Şanlı tariximizin 44 günü TƏHLİL
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Tarixin elə anları, saatları, günləri olur ki, onları nəinki onu yaşamış xalqlar, ümumilikdə tarixin özü heç zaman unutmur. Hər zaman yaddaşlarda və tarixin səhifələrində qalır və nəsillərdən nəsillərə ötürülür. Tarixin yaddaşına əbədi həkk olunmuş hadisələrdən biri də 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində qazandığı hərbi, siyasi, diplomatik qələbədir. İllər, əsrlər keçsə də, hərb tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm zəfər tarixin səhifəsində əks olunacaq və xatırlanacaq. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan təkcə işğal olunmuş torpaqlarını azad etmədi, həm də dünyaya nümayiş etdirdi ki, terror və işğalçılıq insanlığa zərbədir və heç zaman bəşəriyyətdə özünə yer tapa bilməz. Azərbaycan göstərdi ki, müxtəlif xarici güclərin dəstəyi ilə torpağının işğal edilməsi hələ uduzmaq, məğlubiyyət deyil, zaman yetişincə, mərd, mübariz xalq öz ərazisini azad etməyi bacarır.
Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.
Prezident İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.
Qısa zaman ərzində Azərbaycanın terrora və işğalçılığa qarşı əməliyyatı Prezident, Fateh Sərkərdə İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Birbaşa döyüş meydanında düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.
Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. Azərbaycan bayrağı Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına sancıldı. 2020-ci il noyabrın 8-də Qarabağın incisi sayılan Şuşanın azad edilməsi ilə noyabrın 10-da Ermənistan ağ bayraq qaldırdı və təslim oldu. Həmin gün Azərbaycanın, Rusiyanın, Ermənistanın iştirakı ilə Bəyənnamə imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində Prezident İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Tarixi zəfərin Şuşa əməliyyatı
Azərbaycan ordusu işğal olunmuş ərazilərinin hər qarışı uğrunda mərdliklə, qəhrəmanlıqla döyüşdü. Hər bir həmləsi, hücumu düşmənin səngərlərinin, istehkam qurğularının, silah-sursatının darmadağın olunub, canlı qüvvəsinin məhv edilməsi ilə nəticələndi. Şuşanın azadlığa qovuşması isə düşmənin və onun arxasında dayanan dairələrinin, hərbi güclərin məğlubiyyəti ilə nəticələndi. Bu baxımdan Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınan Prezident, Qaraba Fatehi İlham Əliyev hər il 8 noyabr Zəfər Günü olaraq qeyd edilməsi haqqında Fərman imzaladı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu tarixi gün
Vətən Müharibəsində qazanılan parlaq hərbi qələbədən sonra da erməni həyasızlığı, erməni hiyləgərliyi davam etdirildi. Yəni Ermənistanın Qarabağda saxladığı hərbi dəstələr və separatçı ünsürlər ləğv olunmadı. Dəfələrlə bununla bağlı Ermənistana xəbərdarlıqlar olundu, lakin bu xəbərdarlıqlar nəticə vermədi. Səbəbi də Ermənistanı himayə edən xarici güclərin Paşinyan rejiminə və Xankəndidəki, separatçı dəstə başçılarına ruhlandırıcı mesajlar ötürmələri idi. Bununla paralel olaraq Avropanın bəzi terroru dəstəkləyən dövlətləri Azərbaycana qarşı hədələyici açıqlamalarla çıxış edir, parlamentlərində Qarabağa dair separatçı qətnamələr qəbul edəcəklərini bəyan edirdilər. Bu kimi hədələr, hay-küylər Azərbaycanı haqq mübarizəsindən çəkindirmədi. Gözlənildiyi kimi, 2023-cü ilin sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror əməliyyatları başlanıldı. 2023-cü ilin sentyabrın 19-da başlayan antiteror əməliyyatları ilə Qarabağdakı Ermənistana məxsus ordunun qalıqları məhv edildi. Bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Eyni zamanda qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. Bunla yanaşı Ordumuz Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi, bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tam təmin olundu. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı, təslim olduqlarını bəyan etdilər. Bu dünya miqyasında terrorçuluğun ən qısa müddət ərzində ləğv edilməsi istiqamətində həyata keçirilən anti-teror əməliyyat idi. Azərbaycanın Müzəffər Ordusu 23 saat ərzində 15-18 minlik hərbi-terrorçu silahlı dəstəni təslim olmağa məcbur etdi, 30 illik işğal dövründə insanlıq əleyhinə cinayətlər törətmiş hərbi canilər isə həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlara qarşı məhkəmə prosesi keçirilib və hər biri layiq olduqları cəzanı alıblar.
2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Prezidentimiz Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Bu gün Qarabağımız azad nəfəs alır. Aparılan genişmiqyaslı quruculuq, abadlıq, təmir-bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdış və yaşayış əbədidir. Nə qədər Azərbaycan xalqı və dövləti var, Qarabağımız iki gözümüzdən biri olacaq, döyünən ürəyimiz, titrəyən, sevinən qəlbimiz olacaq.
İ.ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















