Icma.az
close
up
RU
Rəqəmsal analıq Şahanə Müşfiq yazır

Rəqəmsal analıq Şahanə Müşfiq yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şahanə MÜŞFİQ

Bir zamanlar analıq daha çox evin içində - hər kəsin öz məhrəm ərazisində yaşanardı. Sevinci də, qorxusu da, yorğunluğu da divarların arasında qalardı. Bu gün isə analıq ekran ölçüsünə sığışdırılıb. Hər an çəkilir, paylaşılır, bəyənilir və ölçülür.

Əvvəllər anaların yaddaşı fotoalbomlarda seçilmiş, az sayda və xüsusi anlarla saxlanardı. İndi isə yaddaş fasiləsiz axındır. Hər gün, hər saat, hər dəqiqə çəkilir, paylaşılır. Uşağın ilk addımı, ilk sözü, ilk şeiri, ilk uğuru - hamısı ictimai hadisəyə çevrilir. Sanki bu cür valideynlər üçün həyat yaşanmaq üçün yox, sənədləşdirilmək üçündür. Analıq təcrübəsi daxili proses olmaqdan çıxıb, izləyicili təcrübəyə çevrilib.

Fikrimcə, bu dəyişimin bir tərəfi texnologiyadırsa, digər tərəfi mədəniyyətdir. Biz artıq hadisələri yaşamazdan əvvəl necə görünəcəyini, başqaları tərəfindən necə qəbul olunacağını düşünürük. Sosial şəbəkələrdə ana olmaq artıq təkcə övlad böyütmək deyil, eyni zamanda obraz yaratmaqdır. "İdeal ana", "ideal qadın", "ideal ailə" obrazı başlıca məqsədə çevrilib. Səliqəli ev, həmişə gülümsəyən, deyilənləri edən uşaq, intizamlı gündəlik, estetik səhər yeməyi, inkişaf etdirici oyunlar, erkən yaşda istedad əlamətləri göstəri, alqış toplamaq vasitəsinə çevrilib. İndiki uşaqlar uşaqlıqlarını yaşamaqdan daha çox, valideynin uğur layihəsinə çevrilirlər.

Bu obrazların arxasında isə çox vaxt görünməyən zəhmət, yorğunluq və bəzən də narahatlıq dayanır. Çünki ideal görüntü təsadüfi yaranmır. Seçilmiş kadrlarla, süzgəcdən keçirilmiş sözlərlə, diqqətlə planlaşdırılmış səhnələrlə qurulur. Beləliklə, ictimai məkan tədricən reallığı yox, seçilmiş reallığı normaya çevirir. Bu normaya uyğun gəlməyən ana isə özünü yetərsiz hiss etməyə başlayır.

Üstəlik, sosial platformalar təkcə paylaşım məkanı deyil, həm də kommersiya mühitidir. Analıq kontenti artıq reklam bazarının da bir hissəsinə çevrilib. Oyuncaqlar, geyimlər, kurslar, erkən inkişaf proqramları "ideal uşaq" obrazı ilə birlikdə təqdim olunur. Beləcə, analıq həm də istehlak modeli kimi formalaşır. Sanki yaxşı ana olmaq üçün daim nəsə almaq, nəsə əlavə etmək, nəsə artırmaq lazımdır. Halbuki uşağın əsas ehtiyacı məhsul deyil, münasibətdir.

Burada təhlükəli bir incə xətt var. Sevgi ilə nümayiş arasında sərhəd haradadır? Qürur ilə eqo arasındakı fərq nə vaxt silinir?

Valideynin övladı ilə fəxr etməsi təbiidir. Amma bu fəxr ictimai təsdiqə çevriləndə məsələ dəyişir. Bəyənmə sayı valideynin özünüqiymətləndirmə meyarına çevriləndə, uşaq artıq fərd yox, vasitə olur. Onun uğuru valideynin uğuru kimi təqdim edilir. Onun bacarığı valideynin zəhmətinin sübutuna çevrilir. Onun fərqliliyi isə diqqət toplamaq üçün vitrinə qoyulur.

Bəzən bu nümayiş açıq şəkildə deyil, incə formada baş verir. "Sadəcə paylaşdım" deyə başlayan cümlələr əslində sosial təsdiq gözləntisi daşıyır. "Mən demirəm, müəllim dedi ki, çox istedadlıdır" kimi ifadələr valideyn eqosunun dolayı təsdiqinə çevrilir. Bu, insanidir. Amma insaniliklə manipulyasiya arasındakı sərhəd həmişə aydın olmur.

Bu vitrin anlayışı çox incə və təhlükəlidir. Çünki vitrin həmişə baxış üçündür. Orada olan obyekt isə baxılan, qiymətləndirilən, müqayisə ediləndir. Axı uşaq obyekt deyil, olmamalıdır. O, inkişaf edən, səhv edən, dəyişən, özünü axtaran bir varlıqdır. Amma vitrin mədəniyyəti uşağı sabit obraz kimi təqdim edir: "istedadlı", "ağıllı", "digərlərindən fərqli". Bu etiketlər ilkin baxışda müsbət görünsə də, gələcəkdə yükə çevrilə bilər. Çünki "dahi" kimi təqdim edilən uşaq gələcəkdə səhv etməkdən qorxmağa başlayır. "Ən ağıllı" kimi göstərilən uşaq zəif tərəflərini gizlətməyə çalışır. Çünki o, artıq sadəcə uşaq deyil, gözləntilərin daşıyıcısıdır.

Digər tərəfdən uşağın öz kimliyini formalaşdırma prosesi də nəzərə alınmalıdır. Əgər uşaq uzun müddət valideynin qurduğu ictimai obrazın içində böyüyərsə, o, bir müddət sonra öz həqiqi hissləri ilə təqdim edilən obraz arasında fərq hiss edə bilər. Bu daxili parçalanma yeniyetməlik dövründə daha kəskin şəkildə üzə çıxa bilər. Bu zaman "Mən kiməm?" sualı daha çətin cavablanar, hətta bəzən cavabsız qalar.

Bu proses çox vaxt şüursuz baş verir. Heç kim "övladımdan istifadə edirəm" demir, deməz də. Əksinə, hər kəs bunu sevgi, motivasiya və paylaşmaq istəyi ilə əsaslandırır. Amma sual vermək lazımdır ki, uşağın buna razılığı varmı? Onun gələcəkdə bu görüntülərlə bağlı seçimi olacaqmı? Onun uşaq qalmaq haqqı qorunurmu?

Uşaq hüquqları anlayışı təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır. Onun şəxsi sərhədləri, məxfiliyi və informasiya üzərində nəzarəti də bu hüququn tərkib hissəsidir. Rəqəmsal dövrdə valideynlərin paylaşım qərarları uşağın gələcək informasiya portretini formalaşdırır. Bu isə etik məsuliyyət tələb edir.

Rəqəmsal iz anlayışı burada xüsusi əhəmiyyət daşıyır. Uşaq böyüyəcək. Onun haqqında paylaşılmış minlərlə şəkil, video, şəxsi detal isə internet yaddaşında qalacaq. Bu paylaşımlar bir gün onun sosial və peşəkar həyatında qarşısına çıxa bilər. O zaman valideynin sevgi ilə, bəzən "bu günlərdən xatirə qalsın" məqsədi ilə etdiyi paylaşım uşağın özünüifadə azadlığına müdaxilə kimi görünə bilər.

Uşağın mahiyyəti spontanlıqdır. O, səhv edərək öyrənir, yıxılaraq qalxır, utana-utana danışır. Amma kamera qarşısında böyüyən uşaq tədricən öz davranışını izləyici baxışına görə tənzimləməyə başlayır. Bu isə daxili azadlığa təsir edir.

Bundan başqa, daimi çəkiliş və paylaşım uşağın təhlükəsizlik hissinə də təsir edə bilər. Hər an qeydə alınmaq ehtimalı onun sərbəst davranışını məhdudlaşdıra bilər. O, özünü rahat yox, müşahidə altında hiss edə bilər. Bu isə uzunmüddətli psixoloji gərginlik yarada bilər.

Rəqəmsal mühitdə analıq getdikcə müqayisə yarışına çevrilir. Kimin uşağı daha erkən danışdı? Kimin övladı daha tez oxumağı öyrəndi? Kim daha çox diplom qazandı? Bu yarış təkcə uşaqlara yox, analara da təzyiq yaradır. Çünki "ideal ana" obrazı daim əlçatmaz standartlar təqdim edir. Hər kəs güclü görünür, yorğunluq göstərilmir, şübhələr etiraf edilmir.

Müqayisə isə sakit, amma dağıdıcı mexanizmdir. O, insanın diqqətini öz inkişafından başqasının vitrininə yönəldir. Ana öz övladının fərdi ritmini izləmək əvəzinə, başqa uşaqların nailiyyətləri ilə ölçməyə başlayır. Bu ölçmə çox vaxt real deyil, çünki sosial şəbəkə bütöv hekayəni əks etdirmir. O, yalnız nəticəni göstərir, prosesi yox.

Digər tərəfdən, analar arasında görünməz bir rəqabət də formalaşır. Kim daha çox məşğuldur? Kim daha çox inkişafetdirici fəaliyyət göstərir? Kim daha məlumatlıdır? Kim uşağına daha faydalı yeməklər bişirir? Təəssüf ki, bu kimi rəqabətlər analığın daxili sakitliyini pozur. Halbuki analıq yarış deyil, sevinci ilə, yorğunluğu ilə, hər gün daha çox öyrənmək ehtiyacı ilə doyunca yaşanılası ən gözəl hissdir.

Analıq mükəmməl olmaq deyil. Heç bir anaya "sən mükəmməl olmalısan" kimi qanun qoyula bilməz. Analıq insan olmaqdır, insan yetişdirməkdir, bizim eqolarımızı tətmin edən vitrin məhsulu yox.

İnsan olmaq isə zəifliyi qəbul etmək, yorulduğunu demək, bəzən bacarmadığını etiraf etməkdir. Sosial şəbəkədə bu etiraflar azdır, çünki zəiflik çox vaxt uğursuzluq kimi qəbul edilir. Halbuki uşağa öyrədiləcək ən böyük dərs məhz budur: insan səhv edə bilər və o, səhv etsəm belə, yenə də dəyərlidir.

Uşaq isə valideynin sosial statusunu sübutu edən layihə deyil. O, öz daxili dünyası, ritmi, zəif və güclü tərəfləri olan müstəqil bir şəxsiyyətdir. Onu daim nümayiş obyektinə çevirmək, həyatını ictimai tamaşaya döndərmək uzunmüddətli psixoloji izlər buraxa bilər.

Psixoloji baxımdan uşağın təhlükəsizlik hissi əsasdır. O bilməlidir ki, valideyninin sevgisi şərtsizdir və performansdan asılı deyil. Əgər uşaq hiss edərsə ki, valideynin məmnunluğu onun nailiyyətinə bağlıdır, bu zaman sevgi şərtli kimi qəbul edilə bilər. Bu isə gələcəkdə özünüqiymətləndirmə problemlərinə yol aça bilər.

Bəlkə də problem sosial şəbəkədə deyil. Problem təsdiqə olan aclıqdadır. Müasir insan görünmək istəyir. Görünmək təsdiqlənmək, təsdiqlənmək isə dəyərli hiss etmək deməkdir. Bu təsdiq ehtiyacı təkcə analara xas deyil, ümumilikdə müasir insanın psixoloji fonudur. Amma analıq kontekstində daha həssasdır. Çünki burada söhbət valideyn və uşağın emosional dünyasından gedir. Əgər valideyn öz dəyər hissini xarici reaksiyalardan alırsa, bu model istər-istəməz uşağa da ötürülür.

Uşaq düşünür ki, görünmək, bəyənilmək, təsdiqlənmək vacibdir. Beləliklə, daxili dəyər hissi yerini xarici qiymətləndirməyə verir. Amma valideynin dəyəri uşağın nailiyyəti ilə ölçülməməlidir. Analıq performans, uşaq isə kontent deyil.

Əlbəttə, heç kim heç kimə nəyisə qadağa qoya bilməz. Kim nəyi necə istəsə paylaşar, göstərər. Əsas məsələ balansı qoruyub-saxlaya bilməkdir. Bəzən paylaşmaq təbii və gözəldir. Xatirələri bölüşmək, sevincini ifadə etmək insanidir. Amma hər anı ictimailəşdirmək ehtiyacı düşündürücüdür. Hər duyğunu yayımlamaq, hər uğuru elan etmək, hər inkişaf mərhələsini hesabat kimi təqdim etmək, özü də bunları süni müdaxilələr vasitəsi ilə etmək zaman keçdikcə şəxsi ilə ictimai arasında sərhədi silir.

Bəlkə də yeni analıq etikası formalaşdırmaq zamanıdır. Uşağın razılığına həssas yanaşmaq, onun məxfiliyini qorumaq, paylaşım qərarını emosional ehtiyac yox, məsuliyyət prizmasından vermək ən önəmli məsələlərdir. Rəqəmsal dünyada ana olmaq mümkündür, hətta bəzən gözəldir, amma öz həqiqiliyini qoruyaraq. Bəzən paylaşmamaq da qorumaqdır. Bəzən göstərməmək də sevgidir. Çünki uşağın ən böyük ehtiyacı izləyici deyil, təhlükəsiz mühitdir.

Təhlükəsiz mühit isə görünməzlikdə də mövcud ola bilər. Uşağın xatirələri hər kəsə aid olmaq məcburiyyətində deyil. Onun sevincinin şahidi olmaq üçün minlərlə izləyiciyə ehtiyac yoxdur. Bəzən bir valideyn baxışı, bir sakit qucaq, bir söz kifayətdir. Bəlkə həqiqi analıq heç kimin görmədiyi anlarda başlayır?!

Rəqəmsal dövr bizə görünmək imkanı verdi. Amma analıq bizə görünmədən də dəyərli olmağı öyrədə bilər. Əgər biz uşaqlarımıza həqiqi sevginin nümayişə ehtiyacı olmadığını göstərə bilsək, bəlkə də gələcək nəsil təsdiqə daha az ac, daxili baxımdan daha sabit və azad olacaq. Çünki uşağın ən böyük haqqı ona biçilən hekayədən daha çox, öz hekayəsinin sahibi olmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri