Şəhid anası: Nicat haqq ədalətə hər şeydən çox önəm verərdi
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun çavuşu Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsindəki 49 nömrəli “İntellekt” liseyində təhsil alıb. 2014-2019-cu illərdə Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Karate ilə məşğul olub, ölkə daxilində keçirilən yarışlarda bir sıra nailiyyətlər əldə edib. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Şükürlü oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub.
Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Yeganə Şüküorva AZƏRTAC-a açıqlamasında oğlu Nicat ilə bağlı xatirələrini bölüşüb.
“Şəhid anası kimi bu günü sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki mənim üçün şəhidlik anlayışı yalnız bir tarix və ya bir hadisə deyil. Bu, bir ananın ömrü boyu qəlbində daşıdığı ağrı-acıdır. Oğlum Nicat da Vətən uğrunda canından keçən qəhrəman övladlarımızdandır. Nicat evimizin tək oğul övladı idi. Onun yeri, səsi, nəfəsi bizim üçün çox doğma idi. Çox ədalətli, vicdanlı, mərhəmətli, məsuliyyətli və vətənpərvər insan idi. Ən çox da haqq-ədalətə önəm verərdi. Kiminsə haqqının tapdanmasına, haqsızlığa dözə bilməzdi. Həmişə düzgünlüyün tərəfini saxlayardı. Mən onun bu xüsusiyyətləri ilə həmişə fəxr etmişəm.
Nicat uşaqlıqdan idmana maraq göstərirdi. Karate ilə məşğul olurdu, yarışlarda iştirak edir və müəyyən uğurlar qazanırdı. Məktəbdə də, universitetdə də özünü məsuliyyətli aparırdı. Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alması onun dünyagörüşünün formalaşmasında böyük rol oynadı. O, Vətənini, tariximizi sevirdi, ölkəmizin gələcəyi ilə bağlı düşünürdü.
Hərbi xidmət də Nicatın həyatında xüsusi yer tutdu. 2009-2011-ci illərdə Gədəbəydə hərbi xidmət keçdi. Sonralar Vətən müharibəsi başlayanda onun yenidən döyüşə getməsi mənim üçün həm qürur, həm də böyük narahatlıq idi. Ana ürəyi övladının arxasınca hər zaman nigaran olur. Amma Nicat Vətən qarşısında borcunu yerinə yetirməyi özünə vəzifə bilirdi.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Füzuli və Hadrut uğrunda döyüşlərdə iştirak etdi. Oktyabrın 11-də Hadrut döyüşlərində şəhid olması xəbərini aldığımız gün həyatımız dəyişdi. O gündən sonra heç nə əvvəlki kimi olmadı. Nicatın yoxluğuna alışmaq mümkün deyil. Ana üçün övladının yoxluğu heç vaxt keçməyən bir yaradır.
Mən Nicatla fəxr edirəm. O, həyatını Vətəninə, torpağına xidmətə həsr etdi. Onun haqqında danışanda həm qəlbim ağrıyır, həm də qürur hissi keçirirəm. Çünki mənim oğlum Vətən uğrunda canından keçən qəhrəmanlardan biridir. Onun adı, keçdiyi döyüş yolu və göstərdiyi igidlik bizim üçün əbədi yaşayacaq”, - deyə Yeganə xanım qeyd edib.
Müsahibimiz bildirib ki, oğlunun xatirəsi ailəsi ilə yanaşı, onu tanıyan hər kəs üçün əzizdir. Nicatın həyatda qoyduğu ən böyük iz Vətənə sədaqəti və insanlara münasibəti olub: “Nicatın yoxluğunu hər an hiss edirəm. Amma onun haqqında yaxşı sözlər eşidəndə, onu tanıyan insanların xatirələrini dinləyəndə təsəlli tapıram. Nicatın həyatı qısa oldu, amma inanıram ki, onun Vətən qarşısındakı xidməti və şəhidliyi heç vaxt unudulmayacaq. Mənim üçün o, həmişə evimizin tək oğlu, mənim balam olaraq qalacaq. Eyni zamanda, Vətən üçün canından keçən qəhrəman oğlum kimi yaşayacaq”.
Qeyd edək ki, Nicat Şükürlü ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Müxbir - Nərmin Muradzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















