Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm Ulucay Akif
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Nə vaxt ki adamlarımızın dilində “Şəhid, qazi, Vətən, bayraq, torpaq” sözlərini çox eşitməyə başlayıram, başa düşürəm ki, yenə nəyisə əlimizə-üzümüzə bulaşdırmışıq, vəziyyətdən çıxmağa çalışırıq.
Yenə həmin cür vəziyyət yaranıb, deyəsən. Kimə baxıram, hara baxıram şəhidlərimizdən, qazilərimizdən danışırlar. Deməli, yenə nələrisə düz etmirik.
Özü də bu mövzular elə həssasdır ki, çox adam cəsarət edib insanlara həqiqətin yerini göstərməyə də ürək eləmir. Qorxur səhv başa düşülər, ara yerdə camaat onun üstünə də bu sözlərlə hücum çəkər.
Əvvəla onu deyim, məsələnin nə olduğunu heç özüm də tam bilmirəm. Amma bildiyim nələrinsə olduğunu düşünürəm.
Şəhidlərin bizim üçün yeri hamımıza bəllidir. Əlavə pafoslu cümlələr yazmağıma, boğazımı arıtlayıb bəlağətli nitq söyləməyimə gərək yoxdur. Hamıya aşkar olan şey haqqında nə demək olar ki?
Onları necə yad etməli olduğumuzu da, onlardan bizə əmanət qalan doğmalarına – şəhid ailələrinə necə münasibət göstərməli olduğumuzu da çox gözəl bilirik.
Həmçinin qazilərimiz də həmin məqamdadır bizim üçün. Müharibə reallığı ilə danışsaq, qazilər də təsadüfən sağ qalan şəhidlərimizdir. Bu səbəbdən onlara da həmişə böyük hörmətlə, qayğıyla yanaşmalıyıq.
Ancaq bəzi həqiqətlərlə üzləşməyi və bu kədərli həqiqətləri özümüzə etiraf etməyi də bacarmalıyıq.
Məsələn, qazi adından çox mənasız, bəzən də xoş olmayan əməllərdə istifadə edənləri dəfələrlə görmüşük.
İndi də nəsə bir hadisə baş verib, yenə aləm dəyib biri-birinə.
Təəssüf ki, hansısa şəhid valideyninin bu statusundan başqa məsələlərdə istifadə etdiyini dəfələrlə eşitmişik. Bəzən hansısa makler, bəzən sahibkar, bəzən də elə hansısa bir dövlət məmuru öz məqsədləri üçün bir şəhid valideynini ya qazini öz yanına çəkir, onu özünə qalxan edir və öz qara-qura işlərini görür. Bilir ki, hamı şəhid adını, qazi sözünü eşidib göz yumacaq.
Kimsə buna etiraz edəndə də belə fikirlər səsləndirilir:
“Məmurlar eləyəndə olar, şəhid anasına olmaz?!” “Məmurlara söz deyə bilmirsiniz, gücünüz şəhid atasına çatır?!” “Qaziləri qınaya bilirsiniz, gedin məmur balalarına da nəsə deyin!”
Bəli, ey gözəl dost... Məmurlara olar, şəhid anasına olmaz! Mən o cür məmurlara nifrət edirəm, amma şəhid anasına nifrət etmək istəmirəm.
Bəli, ey gözəl dost, məmurlara söz deyə bilmirik, amma şəhid atasına da gücümüz çatdığı üçün yox, ərkimiz çatdığı üçün deyirik. Çünki şəhid atasının adını pis işlərdə görmək istəmirəm. Məncə, övladı da bunu istəməzdi.
Bəli, qaziləri qınaya bilirik, çünki onları öz qardaşımız, doğmamız bilirik. Məmur balalarından isə əlimizi üzmüşük.
Siz istəyirsiniz ki, şəhid ailəsinin üzvləri, qazilərimiz də bəzi məmurlarımız kimi çirkaba batsın? Mən istəmirəm.
Heç kimin bu cür əməllərinə haqq qazandırmaq olmaz.
Şəhid adı, qazi adı onsuz da heç vaxt hörmətdən düşməyəcək bizim ölkəmizdə, amma gərək biz də bu adların paklığını qorumağa çalışaq.
Bu cür əməllərə don geyindirməkdənsə, qazilər üçün yardımların artırılmasını istəməliyik.
Düzdür, nə yalan deyim, mən inanıram və görürəm ki, dövlət bu məsələlərə mümkün qədər diqqət ayırır. Şəhid ailələri evlə təmin olunur, övladlarının təhsilinə yardım göstərilir, qazilərimizə də qayğı göstərməyə çalışırlar.
Bəlkə də azdır, yetərincə deyil. Elədirsə, bundan danışmalıyıq.
Hansısa qazimizin səhhətində problem varsa, köməklik göstərilsin, işlə təmin olunsun.
Şəhidlərimizin əmanətlərinə həssasdan da həssas yanaşılsın.
Biz bunları istəməliyik.
Dövlətimiz şəhid ailələrinin, qazilərin arxasında elə dayansın ki, onları kiminsə qara-qura işlərində görməyək. Amma bir zəhmət, özləri də belə işlərə həvəsli olmasınlar.
Nur üzlü şəhidlərimiz xatirinə, olmasınlar!
Baxış sayı:85
Bu xəbər 07 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















