Icma.az
close
up
RU
“Rusiyanın Cənubi Qafqazın 3 ölkəsi ilə 3 fərqli strategiyası var...”

“Rusiyanın Cənubi Qafqazın 3 ölkəsi ilə 3 fərqli strategiyası var...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bütün bu siyasətlərin bir də ortaq birləşdiricisi də var – “mənimlə əməkdaşlığa son qoysanız, sizinlə müharibə edə bilərəm” təhdidi”...”

“Ukrayna cəbhəsində yaşadığı uğursuzluqlar digər post-sovet məkanlarının da Rusiyadan uzaqlaşmaq səylərini artırıb. Bu, əsasən Cənubi Qafqaz və Mərkəzi Asiya xəttində özünü göstərir. Mərkəzi Asiyada Qazaxıstan NATO standartlarına uyğun silah sənayesi qurmağa çalışır, Cənubi Qafqazda isə Azərbaycan bir ay əvvələ qədər özünün əzəli düşməni hesab etdiyi Ermənistana rus təsir dairəsindən uzaqlaşmaq üçün logistik dəstək verir. Bu da sözsüz ki, Rusiyanı qıcıqlandırır. Moskva öz imperialist maraqlarına böyük təhdid kimi gördüyü bu proseslərin qarşısını almaq üçün region ölkələrinə müxtəlif təzyiqlərə əl atır. Qazaxıstanın öz hərbi sənayesini qurmaq səylərini Rusiyaya qarşı yönəlmiş “qeyri-dost” hərəkət kimi qiymətləndirən Moskva Azərbaycana əlində girov kimi saxladığı həmvətənlərimizi sıxışdırmaqla cavab vermək istəyir. Cənubi Qafqazın digər üzvü Gürcüstanı isə Abxaziya və Cənubi Osetiya ilə şantaj edərək özünə bağlamağa çalışır.”  

Siyasi şərhçi Heydər Oğuz  bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiyanın Zəngəzur yolu -TRIPP nəqliyyat-kommunikasiya layihəsinə qarşı son həmlələrini necə dəyərləndirmək olar?” sualını cavablandırarkən ifadə edib.

Heydər Oğuzun fikrincə, Rusiya hərbi qüvvələrinin Qara dənizdə Türk gəmilərinə hücumları da Cənubi Qafqaz və Mərkəzi Asiyada yaşanan proseslərlə birbaşa bağlıdır: 

“Rusiya bu təxribatlarla göstərmək istəyir ki, Ankara Türk dünyası ilə bağlı geo-siyasi layihələrini dayandırmasa, Ukrayna savaşını Qara dənizə daşıya və Türkiyə ilə ağır döyüşlərə girə bilər. Təbii ki, Ankara məlum təhdidlər qarşısında geri çəkilmək istəmir və bunun blövdən başqa bir şey olmadığını anlayır.

Rusiyanın ən ciddi təzyiqləri isə Cənubi Qafqazda özünü büruzə verir. Regionumuzda ən ciddi təzyiqlər Ermənistana edilir. Bir tərəfdən, özünə bağlı qüvvələri aktivləşdirən Rusiya digər tərəfdən də erməni dini liderlərini meydana çıxarmağa çalışır”.

Siyasi şərhçi hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqinin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə bir neçə gün əvvəl verdiyi müsahibə Moskvanın Cənubi Qafqazla bağlı narahatlığını açıq şəkildə inikas etdirir: 

“Müsahibəsində Cənubi Qafqazda son zamanlar baş verənləri Qərb ölkələrinin Rusiyaya qarşı “qaydasız döyüşü adlandıraraq bildirib: 

“Regionda baş verən hadisələr həmişə birbaşa Rusiyaya, xarici və daxili təhlükəsizliklə bağlı maraqlarımıza, iqtisadiyyata təsir edib. Məhz buna görə də qərblilər başladıqları “qaydasız döyüş” çərçivəsində dağıdıcı cəhdlərini gücləndiriblər. Onlar Cənubi Qafqazı “qarışdırmağa”, region dövlətləri ilə Rusiya arasında münasibətlərə zərbə vurmağa, bizi parçalamağa çalışırlar. Bu, yaratmaq yox, bölmə siyasətidir. Axı bir çox Qərb ölkələri üçün Cənubi Qafqaz Rusiya üçün potensial ağrı nöqtəsindən başqa bir şey deyil. Əsas məqsəd başqa dövlətlərin maraqları hesabına ölkəmizə ziyan vurmaq, daha bir regionu anti-Rusiya planlarına doğru çəkməkdir”.

Kaluqin Qərbin anti-Rusiya planları doğrultusunda Cənubi Qafqazda həyata keçirdiyi siyasətlərə nümunə olaraq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistanı Rusiya əleyhinə “sanksiya koalisiyasına” qoşulmağa çağırmasını misal göstərib. Deyib ki, “Aİ rəsmisi Brüsselin aqressiv, bölücü gündəmini ifşa edərək, sözün əsil mənasında bir etirafda bulunub”.

Kaluqinin iddiasına görə, Rusiya Cənubi Qafqazda “regional problemlərin regional həlli” prinsipini təbliğ edir, Azərbaycanın bir neçə il əvvəl irəli sürdüyü 3+3 Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, üstəgəl Rusiya, İran və Türkiyə) düsturu əsasında öz işini qurmaq istəyir. Rus rəsmisi deyib ki, Azərbaycan tərəfindən təklif olunan bu konsepsiya əhəmiyyətli potensiala malikdir: “Platformanın üç iclası keçirilib. 2024-cü ilin oktyabrında İstanbulda keçirilən nazirlərin sonuncu görüşünün yekun kommünikesində mübahisələrin həlli yolu ilə iqtisadi və ticarətin inkişafı üçün imkanlar yaradan etimad, firavanlıq və əməkdaşlığın gücləndirilməsində regional qarşılıqlı fəaliyyətin konstruktiv rolu qeyd edilib. Nəqliyyat, enerji, mədəniyyət, yeni çağırış və təhdidlərin həlli sahələrində əməkdaşlığa başlamaq qərara alınıb. Biz ümid edirik ki, mümkün qədər tez Bakı və İrəvandan xarici işlər nazirlərinin qarşıdakı görüşləri üçün razılaşdırılmış cədvəl alacağıq”, - Kaluqin belə deyib”.

Kaluqin müsahibəsində Azərbaycan barədə xoş sözlər desə də, Cənubi Qafqazın ən zəif həlqəsi olan Ermənistana daha çox yüklənib. Bunun da səbəbi Ermənistanın iqtisadi və siyasi cəhətdən Rusiyadan daha çox asılılığıdır və Kaluqin dolayısıyla da olsa, bunu gizlətməyib. O xatırladıb ki, ABŞ-ın “Tramp yolu” adı altında çəkmək istədiyi Zəngəzur dəhlizi Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yollarının üzərində qurulur. “Tramp yolu” daha çox rus sərhədçilərinin məsuliyyət zonasından keçəcək. Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü də nəzərə alınanda məlum olur ki, Cənubi Qafqaz ölkələri bunu Rusiyasız edə bilməzlər.

O həmçinin Ermənistan ixracının təxminən 37%-nin, idxalının isə 32%-nin Rusiyanın payına düşdüyünü xatırladaraq bildirib ki, Ermənistanda avtomobil sənayesi, nəqliyyat, neft-qaz, enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində 40-dan çox iri Rusiya biznes layihəsinə start verilib. Çoxlu birgə təhsil və mədəniyyət təşəbbüsləri həyata keçirilir. Rusiya hərbi bazası və sərhədçiləri Ermənistan və bütün Cənubi Qafqaz üçün təhlükəsizliyin əsas elementləri olmaqda davam edirlər və s”.

Ermənistanın Avrasiya İttifaqının üzvü olmasını xatırladan Kaluqin bu üzvlüyün Ermənistanın iqtisadi rifahının, KTMT-də iştirakının isə təhlükəsizliyinin təminatı olduğunu xatırladaraq deyib: Qərblilərdən fərqli olaraq, biz həqiqətən bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qarşılıqlı fəaliyyət göstərə bilirik, qlobal münasibətlərin gələcəyini formalaşdırmaq məqsədi daşıyan dövlətlər və inteqrasiya birlikləri ilə fəal işləyirik. Biz güclü Ermənistanı dəstəkləyirik”.

Ermənistan-Amerika layihəsinin təfərrüatlarının hələ də aydın olmadığını vurğulayan rus diplomatı bu təşəbbüsün parametrlərini, Rusiyanın da bu layihədə mümkün iştirakını müzakirə etmək üçün İrəvanla məsləhətləşməyə hazır olduqlarını bildirib və bu yerdə Ermənistanı eyhamlı üslubla təhdid etməkdən də çəkinməyib. 

“Rusiya vətəndaşlarının və Rusiya bizneslərinin maraqlarının müdafiəsi həmişə bizim əsas prioritetimiz olub və olacaq”, - deyən Kaluqin sözü hərləyib-fırlayıb 6 aydır ki, Ermənistanda həbsdə yatan Samvel Karapetyana gətirib və onun barəsində hələ də məhkəmə hökmünün çıxmadığını xatırladıb. Sanki bununla “Karapetyanın hüquqlarını bəhanə edib Ermənistana hücum edə bilərik” deməyə çalışıb.

Rusiya XİN-in idarə rəhbəri Azərbaycandan danışarkən isə ehtiyatı əldən buraxmayıb. O, deyib:

 “Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında bu il oktyabrın 9-da Düşənbədə keçirilən görüş əlaqələrimizə güclü müsbət təkan verdi. Biz 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Rusiya və Azərbaycan arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannaməyə tam uyğun olaraq, onları hərtərəfli inkişaf etdirməyə sadiqik.

Biz müsbət iqtisadi impuls görürük. 2024-cü ildə dövriyyə 7,7% artaraq 4,4 milyard dollara çatıb. Bizim yaxşı gözləntilərimiz var – bu il 5 milyard dollara çatacağımızı gözləyirik” və s.

Azərbaycanla iqtisadi əlaqələrin arzuolunan səviyyədə olduğunu qeyd edən Kaluqin bizdən əsasən mədəni-humanitar sahədə narazı imiş:

“Etiraf etməliyəm ki, Azərbaycanla mədəni-humanitar əlaqələr hazırda iqtisadi əməkdaşlıqdan xeyli geri qalır. Biz bu vəziyyəti tez bir zamanda düzəltməyə qərarlıyıq”, -deyən rus diplomatın ən ilginc fikirləri Gürcüstanla bağlı olub. Faktiki olaraq Gürcüstanın 2 vilayətini işğal edən Rusiyanın heç olmasa dostluq xətrinə belə bu separatçı mövqeyindən geri çəkilmək fikrində olmadığını vurğulayıb”.

Kaluqinin sözlərindən belə aydın olur ki, Ermənistanı əsasən infstruktur layihələri ilə özünə bağlayan Rusiya Gürcüstanı turizm sektoru qazancları ilə ram etmək niyyətindədir. 

“Rusiya Gürcüstana gələn turistlərin sayına görə liderdir. 2021-ci ildə bu rəqəm 200 min idisə, 2024-cü ildə artıq 1,4 milyonu ötüb. 2025-ci ildə Gürcüstana gələn bütün turist axınının demək olar ki, dörddə biri rusların payına düşüb. İki il əvvəl biz Gürcüstanla birbaşa uçuşları bərpa etdik. İnanıram ki, nəqliyyat sektorunda əməkdaşlığın artırılması, maneələrin aradan qaldırılması və tranzit imkanlarının genişləndirilməsi üçün potensial var. Burada qarşılıqlı fayda göz qabağındadır”, - Kaluqin belə düşünür.

Qısası, Rusiyanın Cənubi Qafqazın 3 ölkəsi ilə 3 fərqli strategiyası var. İqtisadiyyatı Rusiyadan asılı olmayan Azərbaycana əba altından zopa göstərməklə, Ermənistanı bütün infrastrukturuna nəzarət etməklə və təhlükəsizlik arqumentləri ilə, Gürcüstanı isə turizmlə özünə bağlamaq. Təbii ki, bütün bu siyasətlərin bir də ortaq birləşdiricisi də var – “mənimlə əməkdaşlığa son qoysanız, sizinlə müharibə edə bilərəm” təhdidi”. 

Heydər Oğuzun fikrincə, Azərbaycan son zamanlar Qazaxıstan taxılının Ermənistana keçməsinə şərait yaratmaqla və onu benzinlə təchiz etməklə Rusiya təhdidindən çəkinmədiyini nümayiş etdirib: 

“Eyni şəkildə Qazaxıstan və Ermənistan da bu layihədə iştirak etməklə rus xofunun artıq Qafqazda heç kimi diksindirmədiyini ortaya qoydu. Ortada hələlik, bu oyunu pozmağa çalışan Gürcüstan hakimiyyəti var. Hesab edirəm ki, İvanişviliyə bağlı gürcü hökuməti öz əvəzolunmazlığına çox da arxayın olmamalıdır. Bu siyasət Azərbaycanla Ermənistan arasındakı bütün bağlantıların açılmasını tezləşdirə və Gürcüstanın özü təcrid vəziyyətinə düşə bilər. Gürcüstan özgəsinin hamam suyu ilə özünə dost qazanmaq xasiyyətini tərgitməlidir”.

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri