“Ruhun mahnı oxuyursa, həyat səni mütləq rəqsə dəvət edəcək” Türkan Əkbərova ilə müsahibə
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Xaricdə təhsil almaq, karyera qurmaq və fərqli mədəniyyətlərdə öz yolunu tapmaq Azərbaycan gənclərinin ən böyük arzularından biridir. Amma bu yolun həm üstünlükləri, həm də çətinlikləri var.
Türkan Əkbərova artıq 11 ildir ki, Almaniyada yaşayır, burada təhsil alıb, iş həyatında dəyərli təcrübə qazanıb və bu gün insan resursları üzrə karyera kouçu kimi fəaliyyət göstərir.
Türkan Əkbərova Metbuat.az-a müsahibəsində Almaniyaya uyğunlaşma prosesindən, iş həyatında müşahidə etdiyi fərqlərdən, qadınların karyeradakı yerindən və gələcək hədəflərindən danışıb.
Onunla müsahibəni təqdim edirik:

– Xoş gördük Türkan xanım, necəsiz?
Mən də sizi salamlayıram. Ümid edirəm işləriniz qaydasındadır.
– Türkan xanım, biz sizi karyera kouçu kimi tanıyırıq. Amma başlanğıcda maraqlıdır: niyə məhz bu sahə, niyə insan resursları?
Friedrich Schiller adına Yena Universitetində M.Sc Economics fakültəsində “Innovation and change” ixtisasına yiyələnmişəm.
Bu sahədə yalnız klassik iqtisadiyyat deyil, həm də “business economics” – şirkətlərdə insan davranışları, idarəetmə və korporativ mədəniyyəti öyrədən istiqamət var idi. Açığı, əvvəlcədən “HR olacam” deyə planım yox idi. Mühasibatlıq, satış kimi sahələrdə də çalışdım. Amma gördüm ki, mənə ən yaxın olan, həm maraq doğuran, həm də potensialımı ortaya çıxaran məhz insan resurslarıdır. Burada həm psixologiya, həm idarəetmə, həm də motivasiya mexanizmləri birləşir.
– Almaniyaya getmək qərarınız necə yarandı? Niyə məhz Almaniya?
Mən Azərbaycanda heç bir universitetə sənəd verməmişdim. 2016-cı ildə Friedrich Schiller Yena Universitetinə müraciət etdim. Çox maraqlıdır, sənədləri göndərən kimi beş gün ərzində qəbul cavabı aldım. Mənim üçün gözlənilməz oldu. 23 yaşım var idi, subay idim və ilk dəfə idi ki, yad ölkəyə gedirdim. Almaniyanı seçməyimdə həm dostlarımın orada olması, həm də təhsilin keyfiyyətinə dair topladığım məlumatların çoxluğu əsas rol oynadı.
– İlk dəfə yad ölkədə oxumaq və yaşamaq necə hiss idi?
Çətin idi. Ətraf mühit, insanlar, hətta küçələrin daşına qədər yad idi. Amma böyük şansım o oldu ki, orada artıq dostlarım var idi. Onların dəstəyi və istiliyi mənim üçün çox önəmli oldu. Yoxsa adaptasiya daha ağır keçə bilərdi. Mən ailəsinə bağlı bir insanam. Ona görə də uyğunlaşma müddətim bir az uzun çəkdi. İndi 11 ildir Almaniyada yaşayıram, amma hələ də Azərbaycan həsrəti qəlbimdədir.
– Bəs, Almaniya iş mühitinə necə uyğunlaşdınız, bildiyim qədər “remote” formada çalışırsınız.
2021-ci ildə – həm pandemiyanın son dövrlərində, həm də həyatımda şəxsi dəyişikliklər olanda “remote” iş anlayışı mənim üçün formalaşdı. Həmin dövrdə yoldaşım mənə evlilik təklifi etdi, mən isə işimi dəyişdim. “Remote” iş mənim üçün xeyli rahatlıq gətirdi, çünki ailəyə, uşağa daha çox vaxt ayırmaq mümkün oldu. Bir ana üçün bu, inanılmaz rahatlıqdır – uşaq xəstələnə bilər, bağçaya uyğunlaşma dövrü olur və bütün bunlarda evdən işləmək əvəzsizdir.

– Maraqlıdır, işdə rəhbərlərin bu yanaşmaya münasibəti necə idi?
Əslində çox pozitiv qarşıladılar. Çünki “remote” iş yalnız işçilər üçün deyil, həm də şirkət rəhbərləri üçün faydalıdır. Ofis xərcləri azalır, vaxt itkisi olmur. Əslində bu, ikibaşlı xeyirdir – həm işçi, həm də işəgötürən qazanır. Maaşa da təsir etmir, əksinə, işçini motivasiya edir.
Əslində "remote" işin mahiyyəti saatla ölçülmür. Əsas məsələ budur: sənə verilən tapşırığı vaxtında, düzgün və keyfiyyətlə yerinə yetirmisən, ya yox. Bizdə hər gün keçirilən iclaslarda da belə soruşurlar: “Dünənki tapşırıqları yerinə yetirdinizmi?”. Yəni artıq məsələ neçə saat işləməyində deyil, nəticədədir.
Almaniyada formalaşmış iş sistemi ilə Azərbaycanın klassik iş mədəniyyəti arasında ciddi fərqlər var. Ən mühüm məqamlardan biri işəgötürənin işçiyə göstərdiyi etimaddır. Burada işçi günün müəyyən saatlarını ofisdə keçirməyə məcbur deyil. İstəsə günün ortasında idman salonuna gedə, axşam işini davam etdirə bilər. Əsas məsələ budur ki, tapşırıq sabaha qədər bitməlidir. İşçi istəsə gecə yuxusuz qalaraq işləyər, istəsə gündüz daha çox vaxt ayırar – nəticə əldə olunursa, hansı formada işlədiyi tamamilə onun seçimidir.
Bu yanaşma işçilərdə məsuliyyət hissini artırır. Alman sahibkar üçün əsas odur ki, iş vaxtında və düzgün yerinə yetirilsin. Əgər işçi həmin gün boşdursa, şirkət bunu da normal qarşılayır və ona görə əmək haqqı ödənilir. Çünki qəbul edilmiş prinsip budur: işçinin dəyəri yalnız həmin gün gördüyü işlə ölçülmür, o şirkətin bir parçasıdır və onun varlığı belə investisiya kimi qəbul edilir.
Təbii ki, bəzən vəziyyət tam əksinə olur. Elə günlər də olur ki, işin vaxtında təhvil verilməsi üçün işçi gecə cəmi iki-üç saat yatır, amma işi bitirmək üçün bütün gücünü sərf edir. Bu, əlavə olaraq işçinin özünü inkişaf etdirməsinə və daha çox layihə götürməsinə imkan yaradır.
– Almaniyada qadınlara, xüsusən də ailəli olanlara münasibət necədir?
Mənim təcrübəmdə heç vaxt ayrı-seçkilik olmayıb. Almaniyada qadın və kişi yalnız peşəkarlığına görə qiymətləndirilir. Qanunvericilik qadınların hüquqlarını ciddi şəkildə qoruyur. Hamilə qadını işdən çıxarmaq qadağandır.
– Türkan xanım, Almaniyaya gəlmək istəyənlər üçün dil öyrənmək məsələsi çox önəmlidir. Sizcə, hansı üsullar daha praktikdir, daha tez nəticə verir?
Açığı, alman dili asan deyil. Amma onu öyrənmək insanın özünə edəcəyi ən böyük sərmayədir. İngilis dilini bilmək müəyyən qədər kömək edir, amma Almaniyada o, sizi irəli aparmır. Əgər burada yaşamaq, işləmək, karyera qurmaq istəyirsinizsə, alman dilini öyrənməlisiniz. Bu, vaxt baxımından da, pul baxımından da, motivasiya baxımından da ən düzgün investisiyadır. Mən özüm bu səhvi etdim – alman dilini öyrənməyi təxirə saldım və bu, mənə baha başa gəldi. Halbuki əvvəlcədən dilə fokuslansaydım, bir çox şeyi daha tez əldə edə bilərdim.

– Yəni siz Almaniyaya uzunmüddətli qalmaq məqsədilə gəlməmişdiniz?
Xeyr, səmimi deyim, mənim heç vaxt burada qalmaq fikrim olmayıb. Düşünürdüm ki, oxuyacam və qayıdacam. Amma Almaniya bir az səviyyə-seviyə keçilən oyun kimidir. Gəlirsən, universiteti bitirirsən, deyirsən ki, “bir az işləyim, təcrübə yığım, sonra qayıdaram”. Sonra sənə deyirlər ki, iki ildən sonra daimi oturum ala bilərsən. Düşünürsən, yaxşı, qoy alım. İki ildən sonra deyirlər, dörd il işləsən, pasport ala bilərsən. Onda deyirsən, yaxşı, dörd il də gözləyim. Beləcə illər keçir və sən fərqinə varmadan burada daimi həyat qurmuş olursan.
Mənim yadımdadır, evimi dəyişəndə bir sürücü mənə dedi: “Qızım, universitetini oxu, diplomunu götür və qayıt. Yoxsa qalacaqsan”. Mən o vaxt sözlərini ciddiyə almadım, amma sonradan başa düşdüm ki, düz deyirmiş. Almaniyaya gəlmək asandır, amma buradan getmək çox çətindir.
– Deməli, burada insanı saxlayan sistemin özüdür?
Bəli. Almaniya kapitalını, insan resursunu asanlıqla buraxmır. Sistemi elə qurublar ki, gələn heç bir ekspat geri getmək istəmir. Çünki burada özünə şərait qurandan sonra başqa ölkəyə dönmək çox çətin olur. Ən azı “burada qalsam, uşaqlarıma da yaxşı imkanlar yaradaram” düşüncəsi insanı saxlayır.
– Bəs dil öyrənməyin ən yaxşı üsulu nədir? Kurs, proqram, yoxsa başqa bir yol?
Mən deyərdim ki, ən yaxşı üsul həyatı yaşayaraq öyrənməkdir. Təbii ki, kurslar da var, proqramlar da. Amma hamının qavrama qabiliyyəti fərqlidir, birinə uyğun gələn üsul başqasına uyğun gəlmir. Ona görə də ən praktik yol – cəmiyyətə qarışmaqdır.
Məsələn, ilk öncə supermarketdə kassirlə almanca danışmaq, gündəlik hər şeyi oxumaq, televizorda xəbərlərə baxmaq. Mən seriallara çox baxmıram, amma xəbərlər insana cəmiyyətdə nə baş verdiyini öyrədir. Qulağı alışdırmaq, söz öyrənmək, cümlə qurmaq – bunlar bir-birinin ardınca gəlir. Almanlar çox pozitiv yanaşırlar. Görəndə ki, kimsə onların dilini öyrənir, mədəniyyətinə hörmət edir, bunu yüksək qiymətləndirirlər. Bu da inteqrasiya prosesini xeyli asanlaşdırır.
– Maraqlıdır, açıqlamalarınızın birində Almaniyadakı iş təcrübəsi Azərbaycanın iş təcrübəsindən daha fərqlidir demişdiniz. Nəyi nəzərdə tutursunuz?
Bəli, bu məqam çox vaxt yanlış anlaşılır. Mən heç vaxt “Almaniyanın təcrübəsi Azərbaycandan üstündür” deməmişəm. Sadəcə, hər ölkənin öz iş mədəniyyəti var. İstər Almaniya olsun, istər İsveç, istər Fransa – fərqi yoxdur, yeni ölkəyə gedəndə, əvvəlki qazandığınız təcrübəni bir kənara qoymalı olursunuz.
Çünki hər şey fərqlidir – idarəetmə, əmək münasibətləri, hətta insan resursları anlayışı belə. Ona görə də insan burada işləmək üçün yalnız savadını yox, həm də bu yeni iş mədəniyyətinə uyğunlaşmaq bacarığını göstərməlidir.
Mən bunu belə izah edim: bizim üçün savad çox önəmlidir, amma təkcə savad kifayət etmir. Əsas sual budur – sən həmin ölkənin iş mədəniyyəti ilə tanışsanmı? Çünki korporativ mühitlər ölkədən ölkəyə, hətta şirkətdən şirkətə tamamilə fərqlənir.
– Yəni Azərbaycanda əldə edilən təcrübə Almaniyada keçərli olmur?
Keçərli olur, amma şərtlidir. Əgər Azərbaycanda yalnız yerli şirkətlərdə çalışmısansa, buraya gələndə iş bacarıqlarını sıfırdan aşağı dəyərləndirirlər. Yəni savadın var, amma təcrübən uyğun gəlmir. Əksinə, əgər xarici şirkətdə işləmisənsə, bu, müəyyən qədər üstünlük verir. Amma hər halda əsas məsələ odur ki, sən yeni ölkənin iş mühitinə uyğunlaşa biləsən. Mən özüm Almaniyanın iş mədəniyyəti ilə tanış olduğumu hər dəfə sübut etmişəm. Bu, insana çox şey qazandırır. Çünki onlar sənin biliklərinə yox, uyğunlaşma bacarığına baxırlar. Mən həmişə deyirəm: nə qədər savadlı olursan-ol, burada yalnız savad kifayət etmir. Çünki hər şirkət sənə işi yenidən öyrədəcək. Hər bir şirkətin öz “kitabı” var.

– “Öz kitabı” deyəndə nəyi nəzərdə tutursunuz?
Mənim bir məsləhətçimə dediyim bir bənzətmə var: savadı əlifba kimi düşünün. Sizin bilikləriniz əlifba kimidir. Amma hər şirkət sizə yeni bir kitab verəcək. O kitabı oxumalı, öyrənməli olacaqsınız. Köhnə biliklər sizdə qalır, amma üst-üstə yeni kitablar gəlir. Ona görə də ən vacib məsələ çevik olmaq, yeni mühitə uyğunlaşa bilməkdir.
– Türkan xanım, gəlin bir az da CV mövzusuna toxunaq. Ümumiyyətlə, bu gün CV necə tərtib olunmalıdır? Avropa təcrübəsində əsas nələrə diqqət edilir?
Əvvəla deyim ki, Azərbaycanda CV hazırlamaq məsələsi hələ də tam formalaşmayıb. Mən elə CV-lər görmüşəm ki, düşünürsən, “niyə belə yazılıb?”, bəzən elə bil zarafat edirlər. Uşaqlığından yazanlar olur, hətta səliqəsiz, bir-birinə qarışmış, heç bir konkret məlumat verməyən CV-lər. Açığı, belə halları görəndə adam təəccüblənir. Mən xahiş edərdim ki, heç kim bu cür CV göndərməsin. Çünki bu, ciddi bir məsələdir.
– Avropada vəziyyət necədir?
Almaniyada işimizi asanlaşdıran ən böyük şey odur ki, CV-lər filtr sistemindən keçir. ATS sitemi artıq çoxdan tətbiq olunur. İşə qəbul prosesi elə CV-dən başlayır. CV avtomatik olaraq sistemə düşür, orada filtrlənir və uyğun gələnlər seçilir. Azərbaycanda da indi yeni-yeni bu yanaşma tətbiq olunmağa başlayır, amma hələ çox zəifdir. Bu isə böyük bir addımdır – çünki gələcəkdə işə qəbul prosesini xeyli səmərəli edəcək.
– Yəni CV-lərin hazırlanmasında əsas qayda nədir?
İlk növbədə səliqəli və sahəyə uyğun olmalıdır. Mənim çox eşitdiyim yanlış fikirlərdən biri budur ki, hər vakansiyaya uyğun ayrıca CV hazırlamaq lazımdır. Bu, mifdir. Əslində yox. Onsuz da sizin sahənizə uyğun bir baza CV-niz olur. Vacib olan odur ki, o CV-də sahənizə dair bütün bacarıqlar və təcrübələr qeyd edilsin. İşə götürən artıq özü uyğunluğu görür.
Açığı, mənə çox gülməli gəlir. Bu, savadsızlıqdan doğan bir fikirdir. Çünki nəzərə alsaq ki, bir insan 50-100 vakansiyaya müraciət edir, bu o deməkdir ki, hər gün 10 CV hazırlamalıdır. Bu, sadəcə mümkün deyil. CV hazırlamaq heç də asan iş deyil, hər vakansiya üçün ayrıca CV düzəltmək isə ümumiyyətlə, qeyri-mümkündür.
– Sizcə, niyə belə fərqlər var?
Məncə, bu, sistemin hələ inkişaf etməməsindən qaynaqlanır. Azərbaycanda çox vaxt CV ehtiyac kimi qəbul edilmir, sadəcə formal sənəd kimi hazırlanır. Amma Avropada CV işə qəbulun əsasıdır. Burada hər şey elə CV-dən başlayır. Ona görə də düşünürəm ki, bizdə də getdikcə bu sistem oturuşacaq.
– CV-də hansı bölmələr mütləq olmalıdır?
Əvvəlcə şəkil məsələsinə toxunum. Bu, ölkədən-ölkəyə dəyişir. Avropada şəkil çox vaxt tələb olunmur, hətta bəzən qadağan edilir. Amma Azərbaycanda və Türkiyədə hələ də şəkilə görə işçi seçənlər var. Mənim yoldaşım bir müsahibədə hətta “bürcünüz nədir?” sualına belə rast gəlib. Bu, əlbəttə ki, qeyri-peşəkar yanaşmadır. Almaniyada belə bir şey soruşsanız, sizi dərhal report edərlər və işdən çıxara bilərlər. Yəni peşəkarlıq baxımından şəxsi məlumatlar – bürc, ailə vəziyyəti, uşaqlar – CV-də yer almamalıdır.
– Bəs nələr mütləq qeyd olunmalıdır?
Mən deyərdim ki, CV-də mütləq bu bölmələr olmalıdır:
Şəxsi məlumatlar – ad, soyad, əlaqə nömrəsi, e-mail (amma şəxsi həyat haqqında əlavə detallar lazım deyil). Qısa xülasə (Summary / Profile) – 3-4 cümlə ilə sizin karyeranızın əsas istiqamətləri və ən böyük uğurlarınız qeyd olunmalıdır. İş təcrübəsi – iş yerləri mütləq yazılmalı, amma sadəcə “orada işlədim” yox, konkret nəticələr göstərilməlidir. Məsələn, “marketinq kampaniyası nəticəsində satışları 20% artırdım” kimi. Təhsil – iş təcrübəsindən sonra gəlməlidir. Çünki işə götürən üçün ən vacib olan praktik təcrübədir. Sertifikatlar və təlimlər – varsa, əlavə edilməlidir. Bu, sizin inkişafda olduğunuzu göstərir. Biliklər və bacarıqlar – dil bilikləri, proqram təminatları, texniki bacarıqlar.Əgər iş təcrübəniz 10 ilə qədərdirsə, maksimum 1-2 səhifə kifayətdir. Təcrübə 10 ildən çoxdursa, 3 səhifə ola bilər. Amma 20-30 il işləyən insanın belə CV-si 7-8 səhifə olmamalıdır. Çox uzunsa, işə götürən oxumayacaq. Ən vacib məlumatlar seçilib, qısa şəkildə təqdim edilməlidir.

– Türkan xanım, Azərbaycanda HR kursları son illər çox yayılıb. Bu barədə nə düşünürsünüz? Bu nədən irəli gəlir?
Azərbaycanda çox zaman hər kəs özünü HR kimi aparır. Yəni kimsə düşünür ki, insan resursları “asan sahədir” və hər kəs bu mövzuda fikir yürüdə bilər. Amma reallıqda belə deyil. İnsan resursları sadəcə işə qəbul prosesi deyil. HR – insanın psixologiyasını bilmək, işçini motivasiya edə bilmək və şirkətə əlavə dəyər gətirmək deməkdir. Əslində HR altı-yeddi fərqli sahəyə bölünür. Azərbaycanda hələ bu qollar tam formalaşmayıb, ona görə də çox vaxt ümumi danışırlar.
Əslində bizim işimizin mahiyyəti budur: işçini ən yaxşı vəziyyətə gətirmək və şirkətin qazancını artırmaq. Yəni biz sadəcə işçi seçmirik. Biz təhlil edirik – bu insan təkcə bir layihəyə uyğundurmu, yoxsa bütöv komandaya uyğunlaşa biləcəkmi? Əgər seçsək, şirkət nə qazanacaq, əks halda nə qədər vaxt və pul itirəcək? HR-in işi elə budur – ən uyğun insanı tapmaq ki, şirkət ya qazanmış olsun, ya da heç olmasa itirməsin.
– Bu prosesdə intuisiya rol oynayırmı?
Əlbəttə, intuisiya 100 faiz rol oynayır. Amma təkcə intuisiya ilə kifayətlənmək olmaz. Ona paralel olaraq insan psixologiyasını, korporativ psixologiyanı, davranış nümunələrini bilməlisən. Mənə görə, HR olmaq üçün universitet təhsili, psixologiya kitablarını oxumaq, korporativ davranışları öyrənmək lazımdır. Üç aylıq kurslarla HR olmaq mümkün deyil. Çünki belə kurslarda ən yaxşı halda sənə “işə qəbul”un əsaslarını öyrədə bilərlər, vəssalam. Şirkətlər başa düşməlidir ki, HR sadəcə “kadr şöbəsi” deyil, əksinə, şirkətin uğuruna təsir edən strateji bir sahədir.
– Azərbaycanda "networking" yəni şəbəkələşmə sahibkarlar arasında daha çox biznes yönümlüdür. Almaniyada bu sistem necə işləyir?
Almaniyada "networking" daha çox “tövsiyə” prinsipi üzərində qurulub. Məsələn, mən özüm də kimisə işə tövsiyə etmişəm. Bu, networking sayılır. Çünki şirkət üçün fərq böyükdür: biri var sistemdən gələn namizəd, biri də var kiminləsə tanışın tövsiyə etdiyi namizəd. Tövsiyə olunmuş insan həmişə bir addım öndədir, hətta savadı bir az az olsa belə. Çünki burada söhbət artıq şəxsi keyfiyyətdən gedir – kimsə bu insan üçün zəmanət verirsə, deməli, onu yaxşı tanıyır.
Amma təkcə “ad çəkmək” kifayət etmir. Tövsiyə edən şəxsi də sorğu-suala tuturlar: “Bu adamla harada işləmisən? Hansı layihələrdə olub? Özünü necə aparırdı?” Əgər mən verdiyim cavablarla onları qane edirəmsə, o namizəd artıq böyük ehtimalla qəbul olunur. Çünki şirkətlər üçün ən önəmli məsələ investisiyadır. Onlar bilmək istəyirlər ki, kimə investisiya edirlər.
– Bu “investisiya” məsələsi çox maraqlıdır…
Almaniyada işçi götürmək sadəcə maaş vermək deyil, şirkət işçiyə “biz sənə investisiya edirik” gözü ilə baxır. Mənim yadımdadır, bir dəfə altı aylıq sınaq müddətində işləyirdim. O vaxt yoldaşım mənə evlilik təklifi etmişdi və mən rəhbərliyə dedim ki, “remote” işləmək istəyirəm. Onlar isə çox ciddi şəkildə cavab verdilər: “Biz sənə altı ayda investisiya etmişik. Sən hara gedirsən?” Bu yanaşma mənim yadımdan çıxmır. Onlar hər işçini bir növ sərmayə kimi görürlər və ona görə də seçim məsələsinə çox ciddi yanaşırlar.
– Süni intellekt məsələsinə münasibət necədir? Almaniyada insanlar buna etibar edirlərmi?
Mən deyərdim ki, vəziyyət ikiyə bölünüb. Bir qrup insan süni intellekti təhdid kimi görür – deyirlər ki, data çox əlçatandır, təhlükəsizlik problemi var. Başqa bir qrup isə əksinə, AI-i fürsət hesab edir və ondan maksimum istifadə etməyə çalışır. Mənim fikrimcə, süni intellekti düzgün istifadə etmək lazımdır. Əgər o, işimizi asanlaşdırırsa, niyə ondan imtina edək? Mənim işlədiyim şirkət də süni intellekti dəstəkləyir və iş proseslərinə inteqrasiya edir.
– Siz “LinkedIn”də kifayət qədər fəalsınız. Bu, nə dərəcədə vacibdir?
Mən deyərdim ki, bu gün 100 faiz vacibdir. Hər kəs öz sahəsində LinkedIn-də aktiv olmalıdır. Bu, bir növ sizin peşəkar vitrininizdır. İş yerinizdən kənarda da özünüzü göstərməlisiniz. Mən də əvvəllər çox kiçik paylaşımlarla başlamışdım, amma bu gün 32 min izləyicim var. Bu, göstərir ki, insanlar bilik paylaşımını dəyərləndirirlər. Azərbaycanda isə təəssüf ki, bəzən LinkedIn iş etikası pozulur – tanımadığın birinə yazırsan, amma mövzunu işdən çıxarıb başqa istiqamətə aparırlar. Bu, yorucu olur. Mən daha çox üzbəüz tanış olduğum insanlarla işləməyi üstün tuturam.
– Azərbaycanda psixologiya və iş mədəniyyəti məsələsinə gəlincə, sizcə fərq nədədir?
Ən sadə nümunə – vaxt məsələsi. Almaniyada dəqiqlik çox vacibdir. Görüş saat 10:00-dursa, hər kəs oradadır. Azərbaycanda isə bəzən tıxac olur, bəzən də adam “hörmətli insandır” deyə, onun gecikməsini mədəniyyətsizlik saymırlar. Amma Avropada belə deyil. Burada vaxt məsuliyyətdir. Əslində bütün bu fərqlərin kökündə şəxsi mədəniyyət dayanır. Hər bir insanın məsuliyyət hissi onun iş həyatına da birbaşa təsir edir.
– Türkan xanım, Almaniyada sizə ən çox təsir edən məqamlardan biri hansıdır?
Ən çox öyrəndiyim şeylərdən biri – hər kəsin zamanına və sərhədlərinə hörmət etməkdir. Almaniyada görüş saatı neçədirsə, hamı həmin vaxt oradadır. Əlbəttə, insanıq, qəfil hadisələr ola bilər, amma ümumilikdə “tıxac var idi” kimi bəhanələr qəbul edilmir. Sən bilirsən neçə dəqiqəyə harda olacağını. Bu, birbaşa qarşı tərəfin şəxsiyyətinə hörmətdir.
– Siz tez-tez deyirsiniz ki, insan ilk pilləyə özünü qoymalıdır. Bununla nəyi nəzərdə tutursunuz?
Məncə, bu, təkcə karyera deyil, ümumiyyətlə, həyat fəlsəfəsidir. Əgər sən ruhunda özünü ilk sıraya qoyursansa, başqa sahələr də düzələcək. Karyeran ola bilər, iş tapa bilərsən, başqa ölkəyə gedə bilərsən. Amma ruhunda özünü sıxışdırırsansa, həyatın heç bir sahəsi sağlam getməyəcək.
– Azərbaycanda qadınlar çox vaxt seçim qarşısında qalır: ya karyera, ya şəxsi həyat. Almaniyada necədir bu balans?
Almaniyada çox şey qanunla tənzimləndiyi üçün insan əlavə düşünmək məcburiyyətində qalmır. İş vaxtı bitdi – gedirsən evinə. 16:30-da ofisdən çıxırsan, uşağını götürürsən, alış-verişini edirsən, ailənlə vaxt keçirirsən. Bu balansı sistem özü qoruyur. Azərbaycanda isə çox vaxt iş şəxsi həyata müdaxilə edir. Ona görə də qadınlar düşünür ki, karyera varsa, şəxsi həyat əskik qalacaq. Halbuki bu düzgün deyil.
– Siz sosial şəbəkələrdə tez-tez iş imkanları paylaşırsınız. Bunun səbəbi nədir?
Açığı, çox qəribədir. Mənim ətrafımda o qədər imkanlar, iş elanları olur ki… Hətta bəzən mənim özümə lazım olmur, amma başqaları üçün paylaşmağa dəyərli olur. Və mən heyrətlənirəm ki, bu qədər şans varkən insanlar hələ də şikayətlənirlər. Problem odur ki, ya informasiya yoxdur, ya da insan özü istifadə etmək istəmir. Mən isə istəyirəm ki, xüsusən qadınlar bu imkanlardan yararlansın.

– Sosial şəbəkələrdə sizin haqqınızda “Almaniyada kef edir” deyənlər də olur…
Bəli, çox olur (gülür). Amma insanlar yalnız görünən tərəfi görürlər. Mənim buraya gəlmək üçün hansı çətinliklərdən keçdiyimi, hansı səhvləri etdiyimi, hansı ağrıları yaşadığımı görmürlər. Bəli, indi göstərdiyim tərəf rahat görünə bilər, amma bu mərhələyə gəlmək üçün çox əziyyətlər çəkmişəm. Kaş ki, bəzi şeyləri vaxtında başqa cür edəydim. Amma səhvlər də insana dərsdir. Mən çalışıram ki, indi bu bilikləri başqaları ilə paylaşım, onlar eyni səhvləri etməsin.
– Gələcək hədəfləriniz nələrdir?
Mənim hədəfim özümü peşəkar olaraq inkişaf etdirmək və öyrəndiklərimi başqaları ilə bölüşməkdir. Mənim üçün əsas məsələ insanlara fayda verməkdir. Əgər mənim təcrübəm kiməsə yol göstərə bilirsə, bu, mənim üçün böyük uğurdur. Mən bir sözə çox inanıram: əgər ruhun mahnı oxuyursa, həyat səni mütləq rəqsə dəvət edəcək.
Müsahibə üçün təşəkkür edirik.
Gülbəniz Hüseynli / Metbuat.az

