Rusiya tərəfinin bu absurd mövqeyi qətiyyən qəbul edilmir Deputat AZAL təyyarəsindən DANIŞDI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən il ilin yekunlarına dair keçirilən mətbuat konfransında açıqlama vermişdi ki, Rusiya tərəfindən göndərilən məktubda AZAL təyyarəsinin qəzası ilə bağlı cinayət işinə xitam verildiyi bildirilib.
İndi isə mətbuatda yayılan məktubda qeyd olunur ki, 2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib. Lakin bu sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL-a məxsus mülki təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmiş və “bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə” hazır olduqlarını bildirmişdi.
Bəs Rusiyanın sözügedən cinayət işinə xitam verməsi necə qiymətləndirilir?
Milli Məclisin deputatı Azay Quliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin AZAL-a məxsus mülki təyyarənin qəzası ilə bağlı cinayət işinə xitam verməsi məsuliyyətdən yayınmaq cəhdidir və qətiyyən qəbuledilməzdir:
"Hamıya yaxşı bəllidir ki, bu faciə əlverişsiz hava şəraiti səbəbindən deyil, Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemlərinin hücumu nəticəsində baş verib. Bu fakt artıq gizlədilə və ya təhrif edilə biləcək məsələ deyil. Belə ki, AZAL-ın mülki təyyarəsinə atəş əmri verən şəxsin də, həmin əmri icra edənlərin də adları Azərbaycan tərəfinə bəllidir və bu barədə açıq mənbələrdə, o cümlədən mətbuatda kifayət qədər məlumat mövcuddur. Bu faktları ört-basdır etməyə, məsuliyyəti abstrakt “hava şəraiti” kimi səbəblərlə yayındırmağa yönəlmiş istənilən cəhd reallığı dəyişə və həqiqəti gizlədə bilməz.
Keçən ilin oktyabrında Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin AZAL-ın mülki təyyarəsinin vurulduğunu açıq şəkildə etiraf etmiş və bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını, müvafiq qaydada kompensasiya ödəniləcəyini bildirmişdi. Rusiya istintaq orqanlarının cinayət işini bağlaması isə yumşaq desək, bu vədə tam ziddir".
Millət vəkilinin sözlərinə görə, görünən odur ki, Kreml öz köhnə ənənəsinə uyğun olaraq yenə də günahı başqasının üzərinə atmağa və real məsuliyyətdən yayınmağa çalışır:
"Bu yanaşma təkcə həqiqətin təhrif edilməsi deyil, həm də Azərbaycanla münasibətlərin tam normallaşdırılması istiqamətində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsidir. Moskvaya bir daha xatırlatmaq lazımdır ki, çoxsaylı insanların həlak olduğu təyyarə qəzasına görə nə Azərbaycan dövləti, nə də Azərbaycan ictimaiyyəti öz haqlı və ədalətli mövqeyindən zərrə qədər geri çəkilmək və ya hər hansı güzəştə getmək niyyətində deyil. Bu faktı ört-basdır etmək mümkün deyil və Rusiya tərəfinin bu absurd, qeyri-ciddi mövqeyi qətiyyən qəbul edilmir və qəbul edilməyəcək. Məsələyə lazımi qiymət verilənədək həm siyasi, həm də hüquqi müstəvidə gündəmdə qalacaq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















