Sabiq başçının rəis oğlunun həbsinin pərdəarxası qüdrətli klanlardan biri sıradan çıxarılır?
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsində (DGK) və digər bir neçə qurumda aparılan son həbslər gündəmə yeni rəng qatıb. Bu saxlanılmalar rezonansa səbəb olub. Çünki həbs edilənlər sıradan gömrük əməkdaşları, digər ququmun nümayəndələri deyillər. Onlar tanınan nəsilləri, qüdrətli klanları təmsil edirlər. İşlərində Xalq şairinin oğlu, keçmiş icra başçısının övladı var.
Əsas diqqətçəkəni Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsidir. Onun Gəncənin keçmiş icra başçısı Rasim Daşdəmirovun oğlu olması isə məsələni daha aktuallaşdırır. Rəşad Daşdəmirovun həbsinin Ramiz Mehdiyev işi ilə bağlı olduğu iddiaları dolaşır. Əgər bu doğru olsa, demək, dövlət daxilində böyük bir şəbəkə formalaşıb. Bu şəbəkə “osminoq” kimi dövlət strukturlarını içdən sarsıtmağa çalışıb. Eyni zamanda, bu, Daşdəmirovların mənsub olduğu klanın gözdən düşdüyü və “vurulduğu” mənasına da gələ bilər.
Daşdəmirovlar ailəsi ətrafında nə baş verir? Onların Ramiz Mehdiyevlə nə kimi əlaqəsi olub?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Rəşad Daşdəmirovun həm rəis, həm də Rasim Daşdəmirovun oğlu olması onun həbsinin təkcə hüquqi hadisə kimi deyil, eləcə də siyasi-idarəetmə kontekstində dəyərləndirməyə imkan verir:
“Xüsusilə onun Rasim Daşdəmirovun oğlu olması bu hadisəni sıradan kadr həbsi çərçivəsindən çıxararaq daha geniş mənzərədə oxumağa vadar edir. O baxımdan cəmiyyətdə və mediada bu hadisənin “Daşdəmirovlar klanının gözdən düşməsi” kimi təqdim olunması və ya “Ramiz Mehdiyev işi” ilə əlaqələndirilməsi əslində başa düşüləndir. Sirr deyil ki, Azərbaycanın idarəetmə tarixində uzun illər ərzində müəyyən fiqurların ətrafında formalaşan kadrlar həm siyasi himayə, həm də faktiki toxunulmazlıq əldə ediblər. Bu baxımdan Daşdəmirov soyadının illər boyu sistem daxilində tanınması və Rasim Daşdəmirovun regional icra strukturlarında tutduğu mövqe, oğlunun da Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı kimi strateji obyektə rəhbərlik etməsinin təsadüf olmadığını deməyə əsas verir. Lakin mən Rəşad Daşdəmirovun həbsinin daha çox “klan vurulur” yanaşması ilə yox, “keçmiş dayaqlara güvənən kadrların toxunulmazlığı qalmayıb” kimi oxunmasının tərəfdarıyam. Ona görə ki, Rasim Daşdəmirov hər nə qədər idarətmə sistemində yer almış şəxs olsa da, klan formalaşdıracaq qədər güclü fiqur olmayıb”.
Rəşad Bayramov
Hadisənin “Ramiz Mehdiyev işi” ilə əlaqəsinə gəldikdə isə təbii ki, politoloq qeyd edib ki, bu, istintaqın araşdırması ilə bağlı olan məsələdir:
“İndiki halda onun həbsinin “Ramiz Mehdiyev işi” ilə birbaşa əlaqələndirilməsi mümkün deyil. Çünki Rəşad Daşdəmirova Cinayət Məcəlləsinin 206.4. 213-1.2.2, 213-1.2.3 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb. Bu isə onun qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi məsələlərdə ittiham olunduğunu göstərir. Yəni burada hakimiyyətin zorla ələ keçirilməsi, vətənə xəyanət və s. kimi ittihamlar yer almır. Təbii ki, Ramiz Mehdiyevin uzun illər ölkənin kadr siyasətində və idarəetmə fəlsəfəsində əsas fiqurlardan biri olması, kadr seçimi və qorunması mexanizminin mərkəzində dayanması, xüsusən icra başçıları və strateji postlara təyinatlarda oynadığı rol ictimaiyyəti bu kimi həbslərdə onun izini axtarmağa vadar edir. Amma Rəşad Daşdəmirovun həbsinin hansı səbəblə baş verməsindən asılı olmayaraq, verilən mesaj ortadadır: köhnə zəmanətlər artıq işləmir və heç bir soyad sistemdən üstün deyil”.
Xatırladaq ki, Rasim Daşdəmirov Azərbaycanın son 25-30 illik tarixində ən savadsız məmurlarından biri kimi tanınıb. İcra başçısı olduğu dövrdə onun çıxışları tez-tez tənqid obyektinə çevrilirdi. Məsələn, o, şəhər sakinləri qarşısında çıxışlarından birində belə demişdi:
“Azərbaycan Lissabonun Sammit şəhərində böyük diplomatik uğur qazanıb”.
Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun sammiti keçirilmişdi. 4 dekabr 1996-cı ildə baş tutan tədbir isə daha çox mərhum prezident Heydər Əliyevin Ermənistan üzərində diplomatik qələbəsi ilə yadda qalmışdı.
Onu da xatırladaq ki, Rasim Daşdəmirov 1994-cü ildən 2000-ci ilə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 15 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















