Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şair Firuzə Məmmədli: Evdə deyirdilər, oruc tutun, məktəbdə isə deyirdilər yemək yeyin MÜSAHİBƏ

Şair Firuzə Məmmədli: Evdə deyirdilər, oruc tutun, məktəbdə isə deyirdilər yemək yeyin MÜSAHİBƏ

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şair Firuzə Məmmədli APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin üçüncü yazısı

Dosye: Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist Firuzə Məmmədli 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil alıb, 1964-1968-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1995-ci ildən AYB-nin Həmkarlar Komitəsinin sədridir.

Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeiri ilə başlayıb.

AYB-nin ikinci mərtəbəsinin pillələrini qalxıb dayanmışam. Təngnəfəsəm. Zəhrimara qalmış siqareti söyürəm və fikirləşirəm, mən heç, ildə bir, uzağı iki dəfə Birliyə gələm, ya gəlməyəm, bəs görəsən, müsahibim bu pillələri necə qalxır? Lift varsa da, hər halda, birinci mərtəbədə deyil, liftə qədər də pillələri çıxmaq lazımdır. Əlqərəz, zala keçib ilk gördüyüm adamdan Firuzə xanımı soruşmağıma bəndəm. Elə bil elçi daşının üstündə oturub yolumu gözləyirmiş. Məni görcək kadrlar şöbəsinin otağına ötürür. Firuzə xanım da burada hazır dayanıb. Otağa girər-girməz soruşuram:

- Müsahibəni burada verəcəksiniz?

- Bəli.

- Sizin otaqdır?

- Yox, kadrlar şöbəsinin otağıdır, bu da mənim stolumdur.

- Həmkarlar Komitəsinin sədrisiniz. Nə əcəb ayrıca kabinetiniz yoxdur?

- Əyləşin.

- Deyirəm elə yer olsun ki, mane olmasınlar.

- Mane olacaqlar, olmayacaqlar, bilmirəm.

Görüntü üçün özümlə götürdüyüm mikrofonu çıxarıb ştativə bərkidirəm.

- Müsahibə verməyə əhvalım yoxdur.

- Niyə?

- Bu maqnit məni öldürür. - Maqnit burulğanını nəzərdə tutur. - Başım ağrıyır, müsahibə vermək istəmirəm. Açığı, özüm də müsahibəyə çox həvəskar deyiləm, qulaqlarım eşitmir, gözümün biri görmür.

- Narahat olmayın, yormayacam.

- Elə bilməyin söhbətə kasadam. Bu saat kefim yaxşı deyil.

Əlimdəki kağızı görür.

- Sualları verin baxın.

- Sual deyil, yaddaş üçün yazmışam. Sadəcə söhbət edəcəyik.

- Siyasi suallar sevmirəm.

- Deyirsiniz siyasi suallar vermə, amma özünüz “Vahid Azərbaycan” kimi təşkilatın üzvü olmuşunuz.

- 20 il verirdilər mənə!

- Məramı nə idi?

- Azərbaycanın birləşməsi. Gənclərə izah eləmək istəyirdik ki, Azərbaycan bölünüb.

- Nə vaxt yaranmışdı?

- Təşkilat yarananda mən ikinci kursda oxuyurdum.

- Kim yaratmışdı?

- Əbülfəz idi. Onda Elçibəy demirdilər. Dəqiq rəhbərini düzü bilmirdim, heç maraqlanmamışdım. Bizə dedilər belə təşkilat var. Elə yaşımız idi, Vətən deyəndə dəli olurduq. Gəlib auditoriyada elan elədilər. O boyda tələbənin içində bircə mən üzv oldum. Bizə bu barədə müəllimlərimiz Xəlil Rza, bir də Əhəd Hüseynov danışırdı. Onda ümumi danışırdılar. Mən də təbiət etibarı ilə üsyankar adam idim.

Biz onda Azərbaycanın birləşməsi uğrunda vuruşurduq, Sovet hökumətinə qarşı deyildik

- “Vahid Azərbaycan” gizli idi, yoxsa “KQB”nin nəzarəti ilə təşkil olunmuşdu?

- Gizli idi. Amma ola bilməzdi ki, “KQB” bilməsin. İnstitutda nə qədər “şpion” vardı. Elə şey olanda elə birinci mənim parta yoldaşlarım xəbər verərdilər. “KQB” niyə bilmirdi? Bilirdi. Biz onda Azərbaycanın birləşməsi uğrunda vuruşurduq. Sovet hökumətinə qarşı deyildik.

- Şimali və Cənubi Azərbaycanın birləşməsini istəyirdiniz, eləmi?

- Guya Bütöv Azərbaycan uğrunda mübarizə aparırdıq. Mübarizə aparırdıq deyəndə, mitinqə çıxmırdıq, tədbir keçirmirdik. Sadəcə auditoriyada tələbələrlə danışırdıq. Yana-yana danışırdıq. Sonra mən institutu bitirib Naxçıvana təyinat aldım. Orada müəllim işləyəndə auditoriyada bu haqda danışırdım. Sən demə, tələbələrdən biri - adını çəkmirəm – “KQBşnik” imiş.

- Tanınan adamdır?

- Hə.

- Kimdir?

- Nə isə... Naxçıvanda ikinci il işləyirdim. “KQB” Sovet İttifaqına qarşı çıxanları axtarırmış, məni də o siyahıya saldılar. Halbuki mən Sovetə qarşı mübarizə aparmamışam. Açığı deyim, sosializmin müddəaları məni təmin edirdi: “Dostluq”... İnsan insanın dostu, sirdaşı, qardaşıdır. Bunun nəyi pisdir? Pisdir?

- Yox.

- “Sülh”, “əmək”, “bərabərlik” anlayışlarının nəyi pisdir? Mən bunların tərəfdarı olmuşam, həmişə də o rejimi qəbul etmişəm. O rejimə qarşı gedənlərlə mübarizə aparmışam. Həmən adamlar da mənim adımı siyahıya saldılar ki, guya sovetlərə qarşı mübarizə aparmışam. Mənsiz iddia qaldırdılar. Bunu heç olmasa, adamın öz iştirakı ilə edərlər. Mənə başqaları gəlib dedi ki, sən hələ yaxşı qurtardın. Demə, siyahı tutulubmuş, təşkilatın üzvlərinin bəzilərini həbsə göndəriblər. Qərar qəbul ediblər ki, mən rəsmi şəkildə müəllim işləyə bilmərəm.

- Sizi Naxçıvanda işdən çıxardılar?

- Bəli. Bakıya qayıtdım. İnstitutun dilçilik kafedrasına laborant götürdülər. Çünki mən yaxşı oxumuşdum, əlaçı olmuşdum. Sağ olsunlar, institutda məni heç olmasa, dərs deməkdən məhrum etmədilər, yarımştat da olsa, dərs deyə bildim. Bax, bu proses tam 20 il davam elədi. 20 il ərzində əməyim də getdi, özüm də psixoloji təsirlərə mərz qaldım.

- Əsas odur həbs olunmadınız.

- Yox, həbs edilmədim, əvəzində təqib edildim. Səksəninci illərdə mən “Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə elədim. Elmlər namizədi adını aldım. Onda da mənə institutda tam ştata keçib müəllim kimi dərs deməyə imkan vermədilər. Bir də doxsanıncı ildə məni müəllim keçirdilər.

Əbülfəz Elçibəylə heç bir münasibətim olmayıb

- Deyirsiniz Əbülfəz Elçibəy o vaxtı “Vahid Azərbaycan” təşkilatında idi?

- Tez-tez danışma, eşidə bilmirəm.

Sualı az qala heca-heca təkrarlayıram.

- Deyirsiniz, Əbülfəz Elçibəy də həmin təşkilatda idi. Onun tədbirlərində iştirak edirdiniz?

- Yox, heç bir tədbirdə iştirak etməmişəm. Mən yalnız tələbələrlə bu barədə danışmışam.

- Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra köhnə silahdaş kimi onunla görüşmədiniz?

- Yox, heç bir münasibətim olmayıb. Məni tanımırdı. Heç mən də onun o vaxtı həmin təşkilatda olduğunu bilməmişəm. Yalnız doxsanıncı ildə təzədən müəllim kimi işimə bərpa olunandan sonra mənə dedilər ki, o vaxt “Vahid Azərbaycan” təşkilatının üzvü olduğum üçün başıma bu işlər gəlibmiş. 20 il mən nə stress yaşadım, bir Allah bilir. Hətta tələbələr deyirdilər ki, Firuzə müəllimə qaraqabaqdır, üzü heç vaxt gülmür, bizə dərs deməsin. Məni 20 il ərzində bu günə qoydular, mənən məhv elədilər. Bir insana bu qədər zülm eləmək olmaz! Belə çıxır ki, mən o vaxtı Sovetlərə qarşı vuruşmuşam. Əgər elədirsə, o zaman mənim bu əziyyətlərim niyə dəyərləndirilmir? Niyə “Şöhrət” ordenini başqasına verirlər, mənə yox? Görürsünüz, dedim siyasətdən danışmayacam, yenə siyasətə gəlib çıxdıq.

Mənim 85 yaşım var, bəs Xalq şairi adını indi yox, nə vaxt alacam?

- Mirvari Dilbazidən sonra Xalq şairi adını alan olmayıb. Qadınlar arasında da ən yaşlı şairsiniz.

- Niyə məni qapı arxasında qoyublar? 20 il cəza çəkən mən, ləzzət alan başqaları.

- Şikayətinizi harasa bildirmisiniz?

- Dörd dəfə məktub yazmışam. Mədəniyyət Nazirliyinə yönləndirilib və cavab verilib ki, müvafiq qaydada baxılacaq. 15 ildir baxılır. 48-ci kitabımı çapa hazırlayıram. 10 cildlik seçilmiş əsərlərim var.

- Görəsən, niyə sizə Xalq şairi adı vermirlər?

- Onu mən də bilmirəm.

- Anar müəllimdən soruşmamısınız?

- Anar müəllim də dəfələrlə təqdimat yazıb. Yubileyimdə də dedi ki, bu saat Azərbaycanda Firuzə Məmmədlidən böyük şair yoxdur.

- Yazıb ki, sizə Xalq şairi adı verilsin?

- Xalq yox, Əməkdar incəsənət xadimi adı üçün yazıb. Mənim də 85 yaşım var, bəs Xalq şairi adını indi yox, nə vaxt alacam? Ölümə gedirəm.

- Belə başa düşürəm 85 yaşında bir dənə istədiyiniz Xalq şairi adıdır.

- Ayrı istədiyim yoxdur. Mənim bütün həyatım ədəbiyyata həsr olunub. Tək-tənha olmuşam, həmişə.

Bir dəfə otağa girib məni boğdu

- Ailə də gec qurmusunuz.

- Ailəm də uğursuz olub. Çünki mənim əsas işim yazı-pozu olub.

- Ailəniz niyə uğursuz oldu?

Susub gözlərimə baxır. Sualı təkrar verirəm.

- Ailəniz niyə uğursuz oldu?

- Özüm kimi ədəbiyyat fədaisi olan adama rast gəlmədim. Rəhmətə gedib, haqqında pis danışmaq istəmirəm, amma fakt faktlığında qalır. Birinci kursda olanda atam ailə qurmağımı istədi. Məni məcbur elədi. O adam da işləmirdi, kirayədə qalırdı. Mənim tələbə təqaüdümlə dolanırdıq. Gördüm mümkün deyil, ondan ayrıldım. Yataqxanada qalırdım, ora dəfələrlə hücum elədi. Bir dəfə də otağa girib məni boğdu. Otaq yoldaşım içəri girməsəydi, öldürəcəkdi. Elə bil o qızı Allah göndərdi.

- Ondan övladınız yox idi?

- Yox. İkinci dəfə səksəninci illərdə evləndim. Müdafiə zamanı mənə çox mane olurdular. İki dəfə mənim müdafiə iclasımı dağıtdılar, gəlmədilər. Mən də məcbur oldum ailəsindən ayrılmış bir nəfər vardı, ona ərə getdim. Onda artıq 40 yaşım var idi, bir neçə dəfə evlilik təklifi göndərmişdi, rəy vermirdim. Amma gördüm ki, müdafiədən keçmək üçün başımın üstündə bir kişi adı lazımdır. Sən də mənim oğlum... Mən çox namuslu, qeyrətli qadın olmuşam. Onunla ailə qurdum. Sən demə, onun da məqsədi var imiş. Cavanlığında şeir filan yazırmış, ailə qurandan sonra şeirdən aralanıb.

- Kim, Qəşəm Çıraqlı?

- Hə. Ondan sonra təzədən şeirlər yazmağa başladı, mən düzəltdim. Üç cildlik seçilmiş əsərlərini çap elədi, Yazıçılar Birliyinə qəbul oldu, onu prezident təqaüdünə saldırdım. Amma o mənim üçün heç nə eləmədi. Sadəcə adı var idi ki, ərdir. Ərə gedəndən mənə sonra kəm gözlə baxanlar özlərinə yığışdılar, mən də rahat şəkildə müdafiə edə bildim.

- Yoldaşınızın belə misraları var:

"Evimizi dostlardan gizlədirəm,

Üzüqaralıqdan qorxuram”.

Sizə görə yazıb?

- Bilmirəm. Yadımdan çıxıb. Hərə özü üçün yaşayırdı.

- Yola getmirdiniz?

- O mənə mane olmağa çalışsa da, mən ona mane olmamışam, əksinə həmişə kömək etmişəm. Məsələn, xaricə dəvət edirdilər qoymurdu, Sabir Günlərinə dəvət edirdilər, qoymurdu.

- Amma gedirdiniz?

- Əlbəttə, gedirdim. Ayrı şeylər də var, demək istəmirəm.

- Bəlkə sizi qısqanırmış?

- Belə şeylər barədə danışmaq istəmirəm. O ailəsindən də yalandan ayrılmışdı. Məqsədi məndən istifadə etmək idi. Ailə qurmaq, övlad atası olmaq olmayıb.

- Amma sizin övlad istəyiniz var idi.

Cavab vermir. Təkrar edirəm. Yenə eşitmir. Bir daha təkrarlayıram.

- İstəyim əlbəttə, var idi. Bunlar barədə çox danışmaq istəmirəm. Mən heç vaxt dərdimi heç kəslə bölüşməmişəm, bu yaşdan sonra da lazım deyil. Bircə onu bilin ki, özünü sevən, özü üçün yaşayan adam idi, vəssalam, qurtardı getdi.

İkinci şeirimi Stalinin ölümünə yazmışam

- Firuzə xanım, ilk şeirinizi neçə yaşında yazmısınız?

- İlk şeirimi 12 yaşında anamın rəhmətə getməsinə yazmışam. İkinci şeirimi Stalinin ölümünə yazmışam. 13 bənd idi. Hər bəndin sonunda belə təkrar vardı:

Böyük bir ölkənin o gecə-gündüz,

Keşiyini çəkmiş səhərəcən düz.

Bircə bu iki misra yadımda qalıb, qalanı itib gedib. Uşaq idim də. Pərəstiş edirdim, Stalini mən çox sevmişəm. Arıq, balacaboy, sısqa qız idim. Xəstə idim. Atam məni oxutmaq istəmirdi. Məni böyük bacım məktəbə sürüyə-sürüyə aparıb gətirirdi. Axırda bacım dedi mən bunu aparıb-gətirməkdən yoruldum, ondan sonra məni qoymadılar getməyə. Məndən balaca bacımın məktəb yaşı çatanda onu bəzəyib-düzəltdilər, mənə heç nə demədilər. Dedim, məni də bəzəyin, dedilər, sən xəstəsən, atan səni oxutmayacaq. Ağladım. Gedib çamadanları tökdüm, köhnə-kürüşdən özümə paltar hazırladım, geyindim, durdum düşdüm bunların dalıyca. Məni oxutmaq istəməyən atam… 10 il bir dənə “dörd”üm olmadı. Hamısını “beş”lə oxudum. “Qızıl medal”a düşürdüm. Rus dili müəllimim vərəm idi. Mənə yazıda “əla” yazsaydı, Bakıya işlərin yoxlanılmasına getməliydi. Bakıya getməmək üçün “dörd” yazdı, o “dörd”lə “Gümüş medal”a düşdüm. O məktəbin taleyində ilk və sonuncu dəfə medalı mən almışam.

- Ailədə neçə uşaq idiniz?

- Atam ikinci dəfə evlənəndən sonra çox idik, səkkiz qız olmuşuq, iki oğlan. Əvvəlkindən dörd qız bir oğul, o birindən dörd qız bir oğul. Düzdür, çox uşaq idi, amma atam istəmirdi mən oxuyum.

Mən ata evindən çıxmağımın əziyyətini çox çəkməli oldum

- O birilərinin oxumağını istəyirdi?

- Yox. Məktəbi qurtaran kimi ərə verdi. Bircə mən qırdım qaçdım (gülür). Nəticə belə oldu ki, mən ata evindən çıxmağımın əziyyətini çox çəkməli oldum.

- Evdən sizə köməklik göstərilmirdi?

- Nə atam, nə qohum-əqrəbam heç kim mənə köməklik göstərməyib. Atam yaxşı vəzifələrdə işləmişdi. Vəzifədən çıxandan sonra o imkanı olmadı.

Sən Allah, elə çək, yaman gündə düşməyim

- Ananız rəhmətə gedəndən nə qədər müddət sonra atanız evləndi?

- Heç anamın ili çıxmamış evləndi.

- Yəqin sizə baxmaq üçün belə tez evlənib.

- Yox, böyük bacım var idi, bacım da baxa bilərdi. Sadəcə evlənmək istədi, evləndi, nə demək olar?

- Buna görə atanızdan incik qalmışdınız?

- Elə kişi idi də. Neyləyək? Allah rəhmət eləsin.

- İncik qalmışdınız?

- Hə.

- Ögey ananızla münasibətiniz necə idi?

- Mirmehdidir adın?

- Bəli.

- Mirmehdi, Allah mənə hər cür istedad vermişdi. Yaxşı səsim vardı. Şəkil çəkirdim. Məktəbin rəssamı idim. Şeir yazmaq qabiliyyətim var idi. Səsdən də, şəkildən də çəkildim, şeirdə ilişib qaldım. O arvad cavan qız idi. Atamın 48, onun 23 yaşı var idi. Özü istədiyi kimi yaşamaq istəyirdi. Biz də qız uşaqları, məktəb, ev... Bizə heç imkan vermirdilər evdə tapılaq. Bircə gün evdə istirahət etsək, briqadir qapını kəsdirirdi. Kolxoz işinə gedərdik. Alaqdırsa, alağa basırdılar. İkinci sinifdən bizi başaq yığmağa basırdılar. Bütün yayı al günün altında işləyirdik.

Bu vaxt tədbirdən çıxıb güclə özünü çatdıran fotoqrafımız İlkin otağa daxil olur. Çantasını çiynindən qoyub lal-dinməz kamerasını çıxarır.

- Alagöz, arıq qız olmusunuz. Nə əcəb qız vaxtı kənddə sizi sevən oğlan yox idi?

- (Gülümsəyir). Hə, çox sağ ol. Niyə yox idi, var idi, sadəcə mən onu başa düşmədim. Sən Allah, elə çək, yaman gündə düşməyim, - fotoqrafa deyir, - bir az babat düşüm.

- Sizi istəyənlər çox idi?

- Yox. Mən çox ciddi qız olmuşam, çox.

- Hər halda sevən olub.

- Liderliyim olub, ondan da çəkiniblər.

- Sizin özünüzün könlünüzdə olan biri olub?

- Yox.

- Sevməmisiniz?

- Heç vaxt.

- Bəs onda “Hardasan?” şeirini kimə yazmısınız?

- Elə-belə. Xəyal.

- Məncə demək istəmirsiniz.

- Vallah, yoxdur elə bil adam.

- Tələbəlik həyatı o dövrdə asan idi, ya çətin?

- Mən məktəbi bitirəndən sonra instituta girməyə qoymadılar, ona görə Qubada tibb məktəbinə daxil oldum. Əlaçı idim, ən yüksək təqaüdü mən alırdım. Elə əlaçı təqaüdü ilə həm özümü dolandırırdım, həm kirə pulumu verirdim, həm də evə kömək edirdim. Hamıya mən kömək eləmişəm. Əlimdə beş manat olubsa, üçünü sərf etmişəm. Ögey anama da kömək eləmişəm. Amma o mənimlə yaxşı rəftar eləmirdi. Xoşlamırdı məni. Çünki mənim başım həmişə dərsə, yazı-pozuya qarışırdı. Ona da lazım idi ki, istirahət eləsin, qızlar işləsin. Həm də mən ev işlərini görməyi bacarmırdım. Ona görə o məni xoşlamırdı. Üstəlik də onun bir şəklini çəkmişdim, o şəkil xoşuna gəlməmişdi. İstəyirdi mən onu gözəl çəkim, mən də olduğu kimi çəkmişdim. Ona görə mənimlə düşünüşmüşdü, yola getmirdik. Amma sonradan-sonraya hamıdan çox məni istədi. Gördü ki, onlara qalan mən oldum. Qızları ərə verdilər, oğullar evləndi, mənsə heç birini eləmədim, ancaq onlara kömək elədim.

- Bacılarınız atanızın sözü ilə ərə getdilər.

- Atam məni də verirdi. Nişanı qaytardım. Bu hərəkətim atamın xoşuna gəlmədi. Dedi ki, ya mənim evim, ya sənin oxumağın. Mən oxumağı seçdim. Yəni qapını mənim üzümə bağladı. Amma mən onları tək qoymadım.

- Bayaq dediniz axı tələbə vaxtı ərə getmişiniz?

- Ondan əvvəlkinin nişanını qaytarmışdım. Sonra atam dedi sən ərə getməsən, özümü öldürəcəm. Məcbur ərə getdim.

- Ərdə nə qədər qaldınız?

- İkinci kursda ayrıldıq, iki il.

- Yəqin bacılarınızın övladları, nəvə-nəticələri var.

- Var.

Çəkinə-çəkinə soruşuram.

- Bacılarınız ərə getdilər, oğul-uşaq sahibi oldular, siz atanıza qulaq asmadınız, şeirin, sənətin dalıyca getdiniz. 85 yaşa çatmısınız. İçinizdə bir peşmanlıq hissi varmı ki, kaş atamın sözünə qulaq asıb o ömrü seçərdim, bu tənha ömrü yox.

- Bilirsiniz, hər adam axırda gəlir bu sualın qarşısında durur ki, bəli, bu da həyatın sonu, bundan sonra nolacaq? Tək-tənha. Öləndə səni yerdən kim götürəcək? Görəsən, bir nəfər üstündə göz yaşı tökəcəkmi? Görəsən kim düzəldəcək qəbrini? Mən öz pulumla bütün bacılarımın qəbirüstü daşını düzəltməyə kömək etmişəm. Hamısında ağlamışam. Axırıncı doğma bacım rəhmətə gedəndə mən elə bil birdən-birə şok oldum. Dedim, mən gözləyirdim, mən ölərəm, mənim üstümdə sən ağlayarsan. Amma sən öldün, mən ağladım, mənim üstümdə kim ağlayacaq? (qəhərlənib ağlayır).

Bəzən belə şeylər də olur.

- Deməyim odur ki, içinizdə bir peşmanlıq hiss varmı ki, kaş siz də atanızın...

- Peşmanlıq, hə, var. Belə deyim, taledən qaçmaq mümkün deyil. Əgər o vaxtdan gedib belə vəziyyətə düşəcəkdimsə... Nə bilim? Bəlkə də qismətimdə yox imiş. Onda peşmanlıq olmur. Amma birdən də fikirləşirəm ki, bu həyatı seçməsəydim, bəlkə yaxşı olacaqdı? Onda peşman oluram. Getmişdim də. Allah istəsəydi, lap elə daşla kəsəyin arasında mənim üçün bir şərait düzəldərdi. Bir övlad məsələsi... Heç olmasa. Amma baş tutmadı da. Demək qismət deyilmiş. Lap atamın dediyi kimi eləsəydim də, bacılarım kimi nəvə-nəticə filan.... Bilmək olmazdı, necə olacaqdı. Heç nə... Tapmaca kimi bir şeydir həyat.

- Yəni sizin taleyiniz belə yazılıb.

- Belə yazılıb, bəli.

Bu vaxt İlkin foto çəkməyi yekunlaşdırıb çıxmağa hazırlaşır. Firuzə xanım onu səsləyir.

- Oğlum, sən Allah, yaxşı şəkillərimi ver, sonra bu yaşda biabır olmayım.

İlkin başı ilə razılığını bildirir. Gözləyirəm, çıxır, Firuzə xanım susur, sonra soruşuram.

- Deyirəm yəni bu həyat sizin üçün belə yazılıbmış.

- Çox dərin peşmançılıq çəkirəm. Amma birdən yadıma düşür ki, bunlarla ailə qurmuşdum da, nə olur-olsun, övlad verərdi. Allah istədiyini saxlayır. Məni məsələn, neçə dəfə ölümdən saxlayıb. Əgər istəsəydi, elə imkan yaradardı, bir dənə uşağım olardı, yanımda qalardı. Demək istəməyib, özü kimi tək olmağımı istəyib.

Biz hələ uşaq vaxtı bilirdik ki, Almaniya bizə düşməndir

- Siz 1940-ci ildə anadan olmusunuz, yəqin müharibə yadınıza gəlmir.

- Müharibə? Niyə yadıma gəlmir? Mən iki yaşımdan olan söhbətləri xatırlayıram. Biz uşaqlar “müharibə-müharibə” oynayırdıq. Birimiz Almaniya olurduq, birimiz İngiltərə, birimiz də Sovet. İngiltərə ilə Sovet düşürdü Almaniyanın üstünə, vur ki, vurasan, bunu yaman günə qoyurduq. Ağladırdıq. Hələ qələbədən söhbət getmirdi. Biz artıq Almaniyanı məğlub eləmişik (gülür). Biz hələ uşaq vaxtı bilirdik ki, Almaniya bizə düşməndir. Dostu-düşməni tanıyırdıq.

- Onda Qələbə Günü də xatirənizdədir?

- Qələbə bayramı yadımdadır. Bizim kəndimiz çox gözəl kənd idi. Sonra korladılar. Dörd tərəfi təbii bulaqlar idi. Alma, armud, qoz, əzgil bağları var idi. Cəmi-cümlətani 10 ev olaydı, ya olmayaydı. Bağlar kolxozun idi, amma camaat işləyirdi, kolxoz onlara əməkhaqqı yazırdı, bağların barından da verirdi. Hətta fermada işləyənlərə südündən, qatığından əməkhaqqı yazılırdı. Qələbə bayramında əzgil bağında böyük süfrə açdılar, mal kəsmişdilər. Ordan-burdan camaat hamısı süfrənin ətrafına yığılmışdı. Bir tərəfdə də zurna-qaval... Lalələr açıb. Mənim də boyum elə lalələr qədər... (Danışdıqca üzü çiçəklənir) lalələrin arasıyla qaça-qaça gedirəm ki, bayrama gecikərəm, mənsiz keçirərlər... Yadımdadır.

- Amma müharibə vaxtı çətinlik də vardı?

- Aclıq-çətinlik hiss eləmədik. Aclığı-çətinliyi hiss elədik Xruşşov dövründə, sonra 80-ci illərdə. Yağ yox idi, ət yox idi, çörək yox idi. Mən bunları bilirəm niyə yox idi. Bunlar hamısı saxta yolla düzəldilmiş təxribat idi. Mən bilmirəm siz necə qiymətləndirirsiz.

Onların SSRİ-ni dağıtmaq planı vardı

- Sizin qiymətiniz mənə maraqlıdır.

- Gəldim siyasətə çıxdım, gördün? Hələ deyirdim siyasətdən danışmayacam (gülür). 56-cı ildə XX partiya qurultayı keçirildi. Xruşşov həmən qurultayda Stalini biabır elədi, şəxsiyyətə pərəstişi ləğv elədi. Onların SSRİ-ni dağıtmaq planı vardı. Rəhbərə pərəstiş bəli, var idi. Amma rəhbərə pərəstiş məhz Almaniya üzərində qələbəmizi təmin eləmişdi. Camaat “Stalin uğrunda” deyib özünü tankın altına atırdı. Buna görə də birinci Stalini gözdən salmaq lazım idi. İkincisi sistemi gözdən salmaq lazım idi. Guya bu sistem özünü doğrultmur. Necə doğrultmur? İnanırsınız, bizim kənddə necə sarı buğda zəmiləri var idi?! Xruşşov hamısını ləğv elətdirib qarğıdalı əkdirdi. Camaat qarğıdalı çörəyi yeyirdi. Ondan sonra sabotajlar yaradıldı. Xruşşov dövründə bax belə bir volyuntarizm baş alıb getdi. Sonra Brejnev gəldi, o da heç bir şey eləmədi. Çünki onların planı vardı ki, SSRİ-ni ayağa qaldırmaq üçün heç nə etmək lazım deyil. İdeoloji istiqamətdə camaatı pozmağa başladılar. Orta məktəblərdə əxlaqsızlıq baş alıb getməyə başladı. Uzaq Sibirdə, Rusiyada orta məktəblər başdan-başa əxlaqsızlıq yuvası idi.

- Bizim məktəblərdə vəziyyət necə idi?

- Bizim məktəblərdə əxlaqsızlıq yox idi. Rusiyada idi. Hippilər deyilən qızlı-oğlanlı dəstələr var idi. Hamısı mal kimi sürüylə yaşayırdı, gecələr də zirzəmilərdə qalırdılar.

Hippilərdən iyrənirdim

- Sizi hippilərin ideyası cəlb etmirdi? Axı siz də gənc idiniz?

- Mənim hippilərlə heç bir münasibətim olmayıb. İyrənirdim onlardan. Nə danışırsınız? Nə cəlb etmək! Elə həyat olar? İnsan deyil onlar. Hippilər əslində nizamlı cəmiyyəti pozmaq niyyətində idilər. Guya azadlıq yayırdılar.

- Azadlığın olmamağı sizə 20 il sözünüzü deməyə imkan verməyib. Sovet totalitar dövlət idi. Bu fikirlə razı deyilsiniz?

- Bax yuxarı bir ərizə yazırdın, ərizəni göndərirdilər, kimdən yazmışdın onun üstünə.

- Anormaldır da.

- Bunu özləri qəsdən edirdilər ki, cəmiyyət iyrənsin. Bizə deyirdilər ki, 80-ci illərdə biz kommunizmdə yaşayacağıq. 82-ci ildə Brejnev öldü, bundan bir müddət sonra Qorbaçov gəldi, aşkarlığı yaydı. Aşkarlıq nə idi? Bu vaxta kimi işlərimizi gizli görmüşük, bundan sonra açıq edəcəyik.

- Onda siz Sovetlərin dağılmasına üzülənlərdən olmusunuz.

- Məyus oldum? Mən?

- Bəli.

- Sovet hökuməti mənə ev vermədi. Sovet hökuməti məni haqsız cəzalandırdı. Sovet hökuməti məni sevdiyim sənətlə ürəyimcə məşğul olmağa həsrət qoydu. Sovet hökumətinin yaxşı normaları var idi, ədaləti var idi. Hamısı kağız üzərində qaldı. Hər halda dağılmasa yaxşı idi.

- Siz Sovet ideologiyası ilə böyümüş şəxssiniz. Allaha inanırdınız o dövrdə?

- Bəli mən Sovetdə anadan olmuşam, o məni oxudub, qiymətləndirib. Sovetlərin ilk vaxtları Allahsızlar Cəmiyyəti vardı, ateizmi yayırdı. Sonralar yumşalma getdi. Biz bütün dini bayramları keçirirdik.

Məktəbdə deyirdilər ki, qısa yubka geyinin

- Qurban bayramında qurban kəsilirdi?

- Bəs necə? Məscidlər işləyirdi, azan verilirdi.

- Məscidə gedirdiniz?

- Yox, getməmişəm, amma Sovet də mane olmurdu. Adamlar oruc tuturdular. Ata tərəfdən bizim ailəmiz dindar olub. Atam da, anam da oruc tuturdu. Bizə də deyirdilər ki, oruc tutun. Tuturduq. Gedirdik məktəbə, məktəbdə müəllim uşaqlara su içirirdi (gülür). Orucsan? Yox, ay müəllim, onda gəl bu sudan iç. Məcburən içirdik. Qalmışdıq iki cür tərbiyənin arasında. Evdə deyirdilər, oruc tutun, məktəbdə deyirdilər yeyin (gülür). Üstəlik geyimimiz. Evdə deyirdilər, uzun paltar geyin, məktəbdə deyirdilər ki, məktəbli kimi qısa yubka geyinin. Bax, bu cür ikili münasibətin arasında qalmışdı.

- Məktəbli forması qısa idi?

- Forma şəhərdə idi. Kənddə forma yox idi. Amma evdə deyirdilər, topuğun görünməsin, başını ört, məktəbdə deyirdilər, başını aç.

- Sovet dövründə Bakının parklarında, ələlxüsus Bulvarda rəqs meydançaları var idi. Gənclər gedib əylənirdilər. Siz yəqin elə yerlərə getməzdiniz.

- Tövbə. Kitablardan baş aça bilməmişəm ki, elə yerlərə gedim? 60 ildir Bakıda yaşayıram, bilmirəm 3, ya 4 dəfə Bulvarda olmuşam. Mən heç vaxt şənliklərə qarışmamışam. Mənimki sadəcə oxumaq olub.

- Sovet vaxtı, pirə, ocağa da getmirdiniz?

- Yox, gedirdik. Sovet qadağa qoymurdu. Mən pirə indi də inanıram.

- Gedib nə dua, niyyət edirdiniz?

- Niyyətim o idi ki atam sağalsın, özüm filan işi uğurla yerinə yetirim. Başqa nə niyyətim olacaq?

- Bəs ailə, övlad barədə?

- Ailə qurmaq söhbətinə? Bəlkə də Allah məni ona görə cəzalandırıb ki, belə şeylərə ikinci dərəcəli məsələ kimi baxmışam.

- İndi tək yaşayırsınız?

Dinmir. Ucadan:

- Tək yaşayırsınız?

Dinmir. Bir az da ucadan:

- Tək yaşayırsınız?

- Hə.

- Qohumlardan gələn olmur?

- Bacım, qardaşım qızları gəlirlər, arada köməklik edirlər.

- Eşitmişəm pişiyiniz də var.

Dinmir.

- Eşitmişəm pişiyiniz də var, pişik.

- (Təəccüblə) onu kim deyib sizə? Məstanədir adı. O pişik olmasa, ürəyim partlayar. Nə deyirəm, başa düşür. Bir də görürsən gedir yanımdan, deyirəm, hara gedirsən?

- Söhbət edirsiniz onunla?

- Hə. Çönüb baxır, miyoldayır. Deyirəm, qayıt bu yana. Sonra qayıdır. Nə deyirəm edir.

- Onda mehrinizi ən çox pişiyə salmışınız.

- Dilimi əməlli-başlı başa düşür.

- Məstanə ilə evdə başqa nə danışırsınız?

- İstəyir balkona çıxsın, gedib dayanır, qapının ağzında. Mırıldayır. Açıram qapını. Yadımdan çıxır ki, balkona çıxarmışam. Üstündən iki saat keçir. Birdən yadıma düşür. Yoxdur. Yadımdan da çıxıb ki, balkondadır. Başlayıram qışqırmağa: A pişik sən hardasan, pişiik! Ay pişik! (Gülür) belə eləyirəm. Necə ki bir qızı çağırırsan. Qaçıram ki, birdən balkondan düşüb edər. Baxıram ki, dayanıb balkonda qapını cırmaqlayır. Qapını açıb içəri buraxıram.

- Məstanəyə şeir yazmısız?

- Yazmışam, hə. Pişiklərə aid şeirlərim var.

- Məstanə də olmasa darıxarsınız.

- Nə?

- Deyirəm, o pişik də olmasa evdə darıxarsınız.

Yenə eşitmir.

- O pişik...

Sözümü kəsir.

- Hə. O pişiyə görə evdən heç yana çıxa bilmirəm. Balaca uşaq kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Aprel 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see152

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see111

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see110

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri