Rəqəmsal həlləri uğurla tətbiq edən ADY
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Müasir dünyamız inkişaf etdikcə, informasiya kommunikasiya texnologiyaları tərəqqi dövrünə qədəm qoyduqca həm dövlətlər, həm də cəmiyyətlər üçün yeni-yeni yanaşmalar, metodologiyalar meydana çıxır. Bu yeniliklərin tətbiqi öz səmərəliliyi və keyfiyyəti ilə diqqət çəkir. Belə tətbiqlərdən biri də rəqəmsallaşmadır. İnsanların məlumat əldə etmələrini asanlaşdırmağı özündə ehtiva edən rəqəmsallaşma həm də dünyanı satış və marketinq baxımından daha əlçatan edir.
Rəqəmsallaşmaya marağın artmasına təsir edən faktor
Rəqəmsallaşma rəqəmsal texnologiyalardan istifadə edən cəmiyyətin və ya ölkənin inkişafı və bu texnologiyaların həyatın bütün sahələrinə yayılmasıdır. Bu gün bir çox sahədə rəqəmsallaşmanın təsirini görə bilərik. Buna görə də rəqəmsallaşmanın töhfəsi danılmazdır. Bu, həm də ölkənin iqtisadi artımına və ölkənin rəqabət qabiliyyətinin güclənməsinə töhfə verə bilir. Bu gün rəqəmsallaşmanın əhəmiyyətini dərk edən və bu sahəyə sərmayə qoyan çoxlu böyük brendlər var.
Bu bir danılmaz faktdır ki, bütün dünyanı bürüyən koronavirus pandemiyasından sonra qlobal miqyasda rəqəmsallaşmaya diqqət daha da artdı. Dövlətlər və onların müvafiq qurumları yeni reallığa uyğun olaraq öz daxili proseslərinə və inkişaf strategiyalarına yenidən baxış keçirməli oldular. Qlobal dünyanın bir parçası olan Azərbaycan da bu məsələdə kənarda qalmayıb. Sürətlə gedən rəqəmsallaşan dünyanın çağrışları ilə ayaqlaşmaq üçün Azərbaycanda da bir sıra mühüm addımlar atılıb. Ölkəmizin bu sahəni prioritet hesab etməsi 2021-ci ilin fevralında təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də nəzərdə tutulub. Bundan başqa Prezident İlham Əliyevin 2021-ci il, oktyabrın 11-də imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda da bu istiqamətin dövlətimiz üçün prioritet olduğu təsdiqini tapıb.

Qeyd edilən hər iki mühüm sənədlərdən irəli gələrək ötən müddət ərzində əksəriyyət dövlət qurumları rəqəmsallaşma istiqamətində əməli addımlar atıb, bu sistemi özlərinin fəaliyyətlərində tətbiq ediblər. Daim yeniliklərə can atan, onu öz fəaliyyətində tətbiq edən “Azərbaycan Dəmir Yolları” QSC-də rəqəmsallaşma prosesindən kənarda qalmayıb, bu istiqamətdə bir sıra uğurlara imza atıb. Azərbaycan Dəmir Yolları bu illər ərzində işçilərinin texniki təminatının yaxşılaşdırılması, informasiya təhlükəsizliyi və müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsi, proqram təminatlarının yenilənməsi istiqamətində də nəticəyə hesablanmış bir çox işlər görüb. Sevindirici hal ondan ibarətdir ki, görülən işlər öz müsbət nəticələri ilə yadda qalıb. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ADY rəqəmsallaşmanı təkcə daxili fəaliyyətdə deyil, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətlərində tətbiq edir.
ADY-nin rəqəmsallaşma prosesində atdığı mühüm addımlar
Ötən illərdə qeyd edilən istiqamətdə ADY-nin fəaliyyətinə nəzər yetirsək aydın şəkildə görərik ki, qurum rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində yeniliklərə imza atıb. Yaxın vaxtda istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı gözlənidliyindən daha çox artaraq 170 minə çatıb. Sərnişinlərin biletlərini onlayn qaydada alması göstəricisi 70 faizi keçib. Yeniliklərdən biri də ondan ibarətdir ki, ölkədaxili sərnişin qatarlarına minik zamanı sərnişindən şəxsiyyət vəsiqəsi tələbi aradan qaldırılıb. “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir ki, bu da ADY-nin rəqəmsallaşma prosesində atdığı mühüm addımlardan biridir.

ADY-nin rəqəmsallaşma, öz fəaliyyətində rəqəmsal həllərin tətbiqinin reallaşdırılması istiqamətində atmış olduğu mühüm addımlardan biri də sərnişinlər üçün pulsuz simsiz internet bağlantısının yaradılmasıdır. 2024-cü ildən tətbiq edilən bu yenilik əsasında hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirən qatarlarda da aktiv edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində həyata keçirdiyi daha bir yenilik portal.ady.az-ın istifadəyə verilməsidir. Əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadəyə verilən elektron xidmət portalı istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Platforma ADY-nin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımlardan biri olmaqla dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edəcək.
Ümumiyyətlə, ADY rəqəmsallaşmanı prioritet istiqamət kimi qəbul edərək müxtəlif sahələrdə bu cür həllərin tətbiqini genişləndirir. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir. Rəqəmsal platformalar və analitik alətlər vasitəsilə müştərilərlə münasibətlər daha şəffaf və çevik şəkildə qurulur. Nəticədə sərnişinlər və tərəfdaşlar daha şəffaf, operativ və etibarlı xidmətlərlə təmin olunur. Bu isə öz növbəsində istifadəçi təcrübəsini yüksəldir və müştəri etimadını gücləndirir.

Sərnişinlər üçün mobil tətbiqin reallaşdırılması da ADY-nin rəqəmsal həllərin tətbiqi sahəsində təqdim etdiyi yeniliklərdəndir. “ADY Mobile” tətbiqi sərnişinlərə rəqəmsal həll təklif etməklə yanaşı ADY-na öz sərnişinlərini daha yaxından tanımaq imkanını verir. Tətbiqin keçən ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq qısa müddət ərzində on minlərlə sərnişin ondan istifadə edib. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır. “ADY Mobile” vasitəsilə sərnişinlər bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi imkanı qazanmış olurlar.
ADY rəqəmsal həllərin tətbiqini hərəkətin təhlükəsizliyi sahəsində də həyata keçirir. Qurumun tətbiqinə başladığı GPS sistemi bunun əyani sübutudur. Bu sistem vasitəsi ilə ADY hərəkət vasitələrinin səmərəli istifadəsini müşahidə və nəzarət edə, stansiyaların işini onlayn qaydada izləyə və hesabatları real vaxt rejimində ala bilir.
Rəqəmsal həllərin tətbiqi beynəlxalq əməkdaşlıq prizmasında
Yuxarıda qeyd etdiyimiz kimi ADY rəqəmsal həllərin tətbiqini beynəlxalq əməkdaşlıq aspektində də həyata keçirir. Belə ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.

Bu tətbiq, gəlirlərə nəzarət və yerlərdə əməliyyatların səmərəli təşkili üçün unikal sistemdir. Bu innovativ həll vasitəsilə Azərbaycan ərasinzində bütün stansiyalarda baş verən əməliyyatları şəffaf şəkildə izləmək mümkündür. “ADY Smart” tətbiqinin üstünlüklərindən biri də ondan ibarətdir ki, əvvəllər ADY-nin müştəriləri sifarişlərini kağız qaimələrlə təqdim edirdilərsə, hazırda kağız sərfiyyatı tamamilə aradan qaldırılıb, bütün sövdələşmələr “ADY Smart” üzərindən aparılır. Tətbiq vasitəsilə müştəri öz kabinetini yaradır, sifarişlərini onlayn qaydada həyata keçirir və vaxta qənaət edir. Ən vacib addımlardan biri də “ADY Smart”ın tərəfdaşlarının əməliyyat sisteminə uğurla inteqrasiya olunmasıdır. Sistem eyni zamanda gömrük sisteminə inteqrasiya olunmuş, vahid elektron qaimə vasitəsilə müştəri ilə ADY və gömrük orqanları arasında səmərəli əməkdaşlıq platforması yaradılıb.
“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.
Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir.

ADY-nin rəqəmsal həllərin tətbiqi sahəsində həyata keçirdiyi tədbirlərin beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənməsi qurumun bu istiqamətdə uğurlu fəaliyyətinin göstəricisidir. Belə ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayırıb. Məlumat üçün qeyd edək ki, “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində ADY-də əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görülür.
Həyata keçirilən tədbirlər və görülən işlərin təhlili əsasında bu gün əminliklə deyə bilərik ki, ADY-də rəqəmsallaşma proqramı bütün sahələri əhatə edir. İstehsalat sahələri və korporativ funksiyanın avtomatlaşdırılması, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. ADY-nin rəqəmsal həllərin tətbiqində əldə etdiyi uğurlardandır.
“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”
Süleyman İsmayılbəyli

Sürətli vaxta qənaət: ADY rəqəmsal yeniliklərə imza atıb
28 Dekabr 2024 11:53
ADY 2024cü ildə də rəqəmsal yeniliklərə imza atıb
28 Dekabr 2024 10:23
ADY də vahid rəqəmsal məkanın qurulmasında növbəti addım FOTO
16 May 2025 11:18
Rusiyada miqrantın rəqəmsal profili tətbiq ediləcək
26 Mart 2025 15:39
SİMA rəqəmsal imza: tətbiq niyə gecikdi?
13 May 2025 15:41

