Rəşad Sadıqov narazılıq etdi, PFL dən cavab gəldi Video
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 2-ci mərhələsinin (şərti olaraq 1/16 final) "Səbail"ə qarşı oyunundan (2:2, penaltilər seriyasında 3:2) sonra təqvimdəki sıxlıqdan və bərpa üçün müddətin az olmasından gileylənib.
QOL.az xəbər verir ki, 44 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfranında deyib:
"Məni məyus edən məqamlardan biri də budur. PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz-Naxçıvan”la qarşılaşacağıq. Halbuki hamıya məlumdur ki, kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər. Bizdən sonra həmin meydanda başqa komandalar da oynayacaq. Onlar kubokda bizim qədər ciddi sınaqla qarşılaşmayıblar. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük. Ən maraqlı qarşılaşmalardan birinin bu olacağı əvvəlcədən bəlli idi. Yaxşı olardı ki, hər iki komandaya daha çox bərpa vaxtı verilərdi".
Məsələ ilə əlaqədar QOL.az-ın müxbiri Peşəkar Futbol Liqasının mövqeyini öyrənib. Qurumun Media və Marketinq direktoru Sənan Abdullayev saytımıza bildirib ki, Rəşad Sadıqovun fikirləri ilə tanışdırlar. S.Abdullayev deyib:
"Hər bir məşqçinin, o cümlədən Rəşad müəllimin fikirləri və təklifləri bizim üçün önəmlidir. Bununla belə, oyun təqvimi hazırlanarkən bütün klubların maraqları, mövcud infrastruktur, yayım imkanları və digər təşkilati amillər kompleks şəkildə nəzərə alınır.
Təqvim tərtib edilərkən bəzi hallarda obyektiv səbəblərdən bir günlük fərqlər yarana bilər. Bu fərqlər hər hansı klubun lehinə və ya əleyhinə olması məqsəd daşımır. Əsas hədəf bütün komandalar üçün mümkün qədər balanslı və ədalətli şəraitin yaradılmasıdır.
Rəşad Sadıqovun avrokuboklarda iştirak edən və uzun məsafə qət edən klubların nəzərə alınması ilə bağlı fikri ilə razıyıq. Bu amil indiyədək olduğu kimi, “Zirə” klubu avrokuboklarda çıxış etdiyi zaman da diqqətdə saxlanılıb. Əsasnamədə nəzərdə tutulduğu kimi, avrokuboklarda iştirak edən komandalar müvafiq turun oyunlarının bir gün irəli və ya geri çəkilməsi ilə bağlı hüquqa malikdirlər. Pley-off mərhələsində isə oyunların təxirə salınması ilə bağlı müraciət etmək imkanları var.
Hazırkı təqvimə nəzər saldıqda, komandalar arasında istirahət müddətinin balanslı şəkildə bölüşdürüldüyünü görmək mümkündür. Belə ki, “Zirə” və “Sumqayıt” komandaları arasında çempionat oyunu oktyabrın 23-də keçirilib, hər iki klub isə oktyabrın 27-də Azərbaycan Kubokunun oyunlarına çıxıb.
“Zirə”nin növbəti turda qarşılaşacağı “Araz-Naxçıvan”la bağlı vəziyyət də eynidir. Hər iki komanda oktyabrın 27-də kubok oyununda iştirak edib və oktyabrın 31-də çempionat çərçivəsində üz-üzə gələcək. Beləliklə, hər iki komanda kubok və çempionat oyunları arasında eyni müddətdə istirahət imkanına malikdir.
Özünüz də gördüyünüz kimi, oyunlar arasında dörd günlük fasilə yaranır. Mövcud qaydalara əsasən, oyunlar arasında minimum 48 saatlıq müddətin olması kifayətdir. Buna baxmayaraq, biz hər zaman çalışırıq ki, komandalarımız daha çox istirahət edə bilsin. Rəqiblərin kim olmasına gəldikdə isə kubok və çempionat oyunlarında rəqiblərin püşkatma yolu ilə müəyyənləşdirildiyini hər birimiz yaxşı bilirik".
PFL rəsmisi sonda bildirib: "Bir daha vurğulamaq istərdik ki, Rəşad Sadıqovun fikirləri və müraciətləri PFL üçün əhəmiyyətlidir. Bununla yanaşı, oyun təqvimi hazırlanarkən təkcə ayrı-ayrı klubların deyil, bütün iştirakçıların maraqları nəzərə alınır. PFL olaraq məqsədimiz infrastruktur, yayım, loqistika və digər təşkilati amilləri mümkün qədər uzlaşdırmaqla bütün komandalar üçün balanslı və ədalətli oyun şəraiti yaratmaqdır".
Ramiq Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















