Sərkisyandan Putinə etiraf məktubu: Qarabağla bağlı təklifə cavabında yazıb ki...
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“ATƏT-in Minsk qrupunun və onun bütün yardımçı strukturlarının buraxılması təkcə 1990-cı illərin əvvəllərində formalaşmış bir siyasi dövrün nöqtələnməsi deyildi. Bu hadisə illərlə kuluarlarda pıçıldanıb, amma heç vaxt sənədlərə düşməyən bir həqiqəti üzə çıxardı: vasitəçilik formatı rəsmi şəkildə bağlanmazdan çox əvvəl özünü tükətmişdi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Alıoğlu deyib.
Siyasi şərhçi Ermənistan cəmiyyətində Qarabağ danışıqları ilə bağlı detalların müzakirələrə səbəb olduğunu bildirib:
“Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi ictimai vədə əməl edərək arxiv materiallarının böyük bir hissəsini – yazışmaları, analitik hesabatları, həmsədrlərin işçi layihələrini, xidməti qeydləri və diplomatik memorandumları – açıq şəkildə paylaşanda, Qarabağ danışıqlarının real tarixinin rəsmi xülasələrdən qat-qat dramatik olduğu üzə çıxdı.
Tədqiqatçılar, jurnalistlər, ekspertlər və diplomatlar qarşısında əvvəllər görünməmiş miqyasda bir arxiv açıldı: Ermənistan rəhbərlərinin beynəlxalq vasitəçilərlə onilliklər boyu apardığı yazışmalar, həmsədrlərin daxili qeydləri, heç vaxt həyata keçməyən sülh ssenariləri, eləcə də Azərbaycanın işğal altında olan ərazilərinin gələcəyi ətrafında edilən gizli təzyiqlər, güzəştlər və diplomatik çəkişmələr.
Bu sənədlər soyuq, lakin son dərəcə açıq istənilən siyasi tənqiddən daha sarsıdıcı təsir bağışladı. Çünki onlar Ermənistan rəhbərliyinin illər boyu gizlətməyə çalışdığı qorxuları, tərəddüdləri və panik reaksiyaları çılpaqlığı ilə göstərirdi: diplomatik reallıq hərbi reallıqla toqquşanda bu ölkə tam çaşqınlıq içində qalmışdı.
Yayımlanan materiallar içərisində xüsusi diqqət çəkən bir sənəd vardı – Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktub.
Məhz bu sənəd tarixdə o anı işarələyirdi ki, tərəflər tam fərqli istiqamətlərə yönəldilər: Azərbaycan – ərazi bütövlüyünü bərpa etməyə, Ermənistan isə strateji çıxılmazlığa doğru”.
Elçin Alıoğlu
E.Alıoğlunun sözlərinə görə, məktub təkcə Sergey Lavrovun təklif etdiyi növbəti tənzimləmə planına verilmiş cavab deyildi:
“Bu, həm də İrəvanda hökm sürən daxili panikanın və “hərbi balans”a söykənən illüziyanın dağıldığının etirafı idi. Sərkisyan ilk dəfə rəsmi sənəddə o həqiqəti yazıya aldı ki, aprel döyüşləri regionda qüvvələr nisbətinin geri dönməz şəkildə dəyişdiyini nümayiş etdirdi. Azərbaycan Lələtəpə və bir sıra strateji istiqamətlərdə qazandığı uğurlarla sübut etmişdi ki, diplomatik prosesi sahədəki real güc vasitəsilə formalaşdıra bilər. Deməli, köhnə danışıqlar formatı artıq işləmir.
Daxili təzyiq altında qalan və nəticələrin fərqində olan Sərkisyan Putinə demək olar ki, açıq mətnlə bildirirdi: Ermənistan artıq əvvəlki şantaj siyasətinə qayıda bilməz, çünki əsas “kozırını”, yəni işğal olunmuş ərazilərə nəzarəti itirib.
Paşinyanın arxivləri açması bu məqamı daha aydın göstərdi: Ermənistan diplomatiyası hələ 2016-cı ildə yol ayrıcında idi. Bir yol reallığı qəbul etməyi, yəni Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində danışıqları davam etdirməyi nəzərdə tuturdu. Digəri isə status-kvonu saxlamaq ümidi, daxili zəifliyi xarici dayaqlarla kompensasiya etmək arzusu idi. Sərkisyan ikinci yolu seçdi və bu qərar Ermənistanı 2020-ci ildə başa çatan azadlıq əməliyyatlarına, yəni Azərbaycanın bütün torpaqlarını azad etməsinə aparan məntiqi nəticəyə gətirdi.
Bu gün, sənədlər hamının gözü önündə olanda, artıq aydındır: Qarabağ danışıqları qarşılıqlı güzəştlərin deyil, get-gedə dərinləşən disbalansın tarixidir. Bir tərəf güclənirdi, o biri isə illüziyalara inanmaqda davam edirdi. Məhz buna görə də açıqlanan məktublar, protokollar, layihə sənədləri və xidməti yazışmalar təkcə 2016-cı ilin diplomatik səhvini deyil, bütövlükdə Ermənistanın niyə və necə vaxtı, strategiyanı və kompromis şansını itirdiyini göstərir. Bu sənədlər – tarix üçün təkcə arxiv deyil, həm də dərsdir: hərbi və diplomatik reallıq arasında balansı itirən tərəf, sonda həm masa arxasında, həm də döyüş meydanında uduzur”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















