Rəqəmsal dünyanın ölümsüzlüyü Şahanə Müşfiq yazır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əvvəllər bir insan dünyasını dəyişəndə onun əşyaları ailəsinə qalır, şəkilləri albomlarda saxlanılır, məktubları sandıqlarda qorunurdu. Bəzən səsi kasetlərdə, videolarda yaşayırdı. Zaman keçdikcə xatirələrə çevrilirdi.
Bəs indi?
İndi insan öldükdən sonra onun telefonunda minlərlə foto, illərlə yazışma, sosial şəbəkə hesabları, elektron məktublar, bulud yaddaşında sənədlər, videolar və səs yazıları qalır. Başqa sözlə, insanın ölümündən sonra belə onun haqqında böyük bir "rəqəmsal həyat" davam edir.
Bütün bunlar azmış kimi, süni intellekt bu məsələyə daha qəribə bir mərhələ əlavə edib. Təsəvvür edin, illər əvvəl itirdiyiniz bir insanın səsini yenidən eşidirsiniz. Sual verirsiniz, cavab gəlir. Üslubu ona bənzəyir, istifadə etdiyi ifadələr tanışdır. Hətta qarşısınızda onun üz cizgiləri və səsi ilə hazırlanmış video ola bilər. Amma qarşınızdakı insan deyil. Süni intellektdir, yəni robot...
Bu texnologiyalar artıq "griefbot", "deathbot", "deadbot" və ya postmortem avatar kimi müxtəlif adlarla araşdırılır. Sistemlər mərhumun fotoşəkilləri, videoları, səs yazıları, mesajları və digər rəqəmsal məlumatlarından istifadə etməklə onun müəyyən xüsusiyyətlərini təqlid edə bilir. 2026-cı ildə dərc olunan elmi araşdırmalarda bu cür sistemlərin yas prosesində necə istifadə oluna biləcəyi və bunun hansı etik problemlər yaratdığı ayrıca tədqiq edilir.
Beləliklə, ölüm haqqında qədim sual dəyişir. Yəni artıq təkcə "İnsan öldükdən sonra nə baş verir?" demirik. Həm də "insan öldükdən sonra internetdə nə baş verir?" deyə soruşuruq.
Rəqəmsal qəbiristanlıq
Bu gün, demək olar ki, hər insan özündən sonra rəqəmsal iz buraxır. Sosial şəbəkədə paylaşdığı uşaqlıq fotosu, ailə üzvlərinə göndərdiyi mesaj, elektron poçtu, şəxsi bloqu, çəkdiyi videolar, iş sənədləri, bulud yaddaşındakı faylları, zamanında dostlarının paylaşımlarına yazdığı şərhlər... Bunların hamısı insanın rəqəmsal mirasının bir hissəsinə çevrilə bilər.
Əslində problem süni intellektdən əvvəl də mövcud idi. İnsan öldükdən sonra onun Facebook və Instagram hesabının taleyi nə olacaq? Elektron poçtlarına kim daxil ola bilər? Buludda saxladığı şəkilləri ailəsi əldə edə bilərmi? Ödənişli rəqəmsal xidmətlər və digər hesablar necə idarə olunmalıdır?
Dünyanın müxtəlif ölkələrində platformalar bu məsələyə fərqli yanaşır. Bəzi sosial şəbəkələr mərhumun hesabının xatirə hesabına çevrilməsinə və müəyyən hallarda əvvəlcədən təyin edilmiş şəxsin hesabı idarə etməsinə imkan verir. Lakin bütün rəqəmsal xidmətlər üçün vahid yanaşma yoxdur.
Azərbaycan hüquq mühitində də "rəqəmsal miras" məsələsi artıq müzakirə olunur. Hüquqi araşdırmalarda və yerli hüquqi materiallarda vəfat etmiş şəxsin sosial media hesabları, elektron məlumatları və digər rəqəmsal resurslarının taleyi ilə bağlı məsələlərin tam və ayrıca tənzimlənməsinin problemləri qeyd edilir. Bu isə çox sadə görünən bir sualı mürəkkəbləşdirir: İnsanın ölümündən sonra onun rəqəmsal məlumatlarının sahibi kimdir?
"Bu, onun səsidir... Amma özü deyil"
Süni intellekt ortaya çıxandan məsələ daha da mürəkkəbləşdi. Çünki əvvəl mərhumun fotosuna baxa bilirdik. Yəni bu xatirələrin hamısı rəqəmsal da olsa, keçmişə aid idi. İndi isə həmin fotonu hərəkətə gətirmək, səsini təqlid etmək, onun üslubunda mətn yaratmaq və müəyyən hallarda onunla dialoqa bənzər qarşılıqlı əlaqə qurmaq mümkündür.
Cənubi Koreyada artıq mərhum yaxınlarının foto və səs nümunələrindən istifadə etməklə onların görüntüsündə video mesajlar hazırlayan xidmətlərə müraciət edən insanlar haqqında reportajlar hazırlanıb. Bəzi ailələr belə videolardan xatirə mərasimlərində istifadə edirlər.
Texnologiyanın tərəfdarları bunun yas içində olan insan üçün təsəlli verə biləcəyini düşünürlər. Məsələn, deyə bilmədiyin son sözü demək, mərhuma ünvanlanmış məktuba cavab almaq hissini yaşamaq və ya sadəcə onun səsini bir daha eşitmək...
Amma burada çox incə bir sərhəd var. Axı süni intellektin yaratdığı cavabı mərhum vermir. O cavab sadəcə onun əvvəlki məlumatlarından öyrənilmiş nümunələr əsasında təxmini yaradılır. Deməli, bir müddət sonra insan öz xatirəsi ilə maşının yaratdığı "xatirəni" ayırd edə bilməyə bilər.
2026-cı ildə 26 istifadəçi ilə aparılan bir araşdırma məhz bu məsələyə diqqət çəkib. Tədqiqatçılar müəyyən ediblər ki, istifadəçilər belə sistemlərlə qarşılıqlı əlaqə zamanı mərhumun rəqəmsal obrazını passiv şəkildə qəbul etmirlər; əksinə, öz xatirələri, gözləntiləri və təsəvvürləri əsasında onu yenidən formalaşdırırlar. Zaman keçdikcə süni intellektin yaratdığı yeni cavabların real xatirələrlə qarışması ehtimalı ortaya çıxır.
Yasın dərmanı, yoxsa yasdan qaçış?
İnsan yaxınını itirəndə onunla danışmaq istəməsi tamamilə təbiidir. Bəzən insanın içində illərlə cavabsız qalan suallar olur. Bir-birinin ardınca düzülən "kaş ki..."lər uzun müddət insanın yaxasını buraxmır. Hazırkı durumda süni intellekt bu "kaş ki"lərin qarşısına texnoloji cavab qoya bilər. Amma psixoloji baxımdan bunun nəticəsinin mütləq müsbət olacağı hələ məlum deyil.
Cari ildə yayımlanan elmi araşdırmalarda griefbotların insanlara emosional rahatlıq və mərhumla əlaqəni davam etdirmək hissi verə biləcəyi, ancaq bununla yanaşı, psixoloji, etik və sosial risklər yarada biləcəyi də vurğulanır. Əsas narahatlıqlardan biri budur ki, insan itkini qəbul etmək əvəzinə, itirdiyi şəxsin rəqəmsal surəti ilə münasibəti davam etdirə bilərmi? Əgər belə olarsa, yas prosesi necə dəyişəcək?
Əlbəttə, indidən qəti hökm vermək mümkün deyil. Bu texnologiyaların uzunmüddətli psixoloji təsirlərini müəyyənləşdirmək üçün daha çox araşdırmaya ehtiyac var. Bəzi tədqiqatçılar isə onların müəyyən nəzarət və peşəkar müşayiət altında terapevtik məqsədlərlə istifadə imkanlarını da müzakirə edirlər.
Deməli, məsələ "Süni intellect yaxşıdır, yoxsa pis?" qədər sadə deyil. Məsələ harada dayanmaq lazım olduğunu bilməkdir.
Bütün bunlardan əlavə, məncə, ən böyük etik problem isə mərhumun razılığıdır. Görəsən, hər kəs ondan xəbərsiz səsinin, görüntüsünün kopyalanmasına razı olarmı? Tutaq ki, bir insan sağlığında heç vaxt özünün süni intellektlə surətinin yaradılmasına razılıq verməyib. Onun ölümündən sonra ailəsi minlərlə fotoşəklini, mesajını və səs yazısını toplayaraq belə bir sistem yarada bilərmi?
Texniki baxımdan bunu etmək mümkün ola bilər. Bəs etik baxımdan?
Burada "razılıq" məsələsi ortaya çıxır.
2025-ci ildə rəqəmsal ölüm sonrası xidmətlərin etikası ilə bağlı yayımlanan araşdırmalarda da əsas problemlər sırasında mərhumun razılığı, şəxsi məlumatlarının qorunması, ləyaqətinin saxlanılması və yas prosesinə mümkün təsirlər göstərilir.
Çünki süni intellekt bir insanın adından heç vaxt demədiyi cümləni də yarada bilər. Mərhumun heç vaxt qəbul etməyəcəyi fikri onun dilindən ifadə edə bilər. Hətta onu ailəsinin gözündə olduğundan tamam fərqli bir insana çevirə bilər.
Bəs bu zaman bu problem necə həll olunmalıdır? Ölən insanın səsi, görüntüsü kimə məxsusdur? Sağlığında insanlardan bunun icazəsi alınmalıdır, yoxsa rəqəmsal varis seçilməlidir?
Məsələnin hüquqi tərəfi də çox maraqlıdır. Belə ki, Avropada belə rəqəmsal miras məsələsinin vahid hüquqi çərçivəsinin olmaması artıq açıq müzakirə mövzusudur. Bu ilin aprelində Avropa Parlamentində mərhum şəxslərin rəqəmsal məlumatlarının taleyi ilə bağlı sual qaldırılıb və mövcud hüquqi boşluqlara diqqət çəkilib.
Ötən ay isə Avropa Hüquq İnstitutunun Şurası rəqəmsal aktivlərin və "rəqəmsal qalıqların" ölümündən sonra idarə olunması ilə bağlı model qaydaları təsdiqləyib. Sənəddə sosial media hesablarından bulud yaddaşına, rəqəmsal aktivlərdən süni intellektlə yaradılmış rəqəmsal təsvirlərə qədər müxtəlif kateqoriyalar nəzərdə tutulur.
Azərbaycanda da rəqəmsal mühitdə şəxsi həyat və fərdi məlumatların qorunması hüquqi müstəvidə ayrıca diqqət çəkən məsələdir. Baş Prokurorluğun 2026-cı ilin iyununda yayımladığı maarifləndirici materialda sosial şəbəkələrdə şəxsi və ailə həyatının toxunulmazlığı, foto, video, yazışma və səs yazılarının icazəsiz yayılmasının hüquqi nəticələri xatırladılır.
Amma süni intellektin mərhumun şəxsiyyətini imitasiya etməsi kimi yeni texnologiyalar bu məsələyə daha mürəkkəb suallar əlavə edir.
Məsələn, insan sağlığında səsini reklam üçün istifadə etməyə razılıq veribsə, bu razılıq ölümündən sonra da qüvvədə qalırmı? Bəs onun səsini süni intellektlə yeni cümlələr yaratmaq üçün istifadə etmək? Ailə üzvünün buna razılığı kifayətdirmi? Təəssüf ki, bütün bunların cavabı texnologiyanın inkişaf sürətindən daha yavaş formalaşır.
Rəqəmsal mirasımızı heç düşünürükmü?
Əslində bütün bu mübahisələrin ən maraqlı tərəfi odur ki, problem gələcəyin deyil, artıq bu günün problemidir. İnsanlar ölüm haqqında vəsiyyət yazarkən evini, torpağını, avtomobilini, bank hesabını, zinət əşyalarını düşünür. Bəs telefonundakı 20 min fotoşəkil, sosial şəbəkə hesablar, e-poçt ünvanı, bulud yaddaşı, şəxsi yazışmaları, səsi, görüntüsü?..
Bəlkə də yaxın gələcəkdə "rəqəmsal vəsiyyət" adi anlayışa çevriləcək. İnsan sağlığında nəyi saxlamaq, nəyi silmək, hansı hesabın bağlanmasını, hansının xatirə kimi qalmasını, hansı məlumatın ailəsinə verilməsini əvvəlcədən müəyyənləşdirəcək. Çünki insanın rəqəmsal izi ölümündən sonra yox olmur. Bəzən əksinə, məhz o zaman onun taleyi ilə bağlı suallar başlayır.
Bəlkə də ən böyük mirasımız məlumatlarımız olacaq
Bir vaxtlar insanın arxasında qoyduğu ən böyük iz yazdığı kitab, çəkdirdiyi şəkil, bəstələdiyi musiqi və ya tikdirdiyi ev idi. İndi isə insan haqqında məlumatların miqyası tamam başqadır.
Biz gün ərzində nə qədər danışdığımızı, nə qədər foto çəkdiyimizi, hansı mahnılara qulaq asdığımızı, haralara getdiyimizi, nə yazdığımızı, hansı fikirləri paylaşdığımızı rəqəmsal platformalara ötürürük. Sanki özümüzdən xəbərsiz gələcəkdəki "rəqəmsal bioqrafiyamızı" yazırıq.
Bəlkə də bir gün uşaqlarımız bizi yalnız albomdakı fotolardan yox, telefonlarımızda qalan rəqəmsal izlərdən tanıyacaqlar. Ən qəribəsi və indi üçün ən ürküdücüsü də odur ki, bəlkə onlar qarşılarındakı biz olmadığımız halda bizimlə danışa biləcəklər.
Bütün bunların fonunda, gələcəyin ən qəribə sualı bəlkə də "ölümdən sonra həyat varmı?" yox, "ölümdən sonra internetdə kim yaşayır?" olacaq.
Nəticədə bütün bunları müşahidə edib, gələcək haqqında düşünərkən insan istər-istəməz özündən soruşur: biz öldükdən sonra haqqımızda nə qalmasını istəyirik?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 28 Avqust 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















