Icma.az
close
up
RU
Rəqəmsallaşma və çağdaş peşə hazırlığı

Rəqəmsallaşma və çağdaş peşə hazırlığı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsallaşma müasir dövrdə ictimai həyatın bütün sferalarına nüfuz etməklə yanaşı, əmək bazarında da köklü dəyişikliklərə səbəb olur. Süni intellektin tətbiqi, proseslərin avtomatlaşdırılması və rəqəmsal platformaların genişlənməsi ənənəvi peşə anlayışına yeni bilik və bacarıqlar tələb edən məzmun gətirir. Bu proses idarəetmə qaydalarını da yeniləyərək işin planlaşdırılması, icrası və təşkilində daha çevik və innovativ yanaşmaları ön plana çıxarır.

Qlobal miqyasda rəqəmsal iqtisadiyyatın genişlənməsi əmək bazarında həm imkanlar, həm də çağırışlar yaradır. Bir tərəfdən məsafədən iş, sərbəst fəaliyyət və platforma məşğulluğu kimi yeni iş modelləri formalaşır, digər tərəfdən isə bəzi ənənəvi peşələr risk altına düşür. Bu baxımdan rəqəmsallaşmanın əmək bazarına təsirinin düzgün qiymətləndirilməsi, insan kapitalının inkişafı və davamlı məşğulluğun təmin edilməsi aktual məsələlər sırasında yer alır.

Mövzu ilə əlaqədar XQ-yə açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, rəqəmsallaşma ənənəvi peşələri tamamilə sıradan çıxarmır, onların icra üsullarını və formalarını dəyişir:

– Rəqəmsallaşma bəzi peşələri tədricən sıradan çıxarsa da, ənənəvi sahələrin tamamilə yox olacağını düşünmürəm. Sadəcə olaraq, bu peşələrin icra üsulları və yerinə yetirilmə formaları dəyişir. Yəni ənənəvi peşələrin kütləvi şəkildə sıradan çıxdığını birmənalı şəkildə demək olmaz. Məsələn, bank sektorunu, ticarəti, dövlət xidmətlərini və hətta sürücülüyə qədər müxtəlif fəaliyyət istiqamətlərini nəzərdən keçirsək, rəqəmsallaşmanın hər hansı peşəni tamamilə məhv etdiyini söyləmək doğru deyil. Yalnız uzunmüddətli perspektivdə bəzi peşələrin funksiyaları və vəzifələri əhəmiyyətli dərəcədə azalır. Bunun əvəzində isə yeniləri yaranır və ya həmin peşənin icrası ilə bağlı əlavə şaxələnmələr meydana gəlir.

Bütün hallarda rəqəmsallaşmanın qarşısını almaq mümkün deyil, bu proses gedəcək. İş qüvvəsi də, kadrlar da buna uyğunlaşmalıdır. Gələcəkdə yüksək işsizlik təhlükəsi ilə üzləşməmək üçün əmək bazarındakı dəyişikliklərə əvvəlcədən hazırlaşmaq lazımdır. Bunun üçün 5–10 il ərzində hansı peşələrə tələbatın artıb-azalacağını və ya yoxa çıxacağını proqnozlaşdırmaq, yeni iş yerlərini təhlil etmək, eləcə də kadr hazırlığı və rəqəmsal vərdişlərin inkişafı üçün tədbirlər görmək vacibdir.

Rəqəmsal bacarıqlar bütün sahələrə sirayət etdiyindən ömür boyu öyrənmə prinsipi gücləndirilməlidir. İnsan yalnız işdən sonra deyil, gündəlik fəaliyyət prosesində də yeni bilik və vərdişlər qazanmalıdır. Rəqəmsallaşma səbəbindən işini itirən ənənəvi peşə sahibləri üçün xüsusi sosial fondlara və ya imtiyazlara ehtiyac yoxdur, çünki bu, ilk növbədə, işçi qüvvəsinin problemidir. Əmək bazarında rəqabətədavamlı olmaq üçün hər kəs öz üzərlərində işləməli, daim öyrənməlidir.

Dövlət isə bu prosesdə birbaşa maliyyə yardımı etmək əvəzinə, öyrənmə mühitinin yaradılması, innovativ peşə təhsili müəssisələrinin qurulması, ixtisaslaşma kursları və karyera məsləhətləri kimi dəstəkləyici mexanizmlər qurmalıdır. Əgər şəxs bu problemi tək həll edə bilmirsə, çətinliyi yaradan səbəblərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə söylədi ki, şirkətlər və sahibkarlar yalnız diplom əsasında şəxsləri işə götürməkdə tərəddüd edirlər:

– Ümumiyyətlə, bu meyil yalnız özəl sektora deyil, dövlət qulluğuna birinci-beşinci kateqoriyalar üzrə inzibati vəzifələrin tutulmasına da şamil olunur. Namizədlər həm test imtahanlarından keçməli, həm də müsahibə mərhələsini uğurla tamamlamalıdırlar. Birincisi, işəgötürən təcrübəsiz şəxsi işə qəbul edir, sonra onun potensialının artırılması, əlavə təhsil alması üçün xərc çəkir, xarici ölkəyə təcrübə keçməyə və ya daxildə əlavə təhsilə göndərir.

Lakin sonradan həmin işçilər orada qalıb işləmirlər və işə götürənin çəkdiyi xərc batıb gedir. Təcrübəsiz işçinin peşə vərdişlərinə yiyələnməsi üçün müəyyən müddət də tələb olunur. Buna görə də şirkət yalnız ali məktəblərdə alınmış və əsasən nəzəri olan biliklərlə kifayətlənmir, əlavə bilik və bacarıqlar tələb edir.

Xüsusilə yeni texnologiyaların tətbiqi ilə əlaqədar olaraq, işçilərin kompüter bilikləri, süni intellektdən istifadə etmək və rəqəmsal mühitdə işləmək bacarıqları olmalıdır. Bu tələb artıq ixtisaslı fəhlə peşələrində də özünü göstərir. Məsələn, müasir dəzgahlar proqram əsaslıdır, lakin həmin proqramla işləməyi bacaran ixtisaslı fəhlələr çatışmır.

İstənilən dəzgahı, avadanlığı və ya qurğunu işlətmək üçün artıq müəyyən proqramlar, robotlaşdırma və ya süni intellekt sistemləri mövcuddur. Bütün bunlara bələd olan işçilər tələb olunur.

Təbii ki, əmək bazarında belə işçilərə ehtiyac böyükdür və vakansiyalar çoxdur, lakin bu vəzifəni tutmağa kifayət qədər bilik və potensialı olan kadrlar az olduğu üçün bəzən onları xaricdən gətirirlər. Ona görə də müasir təhsilin qarşısında müəyyən çağırışlar durur. Xüsusən peşə təhsili və kolleclərdə təhsil metodikası tamamilə dəyişməlidir. Demək olmaz ki, ümumiyyətlə, yoxdur, lakin müasir tələblərə cavab verərək əmək bazarının ehtiyaclarına uyğun kadr yetişdirən təhsil müəssisələrimiz azdır.

Məhz bu səbəbdən yaranan problemlər gələcəkdə daha da ciddiləşəcək. Çünki indiki müasir texnologiyalara və avadanlıqlara əvvəlki biliklərlə uyğunlaşmaq, adaptasiya olmaq və onları mənimsəmək çox çətindir. İşçilər müasir əmək bazarının tələblərinə uyğun peşə vərdişlərinə tam yiyələnməlidirlər. O zaman onlar üçün iş tapmaq çətin olmayacaq.

Təbii ki, burada özünü təqdimetmə bacarığı da mühüm rol oynayır. Bəzən şəxsin bilik və bacarıqları olsa da, özünü təqdim edə və ya düzgün CV tərtib edə bilmir. Hətta CV tərtib etdikdə belə, ora lazım olan məlumatları deyil, süni intellektdən əldə etdiyi yoxlanılmamış informasiyaları daxil edirlər.

Bütün bunlar vacib məsələlərdir. Ona görə də əmək bazarının tələblərinə uyğunlaşmaq üçün yalnız haradasa təhsil alıb diplom əldə etmək kifayət deyil və gənc nəsil bunu xüsusilə nəzərə almalıdır.

Ekspertlərin də fikirləri göstərir ki, rəqəmsallaşma dövründə uğurlu karyera qurmaq və əmək bazarında rəqabətədavamlı olmaq üçün yalnız ənənəvi diplom və nəzəri biliklər artıq kifayət etmir. İnsan kapitalının fasiləsiz inkişafı, rəqəmsal və praktiki bacarıqlara yiyələnmək, eləcə də dəyişən bazar tələblərinə çevik adaptasiya olmaq müasir dövrün tələbidir.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see318

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see192

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see181

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri