Rusiya Ukrayna müharibəsində yeni perspektivlər
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Tramp planı regiona arzulanan sülhü gətirəcəkmi?
Uzanan və ötən hər gün tərəflər üçün böyük itkilərə səbəb olan Rusiya-Ukrayna müharibəsində yeni mərhələyə keçid baş verə bilər. Buna ümidləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı təqdim etməsi yaradıb.
Sənəd bütün dünyanın təsirləndiyi müharibənin sülhlə sonuclanmasına Ağ Evin yanaşma çərçivələrini özündə ehtiva edir. Əsas sual isə belədir: Sənəd regiona arzulanan sülhü gətirəcəkmi? Suala birmənalı şəkildə “hə” və yaxud “yox” cavabını vermək çətindir. Trampın planı xoş niyyət kimi görünsə də, ona bir sıra ciddi məqamları nəzərə almaqla tam şəkildə optimist yanaşmaq mümkün deyil. Heç şübhəsiz ki, tərəflərin və müharibənin əvvəlindən Ukraynaya güclü şəkildə dəstək verən Avropa İttifaqının (Aİ) münasibəti hadisələrin gedişinə öz təsirini göstərəcək. Beləliklə, zamana və müzakirələrin aparılmasına ehtiyac var. Bəs sənəd özündə nələri ehtiva edir?
Ukrayna nə itirəcək, nə qazanacaq?
Bu günədək müharibənin gedişində Ukrayna sahəcə böyük itkilərə məruz qalıb. Geniş təmas xətti boyunca ölkə ərazisinin təxminən 20 faizi işğal altına düşüb, çoxlu sayda şəhər və kənd yerlə-yeksan edilib, yüz minlərlə hərbçi və mülki şəxs həyatını itirib, milyonlarla ukraynalı doğma ev-eşiklərini tərk etmək, xarici ölkələrə sığınmaq məcburiyyətində qalıb. İqtisadiyyat iflic hala gəlib, hətta iri şəhərlərdə, paytaxt Kiyevdə belə elektrik enerjisi fasilələrlə verilir. Ölkədə humanitar yardıma ehtiyac getdikcə daha da artır. Müharibə uzandıqca dövlət idarəçiliyində də nizamın pozulması halları artır. Elə bu günlərdə son dörd ildə, əslində, ianələr, ABŞ-dan, Aİ-dən, digər dövlətlərdən göndərilən yardımlar hesabına ayaqda qalan ölkədə böyük korrupsiya faktının üstü açılıb. Verilən məlumatlara görə, 15 aylıq əməliyyat və 1000 saata yaxın audioyazılar nəticəsində dövlətin strateji müəssisələrinə, xüsusən də “Ukratomenerqo” şirkətininə təsir göstərmək, pul yuyulması və qanunsuz varlanma məqsədilə qurulmuş genişmiqyaslı korrupsiya sxemi sənədləşdirilib. İstintaq orqanları bildirirlər ki, korrupsiya sxeminin iştirakçıları “Ukratomenerqo” şirkətinin özəl podratçılarla bağladığı müqavilələrdən təqribən 100 milyon dollar oğurlayıblar.
Belə hallar əvvəllər də baş verib. Bütün bunlar isə ona dəlalət edir ki, uzanan müharibə ölkəni təhlükəli xaosa sürükləyir. Eyni zamanda, ayrı-ayrı platformalar çərçivəsində sülh danışıqlarının iflasa uğraması, Aİ-nin vəd olunan yardımları gecikdirməsi fonunda Ukrayna müqavimət gücünün azalması və yeni ərazi itkiləri riskləri ilə üz-üzə qalıb. Bəli, Ukrayna ordusu döyüşür, bir igidlik nümunəsi göstərir, ancaq bu, müharibənin gedişində dönüş yaratmaq üçün kifayət deyil. Orduda resurs qıtlığı və canlı qüvvə çatışmazlığı hiss olunur. Ukraynanın ağır vəziyyətdə olduğunu təsdiqləyən başqa belə neqativlər də sadalamaq mümkündür...
Bəs Trampın sülh planına əsasən Ukrayna nə itirəcək və nə qazanacaq? Bütövlükdə, müharibə ssenarisindən imtina edilməsini Kiyev üçün bir şans kimi dəyərləndirmək mümkündür. Eləcə də Tramp planına əsasən Ukraynanın suverenliyi təsdiqlənəcək. Bu bənd ölkənin dövlətçiliyinin qorunmasını və onun ilhaq olunmasının yolverilməzliyini özündə ehtiva edir. İndiyədək Zelenski sülh danışıqlarının aparılması üçün beynəlxalq birlik qarşısında təhlükəsizlik zəmanəti tələbini qoyurdu. Bu tələb ödənilir və Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alır. Ölkənin Avropa İttifaqının üzvlüyünə uyğunluğunun təsdiqlənməsini də Ukraynanın aktivinə yazmaq mümkündür. Uzun müddətdir ki, Kiyev Avropa İttifaqına üzvlüyə can atır . İndiyədək inteqrasiya yolunda müəyyən addımlar atılıb. O cümlədən Brüsseldə Ukraynanın Aİ-yə üzvlüyünə siyasi razılıq var. Bu günlərdə açıqlanan genişlənmə planı hesabatında Ukraynanın Aİ-nin tələblərinə uyğunlaşması pozitiv qiymətləndirlib. Bu o anlama gəlir ki, Avropa İttifaqının qapılarının Kiyevin üzünə açılmasında hansısa bir problem yoxdur. Tramp planı Kiyevin Aİ-yə üzvlük arzusunun reallaşacağına ümidləri daha da artırır. Sənəddə vurğulanır ki, bu məsələ nəzərdən keçirilərkən Ukrayna Avropa bazarına qısamüddətli güzəştli giriş əldə edəcək.
Lakin Tramp planı heç də bütünlüklə, necə deyərlər, Kiyevin arzu və istəklərindən ibarət deyil. Məlumdur ki, Ağ Evin yeni administrasiyası daim qarşılıqlı güzəştlərin zəruriliyi tezisindən çıxış edir. Təqdim olunan sülh planında da Ukraynanın bir sıra maksimalist planlarından geri çəkilməsi istənilir. O cümlədən;
- Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılmalı,
- Ukrayna öz Konstitusiyasında NATO-ya qoşulmayacağını təsbit etməyə və NATO öz nizamnamələrinə Ukraynanın gələcəkdə qəbul edilməyəcəyi barədə müddəa daxil etməli,
- Ukrayna Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq nüvəsiz dövlət olmağa razılaşmalı.
Sənədə əsasən, Ukraynanın ən böyük itkilərindən biri müəyyən ərzilərin təhvil verilməsinin nəzərdə tutulması sayıla bilər. İndiyədək Kiyev Rusiyanın məlum şərtlərinə “bir qarış da ərazi verməyəcəyik” cavabını səsləndirirdi. Trampın təqdim olunan planında isə:
- Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq.
-Xerson və Zaporojye təmas xətti boyunca dondurulacaq ki, bu da təmas xətti boyunca de-fakto tanınma deməkdir.
- Rusiya beş bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək.
- Ukrayna qüvvələri hazırda Donetsk vilayətinin nəzarət etdikləri hissəsindən geri çəkiləcək və bu geriçəkilmə zonası beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınan neytral silahsızlaşdırılmış bufer zonası hesab ediləcək. Rusiya qüvvələri bu silahsızlaşdırılmış zonaya daxil olmayacaq.
-Gələcək ərazi razılaşmaları barədə razılığa gəldikdən sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc yolu ilə dəyişdirməməyi öhdələrinə götürür. Bu öhdəliyin pozulması halında heç bir təhlükəsizlik zəmanəti tətbiq olunmayacaq.
-Rusiya Ukraynanın Dnepr çayından kommersiya fəaliyyəti üçün istifadəsinə mane olmayacaq və Qara dəniz üzərindən taxılın pulsuz daşınması barədə razılaşmalar əldə ediləcək.
Sadalanan bəndlər Ukraynanın faktiki olaraq qeyd olunan ərazilər üzərində suverenliyini itirməsi anlamına gəlir. Seçki tələbi də ən azından Ukraynanın indiki hakimiyyəti üçün daha bir arzuolounmaz məqam kimi dəyərləndirilə bilər. Ölkədə 100 gün ərzində seçkilər keçirilməsi Ukraynanın qarşısına tələb kimi qoyulur. Bəzi analitiklər bu tələbin Zelenskinin əvəzlənməsi, daha loyal bir siyasi fiqurun hakimiyyətə gətirilməsinə hesablandığını bildirirlər.
Şərtlər müqabilində geniş bərpa planı
Təqdim olunan sənəddə Ukraynanın qarşısına qoyulan şərtlərlə razılaşacağı təqdirdə ölkənin geniş bərpa planı təklif olunur. O cümlədən Ukraynanın yenidən qurulması üçün güclü qlobal tədbirlər paketinə aşağıdakılar daxildir:
- Texnologiya, data mərkəzləri və süni intellekt də daxil olmaqla, sürətlə inkişaf edən sənaye sahələrinə investisiya qoymaq üçün Ukrayna İnkişaf Fondunun yaradılması.
- Amerika Birləşmiş Ştatları Ukraynanın qaz infrastrukturunu, o cümlədən boru kəmərləri və saxlama obyektlərini birgə yenidən qurmaq, inkişaf etdirmək, modernləşdirmək və idarə etmək üçün Ukrayna ilə əməkdaşlıq edəcək.
- Şəhərlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün müharibədən zərər çəkmiş ərazilərin bərpası üzrə birgə səylər.
- İnfrastrukturun inkişafı.
- Minerallar və təbii sərvətlərin çıxarılması.
- Dünya Bankı bu səyləri sürətləndirmək üçün xüsusi maliyyələşdirmə paketi hazırlayacaq.
Kiyevdən Tramp planına Ukrayna Prezidenti Ofisinin bəyanatı ilə münasibət bildirilib: “Rusiyanın hücumunun ilk saniyələrindən Ukrayna sülhə can atır və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün təklifləri dəstəkləyirik. Bu ilin əvvəlindən Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq təkliflərini dəstəkləyib”, - deyə məlumatda vurğulanıb.
Məlumatda qeyd edilib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ, Avropa İttifaqı və bütün dünyada tərəfdaşları ilə konstruktiv əməkdaşlığa hazırdır.
“Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və sülh üçün lazım olan əsas məqamları müzakirə etməyi gözləyir”, - deyə Prezident Ofisindən bildirilib.
Rusiya qlobal iqtisadiyyata yenidən inteqrasiya edəcək
Tramp planında müharibənin digər tərəfi olan Rusiya üçün də bir sıra şərtlər nəzərdə tutulub. Məlumdur ki, son illərdə Avropada müharibə kabusu dolaşmaqdadır. Aİ rəsmiləri və ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları həyəcan təbili çalaraq bildirirlər ki, Rusiya Ukraynada dayanmayacaq, mütləq qaydada müharibənin arealını genişləndirəcək. Hazırda Polşada, Almaniyada, Fransada, Finlandiyada və digər ölkələrdə mümkün Rusiya hüçümlarının qarşısını almaqdan ötrü ciddi müharibə hazırlıqları görülür. O cümlədən, hərbi büdcə artırılır, silah istehsalı genişləndirilir, insanlar kritik vəziyyətə hazırlanır. Tramp planında isə Avropaya Rusiya müdaxiləsi ssenarisinə “yox” deyilir. Beləliklə,
- Rusiya, Ukrayna və Avropa arasında qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlanacaq. Son 30 ilin bütün qeyri-müəyyənlikləri həll olunmuş hesab ediləcək.
- Rusiya qonşu ölkələrə hücum etməyəcək və NATO daha da genişlənməyəcək.
- Qlobal təhlükəsizliyi təmin etmək, əməkdaşlıq və gələcək iqtisadi inkişaf üçün imkanları artırmaq məqsədilə bütün təhlükəsizlik məsələlərini həll etmək və gərginliyin azaldılmasına şərait yaratmaq üçün ABŞ-ın vasitəçiliyi ilə Rusiya ilə NATO arasında dialoq aparılacaq.
- Rusiya Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsbit edəcək,
- ABŞ və Rusiya START I Müqaviləsi də daxil olmaqla, nüvə silahlarının yayılmaması və nəzarəti haqqında müqavilələrin qüvvədə olma müddətini uzatmaq barədə razılığa gələcək.
Təqdim olunan sülh planında Rusiya üçün böyük önəm daşıyan müddəalardan biri sanksiyaların götürülməsi ilə bağlıdır. Müharibənin əvvəlindən etibarən Aİ və ABŞ bir neçə mərhələdə Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edib. Hazırda Avropa İttifaqı bu ölkəyə qarşı yeni, sayca 20-ci sanksiyalar paketini tətbiq etməyə hazırlaşır. Bu sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanın maliyyə gəlirlərini azaltmaq və bu yolla müharibə aparmaq imkanlarını tükətməkdən ibarətdir. Əsas pozisiyalardan biri isə Rusiyadan enerji məhsullarının ixracının qarşısını almaqdır. Tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatına güclü təsir göstərir.
Tramp planına əsasən isə Rusiya qlobal iqtisadiyyata yenidən inteqrasiya olunacaq. Sanksiyaların ləğvi mərhələli şəkildə, hər bir hal üçün ayrıca müzakirə ediləcək və razılaşdırılacaq. Amerika Birləşmiş Ştatları enerji, təbii sərvətlər, infrastruktur, süni intellekt, məlumat mərkəzləri, Arktikada nadir torpaq metallarının çıxarılması layihələri və digər qarşılıqlı faydalı korporativ imkanlar sahələrində qarşılıqlı inkişaf üçün uzunmüddətli iqtisadi əməkdaşlıq müqaviləsi bağlayacaq. Rusiya G8-ə yenidən qoşulmağa dəvət olunacaq. Dondurulmuş vəsaitlər aşağıdakı kimi istifadə olunacaq:
- Dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları ABŞ-ın rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq;
- ABŞ bu layihədən əldə edilən mənfəətin 50 faizini alacaq. Avropa Ukraynanın yenidən qurulması üçün mövcud investisiyaların həcmini artırmaq üçün 100 milyard dollar əlavə edəcək. Dondurulmuş Avropa vəsaitləri açılacaq. Dondurulmuş Rusiya vəsaitlərinin qalan hissəsi müəyyən sahələrdə birgə layihələr üçün ABŞ-Rusiya investisiya mexanizminə yatırılacaq. Bu fond münasibətlərin möhkəmləndirilməsinə və münaqişəyə qayıtmamaq üçün güclü stimul yaratmaq məqsədilə ortaq maraqların artırılmasına yönəldiləcək.
Eyni zamanda, bu müqavilənin bütün müddəalarına riayət olunmasını təşviq və təmin etmək üçün təhlükəsizlik məsələləri üzrə birgə Amerika-Rusiya işçi qrupu yaradılacaq.
Avropadan reaksiya...
Avropadan etirazlar özünü çox gözlətməyib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Tramp administrasiyasının hazırladığı “sülh planı”na qarşı çıxıb.
Kallas bildirib ki, hər hansı planın işləməsi üçün ukraynalıların və avropalıların dəstəyi vacibdir və bu münaqişədə “bir aqressor və bir qurbanın olduğu” açıq şəkildə görünür. Onun sözlərinə görə, Rusiya həqiqətən sülh istəyirdisə, çoxdan şərtsiz atəşkəsə razılaşardı, lakin mülki əhali hələ də bombardman edilir. O həmçinin vurğulayıb ki, Aİ ABŞ-ın hazırladığı plana cəlb olunmayıb.
K.Kallasın açıqlaması o anlama gəlir ki, Aİ birmənalı şəkildə sülh prosesndə yer almaq istəyir. Əslində, bu, müəyyən mənada məntiqli görünür. Çünki indiyədək Ukrayna müharibəni böyük dərəcədə Aİ-nin dəstəyi sayəsində davam etdirib. Belə olan halda, Brüsselin özünün sülh planında iştirakını vacib sayması məntiqdən kənar deyil.
Dünən Avropa liderləri müharibənin dayandırılmasına dair ABŞ-Rusiya təklifini müzakirə etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə təcili danışıqlar aparıblar. Telefon danışığında davamlı və ədalətli sülhə nail olunması yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini təsdiqləyiblər.
“Report” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Volodimir Zelenski ilə telefon danışığının nəticələrinə dair Almaniya Federal hökumətinin dərc etdiyi bəyanatda qeyd olunub.
“Dörd lider Birləşmiş Ştatların Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səyləri alqışlayıb. Xüsusilə onlar Ukraynanın suverenliyinə sadiqliyi və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyini alqışlayıblar”, - məlumatda bildirilib.
Bundan başqa, liderlər Avropa və Ukraynanın maraqlarının uzunmüddətli müdafiəsinin vacibliyini vurğulayıblar. Əsas şərtlər arasında təmas xəttinin mümkün qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi kimi tanınması və Ukrayna silahlı qüvvələrinin ölkəni səmərəli şəkildə qorumaq qabiliyyətinin təmin edilməsi yer alır.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















