Icma.az
close
up
RU
Menu

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

Orban: Macarıstan Aİ dən çıxa bilər

Azərbaycan Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir Deputat

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

RƏSUL RZA DƏNİZİ Rafael Hüseynov yazır

RƏSUL RZA DƏNİZİ Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rafael HÜSEYNOV
Akademik

Şəhər küçəsiz olmaz. Şəhər varsa, hökmən orada küçələr də var. Ancaq küçələr yalnız şəhərlərdə, kəndlərdə, qəsəbələrdə olmur. Böyük ədəbiyyatın özünün də küçələri, xiyabanları, meydanları var. Şəhərlərdəki küçələrin sayını bilmək mümkündür. Bəs ədəbiyyatdakı küçələrin sayı nə qədərdir? Əslində bu da müəyyən şərtiliklə məlumdur - bir millətin nə qədər böyük şairi varsa, onların hərəsi ədəbiyyatın içərisində, insanların mənəviyyatındakı bir ayrı küçədir.

Qismət elə gətirib ki, artıq yarım əsrdən çoxdur mən əgər Bakıdayamsa, hökmən eyni küçələrdən keçirəm. Bu yarım əsrdən artıq müddətdə həmin küçələrin adları dəyişib, ancaq o ünvanlar ki arxadakı onillərdə bağlı olmuşam, yenə oralara gündəlik gedib-gəlirəm, onların hamısı da Qoşa qala qapısı, İçəri şəhərin divarları və indiki Fəvvarələr meydanı aralığındakı hissədədir. Əslində bura elə Bakının göbəyidir. Gözəl paytaxtımız divarlar arasından çıxıb böyüməyə başlayanda ilk addımlarını bu səmtə atmışdı, indi Bayır şəhər onu doğmuş İçəri şəhərdən qat-qat böyükdür, təbii ki, bugünkü Bakının xəritədəki dəqiq mərkəzini arasan, gedib çox uzaqlara çıxacaqsan, amma yazısız bir bəxt hökmüylə bu hissələr dəyişməz mərkəz olaraq qalır, qıraqdan gəlib Bakının bu hissəsinə qədəm basmayan da elə Bakını görməyən kimi sayılır.

Yuxarıdan aşağı İstiqlaliyyət küçəsi enir, Sabir bağına çatanda Azərbaycan prospekti ilə qovuşur, o biri yandansa Azərbaycan prospektini kəsib keçən Əhməd Cavad küçəsidir. Əziz adları mənəviyyatımızdan keçən bu küçələrin davamı olaraq Fəvvarələr meydanından sonra gələn küçə də elə ədəbiyyatımızdan keçən yollardan daha biridir. Bu küçə də həm şəhərdəki küçədir, həm də ədəbiyyatımızdakı küçə. Nigar Rəfibəyli küçəsi.

İstiqlaliyyət, Azərbaycan, Əhməd Cavad küçələri bir-birinə hansı təbiiliklə qovuşursa, Nigar Rəfibəyli küçəsi də bir qədər irəliləyərək həm şəhərimizin, həm ədəbiyyatımızınkı olan digər küçəyə eyni təbiiliklə birləşir - Rəsul Rza küçəsinə.

Bu şəhər hamımızındır. Gözəl Bakımız həyatımızın bir parçasıdır.

Və indi xeyli uzaqlarda qalmış 1930-cu illərin başlanğıcında ürəyi arzularla, ümidlərlə, bu şəhəri fəth etmək istəyi ilə daşan gənc Rəsul Rza bura pənah gətirmişdi. Hələ bütün həyat qarşıdaydı. Ancaq elə yolunun başlanğıcından o, həyata mübarizə kimi baxırdı. Yolunun əvvəlində belə idi, elə axıracan da həmin düşüncədə, eyni əqidədə qaldı.

Bir zamanlar Rəsul Rzanın hər gün keçdiyi küçədən indi başqa insanlar, başqa yaş nəsillərinin bakılıları, ayrı azərbaycanlıları keçir. Ancaq Rəsul Rza yenə həmin küçədədir. Bu küçə onun küçəsidir - Rəsul Rza küçəsi!

Rəsul Rza həyatı boyu qazandıqlarının, çatdığı uğurların hamısına burada nail oldu. Bu şəhər onun şəhəri idi. Bu şəhərdə onun ilk şeirləri işıq üzü gördü. Bu şəhərdə onun ilk kitabları insanlarla görüşə gəldi. Bu şəhərdə o, həyatını dolduracaq oxucularını tapdı.

Və ən mühümü, bu şəhərdə o, taleyinin insanını, sevgisini - Nigar Rəfibəylini tapdı.

1930-cu illərdə, tariximizin kəc siyasət qasırğaları tüğyan edən çağında qovuşdular və ömürlərinin sonunacan qoşa addımladılar. Həyatda da, ədəbiyyatda da yanaşı, əl-ələ, ürək-ürəyə irəlilədilər, zövqcə, ruhca, düşüncəcə həmişə eyni yolun yolçuları oldular.

Və bu da taleyin ayrı bir avand yazısıdır ki, bu gün onlar yenə bir yerdədirlər. Bir yanda Rəsul Rza küçəsi, o biri tərəfdə Nigar Rəfibəyli küçəsi. Rəsul Rza həmişə Nigarıyla qovuşmağa can atdı. Nigar Rəsul Rzasız qalanda həmişə ürəyi həsrətlə çırpındı və bu xiffətli duyğular təsirli şeirlərə çevrildi. Ömrü boyu bir-birinə şəfqətli nəzərlərlə baxdılar. Həyat uzunu əlləri bir-birinə doğru uzandı. Bu gün yenə gözəl Bakının doğma qədər tanış və mehriban məkanında onlar hər gün bir yerdədirlər, hər an birlikdədirlər. Vaxtın dünənində duyğularıyla, düşüncələriylə, döyünən ürəkləri ilə birgə olan Rəsul Rzayla Nigar Rəfibəyli bu gün küçəyə çevrilərək burada yenə qovuşurlar, yenə birlikdədirlər.

Böyük Anar bir yandan “Sizsiz”i yazaraq atasıyla anasına həmişə yaşayacaq abidə ucaldıbsa, bu qovuşan küçələr də onun valideynlərinə bir ayrı müstəsna xidmətidir. Anar olmasaydı, bu qovuşan küçələr olmazdı. Biz hələ iki böyük şairin qovuşmalı küçələrini elə özümüz bu zəruriyyəti hiss edərək qovuşduracaq qədər nəcib deyilik.

...Hər canlının yuvalara ehtiyacı var. Bir quşcuğaz da özü üçün yuva qurur, bir xırdaca qarışqa da, insan oğlu da. İnsan var olduğu müddətcə sıra-sıra yuvalar yaratmaqdan usanmır. Zaman olub ki, insanlar torpağı eşərək yerin altında özünə yuva qurub, o qazmalar evə dönüb. Bəzi kənd-kəsəyimizdə ötmüş əsrlərin nişanəsi kimi görünən belə evtikmənin ötən əsrin ortalarından xeyli sonra da qaldığını bəlli nümunələrdən bilirəm.

İnsan dağların ucalarına qalxıb, qayaları ovub, mağaralar yaradaraq o yüksəklərdə yaşayıb. Bu da insan oğlunun bir başqa yuvası idi. 10 il öncə Təbrizə getmişdim, bizi dağların köksündəki Kəndovan adlı yerə apardılar. Qayalar hamısı ovuq-ovuq idi - hərəsi bir ev. Bu kənddə hamı dağda ovulmuş kaha kimi mənzillərdə yaşayır.

Ancaq adam balası, təbii ki, torpağın üstündə də yuvalar qurub. Bu yuvalar adi bir koma da olub, sadə insanın yaşadığı balaca bir ev də, zənginlərin rahatlıq tapdığı ehtişamlı imarətlər də.

Hər insan və hər canlı yuvaya daim ehtiyac duyur. Vaxtilə Bakının tən mərkəzində həmin indiki Rəsul Rza və Nigar Rəfibəyli küçələrinin kəsişməsindəki bina da bir ayrı yuva idi - kitabların yuvası!

Azərbaycan insanı, bakılılar o yuvaya - Kitab pasajına tez-tez üz tutardılar. Elə mən özüm gün olmazdı ki, ora baş vurmayım. İndi həmin kitab dükanları sırasının yerində xırda-xırda mağazalardır. Bəziləri satdıqlarını çıxarıb küçəyə də düzürlər, vaxtilə görünüşündən kitablıq, ziyalılıq yağan bu məkan dönüb qaraçı köçünə, indi dükanların açıq vaxtında lap həftə bazarına oxşayır.

Ancaq bir zamanlar bura - Kitab pasajı, Azərbaycan insanının, bakılıların ehtiyac duyduğu, tələsdiyi, sevdiyi məkan idi.

Və Azərbaycanın böyük şairi Rəsul Rza da bu kitablar yuvasının, Kitab pasajının üst qatında yaşayırdı.

Əlbəttə, bu böyük şəhərdə ona ayrı bir ünvan da nəsib ola bilərdi. Amma Rəsul Rza özü də məmnun idi. Onun yaradıcılığını sevən, Rəsul Rza sözünün sehrində olanlar da düşünürdülər ki, burada bir rəmz var, kitablar yaradan insanın evi, mənzili elə gərək kitablar yuvasının üstündə olaymış!

Çox illər qabaq kitab aludəsi şəhər sakinlərini cazibəsindən buraxmayan bu bina indi ayrı həyatla yaşayır. Buranı tək kitab pasajı tərk etməyib, elə binanın köhnə sakinləri də bir-bir həyatdan köçdükcə ya evlər tamam başqa adamlara satılıb, ya da övladlar mənzilləri ayrı ünvanlarla dəyişiblər, uzun sözün qısası, daha keçmişdəki birevli kimi qonşu olmaqdan əsər-əlamət qalmayıb. Binaya girib-çıxanların çoxu heç bir-birini tanımır.

Artıq yarım əsrə az qalır ki, daha o binanın üst qatlarındakı mənzillərə aparan pillələrlə nə Rəsul Rza qalxır, nə Nigar Rəfibəyli. Ancaq onlar ikisi də hər gün bu ünvandadırlar.

Hər dəfə buradan keçəndə istər-istəməz başımı qaldırıram, gözlərim divardakı barelyefdən baxan iki əziz surətə dikilir. Rəsul Rza ilə Nigar Rəfibəyli orada yanaşıdırlar. O lövhənin açılış günü də dönə-dönə baxdığım kinoxronika kimi indi də xəyalımda dolanmaqdadır.

Artıq onillərdir ki, onlar bu mənzildə yoxsalar da, əslində hər gün buradadırlar və ötüb-keçənlərə yalnız divardan baxan bürünc surətləri ilə salam vermirlər. Onlar  bu elə və bu dilə ürəklərinin sonsuz məhəbbəti ilə elə irs yaradıblar ki, nə qədər sözümüz, nə qədər Azərbaycan var, Rəsul Rza da, Nigar Rəfibəyli də millətə salam verməkdə, bu millət də o salamı məhəbbətlə almaqda davam edəcək!..

...İlk dəfə mən Rəsul Rzanın mənzilinə aparan pillələrlə qalxanda 1970-ci illərin ortaları idi. Tələbə idim. Radioda, televiziyada verilişlər hazırlamağa yenicə başlamışdım. Radiodan aldığım tapşırıqla Rəsul Rzadan müsahibə götürməyə gəlmişdim. İlk dəfə o pillələrlə həmin vaxt qalxdım. Zaman keçdi, bu mənzildə Rəsul Rzanın övladları yaşadılar, onlarla görüşmək üçün bu pillələrlə qalxırdım, bu mənzilə yollanırdım. İndi Rəsul Rzanın dediyi “güllü bir may günündə” - onun 115 yaşının tamamında həmin pillələrlə yenə qalxıram, yenə o mənzilə yollanıram.

Bu gün o mənzildə artıq Rəsul Rzanın, Nigar Rəfibəylinin övladları yaşamır. Bu gün bu mənzilə artıq Rəsul Rza, Nigar Rəfibəyli özləri qayıdıblar. İndi bu pillələrlə qalxıram, bu qapını açıram ki, yenidən bu mənzilə qayıtmış Rəsul Rzayla, Nigar Rəfibəyli ilə görüşüm...

Bu pillələrlə kimlər qalxmayıb? Azərbaycanın görkəmli ədibləri, Bakının qonaqları, Rəsul Rzanın dostları, ona ruhən yaxın olan insanlar, məhrəmləri. Bu tarixi pillələrlə qalxanlarla bağlı neçə xatirə yazılaşıb, tarixləşib.

Vaxtilə Bülbül bu evin qonağı olub. Həmin gün bura gələnlərə, o məclisə toplaşanlara yalnız ruhən deyil, elə cismən də cavan olduğunu göstərmək üçün qıvraq hərəkətlə, pillələri 3-4 aşa-aşa qalxıb yuxarı. Qalxıb və bu mənzili məlahətli avazıyla doldurub, radiodan deyil, canlı oxuyan Bülbülün avazı divarların o tayındakı qonşuları da feyziyab edib.

Bu pillələrlə Nazim Hikmət qalxıb, bu qapını Nazim Hikmət açıb, bu mənzildə şeirlərini oxuyub.

Və bu tanış pillələrlə növbəti dəfə qalxıram ki, Rəsul Rzayla Nigar Rəfibəyli ilə görüşüm. Öz doğma mənzillərinə yenidən qayıtmış o böyük iki insanla görüşə gəlmişəm.

...Bu ev muzeyə dönəndən sonra ilk girdiyim Rəsul Rzanın iş otağı oldu. Əslində əvvəllər heç bu otaq yoxmuş. Sonralar - 1950-ci illərin axırlarındamı, 60-cı illərin əvvəllərindəmi (hər halda 1974-də mən bura ilk dəfə daxil olanda artıq vardı) qonaq otağından bir hissəni ayıraraq arakəsmə çəkiblər və Rəsul müəllim özünə yuva içində yuva qurub, təkliyə çəkilib yazı-pozusu ilə məşğul olmaqçün bu adanı özü üçün yaradıb.

Rəsul Rza ilə ilk görüşümün baş tutduğu bu otaq mənimçün çox əzizdir.  Onda tələbə idim, dərsdən sonra Radiokomitetə gedib “reportyor” dediyimiz səsyazanı götürmüşdüm, telefonla danışıb şərtləşdiyimiz saatda gəlmişdim yeni il ərəfəsində Rəsul müəllimdən müsahibə almağa. Əyləşmişdik qarşı-qarşıya. Düşünürdüm ki, İlahi, bu bapbalaca hücrədə hər gün möcüzələr yaranır, Rəsul Rzanın sonra insanları heyran qoyacaq, dodaq-dodaq gəzəcək, kitablarda əbədilik qazanacaq şeirləri darısqallığı qətiyyən xoşlamayan şairin bu kiçicik otağında doğulur.

Rəsul Rza ilə görüşlərimin səbəbi həmişə radio olub. İlk dəfə evində 1974-cü ildə görüşmüşdük. Təzə il ərəfəsində yeni ildən, yeni gündən danışırdıq. Amma növbəti görüşümüz bir neçə il sonra oldu. Artıq Azərbaycan radiosunda. Onda da görüşümüz yeni il ərəfəsində idi, onda da yeni ildən, yeni gündən danışırdıq.

Və “yeni” sözü Rəsul Rzaya çox yaraşır. Ömrünün başlanğıcından həyatının sonunacan o, daim yeniliklərə doğru can atdı.

Elə vaxtilə radioda elədiyimiz iki-üç dəqiqəlik söhbət də həmin ladda idi. O qısa söhbət də şairin düşüncə tərzinin, yolunun, Rəsul Rza özlüyünün bariz ifadəsi idi. Azərbaycan radiosunda daimi aparıcısı olduğum “Axşam görüşləri” verilişi Rəsul Rzanın sözlərinə Tofiq Quliyevin yazdığı nəğmə ilə başlayıb, o mahnı ilə də bitir. Və iş elə gətirmişdi ki, 1978-ci ilin bitəcəyindəki iki saat yarım davam edəsi yeni il verilişini hazırlamaq mənə həvalə olunmuşdu. Bu verilişə belə bir parça da daxil etməyi nəzərdə tuturdum ki, ayrı-ayrı populyar radio verilişləri, onların da sırasında “Axşam görüşləri” yeni il gecəsi səslənəcək proqrama qonaq gəlir.

Hər biri bir neçə cümlə desin deyə üç böyük sənətkarı - verilişin başlığının müəlliflərini radiostudiyaya dəvət etmişdim. Rəsul Rzanı - “Axşam görüşləri” şeirinin müəllifini, o şeirə musiqi bəstələmiş Tofiq Quliyevi, bir də o mahnını sonsuz məlahətlə ifa etmiş Şövkət xanım Ələkbərovanı. Hər birinin cavabı maraqlı idi, hərəsi mahnının yaranış tarixçəsindən, efir həyatından macəralı bir epizod söyləyirdi.

Tofiq Quliyevin dəqiq miqdarını heç özünün də bilmədiyi bolluca nəğmələri arasında Rəsul Rzanın sözlərinə bəstələdikləri də az deyildi, əsasən də hamısı məşhur mahnılardı, ancaq arasında bu “Axşam görüşləri” yeganəsi idi ki, yarandığı gündən yalnız bazar günləri səslənmişdi - təkcə bu verilişin əvvəlində və bitəcəyində. Ancaq həmin il yeni il verilişi bazar gününə təsadüf etmirdi, amma “Axşam görüşləri” həmin verilişə öz mahnı başlığı ilə qonaq gəldiyindən, təbii ki, ilk dəfə olaraq istirahət günündə deyil, həftənin fərqli bir günündə eşidiləcəkdi. Səhv etmirəmsə, yeni il proqramı o il həftənin üçüncü, ya dördüncü günü olmalı idi. Elə bunları düşünərək Rəsul müəllimdən soruşdum ki, sizin çoxlu nəğmələriniz cərgəsində bu mahnının fərqli taleyi var, yarandığı vaxtdan yalnız bazar günləri səslənib, amma bu axşam (“bu axşam”ı ona görə deyirdim ki, guya müsahibə elə dekabrın 31-də radiodakı yeni il proqramında canlı səslənir) ənənə pozulur. Bazar günü deyil, ancaq “Axşam görüşləri” mahnısı efirdədir. Ənənənin bu cür pozulmasına münasibətiniz nədir? Rəsul müəllim özünə xas tərəddüdsüz deyiş tərzi ilə qayıtdı ki, ənənənin pozulması çox yaxşı şeydir. Əgər bir şərtlə ki, ənənənin belə pozulması yeniliyə doğru ola, təzə nəsə gətirə, işığı artıra.

İkicə dəqiqəyə sığan söhbətində də Rəsul Rza həmin Rəsul Rza idi, bütün ömrü və bütöv yaradıcılığı ərzində dediyi və etdiyini dilə gətirirdi.

Bu, Rəsul Rzanın başlıca həyat və yaradıcılıq fəlsəfəsi idi.

O, yıpranmışlığın, köhnəlmişliyin əleyhinə idi. Köhnəlməyən köhnəni sevirdi, yaşamalı köhnəni qorumağı, gələcək nəsillərə də ötürməyi vacib hesab edirdi, saf ənənə olan köhnənin tərəfində idi. Ancaq o köhnəlik ki artıq insanları bezdirir, heysizliyi, qocalıb əldən düşmüşlüyü aşkar sezilir, yerini yeniyə verməsini zaman özü istəyir, o təhər qaxsımış köhnənin də qatı əleyhdarı idi.

Sualımın cavabında davam etdi ki, bu gün bu ənənənin də pozulması həmin yaxşı olan pozulmalardandır. Eşidimli, bəyənimli mahnı indiyəcən yalnız bazar günü eşidilibsə və bu gün çərçivədən çıxaraq ayrı bir gün də səslənirsə nə gözəl!

Rəsul Rzanın ədəbi yolunun başlanğıcında yazdığı ən məşhur şeirlərdən biri “Bolşevik yazı”ydı və əslində həmin qoşqusu Rəsul Rzanın özü üçün bilərəkdən, ya şüuraltı bir gücün diktəsiylə yaratdığı proqram - ülgü idi.

Gənc şairin vaxtında çox məşhur olmuş, bu gün də təravətini və məna siqlətini itirməmiş o şeiri ibrətli misralarla bitirdi. O cəhətdən ibrətdi ki, Rəsul Rzaya da, Rəsul Rza kimi həyatı mübarizə olan hər insana da çox yaraşır:

Mübarizə bu gün də var, yarın da.

Mən də onun ən ön sıralarında.

1930-cu illərin fırtınalı əyyamlarında ədəbiyyat meydanına atılan Rəsul Rza həmişə mübarizələrin ön cəbhəsində oldu və bəxtinə düşmüş vaxt kəsiyi, ömründən keçən onillərin heç biri qətiyyən sadə deyildi.

Tuthatutlu və təqibli 1930-cu illərin də, müharibə qayğılı 1940-cı illərin də, sanki epoxaların dəyişdiyi Stalinli və Stalinsiz 1950-ci illərin də, siyasi yumşalma mehlərinin əsdiyi, demokratikləşmə ümidlərinin çırtladığı və çilikləndiyi 1960-cı illərin də, ən sərt sarsıntılar və ən böyük təltiflərlə müşayiət olunan 1970-ci illərin də hər birinin öz qayğıları, öz acıları, öz maneələri, öz çətinlikləri vardı. Əlbəttə, hər dövrün sevincləri, fərəhləri, uğurları da olmamış deyildi. Ancaq o sevinclərə, fərəhlərə, uğurlara çatmaq üçün həmin onillərin hər birində aşılmaz barıları adlamaq, saysız maneələri dəf eləmək gərəkdi.

Və Rəsul Rza heç vaxt yalnız özü üçün çalışmadı. O, böyük bir ədəbi nəslin önündə gedən işıq idi. Müəllim, səmtgöstərici idi. O, yol aça-aça gedirdi ki, ardınca gələnlər daha geniş üfüqlərə asudə qanadlana bilsinlər.

Gənclik illərinin bəhrəsi olan zərbülməsəl səciyyəli misralar həyatı boyu Rəsul Rzanın devizinə döndü, onun yol xəritəsinə çevrildi.

Elə bil o misralardan saçan cazibə və enerji həmişə Rəsul Rzayla idi və onu müdam yeni-yeni mübarizələrə kökləyirdi, qatıldığı mübarizələrin də hər birindən daim qalib çıxarırdı, əbədi qalib çıxmasının sübutu da ondan qalan, hər biri də diriliyini hifz edən yadigarlardır.

Hər misrası, hər şeiri, hər kitabı onun özündən də çox yaşamaqdadır, söz yox, bizdən də qat-qat uzun ömür sürəcək.

Və nə qədər ki dilimiz, millətimiz var, Rəsul Rza Azərbaycan insanı ilə qalacaq və onun məşhur misraları da düşüncələrdə bir ayrı biçimdə əks-sədalanacaq:

Mübarizə bu gün də var, yarın da

Rəsul onun ən ön sıralarında!..

XXI əsr Rəsul Rzasız gəldi. Amma çox istəyirdi ki, bu təzə əsri görsün. Yalnız arzulamırdı. Bu əsrə çatmağa özünü haqlı bilirdi. Deyirdi ki, heç olmazsa yeni əsrin bircə gününü yaşayım, sonra dünyadan gedim. Bu arzusu lentin yaddaşında əbədiləşən səsində də galıb. Sadəcə arzulamır, taleyə iddiası var: “Mən iyirmi birinci əsri necə görməyə bilərəm?!.” Ömrü boyu dilində və qələmində olan, bəzən kiminsə xoşuna gəlib, kiminsə döşünə yatmayan, amma əksərən həqiqət olan çox fikirləri kimi, Rəsul Rzanın yeni əsrə, Vaxtın təzə sərhədinə çatmaq niyyətində də onun şəxsiyyəti və yaradıcılığının iki ümdə həqiqəti döyünür. Yeni əsri, təzə minili görməyə Rəsul Rzanın, əlbəttə ki, haqqı vardı və bu haqqının olmasını özü də yaxşı bilirdi. Çünki təzə əsri, yeni zamanı, hər halda dünənkindən bir az yaxşı, bir az irəli getmiş olan, hər halda Azərbaycanın bir qədər də yüksəlmiş olduğu (Azərbaycanın dövlət müstəqilliyinin belə erkən gələcəyini təsəvvür edərdimi?) yeni zamanı gətirənlərdən biri o özü idi. Bu yeni zamanın gəlməsinə o, ömrünün 50 ilinin təcrübəsini və mübarizələrini həsr etmişdi. Rəsul Rza XX əsri adlayıb XXI əsrə çatmalıydı. Ömrü uzunu darısqallıqdan, qəliblərdən, çərçivələrdən qaçmışdı, dürlü yasaqlar, çəpərlər, maneələrlə mübarizə aparmışdı və son ən böyük mübarizəsi də sakini olduğu əsrin divarını yırtmaq, təzə minilliyin hasarını aşmaq idi. Ona görə də yeni əsrin bircə gününü də özünə bəs hesab edirdi. Yalnız bircə gün. Köhnə minillikdə, nimdaş yüzillikdə deyil, həmişə onu sıxmış əsrdə yox, üfüqləri gep-geniş, ümidlər, arzularla dolu yeni əsrdə yaşanacaq bircə gün.

Sovet zamanında, xaricə gediş-gəlişlərin hələ qıt çağlarında Rəsul Rza Nəsiminin qürbətdəki qəbrini ilk ziyarət edən azərbaycanlılardan oldu. Görünür, təsadüfi deyilmiş. Bu da bir qismətmiş. Nəsimi də şair nəvəsindən beş əsr öncə darısqallıqdan gileylənirdi, cahana sığmadığını bəyan edirdi.

Rəsul Rza XX əsrdə doğuldu, həyatı həmin əsrdə də başa çatdı - ömür yolu bütünlüklə bu əsrə sığdı. Amma o, ömrünün hər gününü min bir teliylə bağlı olduğu bu əsrin deyil, daha sonra gələn zamanın balası idi. Əslində o, görməyəcəyi XXI əsrin övladıymış, payına düşmüş vaxt kəsiyində sadəcə kirayənişindi.

Rəsul Rzanın hər şeirinin sonunda o ədəbi örnəklərin yazılma tarixi var. Həmin şeirlərdəki fikirlər, düşüncələr isə şeirin altında qeyd olunan tarixlərdən daha sonraya aiddir. Rəsul Rza köhnə Azərbaycanın deyil, yeni Azərbaycanın şairi idi.

Babam avam idi

                     indiyə görə.

Mən avamam sabaha görə.

                     ...Babam olmasaydı,

                     mən olmazdım.

                     Ancaq qala bilmərəm

                     babam kimi.

Gələcək günlərə aparmalıyam

                     mürəkkəb əsrimi.

Rəsul Rzanın ata-babaları avam adamlar olmamışdılar. Ən azı ona görə ki, bu şəcərə xan nəsli idi. Rəsul 6 yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürsə, sonacan “Rza” qalsa da, əslində familiyası Məmmədxanlı idi. Atası İbrahim əyalətdə - Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da “Mirzə İbrahim” kimi məşhurlaşmışdı. Avam olmamışdı Rəsul Rzanın ata-babası, amma yeni zaman “avam” adlanmamaq üçün daha başqa keyfiyyətlər tələb edirdi.

Rəsul 1910-cu ildən idi və onun başlanan həyatı dəyişən, yeniləşən bir zamana düşürdü və sonrakı bütün ömrü ərzində həmişə məhdudiyyətlərdən qırağa sıçramağa çalışan Rəsula ilk uşaqlıq əyyamlarından artıq Göyçay dar gəlirmiş. Əmisi oğlu, görkəmli yazıçı Ənvər Məmmədxanlı artıq ixtiyar çağlarında yada salırdı günlərin birində Rəsulun təklifiylə buralardan baş götürüb uzaqlara, xülyalar dünyasına, Türkiyəyə qaçmaq istəmələrini. Rəsul Rzanın ömrünə, zəka bəhrələrinə illərin indiki ucalığından baxarkən duyulan əsas həqiqətlərdən biri də budur ki, o, mühitə uyğunlaşanlardan, onacan mövcud olan, başqalarının rahatca yaşadığı ab-havada ömür sürməyə gözüyumulu alışanlardan deyilmiş. O, dünyaya özü mühit yaratmaq üçün gələnlərdən idi. Bakıya ilk dəfə qədəm basanda 20 yaşındaydı, XX əsrin otuzuncu illəri başlanırdı və köhnə ədəbiyyatla yeni, yeniləşən, yeniləşməyə can atan ədəbiyyat yanaşıydı. Tək yanaşı yox, çox cəhətdən üzbəüz, qarşı-qarşıya idi. Köhnə ədəbiyyatın ağırçəkili canlı klassikləri də ortadaydı, onların yolunu tutub gedən Rəsul yaşında olanlar da az deyildi. Ədəbiyyatda ilk addımlarını atan, ucqardan nabələd Bakı mühitinə təşrif gətirən köməksiz, arxasız bir cavandan ötrü ayağının yer tutması, maneəsiz irəliləyişi üçün bəlkə də ənənəvi cərəyanın rahat axarına qoşulmaq münasib idi. Amma elə Bakı ədəbi mühitinə qatıldığı lap başlanğıc aylarda - 1931-ci ildə Rəsul Rza “Bolşevik yazı”nı qələmə aldı və dəliqanlıca öz ədəbi məsləki və məqsədinin yenilikçilik, çərçivələrdən aşaraq yeni üfüqlər fəth etmək olduğunu bildirdi. O səs - keçmiş yazlardan yox, gələcək yazlardan yazmağa çağıran səs Rəsul Rzanın içərisindəki yenilikçi fəhmin və Vaxtın səsi idi.

Sonrakı yarım əsrlik ədəbi yolu içərisində Rəsul Rza tənqidləri də, tərifləri də çox görəcək.

Amma özünün görmədiyi, oxumadığı bir qiymət ki həmin “Bolşevik yazı”dan dərhal sonra yaranmışdı, mənə çox əziz gəlir. Yaşlı bir insan, köhnə ədəbiyyatın sadiq bir təmsilçisinin qiymətidir o qiymət. Hüseyn Cavidin Naxçıvanda yaşayan, müəllimlik edən, hərdən qələm təcrübələri yerli qəzetdə və respublika mətbuatında dərc edilən böyük qardaşı Şeyx Məhəmməd Rasizadə vermişdi o qiyməti:

Gələcəkdə səndən çox şey gözlənir,

Ədəbi məsləkin bir gün izlənir.

Rza, durma, Rza, durma, Rza, yaz!

Qoca şair ilk qələm təcrübələrini oxuduğu, ona doğma olmayan üslubda yazan gəncin yolunun, məsləkinin bir gün izlənəcəyini, ədəbi mühitə yenicə atılmış cavanın bir gün özünün mühit yaradacağını peyğəmbər bəsirətliliyi ilə sezmişdi.

Ən sevimlisi isə odur ki, köhnə ədəbiyyatın təmsilçisi və məftunu olan bu insan yenini və cavanı qəlb genişliyi ilə qarşılamağa özündə qətiyyət tapmışdı.

İllər ötəcək, Rəsul Rza məhz yenilikçi olduğuna görə, məhz köhnəlmişi rədd etdiyinə görə, məhz birovuzlaşmışdan imtinaya çağırdığına görə saysız hücumlara hədəf olacaq. Nə qədər gücünü, əsəbini aparacaq bu mənasız mübarizələr. Əslində mənasız da demək olmaz. Bu mübarizələr gərək idi. Bu mübarizələr olmasaydı, Rəsul Rza öz yolunu, üslubunu və ardıcıllarını müdafiə edə, qoruya bilməzdi. Bu mübarizənin özü yox, mübarizənin aparıldığı rəqiblər mənasız idi. Amma neyləyəsən ki, onlar çox idilər, əksəri güc, səlahiyyət, nüfuz sahibi idi.

Bir də - Rəsul Rzanın apardığı yalnız ədəbi mübarizə deyildi ki! O, ədəbiyyatda ən ciddi siyasi mübarizə aparan, qaranlıq mühit içərisində azadfikirliliyin işığının sönməməsinə mərd sinəsini qabağa verərək çalışan nadirlərdən idi.

O, mahiyyətcə çürük, gələcəksiz, ancaq nəhəng, gücü ipə-sapa yatmayan sovet rejimi ilə də mübarizədəydi. Rəsul Rzanın ömür təqvimində XX yüzildə Azərbaycanın taleyindən keçmiş mühüm olmuşların hamısının izi var. Tale sanki onu həmişə o vacib hadisələrin mərkəzinə, ən qaynar nöqtələrinə doğru qovub. Rəsul Rza otuzuncu illərin repressiya dəhşətlərini də görüb, otuz-qırx-əllinci illərin mədəni quruculuğunun çətin və fərəhli gedişatının da iştirakçılarından olub, İkinci Cahan savaşının odlu-alovlu cəbhələrindən də keçib, 1944-1945-ci illərdə İranda, Cənubi Azərbaycandakı milli oyanışın, milli dövlət quruculuğunun fərəhini də əllə toxunacaq qədər yaxından izləyib. Təbii, bütün bunlar onun yaradıcılığında, solmaz şeirlərində əbədiləşib. Lakin o illərin, o keçilmiş yolun elə həmin dövrdə yaranan şeirlərdən daha artıq bir faydası qazanılan ömür təcrübəsi idi. Həmin təcrübə, ömür yolunun bütün eniş-yoxuşuyla bunca zənginliyi uzun zaman keçişindən sonra həm arxada qalmış o dövrləri, həm də ümumən həyatı və insanları daha sərrast görüb anlamaqda Rəsul Rzaya yardımçı oldu.

Rəsul Rzanın həyat yolu ağsaqqal müasirləri Cavid kimi, Seyid Hüseyn kimi, Mümtaz kimi, tay-tuşlarından olan Müşfiq kimi 1937-də, 1938-də qırıla bilərdi.

Repressiyalar girdabı onu udmadı, bu bəladan qurtuldu. Otuzuncu illərin qarayaxa mətbuatında bircə qələm dostu haqqında da bircə əxlaqsız, namərd sətri görünmədi. Amma neçələrinin qələm yoldaşları haqqında xəlvətdə yazdıqları donoslar bir yana, o dövrün mətbuatında donosdan geri qalmayan, dünənəcən üzünə güldükləri neçə şairi, yazıçını dirigözlü məhvə yuvarlayan nə qədər riyalı yazıları da işıq üzü gördü.

Rəsul Rzanın həyatı faşizmlə ağır dava illərində də bitə bilərdi. Sadiq dostlarından olan, sonraların görkəmli ədəbiyyatşünas alimi Abbas Zamanov xatırlayırdı Rəsul Rzanın qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə qoymasını, kiminsə rastına çıxacağı ümidiylə dənizə atmasını. Müharibədən də sağ-çillə qayıdıb gəldi. Əllinci illərin ortalarınacan Rəsul Rzanın şeirləri, poemaları qədərincə idi, kitabları çıxmışdı, yazdıqları dillərə tərcümə edilmişdi və Azərbaycandan qıraqlarda da imzası tanınırdı. Ömür yolu 37-də qırılsaydı da, müharibədə bitsəydi də, qırxıncı illərin sonları, əllinci illərin əvvəllərində Rəsul Rza Mircəllad dediyi qəddar Mərkəzi Komitə katibi Mircəfər Bağırovun növbəti qəfil qəzəbtutmalarından birinə giriftar olub gedər-gəlməzə göndərilsəydi də, qalacaqdı. İstedadlı bir şair kimi əllinci illərin ortalarına qədər o, ədəbiyyatın yaddaşında qalmaq haqqını qazanmışdı. Amma Tanrı ona böyük yaradıcı üçün, qınamayın məni, adi insandan qat-qat daha lazımlı olan uzun ömür də verdi. Rəsul Rza yaşadı, əllinci illərin ortalarından XX yüzilin sonuna doğru 30 ilə yaxın bir yol keçdi və ədəbiyyatın yaddaşında yox, HƏR GÜNÜNDƏ daim yaşayacaq Rəsul Rzanı yaratdı.

Rəsul Rzanın əllinci illərin ortalarına qədərki yaradıcılığı o mərhələdən sonra başlanacaq BÖYÜK YARADICILIĞI üçün bir hazırlıq mərhələsi imiş. Rəsul Rza məhz yaradıcılığının və şəxsiyyətinin bu mərhələsi ilə mühit yaradıcısına, MƏKTƏBə çevrildi. Məbəd anlayışı ilkin olaraq yada ehkamı salır. Rəsul Rzaya Azərbaycan gəncliyi artıq XX əsrin 60-cı illərində məbəd kimi baxırdı. Lakin Rəsul Rza məbədi o nadir məbədlərdən idi ki, ehkamları, basmaqəlib düşüncəni rədd edirdi, onun nə şeirində, nə yaratdığı mühitdə ehkamçılığa yer vardı.

Rəsul Rza şair idi, peşəsi şeir yazmaq idi, amma böyük ölçüdə şeir də, şairlik də ondan ötrü vasitəyə çevrilmişdi. Özünün Xalqçılıq, Vətənçilik, Azərbaycançılıq, Türkçülük fəlsəfəsi və konsepsiyasını gerçəkləşdirməkdən ötrü münasib bir vasitəyə.

Rəsul Rzada dünyanın çox ölkəsindən Azərbaycan ədəbiyyatına və Azərbaycan xalqına doğru uzanan yollar qovuşurdu. Rəsul Rza yalnız Azərbaycanın şairi deyildi və artıq sovet zamanlarında o, türk dünyasının böyük və ortaq şairləri mərtəbəsinə ucalmışdı.

Rəsul Rza Azərbaycan dilinə ən təmənnasız və ən ardıcıl xidmət göstərən insanlardan oldu. Onun şeiri dilimizin qoruqlarından idi. Gənclik çağlarında vur-tut 23 bahar yaşamış Asəf Zeynallı Rəsul Rzanın sözlərinə bir mahnı yazmışdı: “Sərhəd bəkçisi”. Rəsul Rza özü də illər sonra bir sərhəd bəkçisinə - dilimizin sərhədlərinin keşiyini çəkən yenilməz bir əsgərə döndü. Azərbaycan şeir dilinin ifadə imkanlarını genişləndirdi, dilimizin ərəb-fars lisanlarının qəliz qatışıqlarından təmizlənməsi yolunda ardıcıl iş apardı. Rəsul Rza Azərbaycanın bütün tarixi boyu sönməmiş, səngiməmiş etiraz ədəbiyyatının XX yüzilin ikinci yarısında, sovet ideoloji maşınının ən mənəm-mənəm çağlarında ən cəsur təmsilçisi oldu.

Senzura barılarının qat-qat, lay-lay yolu-rizi bağladığı çağlarda Rəsul Rzanın Sovet Azərbaycanında, Azərbaycan dilində dərc etdirdiyi yüksək bədiiliyi yüksək inqilabçılığına qovuşmuş mərd şeirləri yatmış qafaları oyadırdı, onsuz da oyaq qafaların ümidsizliyə qapılmasının qarşısını alırdı, rejimin kökünə, təməlinə balta çalırdı. Daha geniş müstəvidə yanaşılırsa, Azərbaycan insanında istənilən ən güclü görünə bilən şərin mahiyyətdə süst, lax, lırt olduğunu, istənilən ən zəif kimi görünən, sozalan işıq təsiri bağışlayan HAQQIN isə gec-tez mütləq qalib gələcəyinə inamı artırırdı.

Rəsul Rza yalnız ədəbiyyatda deyil, mədəni və ictimai-siyasi həyatın ən çeşidli sahələrində zövqün, səviyyənin ən başlıca məhək daşlarından, meyarlarından idi.

Otuzuncu, qırxıncı, lap elə əllinci illərdə olduğu kimi, istəməyənləri, badalaq vuranları, düşmənləri az deyildi. Özünün və xəttinin. Amma dostları və silahdaşları, məsləkdaşları vardı. Sağ yanında Nigarı vardı, Anarı vardı, Ənvər Məmmədxanlısı vardı... sol yanında Cəfər Cəfərovu, Sabit Rəhmanı, Qara Qarayevi, Niyazisi... Fikir, əqidə, zövq, mübarizə yoldaşları. Bir də cavan çiyindaşları, onu candan sevən gənc dostları vardı. Ona görə Rəsul Rza və onun mənsub olduğu dalğa güclü idi, bu “müqtədir dəstə” yenilməz idi və bu möhtəşəm axın Azərbaycanı XXI əsrin üfüqlərinə doğru aparırdı.

Rəsul Rza Füzulini sevirdi, Nəsimini sevirdi, Aşıq Ələsgəri sevirdi, Sabiri sevirdi, keçmişimizdə yaxşı olan hər şeyi sevirdi. Vacib həqiqəti dərk etmişdi ki, adamın gərək babası ola. Amma daha vacib həqiqət Rəsul Rzadan ötrü o idi ki, gərək hər insan babasını yaxşı tanıya, babasından öyrənə, amma babasından da irəli gedə.

Azərbaycanın ilk milli ensiklopediyasını yaradırdı ki, bu xalq babasını tanısın və olduğu kimi tanısın. Yaradırdı ki, bu xalqın, nəhayət ki, doğru-düzgün tarixi yazılsın, təzə əsrə istiqamət götürmüş xalq öz keçmişindən bixəbər qalmasın.

Başa çatdırmağa imkan vermədilər. Onun başladığı və XX əsrin yetmişinci illərində üzə çıxmalı və daha yüksək inkişafı təmin etməli işlər 20-30 il geri atıldı. Amma Rəsul Rzanın ensiklopediyada başladığı işlər nəticəsiz də qalmadı. Onun qığılcımı artıq çox beyinlərə dağılmışdı və əslində ömrü boyu Rəsul Rza üçün ən mühüm olan elə ondan saçıb beyinlərə, ürəklərə düşən, sabah alova, ocaqlara çevriləcək qığılcımların varlığı idi. Vərəqləyirəm Rəsul Rzanın kitablarını. Tək bu gün, indi yox ki! Tez-tez açıram onun cildlərini. Müdrik bir dostla söhbət etmək, dərdləşmək, güc, işıq almaq üçün açıram.

Bir dəfə Rəsul Rzayla Nigar Rəfibəylinin həyatda və ədəbiyyatdakı ləyaqətli davamı Anarla Buzovnaya getmişdik. O bağa ki, Rəsul Rzanın ömrünün neçə yayı orada keçmişdi. Neçə şeirini dənizin lap sahilindəki bu xudmani bağın sakitliyində qələmə almışdı. Çoxdan kimsənin gəlmədiyi bağ suyu qurumuş çay yatağı kimi qüssə gətirirdi. Köhnə rəfdə uzaq illərin təzə jurnalları, qəzetləri, haçandan bəri qatı açılmamış kitablar, Rəsula, Nigara müxtəlif şəhərlərdən gəlmiş məktublar...

Bağın sahibləri yox idilər - sabaha çıxıb getmişdilər. Kimsəsiz bağın sükutunu yaxın dənizin səsindən başqa pozan yox idi. Nə deyirdi dəniz?

Bizdən onillərcə əvvəl elə bu bağda, belə səssiz, sakit axşamlardan birində Rəsul Rza da dənizin qulaq cingildədən sakitliyi dağıdan xışıltısını, pıçıltısını dinləyirmiş, danışırmış onunla.

Pəncərəmi açmışam dənizə.

Səhər hələ yoldadır.

Ay gecənin üfüq qapısında,

qarovuldadır.

Dəniz kimi, dənizin dalğaları kimi hər gəlməmiş səhərdən ötrü darıxan, hər gedən günün ömürdən getdiyini bilə-bilə yenə növbəti səhərə can atan Rəsul Rza hər halda son böyük arzusuna çatıb. O, XXI əsrdədir. Diri şeiriylə, canlı sözüylə, bu gün yaranan çox sözdən daha təravətli və gələcəkli sözüylə XXI əsrdədir.

Mən dənizdən nə istəsəm alaram;

balıqdan tulmuş

şeirin möcüzəsinə qədər.

Mən dənizə nə verirəm?

Heç nə!

Mən dənizsiz qala bilmərəm,

dəniz mənsiz keçinər.

Dəniz sənsiz qaldı, ustad! Kədərlidir, amma neyləyəsən ki, doğru sözmüş - dəniz sənsiz keçinir. Biz ki sənsiz keçinə bilmirik! Sən özün də dənizmişsən, ustad! Hamımızın dənizi! Ötmüş günlərin və yeni başlanan minilin Dənizi. Dənizin sonu varmı məgər?! Dənizi axıracan kəşf etmək mümkünmü?! Dəniz həmişə diri deyilmi, Rəsul Rza?

...İlk gəncliyində Rəsul Rza Bakıya pənah gətirdi. Burada şöhrətini tapdı, sözü ilə Azərbaycanı fəth etdi, dostlar qazandı, ardıcılları yetişdi, dünyada tanındı, bir kitabxana dolduracaq qədər kitablar doğurdu, yüksək vəzifələr tutdu, dövrün, dövlətin nəvazişlərini gördü, ordenlərə, medallara layiq görüldü...

Xoşbəxt oldumu Rəsul Rza?

Mahiyyəti bunca sərrast duyan belə geniş təfəkkürün sahibi, həyatı və insanları bunca dəqiq görən o cür bəsirətli gözlərin sahibi, hər zaman həmdərd olmaq yanğısı ilə yaşayan şair xoşbəxt ola bilərmi ki!

Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız vardı! Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız var! Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız həmişə olacaq! Böyük millət olmağın mübarizəli yolu davam etdikcə o, yaşayacaq, bizimlə qalacaq və həmişə də mübarizənin ən ön sıralarında olacaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see130

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see116

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

17 İyul 2025 12:26see110

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Azərbaycan Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir Deputat

17 İyul 2025 13:35see108

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see108

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri