Icma.az
close
up
RU
Şəhidlikdə yaşlanmaq qüruru

Şəhidlikdə yaşlanmaq qüruru

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağ müharibəsinə ölkəmizin hər yerindən oğullar yollandı. Onlarla naxçıvanlı vətənpərvər hərbçi gənc də Vətən torpaqlarını işğaldan azad edənlərdəndir. Naxçıvan da Qarabağ uğrunda onlarla övladını şəhid verdi. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı iki ay Naxçıvan tamamilə blokada şəraitində yaşamaq məcburiyyətində qaldı. İki ay bu torpağın Azərbaycanla, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə isə naxçıvanlıların tək ümidi olan təyyarələr yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. Bu təyyarələr əsrlərə qəhrəmanlıq tarixini yazan Naxçıvan şəhərinə, igidlər oylağı Şərura, vətənpərvərlik mücəssəməsi Ordubada, Babək qeyrətli Babəkə, qəhrəmanlar yurdu Kəngərliyə, Əlincə qeyrətli Culfaya, yenilməzlik abidəsi Sədərəyə, hünəri uca dağlarının şiş zirvələrindən alan Şahbuza gətirirdi şəhidlərimizi. Vətən müharibəsinə mərd oğul kimi gedib, qəhrəman kimi qayıdan balalarımızı. Bu qədim diyarın özünün də, insanlarının da qürur duyduğu, fəxr etdiyi övladları...

Onlardan biri-Azərbaycan Ordusunun əsgəri, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Şuşa və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə döyüşən, oktyabrın 27-də Laçın döyüşləri zamanı şəhid olan Lətif Əliyev haqqında söhbət açmaq istəyirəm. Bu gün doğum gününü əzizlərinin qeyd etdiyi, gözəl xatirələrlə andığı şəhid Lətif Əliyev.

Dörd il öncə Lətif Əliyevin cənazəsinin Naxçıvana, oradan isə Şərura gətirildiyi günü yaxşı xatırlayıram. 44 gündən biri-noyabrın 2-i idi. Yenə də şəhidimiz gəlirdi təyyarədə. Endi birazdan Naxçıvana... Qarşıladı bu diyar öz əzizlərini, yola saldı onları şəhərlərə, qəsəbə və kəndlərə. Bu yollardan biri də Şərura gedirdi. Həmin gün 3 şəhidi vardı Şərurun. Bu ulu yurd qollarını açıb şəhidini gözləyirdi. Qəribə bir mənzərə canlanırdı gözlər önündə: yaşıllıqlar məkanı Şərurda payızın bir günün içində saçları necə də ağarmışdı. Bəlkə saçlarını yolub yollara tökən ağacların görüntüsü idi bu? Çılpaqlığın bəyazlığı... Şəhidini-əzizini qarşılayırdı yollar da, ağaclar da, yarpaqlar da, ətrafdakı hər şey... Hüzn içində, yox, həm də qürur içində idi Şərur.

Lətifini, Əlisini, Muradını qarşılayırdı. Bu yurdun igid övladlarını, hər biri bir ailənin göz nuru, ürək döyüntüsü olan övladlarını. Yox, tək ailələrinin deyil, onlar bütün Naxçıvanın, Azərbaycanın canı, ürəyi, qürurudur. Birazdan torpağa tapşırıldı Vətən övladları, Şərur rayonunun şəhidlər xiyabanında. Üç şəhid-üç bayraqdır, üç yüksəlişdir, üç torpaqdır, kənddir, el-obadır...

Babasının adını daşıyan Lətifin əmiləri İlqar, İntiqam, bibiləri Qiymət, Sədaqət, Səidə bu gün tək qardaşlarının balasını deyil, sanki bu gün yenidən öz atalarını da itirmişdilər. Torpağa iki qəhrəmanı, iki şəhidi gömmüşdülər. Onların hər ikisinin adı Lətif idi... Xanlıqların Lətifləri... Biri torpağın zəhmət insanı, biri torpağın şəhid övladı... Biri illərlə torpağın altını üstünə çevirib zəhmət əlləri ilə ailəsini dolandıran Lətif, digəri isə babasından toprağa məhəbbəti əxz edən nəvə Lətif, şəhid Lətif. Baba Lətif zəhmətkeş, qabarlı əlləri ilə dünyadan köçmüşdü, Xanlıqlarda bir zəhmət abidəsi ucaltmışdı özü üçün. Nəvəsini Dədəm Qorqudun torpaqla bağlı tövsiyələri ilə böyütmüşdü, torpağı əkməklə və qorumaqala bağlı tövsiyələri ilə...

Şəhid Lətif haqqında danışılanlar ürəyimi tar-mar etdi, həm də qürurlandırdı. Bu övladın 25 illik həyatı zəhmət üzərində qurulubmuş. Evlərinin dayağı, atasının sağ əli, anasının aldığı nəfəsi imiş... Özündən başqa üç qardaşından mehribanlığı, qayğıkeşliyi ilə çox fərqlənən oğul imiş... Yenicə hərbi işə düzələndən sonra ilk əmək haqqı ilə anasına paltaryuyan maşın alıb, “Ana, neçə illərdir bu böyük ailənin pal-paltarını yumaqdan əllərinin dərisi gedib, qızın da olmayıb ki, sənə kömək etsin. Ta bəsdir, qoy bundan sonra bu maşın yusun ”, – deyib. Lətif illərdən bəri atasının hələ də tikib başa çatdıra bilmədiyi evi tamamlayacağını söyləyirmiş. Hələ nə qədər də işlər görmüşdü. Hamısını bibisi Lətifə lay-lay deyə-deyə göstərdi mənə. Evlənənə qədər hamısını bitirmək arzusunda imiş...

***

Biz yanılırıq, Lətif o evi tikib, tamamlayıb. Lətif həyat yolu, Qarabağda şücaətli döyüşləri ilə atasının o kasıb komasının üzərində elə bir malikanə tikib ucaldıb ki, Xanlıqlarda heç kimin elə ev-eşiyi yoxdur. Bu malikanənin ən yuxarı mərtəbəsini özünə məkan seçib Lətif. Bu mərtəbənin adı Vətəndir. Seyr edir oradan Şərurunu... Oradan Qarabağ da görünür... Oradan Lətifi sevənlərin hər biri görünür. Oradan Vətən görünür. Hər kəs Azərbaycan bayraqlarını Lətif üçün dalğalandırır. “Şəhidim, səninlə qürur duyuram”, – deyir. Lətif Şərurludur, Xanlıqlarlıdır– Naxçıvanlıdır, Naxçıvan şəhididir, lakin ümumilikdə Lətif bütöv Azərbaycanlıdır. Şəhid olduğu həmin gündən etibarən Lətif Azərbaycan bayrağıdır... Ağlama, Şərur, ağlama Xanlıqlar... Ağlama ata-ana, bibi, əmi, xala. Azərbaycan bayrağına bax, övladın oradan sənə baxır...

Əzizinəm igid Lətif,

Baba Lətif, nəvə Lətif.

Qarabağ dastanında

Hər söz-söhbəti lətif.

Lətif Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə”, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ömürlər yarımçıq qalır, arzular, istəklər, gələcək Vətən torpaqlarına gömülür, lakin bunun özü elə bir xoşbəxtlik deyilmi? Vətən yolunda kim canını, varını əsirgəyər ki?.. Bu oğullar tarixdir... Bu oğullar namusdur, ana-bacılarımızın ismətidirlər... Atasız uşaqların harayıdırlar. Minlərlə soydaşımızın qisasını alanlardırlar. Ən əsası isə gələcəyə aparacağımız, nəsillərə təhvil verəcəyimiz torpaqlarımızın alın açıqlığı, qürur yeridirlər.

44 gündə Naxçıvan dəfələrlə şəhidini qarşıladı, basdı bağrına, qucaqladı, lay-lay dedi... Biz bir toylarda görmüşük o qədər maşınları, o qədər siqnalları, bir də övladlarımızı son mənzilə yola salanda gördük. Bu qədər gülü-çiçəyi toylarımızda görmüşdük, bir də şəhidlər keçən yollarda gördük. Bu qədər insanı da toylarımızda görmüşdük, bir də şəhid cənazələrinin arxasında gördük. Biz bəy xonçalarını yenə də toylarda görmüşdük, məzar üstündə də gördük. Biz anaları oğul toyunda qol qaldırıb oynayanda görmüşdük, “Ay camaat, gəlin, oğlumun toyudur”, – deyib cənazə qarşısında oynayanda da gördük. Bəlkə bu da yeni bir toyumuz-düyünümüzdür. Qoy olsun, yeni toyumuz-düyünümüz olsun bunlar. Lakin bir qarış torpağımız da ermənidə qalmasın. Torpaq namusdur, qoy namusumuz tapdalanmasın. Torpaq ululuqdur, qoy ululuqdan enməyək. Torpaq əvvəlimiz və axırımızdır, qoy axırımız əvvəlimizdən utanmasın. Torpaq mənəm, sənsən, bizik, hamımızıq, qoy ölək, son nəfərimizədək, lakin biz varıqsa, Vətən torpaqları da tam olsun...

Bu gün Lətifin doğum günündür, 30 yaşı tamam olur. Bu gün həmişə olduğu kimi, onun əziz xatirəsi anılır, məzarı ziyarət olunur. Analar, qadınlar ağlayar, bu, bəllidir. Lakin bu gün yenə də Lətifin atasının, əmilərinin, qardaşlarının gözündən axan yaş, tez-tez silib gizlətdikləri yaş həm “kişilər ağlamaz”, həm də sevinc göz yaşları anlamına gəlir. Çünki bu göz yaşlarında Suqovuşanı görürük, Xudafərinlə həmdərd olan Arazı görürük... Bu yaşlarda Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Kəlbəcərin, Laçının sevincini görürük. Onların əllərindəki bayraq bu gün həm də Qarabağ torpaqlarında dalğalanır. Ətrafı rənglərinə boyayır. Yaşıl rəng erməni tapdağından bozlaşmış yurdları yaşıl çəmənə çevirir, qırmızı Günəş olub, dağların arxasından boylanıb 30 il doğmadığı yerlərə gülümsəyir, mavi Qarabağın başı üzərindəki səmanı aydınladır... Bir anda gözlərim önündə Şərurun Şəhidlər Xiyabanı Murovun zirvəsinə qalxır. Oradan şəhidlərim bizi haraylayır, “Ağlamayın, bizimlə qürur duyun, Vətən torpaqlarını yağıdan almışıq”, – deyirlər...

Ruhun şad olsun, Lətif! Şəhidlikdə yaşlanan Lətif! Rurunuz şad olsun, şəhidlər! Siz bizim qürurumuz, başımızın tacısınız. Bizi yenidən Qarabağlı edənlərsiniz. Qarabağın qara bəxtini ağ edənlərsiniz. Nə qədər ki, Azərbaycan var, sizin adınız Vətənlə, torpaqla, bu xalqın namusu, qeyrəti, iffəti ilə qoşa çəkiləcək.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see205

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see205

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see197

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see195

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see193

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see191

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see182

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see174

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see169

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see168

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see164

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see164

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see163

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see163

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see161

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see159

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see158

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see157

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri