Icma.az
close
up
RU
Şəhid məzarlığını kimlər dağıtmışdı? Məcid Rəşadətoğlu

Şəhid məzarlığını kimlər dağıtmışdı? Məcid Rəşadətoğlu

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Məcid Rəşadətoğlunun Naxçıvanda yerləşən "Böyük bağ" haqqında yazısını təqdim edir.

“Padşah bağ”ı kimi uzun illər sakinlərin üzünə bağlı qalan, Kazım Qarabəkir paşanın və Hüseyn Cavidin ziyarət yerinə çevrilən, bolşeviklər tərəfindən məzarları dağıdılan qəhrəman şəhidlərin uyuduğu bir əsrlik “Böyük bağ” haqqında…

Naxçıvan şəhərinin ən qaynar guşəsində, gediş-gəlişin çox olduğu prospektlərdən birində, insanların tez-tez üz tutduğu bu bağa nə zaman gəlsəm, qeyri-ixtiyari uşaqlıq illərimə qayıdıram. Daha dəqiq desək, xatirələrim məni insan ömrünün ən şirin çağları olan uşaqlıq illərinə, nənəli-babalı günlərimə aparır. Xatırlayıram… Mən deyim, 10 il, siz deyin 15 il bundan öncə yayın qızmar günortasından sonra axşamçağının gəlməsini, nənəmin mənim əlimdən tutub “Böyük bağ”a uşaqlarla oynamağa aparmasını, parkın girişindəki tum satan nənədən də kağız torbaların içində stəkanı 20 qəpik olan tumlardan almasını böyük maraqla, səbirsizliklə gözləyərdim. Saatlar, dəqiqələr, bir sözlə, oyun dostlarımla keçən həmin qısa müddət o qədər maraqlı və yaddaqalan idi ki...Gün başa çatdıqda isə məni oradan evə aparmaq nənəmə, babama ayrıca bir yük olurdu. Çünki o bağdan ayrılıb evə qayıtmaq, gizlən-qaç oynadığın ağaclarla “xudahafizləşmək” çox çətin idi mənim üçün...

O illərdən çox zaman keçib. Ancaq yolum nə zaman “Böyük bağ”a düşsə, qeyd etdiyim kimi, saf və qayğısız keçən uşaqlıq illərimə qayıdıram, nənəmin-babamın mənə söylədiyi rəvayətləri, əfsanələri, hekayələri xatırlayıb köks ötürürəm. Bir də onu yaxşı xatırlayıram ki, böyüklərdən eşitdiyim qədəri ilə haqqında danışacağımız “Böyük bağ”ın tarixi qədim olub. Araşdırdıqda da, gördük ki, hələ 15 il bundan öncə söhbətlərdə “bura Naxçıvanın ən qədim bağlarından biridir” deyilən “Böyük bağ” bu il nə az, nə çox, düz 110 yaşını qeyd edir. Bəli, bağın əbədi və sadiq sakinləri olan ağacların köklərinə, yarpaqlarına, bağın hər daşına, torpağına həkk olunmuş 110 illik tarix…

“Böyük bağ” haqqında qələmə alınmış məqalələrdən,haqqında söylənənlərdən öyrənirik ki, bu bağ Birinci Dünya müharibəsinin alovlandığı bir dövrdə, yəni 1914-cü ildə yaradılıb. Şəhər xeyriyyəçilərinin böyük vəsaiti və dəstəyi hesabına yaradılan bu bağın bütün maliyyə xərclərini dövrünün tanınmış xeyriyyəçiləri olan Şahbazağa Kəngərli, Kərbəlayi Musa (Kalba Musa) və Miriş Ağa öz üzərinə götürüb. İlk vaxtlar “Padşah bağı” adlanan bu istirahət məkanının yeri, tarixi faktlarda yazıldığına görə, şəhər əhalisinin dəfn edildiyi köhnə qəbiristanlıq olub.

Bu ərazinin qədim qəbiristanlıq olmasına bir sıra tarixi faktlarda da rast gəlirik. Məsələn, rus tədqiqatçısı Nikitinin yazdığına görə bu yerdə lap əvvəllərdən azərbaycanlılar dəfn olunmuşdur. Tədqiqatçı həm də onu qeyd edir ki, bağda ilk vaxtlardan müxtəlif növ bitkilər, xüsusən uzunömürlü ağaclar – çinar, qaraağac, akasiya və digər bitkilər əkilmişdir. Hətta ağacları sulamaq üçün məşhur bazar çayından həmin əraziyə, yəni bağın içərisinə su da çəkilmişdir…

“Böyük bağ”ın yerində qədim qəbiristanlığın olması, o cümlədən də həmin qəbiristanlıqda türk ordusunun şəhidlərinin dəfn edildiyi faktı mərhum ədəbiyyatşünas-alim Lətif Hüseynzadənin xatirələrində də özünə yer alıb.
Xatirələrdən oxuyuruq ki, 1918-ci ilin qırğınlarına son qoymaq üçün Azərbaycanın bir çox bölgələrinə, eləcə də Naxçıvana üz tutan Türk ordusunun soyqırımlara son verdikdən sonra - qayıdış ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir paşa ilə vida görüşü keçirilibmiş.
Vida görüşündən sonra şəhər camaatı, Kazım Qarabəkir paşa, bir çox əsgər və zabitlər, həmçinin Hüseyn Cavid əfəndi o zaman “Sultaniyyə” adlanan indiki “Böyük bağ”da döyüşlərdə həlak olmuş türk əsgərlərinin məzarlarını ziyarətə – vida görüşünə gedirlər. Lətif Hüseynzadə yazır: “Müəllimimiz – Türk dünyasının böyük şairi Cavid əfəndi şəhidlərin ruhuna fatihə oxuduqdan sonra dedi: Şəhidlər Tanrı aşiqləri ərlər-ərənlərdir, millət, vətən fədailəri, qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar. Sonra bir şeirini dedi:

Vətən eşqinə can nişan edən ərlər,

Əbədi bir həyat içində gülər!

Sonra Kazım Qarabəkir paşa məzar önünə keçərək şəhidlərin ruhuna fatihə oxudu, məzarın başdaşı yanında diz çökdü. Paşa gözləri yaşarmış halda ayağa qalxdı. Əsgərlər vida xatirəsi olaraq 12 yaylım atəşi açdılar”.
Təəssüflər olsun ki, haqqında qısa məlumat verdiyimiz həmin şəhid məzarları sonrakı dövrlərdə bolşeviklər tərəfindən dağıdılmış, məzar yerləri yerlə-yeksan edilmişdir. Şəhidlərdən geriyə adlarının həkk olunduğu bir daş lövhə qalmışdır ki, o da son illərdə müəmmalı şəkildə yoxa çıxmışdır…

Yazılanlardan onu da öyrənirik ki, “Böyük bağ” həmin illərdə “Sultaniyyə” bağı adlanırmış. Ehtimal edirik ki, Naxçıvan şəhərində sonrakı dövrlərdə yeni-yeni bağların salınması, kiçik və böyük istirahət parklarının yaradılması əhali arasında bağın adının “Böyük bağ” kimi çəkilməsinə, daha sonra isə rəsmi sənədlərdə və yazılarda da bu cür adlandırılmasına səbəb olub. Lakin bağın əhali arasında “Böyük bağ” kimi qeyd olunması barədə ən düzgün fakt belədir.
Akademik Məmməd Cəfər Cəfərov yazır ki, Zaviyə tərəfdə, Bəhram xanın evinin qabağında başqa bir kiçik bağ da vardı…“Padşahlıq bağı”nın ağacları dekorativ ağaclar idi. Bağın rus kilsəsinə tərəf (deyilənlərə görə rus kilsəsi indiki Tibb Kollecinin yerində olub) hissəsində 100-150 nəfərlik klub var imiş. Qeyd edək ki, həmin klub, şəhər əhalisinin sözlərinə görə, 1951-ci ildə yanğın nəticəsində məhv olub”.

1926-cı ildə Naxçıvan şəhərinə gələn rus tədqiqatçısı V.M. Sısoev şəhər haqqında öz təəssüratlarını bildirərkən “Böyük bağ”ın gözoxşayan gözəlliyinə də toxunmuş, bu məkan haqqında olduqca maraqlı məlumat vermişdir. Tədqiqatçı yazır: “Şəhərdə ən sevimli yer olan bağda çoxlu cavan ağaclar var. Bir neçə ildən sonra burada geniş tennis kortu da yaradılacaq. Həmin sahədə özündə keçmiş ənənələri əks etdirən klub mövcud idi. Burada, həmçinin rəngli taxtalardan düzəldilmiş şəhər teatr binası fəaliyyət göstərirdi. Teatr 500 nəfərlik tutuma malik idi. Teatrın qarşısında sadə bir bina – restoran var idi. Burada çox da baha olmayan yeməklər verilirdi. Teatrda yay mövsümündə axşamlar Şərq çalğı alətləri (tar, kamança və digərləri) vasitəsilə konsertlər verilirdi. Axşamlar şəhər əhalisinin əksəriyyəti bağa gəlib əylənirdilər”. Yazımızın bu yerində filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun qeydlərinə müraciət etməyə ehtiyac duyuram. Tədqiqatçı-alimin yazdığına görə rus tədqiqatçısının haqqında danışdığı klubda müxtəlif tamaşalar da göstərilirmiş. Fərman Xəlilov yazır ki, Naxçıvan teatr həvəskarları 1917-ci ilin iyun ayında Əliqulu Qəmküsarın Tiflisdən müvəqqəti olaraq Naxçıvana gəlməsindən istifadə edib, “Ölülər”i hazırlayırlar və şəhər bağındakı klubda tamaşaya qoyurlar.

Tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Şərq qapısı” qəzetinin 21 may 2022-ci il tarixli sayında nəşr edilən “Əsrlərin yadigarı: “Böyük bağ” başlıqlı məqaləsində yazılıb:
“1930-cu ildə Qaçaq Quşdanın silahlı dəstəsi ilə hökumət adamları arasındakı atışmalar zamanı həlak olanların cənazəsi “Böyük bağ”da dəfn edilir. Ancaq 1938-ci ildə “Böyük bağ”da teatr binası tikmək istəyərkən qəbirlər sökülərək ərazinin cənub tərəfinə köçürülür. Bir neçə ildən sonra isə parkdakı “17-lər” adlanan həmin yerə sərhəd əsgərlərindən həlak olmuş iki nəfəri də dəfn edirlər. Meydançada, həmçinin Qaçaq Quşdanın silahlı dəstəsinə qarşı atışmalarda həlak olan və kəndlərində dəfn edilən polis işçilərinin də adları qeyd olunmuşdur”.
Sonrakı illərdə memar Məmməd İbrahimovun layihəsi əsasında parkda yenidənqurma işləri aparılıb və köhnə qəbirlərin yerində monumental abidə ucaldılıb. Dəfn edilənlərin adlı siyahısı da orada qeyd olunub. Əldə etdiyimiz məlumatlara əsasən bağda “17-lər” adlanan həmin yerdə dəfn olunanların adlı siyahıları Naxçıvan Dövlət Arxiv İdarəsində saxlanılır”.

Adıçəkilən məqalədə oxuyuruq: “Naxçıvan şəhər sakini, qocaman ziyalı Südabə Süleymanova deyir ki, vaxtilə parkdakı məzarların önündəki meydanda vətənpərvərlik tədbirləri keçirilərdi. Ötən əsrin 50-ci illərində, hətta ondan da əvvəl bağa “Lenin adına Mədəniyyət və İstirahət Parkı” adı verilsə də, şəhər əhalisi bu bağı “Böyük bağ” kimi tanıyır”.

Yazımın bu yerində nənəmin bir zamanlar “Böyük bağ” haqqında mənə danışdığı xatirələr yadıma düşdü.
O deyirdi ki, gənclik illərimizin çox az bir hissəsi bu bağda keçib. Çünki hökumət tərəfindən bağın dörd bir tərəfi dəmir çəpərlərlə əhatələndiyi üçün bizim kimi “qara adamların”, yəni fəhlə-kəndli sinfinin bura daxil olması qəti qadağan idi. Gənc oğlanlardan buna cəhd etmək istəyənlər olurdu, ancaq qarşısı milislər tərəfindən alınır və onlar cərimələnirdi. Bağa ancaq ali zümrənin, varlı ailələrin nümayəndələri daxil ola bilərdi. Ancaq onlar bu bağda dincələ, gəzib-dolaşa bilərdilər. Çünki adı üstündə; bu bağ “Padşah bağı” idi…

Tədqiqatçı Aytəkin Qəhrəmanovanın sözügedən məqaləsindən onu da oxuyuruq ki, bağda 1938-ci ildə tikilən teatr binası 1951-ci ildə yanğın nəticəsində tamamilə yararsız hala düşüb. 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının 40 illiyində teatr yeni binaya köçürülüb. 70-ci illərin ortalarında isə bağda Naxçıvan Dövlət Filarmoniyası fəaliyyət göstərməyə başlayıb. Filarmoniya Heydər Əliyev Sarayına köçdükdən sonra orada Mədəniyyət evi fəaliyyət göstərib. Mədəniyyət evinin bir hissəsində isə Naxçıvan şəhər kitabxanası yaradılıb. Kitabxananın təşəbbüsü ilə bağda qəzet köşkü də təşkil olunub ki, həmin guşədə gündəlik Azərbaycan və rus dillərində olan qəzetlər satılarmış.

O da vurğulanmalıdır ki, bağın müxtəlif yerlərində cürbəcür heyvan fiqurları, müxtəlif təsvirlər, kiçik heykəllər və digər bəzək nümunələri də qoyulubmuş. Həmçinin bağda mütəmadi olaraq müxtəlif idman yarışları, viktorinalar, məktəblilərin intellektual oyunları və digər məşğələlər də təşkil edilirmiş. İndiki Gənclər və İdman Nazirliyinin (ozamankı köhnə teatrın yerində) qarşısında müxtəlif idman oyunu masaları, o cümlədən müxtəlif idman oyun qurğuları da var imiş ki, bu da bağı yeniyetmələrin və gənclərin ən sevimli ünvanlarından birinə çeviribmiş…

Naxçıvan şəhərinin yaşlı sakinlərinin dediklərinə görə, 1941-ci ilə qədər, yəni II Dünya müharibəsi başlayana qədər bağda hündürlüyü 70 metrə çatan böyük qüllə olub. Həmin qüllə 1941-ci ildə iki dəfə partladılaraq məhv edilib. Sakinlərin sözlərinə görə, həmin partlayış çox güclü olub və şəhər əhalisini təşvişə salıb.

Ötən əsrin 80-ci illərindən başlayaraq bağda hərtərəfli yenidənqurma və abadlıq işləri aparılıb. Sonrakı illərdə bağda insanların rahat istirahətinə şərait yaradacaq şəkildə oturacaqlar qoyulub, yerə kilid daşlar düzülüb. Həmçinin bağın içərisindəki “Çay evi” bərpa edilərək müasir görkəmə gətirilib. Həmin çayxana bu gün də öz dadlı-tamlı samovar çayı ilə qonaqlarının bir nömrəli istirahət məkanına çevrilib…

Bəhs etdiyimiz bu 110 illik tarix hesab edirəm ki, yalnız “Böyük bağ”ın yox, həm də muxtar respublikamızın mədəni inkişafının, keçdiyi tarixi inkişaf yolunun bir ünvanda yaşayan ən gözəl tərcümanıdır... “Böyük bağ” bundan sonra da öz qonaqlarını ən gözəl biçimdə qarşılayıb yola salacaq, onların cisminə, ruhuna dinclik bəxş edəcək. Mənim kimi, bəlkə də, neçə-neçə gəncin uşaqlıq xatirələri bu məkanın sorağına düşəcək. Neçə-neçə yazılar, tədqiqatlar bu məkandan bəhrələnəcək. Bir sözlə, “Böyük bağ” hələ uzun illər yaddaşlarımızda qalacaq…

MEDİA qəza ilə bağlı çağırış etdi Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri