Rusiyada 22 il əvvəl cinayət törədən şəxslə bağlı QƏRAR
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Ali Məhkəmədə zorlamada təqsirləndirilən Tahir Bəşirzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 29 oktyabr 2003-cü il tarixdə, saat 21:30-dan 22 radələrinədək olan müddətdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində qeydə alınıb.
Belə ki, Tahir Bəşirzadə yetkinlik yaşına çatmayan, 1987-ci il təvəllüdlü zərərçəkmiş Z.Z. (adı, soyadı şərtidir) ilə zorla cinsi əlaqədə olmaq məqsədilə onu aldadıb Rusiya Federasiyasının Ulyanovsk vilayətində yerləşən kəndlərin birində iki otaqlı evə aparıb. O, orada tanışı ilə birlikdə alkoqol təsirindən sərxoş halda olduğu üçün köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin müqavimət göstərəcəyi və qışqıracağı halda öldürəcəkləri ilə hədələyib. Sonra onlar qıza qarşı fiziki zor tətbiq etməklə, öldürmə hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək cinsi əlaqədə olub zorlayıblar.
Hadisədən uzun müddət sonra Tahir Bəşirzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.
Kamal Məmmədov

