Saqif Qaratorpağın ŞEİRLƏRİ
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
26 Oktyabr - Çox Dəyərli və Halal ŞAİR dostmun DOĞUM GÜNÜDÜR! Onu ürəkdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları diləyirəm! 100 yaşa, Xoş yaşa DƏYƏRLİ ŞAİRİM!
Sayqı və Sevgilərlə Adalet.az - adından Əbülfət Mədətoğlu.
***
Qismət olsa, görüşərik nə vaxtsa,
Ya baharda,ya payızda,ya qışda.
Bircə mənə öz yanında yer saxla,
Ya ayaqda,ya ortada,ya başda...
Giley eylər, mənə,səndən razılar,
Qəm göyərdər həsrət yazan yazılar.
Tumurcuqdu sinəmdəki arzular,
Solub gedər bircə soyuq baxışda.
Bəxt gəmisi dönər,dönməz?
nə deyim...
Fərq eləməz qınasan da fələyi.
Cadar-cadar bir səhradı ürəyim,
Nə bitirər gözündəki yağışda?
Məni gəzir nə zamandı bir ölüm,
Demək mənə çox heyrandı bir ölüm...
Məndən ötrü sərgərdandı bir ölüm,
Ya yoldadı,ya gözdədi,ya qaşda.
Hər xatirə-əl çatmayan bir ada,
Son ümidi barı vermə gəl bada...
Bir ömürə pəncərədi bu sevda,
Ya gülə tut,ya naxışda,ya daşda.
***
Bir payız axşamı gəl,
Yarpaqlar saralanda.
Kölgələr uzananda,
Üfüqlər qaralanda.
Bir payız axşamı gəl,
Göydə ulduz axanda.
Buludlar hönkürəndə,
Narın yağış yağanda.
Saçlarına sığal çək,
Bir az ətirlənib gəl!
İslanıb üşüyərsən,
Gəlsən,çətirlənib gəl!
Yollar elə sevinsin,
Yüyürsün ayağına.
Yanaqların qızarsın,
Şeh düşsün dodağına.
Gəl,duman çəkiləndə,
Ay buluddan çıxanda.
Əllərim çiçəkləsin
Bənövşətək yaxanda.
İtsin təbəssümündə,
Başımdan çıxsın ağlım.
Gəl,təzədən başlasın
Ömrün köhnə nağılı..
Səni gözləyirəm
Səni gözləyirəm bir payız günü,
Saralan ömrümün qürub çagında.
Titrək əllərinlə bir ocaq qala
Üsüyən könlümün qəm otağında.
Səni gözləyirəm gün əyiləndə,
Hamı qarışanda biri-birinə.
Fikrim dolaşanda,ağlım çaşanda,
Şəklin danışanda sənin yerinə.
Səni gozləyirəm,Ayın kölgəsi
Soyuq pəncərəmdə güzgülənəndə.
Gündüz gözlərimdən kədər baxanda,
Gecə kirpiyimdən yaş ələnəndə...
Səni gözləyirəm,gəl,döy qapımı,
Qəlbimin odunu alışdır yenə.
Başımı dizinə qoyum hər axşam,
Bəyaz saçlarımı qarışdır yenə.
06.08.2026
***
Mən səni harda görmüşəm,
Bu qədər doğmasan nədən?
Yoxsa ilk dəfə gördüyüm
Yuxudan çıxıb gəlmisən?
Yolun nə yaman uzandı?
Bax,üstümü xəzəl alıb.
Zalım,səni gözləyirəm
Min ildi xəyala dalıb...
Uzat,tutum əllərindən,
Ətrinə batım,bayılım.
Göz yaşını səp üstümə,
Şirin yuxudan ayılım.
26.09.2024.
***
Əllərimin günahını
Sən yaxşı bilirsən,
Gizlənməyə yer axtarar,tapmaz...
Qarış-qarış dolanar kainatı...
Hər gün
Təbəssümündən pay umar,
Sənə sığınar hər gecə.
Ərköyün uşaq kimidi,
Küssə,qayıtmaz bir də...
Əllərimin günahını
Sən yaxşı bilirsən,
Bulaq təşnəsidi,
Su həsrətiylə yanar...
Hərdən azar
Iki dağ arasında,
Qalar bir vadidə sərgərdan...
Əllərimin günahaını
Sən yaxşı bilirsən...
Yaxşı tanıyır səni,
Telindən dırnağınacan,
Hər daşın adını yaddaşına yazar...
Əllərimin günahını
Sən yaxşı bilirsən,
Cəzasını özün kəs,
Qanı(m) halaldı sənə...
Baxış sayı:87
Bu xəbər 26 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















