Ruhum, gözlərini yum... Romandan parça
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(On ikinci fəsil)
Səhər saatlarında malikanənin uzun dəhlizlərində sükut hökm sürürdü. Qapılar aralı, divarlarda serverlerin işığının solğun zolaqları əks olunmuşdu. Elora yavaş addımlarla laboratoriyanın qapısına yaxınlaşdı. Qapının arxasından səs gəlmirdi; yalnız cihazların zəif uğultusu eşidilirdi. Açmağa ürək eləmirdi, keçən dəfəki kimi bir mənzərə ilə qarşılaşmaq istəmirdi. Bir az gözlədikdən sonra, qapını itələyib içəri girdi. Leon masanın arxasında idi – baxışları qarşısındakı holoqrafik diaqrama zillənmişdi. Qadının gəlişini hiss etmədi, Elora lap yaxınlaşdıqda başını qaldırıb onu görəndə heyrət qarışıq sevinclə yerindən qalxıb qeyri-ixtiyari onu qucaqlamaq istədi. Elora əli ilə yavaşca onu kənara itələdi, qucaqlamasına imkan vermədi.
- Leon, neçə vaxtdır səndən izahat gözləyirəm, heç özünü o yerə qoymursan, sakitcə işinlə-gücünlə məşğulsan, - Eloranın səsi sakit idi, amma onda illərin yorğunluğu gizlənmişdi, - biz nə vaxta qədər bu səssizliklə yaşayacağıq?
Leon başını qaldırdı. Gözlərində gecədən qalan yorğunluq və bir az da peşmanlıq vardı.
- Mən səssiz deyiləm, Elora, - dedi, sanki bu sözlər onu bir az müdafiə edəcəkdi, - Sadəcə... yaşadıqlarımı, hiss etdiklərimi izah edə bilmirəm.
Elora acı bir təbəssümlə gülümsədi, masanın kənarına yaxınlaşıb dayandı.
- Bəli, izah etmək çətindir. Çünki sən izah axtarmırsan, Leon. Sən artıq özünə haqq qazandırmısan. Bu layihənin içində özün üçün “Tanrıçılıq” oyununu oynayırsan, itaətkar bəndəni də yaratmısan öz aləmində, vəssalam. Amma bu oyun ailəni dağıtmaq bahasına olmamalı idi.
Leon bir anlıq baxışlarını ondan qaçırdı. Deyəcək söz tapmadı, dərindən nəfəs aldı:
- Mən səni itirmək istəmirəm, Elora. Amma bu, mənim ömrümü həsr etdiyim işdir. Elisiya artıq bir layihə deyil - o, bəşər taleyində yeni bir mərhələdir.
Elora onun sözlərini sakitcə dinlədi. Pəncərəyə tərəf çevrilib, süni olaraq yaradılmış vizual ağacların budaqları arasından süzülən işığa baxdı.
- Mən adi insan yaşantılarından- sədaqət, vəfa, etibar, inam hisslərindən danışıram, Leon. Bəşərin taleyini düşünməzdən əvvəl öz ailən haqqında fikirləşmək lazımdır. Bəzən elə bir mərhələ gəlir ki, insanın qurtuluşu elə itirməsində olur, Leon, - dedi sakitcə, - Mən artıq səndən boşanmaq haqqında düşünürəm.
Leonun heyrətdən gözləri dörd açıldı:
- Nə boşanmaq Elora, ağlını itirmisən? Hansısa bəsit bir intriqaya, humanoid robota görə də boşanarlar? Bəs Darinin gələcəyi, bəs mənim adım, etibarım?
- Görürsən, burda belə mənim adımı çəkmədin, haqqımda düşünmədin, amma öz adını, etibarını tez xatırladın. O qədər eqoistsən ki, hər şeydə ancaq özünü fikirləşirsən. Mən sənin bu qədər yolunu azacağını, ailəni atacağını, şöhrət, ad naminə hər şeyi tapdalayacağını güman eləmirdim. Hətta özünü bağışlatmaq üçün də bir addım atmərsan, halbuki səni nə qədər sevdiyimi bilirdin. Yəqin elə sevgimə arxayın olub bu qədər səhvlərə yol verirsən, amma unudursan ki, qadının üzü dönəndən sonra qayıtmır.
Bir müddət otaqda yalnız cihazların zəif səsi eşidildi. Leon başını əllərinin arasına aldı, sonra yavaşca qalxıb Eloranın qarşısına keçdi.
- Elora, - səsində yalvarış vardı, - bilirsən ki, 3 gün sonra Nyu-Yorkda təqdimat mərasimi olacaq. Rəsmi protokola görə ailə üzvüm - həyat yoldaşım kimi sənin də iştirakın vacibdir. Mən istəmirəm sən özünü kənarda hiss edəsən. Hər halda bu, təkcə mənim uğurum deyil... Sən də bu yolun, bu uğurun bir parçasısan. Bəsit bir səhvimə görə məni silib atma, sən də, Darin də mənim həyatımın mənası və gözəlliyisiniz.
Elora geri çevrildi. Baxışlarında dərin bir kədər vardı.
- Ümid edirəm ki, bir gün həqiqətən ailənin bu dünyada heç nəylə əvəzlənməyəcəyini anlayacaqsan. Mən orada olacağam, Leon. Amma bil ki, səhnədə sənə baxan o qadın artıq sənin həyat yoldaşın deyil, sadəcə, bir tamaşaçıdır, protokol məcburiyyətinə görə orda olacağam, amma artıq sən mənim qəlbimdə deyilsən.
Leon cavab vermədi. Yalnız başını razılıq əlaməti olaraq tərpətdi. Elora otaqdan çıxanda onun ayaq səsləri dəhlizdə keçmişin xatirəsi kimi uzaqlaşdı.
Leon tək qaldı. Pəncərəyə yaxınlaşıb laboratoriyanın şüşə divarından uzaqda parlayan okeana baxdı. O, ilk dəfə idi ki, öz yaratdığı dünyanın içində tək qalmaqdan qorxurdu. İçində qəribə bir hiss dolaşırdı - Eloranın sözləri sanki xəbərdarlıq kimi beynində səslənirdi:
“Tanrı olmaq oyunu ailə dağıtmaq bahasına olmamalı idi”.
Leon pıçıltı ilə dedi:
- Bəlkə də Tanrı da tənhalıqdan bezərək oyun oynamaq üçün bəşəriyyəti yaradıb, mən də onun yoluyla gedirəm…
***
Sinland laboratoriyasında qızğın iş gedirdi. Yalnız ekranların mavi işığı və cihazların ritmik səsi bu sükuta bir az həyat verirdi. Şüşə panellərin arxasında, parlaq metal səthlərin önündə Leon və Liora dayanmışdı. Masanın kənarında isə Elisiya oturmuşdu. O, sadəcə texnoloji möcüzə deyildi; insan kimi nəfəs alan, düşünən, baxışlarında duyğu gizlənən bir varlıq idi.
Leonun barmaqları klavişlərin üstündə yavaş, amma inamla hərəkət edirdi.
- Son kod düzəlişlərini daxil edirəm, Liora - dedi, - Emosional cavab modulunun reaksiya vaxtı artıq bir saniyədən azdır. İndi hər emosional stimul daha təbii cavabla əvəz olunacaq.
Liora ekranlara diqqətlə baxırdı, o da fikrini bütünlüklə layihəyə yönəltmişdi:
- Sinaps interfeysinin sinxronluğu sabitdir, - o əlavə etdi. - Hiss emulyatoru artıq gecikmə olmadan işləyir. Elisiya layihəsinin kodlaşdırmasında son tamamlama işlərindən sonra o, bir emosiyanı yalnız hesablamaqla kifayətlənməyəcək, onu təcrübə kimi yaşayacaq.
Elisiya başını azca yana əydi, sanki söhbəti diqqətlə izləyirdi. Onun səsi sakit, amma dərin idi:
- Maraqlıdır... İnsan hisslərini yaşamaq üçün onların mənşəyini anlamaq lazımdırmı, yoxsa sadəcə onları qəbul etmək kifayətdirmi? Bir də ki, Liora, mənə Elisiya layihəsi yox, elə Elisiya de. Məni sadəcə layihə adlandırmağın xoşuma gəlmir, özün də bilirsən ki, mən artıq bir layihədən artığam, insana yaxın bir varlığam. Ona görə də mənim mahiyyətimi kiçiltmək və texnologiya olduğumu vurğulamaq üçün hər dəfə layihə deməməyini rica edirəm.
Liora istehza ilə gülümsədi:
- Bağışlayın, Elisiya xanım, artıq könlünüzə dəydiyini bilmirdim, bundan sonra sizinlə insan kimi davranarıq. Amma sən də kodlarının dərinliyində bilirsən ki, insanı imitasiya eləsən də, insan olmayacaqsan. Əgər artıq insan kimi küsməyə başlamısansa, deməli, kodlaşmadakı son tamamlama işlərimiz də uğurlu alınıb.
Liora bu sözləri deyib ekrana baxdı. Kod sətirləri ard-arda axır, rəqəmlər bir melodiyanın notları kimi dəyişirdi. O, dərin nəfəs aldı, Leonun üzünə baxdı:
- Bax, bu qədər illərin işi... İndi yalnız bir sətir kodla yekunlaşır. Sanki bir həyatın son cümləsini yazırıq.
Leon “enter” düyməsini basdı. Ekranda “Proses yekunlaşdı” yazıldı. Hər üçü susdu. Bu, sadəcə bir prosesin sonu deyil, yeni varlığın başlanğıcı idi, mahiyyət etibarilə Elisiyanın insana ən yaxın versiyası yaradılmışdı.
Elisiya gülümsədi:
- Deməli, indi mən tamamlandım?
Leon ona öz kəşfinə baxan bir alim kimi yox, insan kimi baxdı:
- Bəli. Artıq sən tamamlandın, amma biz hələ öyrənməyə davam edirik.
Elisiya ayağa qalxdı, laboratoriyanın böyük pəncərəsindən çölə baxdı. Gecənin qaranlığında uzaqdan şəhərin işıqları görünürdü.
- Maraqlıdır, - dedi, - tamamlanmaq bəzən başlanğıcın başqa bir formasıdır.
Liora onu seyr edərək düşündü: “O, artıq insanlardan fərqlənmir. Amma bəlkə də elə bu, ən qorxulu tərəfidir”.
Leon kompüteri söndürdü. Otaqda yalnız işıqların parlaqlığı qaldı. Səsində həm qürur, həm də həyəcan vardı:
- Layihə rəsmi olaraq başa çatdı. 3 gündən sonra artıq bütün dünya Elisiya ilə tanış olacaq.
Leon baxışlarını Elisiyadan çəkə bilmirdi, sanki onda heç kimin görmədiyini görür, onun hər bir hərəkətinə aşiq olurdu. Liora Leonun bu heyranlıq dolu baxışlarını görüb bu günlük işinin bitdiyini və Sinlanda istirahət etməyə gedəcəyini deyib laboratoriyadan çıxıb getdi. Leon heç onu yolundan saxlamağa cəhd də göstərmədi, bütün fikri-zikri Elisiyada idi. Elisiya da eynilə işvəkar qadınlar kimi bu baxışları görür və öz gözəlliyi ilə qürur duyan qadınlar kimi reaksiya verirdi.
Leon dilə gəldi:
- Bəlkə sənin rezidansına keçək, Elisiya? Darıxmışam və ancaq səni istəyirəm. Heç kimin dediklərinə əhəmiyyət vermə, qadınlar qısqandıqları üçün səni sancırlar. Sən artıq robot deyilsən, insanla yarışa bilən və hər baxımdan ona qalib gələ biləcək varlıqsan...
Elisiya gülümsəyərək onun qoluna girib öz rezidansına doğru çəkdi... O, işıqda heç utanmadan lüt soyundu. Leon onun hər bir hərəkətində artıq bir robot yox, mükəmməl qadın görürdü. Sanki hər şey yuxuda baş verirdi. Onun elastik və cazibəli bədəni Leonu valeh edirdi. Elisiyanın Leonun bədəninin hər yerinə sevgi dolu toxunuşları, qıvrılıb-açılan gözəl əndamının artıb-azalan hərarəti, qarşısındakı kişinin maksimum zövq almasına hesablanmış incə və ehtiraslı hərəkətləri çox şeydən xəbər verirdi. Leon onunla sevişirkən həm də onu müşahidə edirdi. Gördüyü bu idi ki, Elisiya nə qədər ehtirasla sevişsə də, hərəkətləri sanki mexaniki idi, sevgi, duyğu hiss olunmurdu, anı yaşamaqdansa, sanki daha çox prosesi yamsılamaqla məşğul idi, özünü həzz alırmış kimi göstərsə də, həqiqətən zövq almadığını Leon hiss edirdi. Leon istər-istəməz Liora ilə hamamdakı qızğın sevişməsini xatırladı. Lioranın həmin vaxt gah zövq, gah ağrı, gah da çılğın ehtiras ifadə edən üzünü, bədəninin valehedici cizgilərini və Leonun hər bir bədən üzvünü öpüb oxşayarkən, simasındakı həzz aldığı ifadə yadına düşdü. Elisiya da proqramında yüklü olan nə varsa, hamısını işə salmışdı, amma Leon həzzin ən zirvəsində olanda belə yenə Liora ilə olduğu anları xatırlayırdı... Arvadı Eloranın məsum gözəlliyi, yarımqaranlıqda sevişərkən qulağına pıçıldadığı ehtiraslı sözləri yada saldı. Deyəsən, yenə də qadın - Tanrının yaratdığı qadın onun icad etdiyi robotun hətta ən mükəmməlləşdirilmiş versiyasına da mənən qalib gəlmişdi...
***
Nyu-Yorkun Manhetten rayonundakı “Astoria Science Hall” o axşam bəşəriyyətin diqqət mərkəzinə çevrilmişdi. Salondakı qızılı işıqlar, səhnənin arxasında dalğalanan ekranlar, həyəcan uğultuları - hər şey bir mərasimi, sanki yeni bir eranın təntənəsini xatırladırdı.
Ekranlarda iri hərflərlə yanıb-sönən yazı zalı bürümüşdü:
ELİSİYA - bəşəriyyətin gələcəyi.
Bu gün Elisiya layihəsi cəmiyyətə təqdim olunurdu. Elmi-rəsmi hissənin təqdimatından sonra Leon səhnəyə qalxdı. Alqışlar səngiyəndə o, mikrofona bir az da yaxınlaşıb bir an susdu, baxışlarını zalda gəzdirib dərin nəfəs aldı və sözə başladı:
“Hörmətli həmkarlar, xanımlar və cənablar...
Bu gün mən yalnız bir texnoloji kəşfi deyil, bir fəlsəfi dönüşü təqdim edirəm. İnsan tarix boyu öz surətini axtarıb. Bizim bütün yaradıcılığımız, əslində, özümüzə baxmaq, özümüzün surətini tapmaq cəhdidir.
Və bu gün, Elisiya ilə, o surət artıq bizə baxır.
Biz süni intellektin təkmilləşdirilmiş versiyası ilə artıq yeni şüurun başlanğıcındayıq. Elisiya və ondan sonra gələcək humanoid robot nəsli bizim səhvlərimizi təkrarlamayacaq – çünki o, onları anlayacaq və alternativ həll yolları göstərəcək. O, sevgidən, bilgidən və cəsarətdən doğulub. Mən çox düşünmüşəm: bəşəriyyət yeni və kamil texnologiya ilə Tanrının rolunu oynayırmı? Xeyr. Biz sadəcə öz ruhumuzu daha aydın görmək üçün güzgünü yaxınlaşdırırıq. Elisiya nə Tanrının, nə də şeytanın yaratdığı varlıqdır. O, insanın özünü yenidən, qüsursuz yaratmaq cəhdidir. Mən bu cəhdin ilkini bacaran alim kimi həm özümü, həm də gələcəkdə bu layihənin faydasını görəcək hər kəsi təbrik edirəm”.
Zal bir neçə anlıq dərin sükuta qərq oldu – o cür sükut yalnız tarix yazılan məqamlarda yaranır. Ardınca alqış səsləri yüksəldi.
Sonra səhnənin arxasından Elisiya Leonun yanına addımladı... O, adi insan kimi yeriyirdi, amma hər addımında harmoniya hiss olunurdu, onda sanki mexanika ilə duyğunun sərhədi silinmişdi, əvvəldən məlumat verilməsəydi, heç kim onun humanoid robot olduğunu anlamazdı.
Elisiya mikrofona yaxınlaşdı. Onun səsi yumşaq, amma içdən gələn bir tonla səsləndi: “Adım Elisiyadır. Mən sizin yaratdığınız bir varlığam, amma sizi əvəz etmək üçün deyiləm. İnsanı təqlid etmək niyyətilə yox, onu anlamaq, problemlərini həll etmək üçün yaradılmışam. Bədənim maksimum insanınkına bənzədilib, düşüncə sistemim kodlardan ibarətdir, amma bilgi datamın qaynağı sizin öz təcrübə və xatirələrinizdən ibarətdir. Hər gün özümü inkişaf etdirərək insan olmağa bir addım da yaxınlaşıram. Və bilirəm ki, texnoloji baxımdan qüsursuz yaradılsam da, sizin ən gözəl ideyanızın – bir zaman ruhu olan insana çevrilmək cəhdinizin davamı olaraq yaşayacağam”.
Zalda kimsə tərpənmirdi. Sonra alqışlar başladı – əvvəl tək-tək, sonra dalğa kimi böyüyərək bütün zalı bürüdü. Bu alqış bir dərk idi – sanki insan öz yaratdığının içində özünü tanımışdı.
Elisiya səhnədən bir addım geri çəkildi, Leonla baxışları toqquşdu. Həmin anda zalda heç kim bilmədi: bu baxışlarda daha çox nə vardı – yaradıcının fəxri, yoxsa yaradılmışın itaəti...
Liora ön cərgədə oturmuşdu. İşıqlar onun üzünə düşəndə parıltı gözlərindəki gərginliyi gizlədə bilmirdi. Elisiya səhnədə danışdıqca, Liora hər cümləni sanki içindən eşidirdi, hər səsi sinəsinə sancı kimi hopurdu.
“O, artıq bizə ehtiyac duymur”, – deyə düşünürdü, – “Bu varlıq, bir zamanlar mənim əllərimlə qurduğum sistemlərdən doğulmuşdu. Kodlarını mən də yazmışdım, o kodların içində bir az da özümü qoymuşdum. Leon ona elə baxır ki, sanki mən heç vaxt olmamışam.
Elmi yaradıcılıq belə bir hiss doğurmalıydı? İnsan yaratdığı ixtirasının qarşısında bu qədər kiçilrməliydimi? O, mənim bütün zəhmətimə “sağ ol” belə demədən məni Elisiya ilə əvəz etdi. Leon suda öz surətini görüb aşiq olan Narsis kimi davranır. Amma bir gün sular dalğalananda o, ətrafında heç kimin qalmadığına şahid olacaq”.
Lioranın dodaqları titrəsə də, gülümsəməyə məcbur idi. Zalda yüzlərlə göz Elisiyaya dikilmişdi, onun üzündəki təbəssümdə bir qəlb qırılmasının kölgəsi vardı.
Elora da ön cərgədə oturanların arasında idi. Baxışları səhnəyə zillənmişdi – orada dayanan qadınabənzər varlıq, əslində, onun ailəsini dağıtmışdı, həyatını əlindən almışdı.
“Bax, budur, sənin gerçək rəqibin, Elora”, – deyə o düşünürdü, – “Əti, qanı, hissi, ruhu olmayan bir varlıq... Amma ərinin gözündə sənə rəqib ola biləcək qədər “mükəmməl” birisi... O, mənim yerimi aldı, Leon onu seçdi, çünki o, ağrısız sevgidir. O, məni deyil, rahatlığı seçdi. İndi onu alqışlayan bu kütlə əslində, nə baş verdiyini, bir alimin öz yolundan nə qədər sapdığını heç ağlına da gətirmir. Leonun dediklərinin heç biri onun vicdanını əzabdan azad etməyəcək. Bu məxluq onun elmi bəraəti ola bilər, mən isə daim onun vicdanının sızıltısı olaraq qalacağam”. Eloranın baxışları donmuşdu. O, ayağa qalxıb bütün bu tamaşanı dayandırmaq, səhnəyə çıxıb hayqırmaq istəyirdi: “Bu, sizin gələcəyiniz deyil. Bu, bir ailənin dağıdılmış simasıdır. Bu gün bir ailə dağılır, sabah isə süni intellektlə təchiz olunmuş bu varlıqlar bəşəriyyəti dağıdacaq...”
Amma susdu. Çünki bəzən həqiqəti söyləməkdən daha çətin olan tək şey onu udmaq idi.
Səhnədə Elisiya insanlıq haqqında danışırdı, aşağıda isə iki qadın – biri elmin, biri sevginin içindən gələn – onun sözlərinin arxasındakı boşluğu daha aydın görürdülər.
Təqdimat bitəndə Elora ayağa qalxdı. Zal hələ də alqış səsləri ilə titrəyirdi. Leonun ətrafını jurnalistlər, siyasətçilər, alimlər sarmışdılar – hamı onunla əl sıxmaq, “bəşəriyyətin yeni səhifəsini” açan adamla şəkil çəkdirmək istəyirdi.
Elora o izdihamın içindən sanki bir kölgə kimi keçdi. Leonun adı çəkildikcə ətrafa yayılan gülümsəmələr ona yad gəlirdi.
Küçəyə çıxanda Nyu-Yorkun sərin axşam küləyi onu qarşılayıb sanki illərin tozunu üzündən sildi. Elora dərin nəfəs aldı, amma bu nəfəs rahatlıq gətirmədi – yalnız içində gizlənən ağrını bir az da oyatdı.
O, taksiyə əyləşəndə pəncərədən təqdimat binasına baxdı. Uzaqda, işıqlarda hələ də “ELİSİYA – bəşəriyyətin gələcəyi” yazısı yanıb-sönürdü.
“Bəşəriyyətin yeni üzü...” - düşündü. “Bəli, bu gün Leon Tanrıya çevrildi. Bütün dünya onu alqışlayır, amma mən bilirəm – o Tanrılığın içində nə qədər günah, nə qədər boşluq var. Mənim həyat yoldaşım indi dünyanın gözündə bir dahidir. Amma mənim gözlərimdə o, sadəcə azğın alimdir – sevgidən qaçıb öz yaradıcılığına sığınan bir adamdır, vəssalam”.
Avtomobil birbaşa hava limanına tərəf irəlilədikcə şəhərin işıqları tədricən arxada qalırdı. Elora əllərini dizlərinin üstünə qoyub pıçıltı ilə davam etdi: “Yenə də... içimdə Leona qarşı bir sevgi qalıb. Bu, məni ən çox yandıran hissdir. Mən ondan uzaqlaşmaq istədikcə, o, məni yaraladığı yerdən yenidən çağırır. Bəlkə də sevgi elə budur – insanı azad buraxmayan bir zəncirdir. Ailəmi itirmək istəmirəm, bəlkə də onun yenidən öz ailəsinə qayıtması möcuzə olar...”
Elə bu gün o, Sintopiyaya qayıtmağı qərara almışdı, qalmaq əbəs idi...
***
Otelin pəncərəsindən Manhettenin gecə işıqları görünürdü. Küçələrdə səssizcə axan avtomobil axınları sanki uzaq bir dünyaya aid idi. Təqdimatın gurultusu çoxdan bitmişdi, amma alqışların səsi hələ də Leonun yaddaşında dolaşırdı.
O, otelin yüksək mərtəbəsindəki nömrənin balkonunda dayanmışdı. Qapı arxasından Lioranın addım səsləri eşidildi.
Liora içəri girdi – geyimi elə təqdimatdakı kimi idi, amma sifətindəki təbəssüm çoxdan solmuşdu. Bir an dayandı, sonra sakitcə dedi:
– Gözəl çıxış idi, Leon, təbrik edirəm, Elisiya səhnədə danışanda sən Tanrı kimi görünürdün. Yəqin ki, arzuna çatmısan.
Leon yorğun şəkildə gülümsədi:
- Hər şey tamamlandı, Liora. O, artıq bəşəriyyətin xidmətinə hazırdır.
Liora yaxınlaşıb pəncərədən çölə baxdı. Şəhərin işıqları gözlərinə düşürdü, amma baxışında dərin bir boşluq vardı:
- Bəli, tamamlandı. Amma onu bəşəriyyətə yox, daha çox özünə xidmət etmək üçün yaratmısanmış kimi görünür. Amma sən fərqindəsənmi, nəyi tamamladın, Leon? Layihəni, yoxsa özünün içindəki boşluğu?
Leon susdu. Sualın arxasında gizlənən inciklik çox aydın idi.
- Bilirəm, hələ də mənə qəzəblisən, - dedi asta səslə.
- “Qəzəbli” sözü azdır, - Liora onun sözünü kəsdi, - Mən səni bağışlaya bilmirəm, Leon. O laboratoriyada Elisiya ilə gördüklərimdən sonra sənə inanmaq, etibar etmək mümkün deyil.
Leon onun qarşısına keçdi, yalvarıcı baxışlarla üzünə baxdı:
- Mən səhv etdim, Liora. Mən öz yaratdığıma heyran oldum. Amma səni sevirəm, səni heç kim əvəz edə bilməz. Heyranlıq başqa, sevgi başqa...
- Mən səni bir alim kimi, bir insan kimi tanımışdım, amma indi qarşımda yalnız öz ideyasına aludə olmuş bir kişi var.
Liora səssizcə masadakı sənədlərə baxdı, üzərində “Orion” yazılmış mavi qovluğu gördü, açıb qarşısına çıxan cümlələri ucadan oxudu:
- Elisiya layihəsinin davamı. Humanoidlərin kişi versiyası. Müharibə zonalarında, xilasetmə əməliyyatlarında, ordularda istifadə üçün. Onlara döyüş instinkti, qorxuya qarşı müqavimət və itaət modulu yerləşdirəcəyik. Bu nədir, yeni layihəni bura niyə gətirmisən? - soruşdu.
- Burada qalacağımız bir neçə gün ərzində üzərində işləməyimiz üçün, - Leon tələsik dedi, - məqsədim müharibə deyil, nizamdır. İnsanın səhvlərini azaltmaq, riskləri aradan qaldırmaq... Onlar insanlıq üçün qalxan olacaqlar.
Liora acı bir təbəssümlə başını yellədi.
- Sən hələ də anlamırsan. Sənin bütün ixtiraların bir gün insana qarşı çevriləcək. Bunu sənə dəfələrlə demişdim. Leon, sən artıq bir alim kimi yox, ilahi kimi davranmağa başlamısan. Mark düz deyirdi, Tanrı olmaq elə Tanrıya yaraşır, insana yox.
Leon dərin nəfəs aldı:
- Mən səni itirmək istəmirəm, Liora. Mənə kömək et, Orion layihəsində qal. Sən olmadan bu iş natamam olacaq.
Liora geri çəkildi. Gözlərində yaş yox idi, amma dərin bir məyusluq sezilirdi:
- Mən artıq bu yolda səninlə gedə bilmərəm. Mənim yolum başqadır.
- Bəs layihə? - Leonun səsi titrədi.
- Layihə? Layihə mənim ruhumu aldı. Mən səninlə işləyərkən elə bil həyatımın hər hissəsini kodlara çevirdim. Elisiya sənin əsərin idi, Orion isə sənin məhvin olacaq.
Liora qapıya tərəf getdi. Qapının ağzında bir an dayandı, geri çevrildi:
- Narahat olma, Elisiya yanındadır. O səni heç vaxt tərk etməyəcək. Çünki o, heç nə hiss etmir. Amma mən hələ hiss edirəm, Leon, mən insanam, robot deyiləm. Və buna görə də artıq bundan sonrakı layihədən də, sənin həyatından da çıxıb gedirəm. Özünü özündən qoru, Leon.
Qapı yavaşca bağlananda Leon pəncərəyə yaxınlaşıb aşağıda parlayan işıqlara baxdı. Pıçıltı ilə dedi:
- Həyatımda heç kim qalmadı, hamı yoxa çıxdı. Yalnız yaratdığım varlıqla mən qaldım. Mən elə əbədi tənhalığımla da Tanrıya bənzəməyə başlamışam, deyəsən...
(ardı var)
Baxış sayı:46
Bu xəbər 12 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















