Sahibə Qafarova 2027 ci ilin dövlət büdcəsinin prioritetlərini AÇIQLADI
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxış edib.
Redaktor.az xəbər verir ki, spiker çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolundan, ölkənin iqtisadi göstəricilərindən, Böyük Qayıdış prosesindən və gələn ilin dövlət büdcəsinin əsas prioritetlərindən danışıb.
Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir.
Onun sözlərinə görə, cari ildə ABŞ, Almaniya və Birləşmiş Krallıqla münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb, imzalanan sənədlər əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Spiker bu il Bakıda keçirilən beynəlxalq tədbirlərin də əhəmiyyətini vurğulayıb. O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünün və 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Sahibə Qafarova noyabrın 8-də Vətən müharibəsində tarixi Zəfərin 6-cı ildönümünün qeyd olunduğunu xatırladaraq, həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşün iki ölkə arasındakı müttəfiqliyin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdiyini bildirib.
O, Yeni Azərbaycan Partiyasının 8-ci qurultayının da ilin mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu diqqətə çatdırıb.
Spikerin sözlərinə görə, regionda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycan təmkinli və məsuliyyətli davranış nümayiş etdirərək öz milli maraqlarını ardıcıl şəkildə müdafiə edib.
Sahibə Qafarova ölkə iqtisadiyyatının dayanıqlığını göstərən bir sıra göstəriciləri də açıqlayıb. Bildirib ki, 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb ki, bu da xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur.
O, Böyük Qayıdış prosesinin davam etdiyini, yaşayış məskənləri və infrastruktur bərpa olunduqca doğma yurdlarına qayıdan ailələrin sayının artdığını vurğulayıb. Əhalinin rifah halının yaxşılaşdırılması və gəlirlərinin artırılması istiqamətində də tədbirlərin görüldüyünü bildirib.
Sahibə Qafarova 2027-ci ilin dövlət büdcəsinin əsas göstəricilərini də diqqətə çatdırıb.
Qeyd edib ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat təşkil edəcək ki, bu da cari illə müqayisədə təqribən 696 milyon manat artıqdır.
Spiker bildirib ki, gələn ilin büdcə xərclərinin əsas prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi, əhalinin sosial müdafiəsinin, xüsusilə həssas təbəqələrin sosial təminatının gücləndirilməsi mühüm yer tutur.
Onun sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması da diqqət mərkəzində olacaq.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, əhalinin doğma yurdlarına qaytarılması, süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin olunması da 2027-ci ilin dövlət büdcəsinin prioritetləri sırasında yer alacaq.
Sahibə Qafarova əmin olduğunu bildirib ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edəcək.
O, 2027-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin parlament komitələrinin iclaslarında geniş müzakirə olunduğunu və Milli Məclisin plenar iclasına tövsiyə edildiyini də qeyd edib.
Spiker əlavə edib ki, ənənəyə uyğun olaraq, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunublar. Onlara öz fikirlərini ifadə etmək üçün şərait yaradılıb.
Sonda Sahibə Qafarova Hesablama Palatasının büdcə zərfi barədə müsbət rəy verdiyini xatırladaraq, deputatları müzakirələrdə fəal iştirak etməyə çağırıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Noyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















