Rəqəmsal məktəbin həyəcan təbili: Qərb niyə kitab və müəllimə qayıdır?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünya ekranın uşaqların inkişafına təsirlərini yenidən araşdırır...
Müasir rəqəmsal texnologiyalarla bağlı dünya mətbuatından oxuduğum bir çox maraqlı məqalələr sonda məni elə təşvişə saldı ki, bilmirəm onlar haqqında danışım, ya danışmayım? Oxuduğum kitablara, aldığım dərslərə and olsun ki, indi oxuyacaqlarınızı mən demirəm. Mən desəm, mən yazsam, ölkədə təhsil “yeniliklərinin” və islahatçılarının carçıları məni topa-tüfəngə tutub, bəlkə xalq düşməni elan edərlər. Amma qorxuram, deməsəm sonra mənim də nəvələrimin, nəticə və kötükcələrimin içində olduğu xalqımızın gələcəyi olan nəsillər bizi lənətləsin ki, “niyə səsinizi çaxarmamısınız?”
Məsələn, intizamı, mədəniyyəti və elmi ilə məşhuri cahan olan, bəşəriyyətə Lyüdviq van Bethoven, Otto Bismark, Karl Marks, Konrad Adnaur, Yakob və Vilhelm Qrimm qardaşları, İohan Qutenberq, İohan Kepler, İohan Kant, Fridrex Niçşe, Höte, Şiller, Henrix German Robert Kox, Qotfrid Vilhel Leybniç, Alfred Ferdinand Mebius və sair kimi dahilər bəxş edən Almaniyanın tədqiqatçı alimləri artıq həyəcan təbili çalmağa başlayıblar. Həm də təkcə onlar yox, Avropanın bir çox inkişaf etmiş qabaqcıl ölkələrinin elm adamları da.
Sual edə bilərsiniz: nə baş verib və almanlardan, skandinavlardan bizə nə? Amma tələsməyin. Alman alimləri yazırlar: “Tədqiqatlar göstərir ki, rəqəmsal cihazlardan, kompüterlərdən, qadcetlərdən həddindən artıq istifadə koqnitiv qabiliyyətlərə mənfi təsir göstərir. Uşaqlar isə buna xüsusilə həssasdırlar: onlar yalnız geridönməz inkişaf ləngimələri deyil, Alzheimer xəstəliyi riskinin artması da daxil olmaqla, bir çox xəstəliklərə məruz qala bilərlər”. Yəqin başa düşdünüz ki, bu təhlükə təkcə alman uşaqlarının yox, planetin bütün gələcəyini təmsil edən nəsil üçün də ciddi problemdir.
İndi isə Almaniyanın “Die Welt” nəşrinin bu problemlə bağlı dərc etdiyi bir araşdırmanı öz qısa şərhlərimizlə diqqətinizə çatdırırıq. Nəşrin səhifələrində işıq üzü görən “Z nəslinin koqnitiv geriləməsi...” məqaləsində yazılır ki, “bugünkü məktəblilərin zehni inkişafı valideynlərindən çox geri qalır. Buna aydınlıq gətirən müəllif yazır: “Amerikalı neyroloqlardan biri xəbərdarlıq edir ki, Z nəsli “müasir tarixdə ilk nəsil” ola bilər ki, onun koqnitiv qabiliyyətləri əvvəlki nəsillərindən daha aşağı olacaq”.
Digər tədqiqatçılar da bu həyəcanlı nəticələrə gəlir və hətta Alzheimer xəstəliyi riskini proqnozlaşdırırlar. Amerikalı neyroloq və təhsil üzrə ekspert Cared Horvat ABŞ Senatında çıxışı zamanı sərt açıqlamalar verərək deyib: “XIX əsrin sonlarında koqnitiv inkişafı standartlaşdırmağa və qiymətləndirməyə başladığımızdan bəri hər yeni nəsil valideynlərindən daha yaxşı nəticə göstərib”. Horvat bu ilin yanvarında Nümayəndələr Palatasının ticarət, elm və nəqliyyat üzrə komitəsinin iclasında bildirib ki, “Z nəsli müasir tarixdə demək olar ki, hər bir koqnitiv ölçüdə daha pis nəticə göstərən ilk nəsildir. Geriləmə əsasən diqqətə, yaddaşa, oxumağa, yazmağa, hesablamaya və hətta ümumi IQ-ya təsir göstərir. Bütün bunlar, onların bizdən və əvvəlki nəsillərdən daha uzun müddət məktəbdə olmalarına baxmayaraq, baş verir”.
Horvat əminliklə bildirib ki, səbəb müəyyən edilib və bu məktəblərdə təhsil texnologiyalarının geniş yayılmasıdır. Rəqəmsal cihazlar artıq dərs vaxtının əhəmiyyətli bir hissəsini tutur. Lakin yalnız müəyyən növ tətbiqlər - məsələn, bacarıq təlimləri üçün proqramlar - həqiqətən ölçülə bilən faydalar təmin edir.
Komitəyə yazılı açıqlamasında Horvat yazır: “Beynəlxalq müqayisəli tədqiqatlardan, genişmiqyaslı tədqiqat layihələrindən və meta-analizlərdən əldə edilən dəlillər göstərir ki, sinifdə rəqəmsal cihazların istifadəsinin artması nəinki o nəticələri yaxşılaşdırır, ümumiyyətlə onları pisləşdirir. Məqsədimiz ekran qarşısında vaxtın artırılması deyil, gələcək nəslin idrak inkişafını və uzunmüddətli rifahını təşviq etməkdir”.
2024-cü il “JAMA Pediatrics” meta-analizi 0-6 yaşlı uşaqlarda ekran istifadəsinin kontekstini araşdırıb. Daha çox proqram izləmək və fon televizoru daha zəif koqnitiv nəticələrlə əlaqələndirilib. Əvəzində, valideyn və ya baxıcı ilə birlikdə istifadə bəzi koqnitiv nəticələrlə müsbət əlaqə göstərib. Müəlliflər buna görə sadəcə, “ekran vaxtı”nı deyil, ekranın necə və hansı məqsədlə istifadə edildiyini nəzərə almağı təklif edirlər.
2025-ci ildə “Scientific Reports”da dərc olunan tədqiqatda isə məktəbəqədər uşaqlarda ekran vaxtı ilə icraedici funksiyalar arasındakı əlaqə araşdırılıb və həddindən artıq ekran vaxtının koqnitiv funksiyalar üçün narahatlıq doğurduğunu göstərib.
Doğrudur, ABŞ-da rəqəmsal alətlər və təhsil proqramları gündəlik məktəb həyatına Almaniyadakından çox, Azərbaycandakından isə daha çox nüfuz edib. Əgər buna Horvatın yalnız dolayı yolla toxunduğu digər bir amili – uşaqlarımızın gündəlik həyatda smartfonlardan tez-tez və həddindən artıq istifadə etməsini də əlavə etsək, görün hansı nəticələr alınar. Sual oluna bilər ki, Z nəslinin sələflərindən daha geridə qalmasında rəqəmsallaşma həqiqətən günahkardırmı?
Auqsburq Universitetinin orta məktəb təhsili üzrə tədqiqatçısı professor Klaus Zirer də smartfonların və digər cihazların yaratdığı “idrak tükənməsini” araşdırıb. Alman professor Horvatla tam razılaşır və bildirir ki, “ümumiyyətlə, bu, çox cəsarətli bir tezisdir, lakin əsaslıdır”. Zirer “WELT AM SONNTAG”a verdiyi müsahibədə deyir: “Bugünkü şagirdlər demək olar ki, bütün təhsil göstəricilərində əvvəlki nəsildən daha pis nəticələr göstərirlər və bu, İkinci Dünya müharibəsindən bəri ilk dəfə baş verir”. Zirer beynəlxalq PISA məktəb qiymətləndirməsinin məlumatlarına istinad edərək yazır ki, göstəricilər 2012-ci ildə qalxdığı zirvədən sonra əyri xətlə durmadan aşağı enməkdədir.
Zirer Horvatın qənaətini təsdiqləyərək bildirir ki, əksər təhsil texnologiyaları (EdTech) həlləri ənənəvi, əl ilə öyrənmədən daha az təsirlidir. “Əsas bacarıqların inkişaf mərhələsində texnologiya əslində tamamilə faydasızdır. Vaxt və pul boşa gedir, yalnız cüzi faydalar verir, əgər o da varsa”.
“Studyflix” təhsil platformasının baş direktoru Matias Klement bu mövqeyi həddindən artıq sadə hesab edir. “Horvat vacib bir mövzuya toxunur, lakin bütün rəqəmsal formatların eyni dərəcədə zərərli olduğu qənaəti çox səthidir”. Klement hesab edir ki, didaktik şəkildə hazırlanmış videolar, audio formatlar və rəqəmsal mühitlər ənənəvi təlimin əvəzi kimi deyil, ənənəvi yanaşmanın güclü tərəflərini nəzərə alaraq tamamlayıcı kimi nəzərdə tutulub. Klement deyir: “Bundan əlavə, onlar müəllimlərə Horvatın özünün tələb etdiyini tam olaraq verə bilərlər: sinifdə canlı insani ünsiyyət üçün daha çox vaxt”.
Doğrudur, bir çox tədqiqatlar rəqəmsal texnologiyanın avtomatik olaraq zərərli olduğunu inkar edirlər. Əksinə, 2025-ci ildə aparılmış meta-analiz rəqəmsal savadlılıqla şagirdlərin akademik nailiyyətləri arasında müsbət əlaqə tapıb. Yəni problem texnologiyanın mövcudluğu deyil, onun keyfiyyətli və məqsədyönlü istifadəsidir.
“Die Welt” yazır ki, rəqəmsallaşmanın mənfi nəticələri məktəblərə də təsir edir. Lakin məktəb tədqiqatçısı Zirer yalnız təhsildən danışmır - o, bütün həyatın rəqəmsallaşmasından danışır. Onun qənaətinə görə, həyatımız bütün mənfi nəticələrilə rəqəmsal texnologiya ilə doludur və bu “sonradan məktəblərə də təsir edir: diqqət çatışmazlığı, nitq problemləri, sosial və emosional laqeydlik, düşünmə bacarıqlarının azalması və daha çox ziyanlı nəticələr”. Əsas amil kimi, təbii olaraq smartfonlar göstərilir.
2023-cü ildə Zirer Auqsburq Universitetindən olan həmkarları ilə birlikdə bir meta-analizdə smartfonların idrak tükənməsi effektinə səbəb olduğunu aydın şəkildə nümayiş etdirdi və bildirdi ki, otaqda sadəcə bir telefonun olması diqqəti və yaddaşı əhəmiyyətli dərəcədə azaldır. Bu effekt ilk dəfə 2017-ci ildə Çikaqo Universitetində Adrian Uord tərəfindən müəyyən edilmişdir. Auqsburqdan olan tədqiqatçılar bunu təsdiqlədilər və aydın bir tövsiyə verdilər: təlimdə rəqəmsal cihazların istifadəsi tənzimlənməli, izlənilməli və nəzarət edilməlidir.
Həddindən artıq ekran vaxtının zərərli təsirləri ilə bağlı xəbərdarlıqlar getdikcə daha da sərtləşir. Məsələn, Kanadanın Vaterloo şəhərindəki “Wilfrid Laurier” Universitetinin tədqiqatçıları beyin inkişafı zamanı rəqəmsal cihazlara həddindən artıq məruz qalmanın həyatın sonrakı dövrlərində Alzheimer xəstəliyi və əlaqəli demensiya formaları riskini artırdığını aşkar ediblər.
Məqalədə deyilir: “Biz fərz edirik ki, Z nəslinin kritik inkişaf mərhələlərində cihazların həddindən artıq istifadəsi erkən və orta yetkinlik dövründə yüngül idrak pozğunluğuna, ardınca isə sonrakı həyatda demensiyada əhəmiyyətli dərəcədə artıma səbəb olacaq”.
Məsələ “ekran vaxtı” deyil. Uşağı ekrandan uzaqlaşdırmaq kifayət deyil, əsas məsələ uşağın ekranda nə etdiyidir. Məsələn, bir şagird 60 dəqiqə proqramlaşdırma öyrənir, digəri 60 dəqiqə sosial şəbəkədə vaxt keçirir, üçüncüsü isə müəllimlə birlikdə interaktiv dərs keçir. Üçünün “ekran vaxtı” eynidir, amma nəticələri eyni deyil.
2023-cü ildə yayımlanan böyük “umbrella review” 102 meta-analizi və 1,9 milyondan çox iştirakçını əhatə edib. Nəticələrdə təhsil üzrə təsirlər qarışıq olub və müəlliflər müxtəlif ekran fəaliyyətlərinin fayda və risklərinin ayrıca qiymətləndirilməsini tövsiyə ediblər. Məktəblərdə smartfonların qadağan edilməsi və sosial media üçün yaş məhdudiyyətləri ilə bağlı mövcud müzakirələr yalnız bu cür tapıntılarla aktuallaşdırılır.
Bəzi tədqiqatçılar uşaqlıq və yeniyetməlik dövründə həddindən artıq rəqəmsal məruzqalmanın uzunmüddətli koqnitiv nəticələrindən narahatdırlar və gələcəkdə demensiya riskinin mümkün artımını hipotez kimi irəli sürür və bildirirlər ki, “hesab edirik ki, 2060-cı ildən sonra Alzheimer xəstəliyi və digər demensiya formalarının insidensiyasında dörd-altı dəfə artım genişmiqyaslı sosial-iqtisadi böhranlara və sənayeləşmiş ölkələrdə onsuz da həddindən artıq yüklənmiş səhiyyə sistemlərinin tamamilə çökməsinə səbəb olacaq”. Onlar iddia edirlər ki, təhsil, sosial siyasət, qanunvericilik və səhiyyə də daxil olmaqla, profilaktik tədbirlərə təcili ehtiyac var. Lakin bu əlaqə hələ səbəb-nəticə münasibəti kimi sübut edilmiş elmi fakt deyil.
Araşdırmalarımızdan öyrəndik ki, Skandinaviya ölkələrində şagirdlərə erkən yaşlarından noutbuklar verildiyi halda, akademik göstəricilərin aşağı düşməsi fonunda rəqəmsal tədris vəsaitlərinin istifadəsi məhdudlaşdırılır. Bunun əvəzinə, hökumətlər məktəb dərsliklərinə yenidən investisiya qoyurlar. İsveçlilərlə yanaşı, danimarkalılar da bu analoji əksinqilabın qabaqcılları olublar. Bu, xüsusilə əhəmiyyətlidir, çünki onlar təhsili digərlərindən daha tez və daha dərindən rəqəmsallaşdırıblar (şagirdlərin 72 faizi demək olar ki, hər dərsdə rəqəmsal cihazlardan istifadə edir). Lakin indi onlar da ekran qarşısında keçirilən vaxtı azaldır. Maraqlıdır, deyilmi? Sual edərsiniz ki, niyə rəqəmsallaşmanın öncülləri indi kağız kitabın və müəllimin canlı izahının əhəmiyyətini yenidən kəşf edirlər? Düşünürəm, sualınıza bu məsələlərə məsul olan müvafiq dövlət qurumlarımız daha tutarlı cavab verə bilərlər.
Danimarka hökumətinin uşaqlar və təhsil üzrə naziri, sosial-demokrat partiyasından olan tanınmış syasətçi Mattias Tesfaye 2023-cü ilin dekabrında “Politiken” qəzetində ölkəsinin əvvəlki siyasətini tənqid edərək yazıb: “Miqyasını və nəticələrini əvvəlcədən görə bilmədiyimiz rəqəmsal təcrübədə uşaqlarımız alət olmamalıdırlar!” Kitablara diqqət yetirmək əvəzinə, uşaqlara “birinci sinifdən iPad-lər verilirdi”. Nazirin sözlərinə görə, bu nəsildən “ciddi üzr istəmək” lazımdır.
Sonda qarşıya çox ciddi bir sual çıxır: Dünya rəqəmsallaşmanın nəticələrini yenidən qiymətləndirərkən, biz rəqəmsallaşmanın özünü məqsədə çevirmirik ki?
İlqar RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















