Icma.az
close
up
RU
Ruhun üç çevrilməsi və yazılmış vərəq Əli Şirin Şükürlü yazır

Ruhun üç çevrilməsi və yazılmış vərəq Əli Şirin Şükürlü yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

(esse)

Masanı səliqəyə salmaq məqsədilə yazılı kağızları toplayıram. Bir neçə fərqli qeyd apardığım vərəq diqqətimi cəlb edir. Ortada bir nizamsızlıq var: qeydlər vərəqin müxtəlif hissələrinə sistemsiz şəkildə səpələnib. Lakin bilirəm ki, xaosdan nizama keçidin yeganə yolu – düşüncədir. Üstəlik, nizamsızlığın gözəl bir tərəfi də var; o, elmi-yaradıcı təfəkkürə təkan verir, idrakı xaosun daxilində nizam axtarmağa sövq edir. Əslində, hər bir xaosun bətnində gizli bir qanunauyğunluq var, sadəcə onu tapmaq lazımdır.

Vərəqi diqqətlə nəzərdən keçirdikcə, yaradıcı təfəkkürüm bir esse ideyası üzərində dayanır. Görünür, öyrənmək və anlamaq naminə edilən hər bir qeyd nə vaxtsa mütləq işə yarayır; bəzən belə kağız parçaları yaddaşdan daha etibarlı mənəvi xəzinəyə çevrilir. Etibarı öz yerində, indi sınamaq istəyirəm: görəsən, bu pərakəndə qeydlər həm də bir tam təşkil edib, esse şəklində fikir daşıyıcısına çevrilə biləcəkmi?

Beləliklə, əvvəlcə qeydlərimə nəzər salıram:

                                      1-ci qeyd: Ruhun təkamülü

Fridrix Nitşe. "Belə söylədi Zərdüşt". Ruhun üç çevrilməsi – insan düşüncəsinin, mənəviyyatının və azadlığının inkişaf mərhələlərini simvolizə edir. İnsanın Üstinsana (Übermensch) çevrilməsi üçün ruh üç ardıcıl mərhələdən keçməlidir: dəvə, şir və uşaq.

           Birinci mərhələ: dəvə (yük daşımağa məhkum ruh). Ruhun bu ilk halı dözümlülük, itaət və fədakarlıq simvoludur. Ruh "Mən etməliyəm" – vəzifə öhdəliyi prinsipi ilə yaşayır. Cəmiyyətin, dinin, ənənələrin və əxlaq qanunlarının yüklərini sorğulamadan öz üzərinə götürür. Köhnə dəyərlərin ağırlığı altında əzilsə də, "yox" deyə bilmir. Mənası budur: insan bilik toplamaq, çətinliklərə sinə gərmək və özünü sınağa çəkmək üçün bu ağır yükləri daşımalıdır. Lakin bu mərhələdə o, hələ azad deyil, sadəcə, başqalarının yaratdığı dəyərlərin itaətkar daşıyıcısıdır.

          İkinci mərhələ: Şir (üsyan və azadlıq rəmzi). Ruh bu mərhələdə inkar edir, mübarizə aparır, köhnə dəyərləri məhv edərək azadlıq qazanır. Onda hökmranlıq və hakimiyyət əzmi var – "Mən istəyirəm" prinsipi ilə hərəkət edir. Şir mərhələsi köhnə dəyərlərin, tabuların və daxili köləliyin rədd edilməsidir. O, "yox" deyərək keçmişi dağıdır. Lakin şir hələ yeni dəyərlər yarada bilmir; onun funksiyası yalnız yeni yaradıcılıq üçün azad, təmiz bir məkan (meydan) hazırlamaqdır.

            

             Üçüncü mərhələ: Uşaq (yeni dəyərlər və yeni başlanğıc). Şir öz azadlığını qazandıqdan sonra sonuncu və ən ali mərhələyə – uşağa çevrilməlidir. Çünki şirin qəzəbi, nifrəti və dağıdıcılığı ilə yeni bir dünya qurmaq, nizam yaratmaq olmaz. Uşaq – məsumluqdur, unutmaqdır, yeni bir başlanğıc, oyun və sarsılmaz bir iradədir ("müqəddəs bəli"). Uşaq keçmişin yüklərindən tamamilə uzaqdır. O, həyatı bir oyun kimi qəbul edir və tamamilə azad şəkildə öz yeni dəyərlərini yaradır. Bu mərhələ insanın öz taleyinin tək yaradıcısına çevrildiyi, Üstinsanın doğulduğu andır: onu güclü edən nə varsa "bəli", zəif edən nə varsa "yox" deyir. Onu öldürməyən hər şey, onu daha da güclü edir.

                       2-ci qeyd: Riyazi estetika və sonun fəlsəfəsi

Vərəqin bir hissəsində həll edilmiş riyazi çalışma. Çalışmanın həlli həm estetik, həm də məntiqi bir məna daşıyır. Onun alqoritmi çox maraqlı və harmonik bir konstruksiyaya malikdir. Həll zamanı bir-birini əvəz edən məntiqi ardıcıllıq insana xüsusi bir intellektual-mənəvi zövq aşılayır.

Yəqin ki, riyaziyyatın fəlsəfi-estetik tərəflərindən biri də elə bu axtarış və gözləntidir. Sonda əldə edilən nəticə – insanın iradə və intellektual gücündən xəbər verir. Gözləntini doğuran isə insan təbiətindən gələn "sona canatma" ehtiyacı, hər şeyi tamamlamaq, nöqtə qoymaq tələbatıdır. Düzgün nəticə əldə etmək həm də əzmkarlığın, intellektual mənada "güclü olmaq" istəyinin təzahürüdür.

Bu çalışmanın həlli də müxtəlif məntiqi mərhələlərdən keçərək sona yaxınlaşır. (Məsələni sanki yenidən həll edirmiş kimi axıracan diqqətlə izləyirəm). Vərəqin küncündəki yekun cavab: Boş çoxluq: ∅.

Bu yerdə qeydlərin nizama salınmasını dayandırıb, elə bu nöqtədən yeni esseyə başlayıram.

                                       Boş çoxluq və vərəq

                                            (esse daxilində esse)          

Məsələnin cavabı, yəni "boş çoxluq" nədənsə ilk olaraq diqqətimi qeydlər apardığım bu vərəqin özünə yönəldir. Bəri başdan deyim ki, fəlsəfi mənada boş çoxluq – mütləq heçlik (nihilizm) deyil; əksinə, o, sonsuz imkanlar göstəricisi olaraq daima varolma potensialına malik bir məkandır.

Riyaziyyatın ən fundamental qanunlarından birini xatırlayıram: Boş çoxluq istisnasız olaraq hər bir çoxluğun alt çoxluğudur. Görünməzdir, elementi yoxdur, amma kainatdakı bütün riyazi sistemlərin, bütün çoxluqların bətnində, lap dərində gizlənib. Bax, ağ vərəq də elədir. O, dünyadakı bütün yazılmış və yazılacaq mətnlərin - ədəbiyyatın, elmin və fəlsəfənin görünməz təməli, ilkin başlanğıcıdır.

Bu vərəq yazılmazdan əvvəl tərtəmiz idi və onun üzərində yaradıcılıq üçün istənilən qədər imkan, sonsuz sayda potensial mətn gizlənmişdi. Yəni üzərinə nə istəsən yaz – o, hər şeyi sorğusuz-sualsız daşıyacaq. Bu, vərəqin itaətkarlıq simvolu olan "dəvə" mərhələsidir.

Yazdıqca, fikirlər çarpışdıqca yazıların pozulmaq, inkara uğramaq ehtimalı da yaranır. Burada artıq inkarın, "müqəddəs yox"un – yəni "şir" mərhələsininin hökmü başlayır. Bu, fəlsəfi baxımdan çox gözəl və lazımlı mərhələdir, çünki yeni dəyərlər, yeni fikirlər üçün vərəqdə azad məkan hazırlayır.

Nəhayət, yazı yazılıb tamamlandıqda, vərəq öz bütövlüyünə qovuşur. Bu, yeni fəlsəfi dəyərlər yaradan "ușaq" mərhələsidir ki, kağız parçası öz ali missiyasını məhz burada tamamlayır.

Düşüncə, məna, məntiq və estetika daşıyıcısı olan bu vərəqi nədən məhz "boş çoxluq"la assosiasiya etdiyimi, doğrusu, dəqiq bilmirəm. Bəlkə də bu, bütün maddi olanlar kimi onun da faniliyindən, gec-tez yox olacağından xəbər verir. Amma nə yaxşı ki, mən onu ilk olaraq maddi bir nəsnə kimi deyil, yaradıcı potensialın – idraka xas olan və daima yaşayacaq məna, məntiq və gözəlliyin daşıyıcısı kimi xarakterizə etdim; maddi olanlara xas o soyuq, sonuncu frazanı işlətmədim.

İdrakınız işıqlı olsun!

            P.S. Çox fikirləşdim və esseni vərəq üzərində ruhun bir neçə mərhələsindən keçərək elm, fəlsəfə və ədəbiyyatın sintezində yaratdığım  sistemə (Ədəbi suprematizm) uyğun belə bir poetik mətinlə tamamlamaq qərarına gəldim:

Çap qurğusu

Bir-bir udur ağ vərəqləri,

bir-bir qaytarır geri.

Vərəqlər həmin vərəqdir – indi

üstündə yazılar və təsvirlər.

Silsən də vərəqdən təsvirləri,

yenə də izi qalar.

Keçilən hər bir yolda

zamandan bir az qalar.

Bəzən ilişər vərəqlər:

ya vərəqdə bir naqislik var,

ya da qurğuda.

İlişən vərəqlər əzilər, cırılar...

bir işə yaramaz, atılar qutuya –

üstündə anlaşılmaz, yarımçıq təsvirlər.

Yarımçıq hər şeydə

 bir çatışmazlıq var.

Ayrıca baxsan,

insana elə gələr

bu qurğu

öz-özünə işləyir.

Amma

qurğuya verilən bir komanda var:

komanda gələr başqa qurğudan.

O qurğunu da düzəldən

zəka var,

o zəkanı da yaradan ali bir zəka...

Hər yaranışın

təsviri cızılar idrakda əvvəlcə –

bu yerdə köməyə yetişər fəlsəfə.

Hər yaranışın

təsviri cızılar əvvəlcə,

eynən vərəqə köçən təsvirlər kimi:

"vərəqlə birgə atılıb, atılmasa da".

...

Və birdən ağlıma bir fikir gəlir:

hər yazılan vərəq, deyəsən,

gec-tez atılır, formasını dəyişib yox olur,

bir işə yarayıb-yaramasa da...

… - 24.09.2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri