Icma.az
close
up
RU
Bakı təmkinli praqmatizmə köklənib

Bakı təmkinli praqmatizmə köklənib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın Rusiya ilə xoşməramlı davranışı onun ortaq keçmişə sadiqliyinin göstəricisidir

2025-ci ilin ortalarından etibarən Azərbaycanın informasiya məkanına nəzərəçarpacaq şəkildə artan dezinformasiya və təbliğat hücumları qeydə alınır. Xüsusilə, rusdilli “Telegram” kanallarında və Kremlə yaxın bloqçuların çıxışlarında Azərbaycan əleyhinə koordinasiyalı, ardıcıl və tematik şəkildə yönəlmiş narrativlər müşahidə olunur. Kanallar Azərbaycanı qəsdən Ukraynanı dəstəkləməkdə, Qərbə “xidmət etməkdə”, “türkləşmə planı” aparmaqda və hətta Rusiyaya qarşı “etnik təxribatlar”da ittiham edirlər.

Əslində, bu cür ritorika Rusiya tərəfindən əvvəllər də müxtəlif postsovet ölkələrinə – Gürcüstan, Moldova, xüsusilə Ukraynaya qarşı yönəldilirdi. Lakin Azərbaycanın hədəfə alınması daha çox Bakının müstəqil və balanslaşdırılmış xarici siyasətinə cavab reaksiyası kimi görünür. Rusiya üçün yeni reallıq mövcuddur: o, əvvəllər tam nəzarət etdiyi Cənubi Qafqazda artıq öz təsir imkanlarının sürətlə zəiflədiyini müşahidə edir. Beləliklə, hibrid informasiya hücumu yalnız ictimai fikrə deyil, həm də siyasi iradəyə təzyiq alətinə çevrilib.

Ən təhlükəli cəhət isə bu proseslərin süni şəkildə “xalqın səsi” adı altında legitimləşdirilməsidir. Sosial mediada yaradılmış bot şəbəkələri, saxta hesablar və koordinə olunmuş paylaşımlar ictimai rəyi manipulyasiya etmək və hökumətin qərarlarına təzyiq göstərmək məqsədi daşıyır. Reallıqda isə bu “emosional qəzəb”in arxasında Rusiya xüsusi xidmət orqanlarına yaxın strukturlar və təbliğat mərkəzləri dayanır.

Hazırkı informasiya təzyiqlərinin arxasında təkcə təbliğat niyyəti deyil, son bir ildə baş verən konkret, dramatik hadisələrin yaratdığı siyasi atmosfer dayanır. Hadisələrin başlanğıc nöqtəsi isə 2024-cü ilin dekabrında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli qəzasıdır. Hadisə, əslində, Azərbaycan cəmiyyətində daha geniş şübhə və narahatlıq dalğası doğurdu: ölkə daxilində Rusiyanın təsir imkanlarının həddi, təhlükəsizlik sisteminə potensial sızmalar və informasiya müstəvisində asılılıq məsələləri yenidən gündəmə gəldi.

***

Yekaterinburqda polis tərəfindən saxlanılan azərbaycanlılara qarşı zorakılıq nəticəsində baş verən iki ölüm hadisəsi bu prosesin dramatik zirvələrindən biridir. Hadisə diplomatik və hüquqi müstəvidə böyük əhəmiyyət daşıyır. Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında yaradılmış birgə istintaq çərçivəsində hadisənin obyektiv və şəffaf araşdırılması üçün hüquqi əməkdaşlıq başlanıb. Baş prokuror Kamran Əliyevin verdiyi məlumata əsasən, Azərbaycan tərəfi Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı artıq cinayət işi başlayıb. Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu ilə mütəmadi əlaqələr saxlanılır.

2025-ci ilin fevralında isə bu gərginlik daha bir sahəyə – informasiya təhlükəsizliyinə sirayət etdi. Azərbaycanın aparıcı onlayn media platformalarına qarşı genişmiqyaslı kiberhücumlar baş verdi. Bu hücumların texniki izləri və İP-lərin mənbəyi üzrə araşdırmalar Rusiyadakı bir neçə haker qruplaşmasına kimi aparıb çıxardı. Azərbaycan Kiber Təhlükəsizlik Agentliyi bu hücumların arxasında dövlət dəstəyi ilə həyata keçirilən sistemli təxribat aktının dayandığını bəyan etdi.

Beləliklə, 2024-cü ilin sonundan başlayan hadisələr zənciri – təyyarə qəzası, onun ardınca kiberhücumlar – Azərbaycan ictimai rəyində və dövlət strukturlarında Rusiyaya olan inamı sarsıtdı. Eyni zamanda, bu gərginlik fonunda baş verənlər Azərbaycanın beynəlxalq tərəfdaşları–xüsusilə Qərb ölkələri və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməyə təkan verdi.

2023-cü ilin sentyabrında Qarabağda qalmış erməni silahlı birləşmələrinə qarşı keçirilən lokal antiterror əməliyyatı isə post-müharibə mərhələsinin strateji yekununa çevrildi. Azərbaycan dövləti bu əməliyyatla həm öz suverenliyini tam bərpa etdi, həm də regionda Rusiya sülhməramlılarının ziddiyyətli rolunu gündəmə gətirdi. Moskvanın bölgədəki “sabitləşdirici aktor” obrazı tamamilə sarsıldı. Yeni geosiyasi reallıq, təbii ki, Kremlin narahatlığını artırdı. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi və enerji əməkdaşlığının dərinləşməsi və xüsusilə NATO ilə IPAP (Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı) çərçivəsində intensiv əməkdaşlıq Kremldə Azərbaycanın “nəzarətdən çıxması” kimi qəbul edilir. Bundan əlavə, Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığı da Rusiyanın təsir dairəsinin tədricən daralmasına səbəb olur. Bakı Avropanın əsas təbii qaz təchizatçılarından birinə çevrilib. Rusiya bunu ona yönələn həm iqtisadi, həm də geosiyasi zərbə sayır. Xüsusilə, Ukrayna müharibəsi fonunda Avropanın enerji diversifikasiyası siyasətində Azərbaycanın rolu Kreml tərəfindən “geostrateji xəyanət” kimi qiymətləndirilir.

Narahatlığın açıq ifadəsi Prezident İlham Əliyevin 2025-ci ilin yayında keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bəyanatdan sonra müşahidə olundu. Prezidentin Ukraynaya ünvanladığı “heç vaxt işğalla razılaşmayın” çağırışı Rusiyanın propaqanda maşınını dərhal hərəkətə keçirdi. Bəyanat rəmzi xarakter daşımaqla yanaşı, beynəlxalq hüququn və suverenliyin müdafiəsinin birmənalı dəstəyi idi. Lakin Kreml bunu “Ukrayna mövqeyinə açıq dəstək” kimi qəbul etdi və Azərbaycana qarşı yeni informasiya hücumlarının başladılmasına rəvac verdi.

Nəticə etibarilə, Azərbaycan beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlığa və balanslı siyasətə əsaslanan yeni geosiyasi identitetini formalaşdırıb. Bütün bu amillər Rusiya üçün əlverişli deyil, çünki onun regiona münasibətdə illərlə yaratdığı “vassallıq modelinə” tamamilə ziddir. Məhz buna görə Azərbaycan artıq təkcə Cənubi Qafqazın siyasi xəritəsində yox, Kreml strateqlərinin “təhlükə xəritəsində” də yer alır.

***

Rusiya uzun müddətdir ki, keçmiş SSRİ məkanında öz təsir dairəsini ideoloji və mədəni manipulyasiya üsulları ilə qorumağa çalışır. “İdeoloji qardaşlıq” retorikası, hər şeydən əvvəl, ölkələrin siyasi elitalarına yönəlib. Kremlin propaqandası belə bir tezisi təbliğ edir: guya Rusiyanın təsir dairəsindən çıxmaq tarixi yaddaşa, ortaq keçmişə və “əsl mədəni kodlara” xəyanət etmək deməkdir. Azərbaycan isə bu mədəni-ideoloji təsir cəhdlərinə qarşı ən sərt müqavimət göstərən ölkələrdən biridir. İlk növbədə, Azərbaycan öz milli-mədəni dəyərlər sistemini – türk kimliyinə, İslam sivilizasiyasına və çoxmədəniyyətli tarixə əsaslanan inteqrativ modeli prioritet kimi saxlayır. Kreml isə bu müqaviməti mədəniyyət və dəyərlər üzərindən bir növ “qarşı çıxış” kimi qavrayır. Onun gözündə Azərbaycanın türk-müsəlman kimliyini ön plana çəkməsi və bu dəyərlər əsasında modern dövlət modelini formalaşdırması “Moskvaya xəyanət” kimi təqdim olunur. Amma, əslində, bu, suveren düşüncə tərzinin və postimperial əsarətdən çıxışın təbii nəticəsidir.

Son aylar Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan yumşalma və qarşılıqlı siyasi iradənin artması, Cənubi Qafqazda yeni sülh arxitekturasının formalaşması üçün real ümidlər yaratdıb. Sərhədin delimitasiyası prosesində əldə olunan razılaşmalar, diplomatik kanalların aktivləşməsi, liderlərin mülayim və praqmatik ritorikaya keçməsi bu ümidləri daha da gücləndirir. Məhz buna görə Azərbaycan–Ermənistan münasibətlərindəki müsbət dinamika fonunda baş verən təxribatların üst-üstə düşməs təsadüfi deyil. Rusiya öz ənənəvi metodlarına uyğun şəkildə, informasiya sızmaları, provokativ “istintaq detalları” və regionda sabitliyi poza biləcək siyasi mesajlar vasitəsilə bu prosesə əngəl törətməyə çalışır.

Xüsusilə, Laçın və Zəngəzur dəhlizləri ətrafındakı narahatlıqlar, sərhəd insidentləri və Moskva mediasında yayımlanan “gizli diplomatiya” materialları Bakı ilə İrəvan arasında etimad mühitini zədələməyə hesablanmış alətlərdir. Belə demək olar ki, bu, bir növ etimad pozuculuğu texnikasıdır – dialoqu zəhərləmək, tərəfləri yenidən “vasitəçi”yə möhtac hala gətirmək.

Azərbaycanın bu təxribatlara qarşı ortaya qoyduğu sakit, prinsipial və strateji təmkin, əslində, regionun sabit gələcəyinə sadiqliyinin göstəricisidir. Moskva isə öz nəzarətində olan KTMT, MDB və digər platformalar vasitəsilə sabitliyin təminatçısı rolunu oynamaq əvəzinə, regional güc balansına yönəlmiş zərif diplomatik təşəbbüslərə qarşı sabotaj yürüdür.

Ən vacibi isə budur: Azərbaycan və Ermənistan xalqı sülh istəyir. Rusiya mediasının və siyasi dairələrinin bu istəyi kölgələmək cəhdləri artıq cəmiyyətlərdə o qədər də təsirli olmur. Çünki müharibədən bezmiş iki xalq gələcəyə baxmaq, iqtisadi rifah və regional əməkdaşlıq şəraitində yaşamaq istəyir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri