevrilir, mülkiyyət hüququ isə artıq nisbi anlayış olur.
Avropa inflyasiya və yorğunluq arasında: həmrəylik riskə çevriləndə
Avropadakı böhranın kökündə təkcə maliyyə çatışmazlığı yox, həm də siyasi enerjinin tükənməsi dayanır. 2022-ci ildən bəri Aİ ölkələri Ukraynaya dəstək üçün 240 milyard avrodan çox vəsait xərcləyib, bunun 60 faizi Kiyevin büdcə kəsirlərinin bağlanmasına yönəlib. Eyni zamanda, Avropanın öz müdafiə xərcləri son iki ildə orta hesabla ÜDM-in 1,6 faizi qədər artıb.
Bu vəziyyət Avrokomissiyanı seçim qarşısında qoyub: ya Ukraynanı maliyyələşdirməyə davam etmək, ya da Rusiyadan gələn təhlükələr və Cənubi Avropadakı qeyri-sabitlik fonunda öz ordularını gücləndirmək. Nəticədə Brüssel "ikili sıxılma" effektinə düşüb: xərclər artır, gəlirlər durğunlaşır, iqtisadi artım isə tənəzzülə yuvarlanır. Avropa Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə avrozona iqtisadiyyatı cəmi 0,7 faiz artacaq, inflyasiya isə 3,4 faiz səviyyəsində qalacaq. Bu isə Ukraynaya uzunmüddətli subsidiyaların əvvəlki templə davam etdirilməsini faktiki olaraq mümkünsüz edir.
Amma ən böyük təhlükə rəqəmlərdə deyil. Ən böyük təhlükə - ictimai legitimlikdədir. Almaniya, Avstriya, İtaliya və Niderlandda əhalinin 55 faizindən çoxu Ukraynaya dəstəyi "həddən artıq" sayır. Bu isə o deməkdir ki, hər yeni maliyyə paketi daxili siyasi dalğalanma riskini artırır. Bir vaxtlar Avropa birliyinin rəmzi kimi təqdim edilən reparasiya krediti indi həmin birliyin tükənmişliyinin simvoluna çevrilmək ərəfəsindədir.
İqtisadi parçalanma: strateji yan təsir kimi
Reparasiya krediti ətrafındakı mübahisələr müasir Avropanın əsas ziddiyyətini - mərkəz və periferiyanın maraq assimmetriyasını açıq şəkildə göstərdi. Almaniya və Fransa Ukraynanı strateji bufer və siyasi aktiv kimi görürsə, Cənubi Avropa (İtaliya, İspaniya, Yunanıstan) üçün bu, yeni borc riskləri mənbəyidir. Şərqi Avropa isə əksinə, Kiyevə maksimum dəstək vermək niyyətindədir, amma lazımi resurslara malik deyil.
Beləcə, Avropa İttifaqı faktiki olaraq üç bloka bölünür:
Şimal bloku - büdcə profisitli, nizamlı donorlar; Ukraynanı maliyyələşdirməyə hazırdılar, amma sərt nəzarət şərtilə.
Cənub bloku - borc yükü altında əzilən ölkələr; onlar üçün Ukraynaya yardım öz sabitliklərinə təhdid kimi görünür.
Şərq bloku - ABŞ-ın himayəsində təhlükəsizlik axtaran, amma strateji çəkisi az olan dövlətlər.
Bu parçalanma təkcə iqtisadi fərqləri deyil, həm də dünyagörüşündəki uçurumu üzə çıxarır. Avropa artıq vahid düşünən bir subyekt deyil. Reparasiya krediti bu parçalanmanın aynasına çevrilib - burada Aİ özünün daxili bölünmüşlüyünü açıq görür.
Qlobal nəticələr: "maliyyə ekspropriasionizmi"nin presedenti
Əgər Brüssel reparasiya krediti sxemini həyata keçirsə, dünya yeni bir fenomenlə üzləşəcək - maliyyə ekspropriasionizmi, yəni dövlətlərin dondurulmuş aktivlərinin siyasi təzyiq alətinə çevrilməsi ilə.
Bu, qlobal iqtisadi sistem üçün uzunmüddətli nəticələr doğuracaq. BVF-nin hesablamalarına görə, hazırda təxminən 7 trilyon dollarlıq suveren aktivlər öz mənşə ölkələrindən kənarda saxlanılır. Bu vəsaitlərin sahiblərinin iradəsinə zidd şəkildə istifadəsi presedenti yaranarsa, kapitalın Qərb depozitarlarından Asiya, Yaxın Şərq və Latın Amerikasına axını qaçılmaz olacaq.
Artıq 2025-ci ildə Səudiyyə Ərəbistanı təxminən 35 milyard dollarlıq valyuta ehtiyatını yuanla Çin banklarına köçürüb, Hindistan və İndoneziya isə SWIFT-dən asılı olmayan regional klirinq mərkəzlərinin yaradılması barədə danışıqlara başlayıb. Bunlar Qərbin "dondurulmuş aktivlərin qanuni istifadəsi" siyasətinə birbaşa reaksiya kimi qiymətləndirilir.
Uzaq perspektivdə bu, çoxqütblü maliyyə sisteminin formalaşmasını sürətləndirəcək. Belə bir dünyada nə dollar, nə də avro artıq universal etimad simvolu olmayacaq. Avropa üçün bu, təkcə kapital itkisi deyil - həm də qlobal iqtisadi sabitliyin təminatçısı statusunun itirilməsidir.
Strateji perspektiv: 2026-2027-ci illərin ssenariləri
Avropa siyasətinin qarşıdakı iki il üçün ssenari analizi üç əsas istiqaməti önə çıxarır.
1-ci ssenari - "İdarəolunan risk"
Bu halda Aİ reparasiya kreditini təsdiqləyir, amma məbləği 70 milyard avro ilə məhdudlaşdırır. Maliyyə iki ilə bölünür, hüquqi riskləri isə Avropa İnvestisiya Bankı və ayrı-ayrı donor ölkələr öz üzərinə götürür. Ukrayna minimum zəruri dəstəyi alır, Avropa isə hüquqi sabitliyini qoruyur.
2-ci ssenari - "Amerika formatı"
Bu modeldə təşəbbüsü Vaşinqton ələ alır, Çin idxalına tətbiq edilən rüsumların hesabına "Ukraynanın Qələbə Fondu" yaradılır. Avropa İttifaqı yalnız qismən iştirak edir, Avropa institutları isə sadəcə vəsaitlərin texniki operatoruna çevrilir. ABŞ-ın üstünlüyü güclənir, Avropa isə ikinci dərəcəli oyunçu mövqeyinə sürüşür.
3-cü ssenari - "Maliyyə parçalanması"
Belçika reparasiya kreditinə veto qoyur, milli hökumətlər isə Kiyevə fərdi qaydada kredit verməyə başlayır. Beləcə, yardım sistemi assimmetrik xarakter alır - hər ölkə öz hesabına hərəkət edir. Nəticədə Avropa kollektiv maliyyə nəzarətini itirir, vahid strategiyası olmayan donorlar konqlomeratına çevrilir.
Hazırkı siyasi mənzərə fonunda ən real ehtimal məhz üçüncü ssenaridir. Bu model Avropanın bugünkü vəziyyətini əks etdirir: dəyərlərdə razılıq var, amma pullarda - yox.
Azərbaycanın mövqeyi və yeni geo-iqtisadi arxitektura
Avropada baş verənlər Azərbaycan üçün sadəcə "başqalarının büdcə böhranı" deyil. Bu, qlobal keçid dövrünün aynasıdır - rolların, risklərin və imkanların yenidən bölüşdürüldüyü bir mərhələ.
Bakı bu prosesdə unikal mövqe tutur. Bir tərəfdən Rusiya-Ukrayna münaqişəsində iştirak etmir, digər tərəfdən Avropanın enerji və nəqliyyat sisteminə sıx inteqrasiya olunub. Bu, Azərbaycana strateji üstünlük qazandırır: Avropa maliyyə fırtınası içində batarkən, Azərbaycan sabitliyin ixracatçısına çevrilir.
Avropa hələ də reparasiyalar barədə mübahisə aparır, Azərbaycan isə real qarşılıqlı asılılıq mexanizmlərini möhkəmləndirir - enerji dəhlizlərini, logistika marşrutlarını, təhlükəsizlik infrastrukturunu. Əgər Avropa maliyyə mərkəzi kimi etibarı itirirsə, Cənubi Qafqaz - xüsusilə Bakı - Şərqlə Qərbi birləşdirən yeni dayanıqlılıq qovşağına çevrilir.
Bu mənada Azərbaycan artıq təkcə regional oyunçu deyil. O, "maliyyə etibarlılığı" və "siyasi suverenlik" anlayışlarının yenidən məna qazandığı yeni beynəlxalq məsuliyyət nizamının formalaşmasında iştirak edir.
Reparasiya krediti - dövrün diaqnozu
Reparasiya krediti əslində pul məsələsi deyil - etimad məsələsidir. Ukraynaya resurslar lazımdır, amma Avropaya - mənəvi haqq qazandırma. Rusiyanın dondurulmuş aktivləri maliyyə alətindən çox, fəlsəfi testə çevrilib: Qərb demokratiyaları geosiyasi üstünlüyü qorumaq üçün öz prinsiplərindən imtina etməyə hazırdırmı?
Bəziləri mənəviyyatı monetizasiya etməyə çalışır, digərləri isə soyuq hesablamanı üstün tutur. Elə bu ziddiyyətin içində yeni qlobal balans doğulur - burada əsas söz dəyərləri ucadan səsləndirənlərə deyil, ideoloji illüziyalarsız sabit qalmağı bacaranlara məxsus olacaq.
Reparasiya krediti artıq yardım aləti deyil, sivilizasiya dəyişikliyinin güzgüsüdür. Avropa ədalətin yeganə meyarı olmaq monopoliyasını itirir. Onun yerinə yeni bir çağ gəlir - strateji praqmatizmin çağı.
Əgər Qərb maliyyə ekspropriasiyasına mənəvi əsas axtarırsa, dünyanın qalan hissəsi yeni etimad mənbələri axtarır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















