Icma.az
close
up
RU
Rusiyadan “təmkinli qərar”...

Rusiyadan “təmkinli qərar”...

Ballistik raket atəşinə yeni “Nüvə Doktrinası” cavabı...

Kreml Qərbə hansı mesajı verdi?

ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verməsi münaqişəni daha fərqli müstəvilərə daşıya bilər. Xatırladaq ki, bu hücumlarda istifadə edilən ATACMS raketlərinin uçuş məsafəsinin 190 mil və ya 305 km olduğu bildirilir. Rusiya isə çərşənbə axşamı günü Ukrayna tərəfindən ərazisinə ABŞ-ın verdiyi uzaqmənzilli raketlərlə hucum edildiyini bildirib. Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Ukrayna səhər saatlarında Rusiyanın Bryansk vilayətinə zərbələr endirərkən Ordu Taktik Raket Sistemindən (ATACMS) istifadə edib.

Prezidentin imzası ilə təsdiqləndi...

Bu isə Rusiyanın daha ciddi şəkildə müdafiə səddi formalaşdırması ilə müşayət olunmaqdadır. Belə ki, Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Rusiya hərbi kosmik hücum silahlarının, o cümlədən PUA-ların kütləvi şəkildə havaya qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat əldə edərsə, nüvə silahından istifadə edə bilər. Doktrinanın əsas prinsipi nüvə silahının ölkənin suverenliyini qorumaq üçün son vasitə olmasından ibarətdir.

Fərmanda qeyd olunur ki, potensial düşmənin Rusiya və ya müttəfiqlərinə qarşı təcavüzündən qorunmanın təmin edilməsi ölkənin ən yüksək dövlət prioritetlərindən biridir. Sənəddə vurğulanır ki, nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasəti müdafiə xarakteri daşıyır.

Sənədə əsasən, hərbi koalisiyaya daxil olan hər hansı bir dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə, koalisiyanın təcavüzü hesab olunacaq. Bundan əlavə, qeyri-nüvə dövlətinin nüvə dövlətinin iştirakı, yaxud dəstəyi ilə Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü onların birgə hücumu sayılacaq. Hərbi infrastrukturunu Rusiya ərazisinə yaxınlaşdıran hərbi koalisiyaların yaradılması və ya genişləndirilməsi ölkəyə qarşı təhlükə hesab olunacaq və bu təqdirdə də nüvə silahının qarşısının alınması strategiyası tətbiq edilə bilər.

Bu cür təhdidlərə potensial düşmən tərəfindən Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlərin planlaşdırılması və keçirilməsi də daxildir. Rusiya hərbi kosmik hücum silahlarının, o cümlədən PUA-ların kütləvi şəkildə havaya qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat əldə edərsə, nüvə silahından istifadə edə bilər.

Yeni sənəd hansı ehtiyacdan irəli gəlib?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edən Fərmanı şərh edərək jurnalistlərlə bildirib ki, Rusiya dövlətinin nüvə silahının qarşısının alınması sahəsində siyasətinin əsasları həm də potensial düşmənlərin Rusiyaya və onun müttəfiqlərinə qarşı təcavüzü halında cavab tədbirlərinin qaçılmazlığını nümayiş etdirir. Onun sözlərinə görə, yeni sənəd bu sahədə dövlət siyasətini mövcud vəziyyətə uyğunlaşdırmaq ehtiyacından irəli gəlib. O, nüvə doktrinasının yenilənmiş variantının dərc olunmasının Vaşinqtonun Kiyevə Amerika raketləri ilə Rusiya ərazisinin dərinliklərinə hücum etməyə icazə verməsi ilə əlaqəsi barədə suala cavabında deyib ki, sənəd “vaxtında dərc edilib”.

Nüvə doktrinası nədir?

Qeyd edək ki, Rusiyanın nüvə doktrinası nüvə silahının istifadəsi sahəsində əsas sənədidir. Rəsmi adı “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” olan sənəd hərbi doktrina ilə yanaşı, Rusiyanın təhlükəsizliyinə yarana biləcək təhdidlərin zərərsizləşdirilməsinə istiqamətlənib. Yeni redaksiya artıq Prezident Putinin imzası ilə dünən təsdiqlənib.

Sənəd nüvə silahından istifadə təhlükəsi ilə potensial hücumun qarşısını almaq üçün tədbirlər kompleksi də sayılır. Bu sənədin ilkin variantı 2000-ci ilin aprelində qəbul edilmiş ilk dövlət hərbi doktrinasında əks olunmuşdu. Bu müddəalar beynəlxalq sabitliyi və sülhü qoruyan amil kimi qiymətləndirilmişdi - oxşar müddəalar prezident Dmitri Medvedev tərəfindən 2010-cu il fevralın 5-də imzalanmış növbəti hərbi doktrinada da yer almışdı. Nüvə doktrinası 2 iyun 2020-ci ildə prezident Putinin “Nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsasları haqqında” Fərmanı ilə “müstəqillik” qazandı. Hərbi doktrina ilə müqayisədə bu sənəd Rusiyanın hansı şərtlər altında nüvə silahından istifadə edə biləcəyini ətraflı təsvir edir.

 - Rusiya öz ərazisinə və ya müttəfiqlərinin ərazisinə hücum edən ballistik raketlərin buraxılması barədə etibarlı məlumat aldığı təqdirdə;

- Rusiyaya və ya onun müttəfiqlərinə qarşı nüvə silahından və ya digər kütləvi qırğın silahlarından istifadə ediləcəyi halda;

- Rusiyanın mühüm hökumət və ya hərbi obyektləri hədəfə alındığı təqdirdə; - Adi silahlardan istifadə etməklə dövlətin mövcudluğunu təhdid altına salacaq hücumlar olan zaman Rusiya “nüvə reaksiyasını” poza bilər.

Təsadüf, yoxsa zərurət?

Siyasi ekspertlər imzalanan Fərmanın Ukraynanın ATACMS hücumu ilə sadəcə üst-üstə düşdüyü fikrindədir - buna arqument kimi isə, Rusiya rəhbərliyinin 2024-cü il iyunun əvvəlindən nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyünü iirəli sürməsi göstərilir. Bu ilin sentyabrında Vladimir Putin sözügedən dəyişiklikləri Təhlükəsizlik Şurasının iclasında elan etmişdi. Ötən müddət ərzində Rusiyanın müdafiə və xarici işlər nazirlikləri, eləcə də Təhlükəsizlik Şurasının aparatı redaktə üzərində işləyib.

Siyahı genişləndirilib...

Yeni doktrina Rusiyanın nüvə silahından istifadə etməsi üçün şərtlərin siyahısını da genişləndirir. Artıq şərtlər dörddən beşə qaldırılır. Yeni şərt isə belədir: “Aerokosmik hücum silahlarının (strateji və taktiki təyyarələr, qanadlı raketlər, pilotsuz, hipersəs və digər təyyarələr) kütləvi şəkildə buraxılması (havaya qalxması) və onların Rusiya Federasiyası dövlət sərhədindən keçməsi haqqında etibarlı məlumatın alınması təqdirində...”

Nüvə silahının istifadəsi üçün əvvəlki doktrinada yer alan daha iki şərtə isə əlavələr olunub.

Ölkələrin nə qədər “nüvəsi” var?

Xatırladaq ki, açıqlanan son statistik rəqəmlərə görə, dünyada ümumilikdə 12,500-13,000 arasında nüvə döyüş başlığı mövcuddur. Bunların təxminən 90 faizi ABŞ və Rusiyanın arsenalına daxildir. Digər ölkələr isə kiçik və regional çəkindirmə məqsədlərinə uyğun arsenal saxlayır. Nüvə dövlətləri də iki kateqoriyaya ayrılır:

Rəsmi nüvə dövlətləri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri):

- Rusiya dünya üzrə ən böyük nüvə arsenalına malikdir - təxminən 4,500 dən artıq aktiv döyüş başlığına sahibdir. Rusiyanın həm də modernləşdirilmiş qitələrarası raket texnologiyası mövcuddur;

- ABŞ isə təxminən 3,700 aktiv döyüş başlığı ilə siyahıda ikinci yeri tutur. ABŞ da strateji müdafiə üçün istifadə olunan qitələrarası ballistik raketlərə sahibdir.;

- Çində isə təxminən 400 dən artıq nüvə başlığı var;

- Fransa son statistikaya göbrə 290 nüvə başlığına sahibdir və bu arsenal əsasən sualtı gəmilərdə yerləşdirilib;

- Böyük Britaniyanın isə təxminən 225 başlıqdan ibarət arsenalı var ki, bu ölkənin də müdafiə strategiyası əsasən sualtı bazalara yönəldilib.

Rəsmi olmayan nüvə dövlətlərinə gəldikdə isə:

- Hindistanın təxminən 164 nüvə başlığı var. Hindistan nüvə potensialını həm Pakistan, həm də Çin ilə münasibətləri nəzərə alaraq inkişaf etdirir.

- Pakistanın isə 170 nüvə başlığının olması bildirilir. Pakistan isə nüvə strategiyasını əsasən Hindistana qarşı balans yaratmaq məqsədilə formalaşdırıb.

- Şimali Koreyada təxminən 30-40 başlıq mövcuddur. Şimali Koreya əsasən strateji və regional çəkindirmə məqsədlərinə yönəlmiş proqramlarla məşğuldur.

- İsrailin isə rəsmi olaraq təsdiq etməsə də, təxminən 90 nüvə başlığına sahib olduğu bildirilir.

Çin yeganə ölkədir ki...

Nüvə silahına malik ölkələrdə isə nüvə doktrinası da mövcuddur - Birləşmiş Ştatlar 2022-ci ildə təsdiqlənmiş “Nüvə Siyasətinin İcmalı”nda (Nuclear Posture Review) nüvə silahının hansı şərtlər altında istifadə oluna biləcəyini açıqlamır. Sənədə görə, “Birləşmiş Ştatlar nüvə silahından yalnız ekstremal şəraitdə ABŞ və ya onun müttəfiqlərinin, tərəfdaşlarının həyati maraqlarını qorumaq üçün istifadə etməyi nəzərdən keçirə bilər”. Sənədə əsasən, ABŞ nüvə silahı olmayan dövlətlərə qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır. Eyni zamanda, ilk zərbədə nüvə silahından istifadə edilməməsi ilə bağlı ifadə son redaktə zamanı sənəddən çıxarılıb.

Böyük Britaniyanın nüvə silahından istifadə prinsipləri 2023-cü ilin martında qəbul edilmiş xarici siyasət doktrinasında ifadə olunub. Ölkə NATO müttəfiqlərinin müdafiəsi də daxil olmaqla, “yalnız özünümüdafiə üçün ekstremal şəraitdə” ondan istifadə etməyə hazırdır.

Fransa nüvə silahlarına yanaşmasını oxşar şəkildə müəyyənləşdirir - “Strateji İcmal”da (2022) “həyati maraqları” qorumaq üçün bu cür silahlardan istifadə etməyə hazır olduğu bildirilir.

Çin yeganə ölkədir ki, onun doktrinasında nüvə silahından ilk istifadə etməməklə bağlı müddəa var. 2019-cu ildə nəşr olunan “Yeni erada Çinin Milli Müdafiəsinə dair Ağ Kitab”ın onuncu nəşrində Pekinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə etməyəcəyi vurğulanır.

P.SADAYOĞLU

seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri