Icma.az
close
up
RU
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı O, Hitlerə necə yanaşırdı?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün tanınmış alman yazıçı Anna Zegersin doğum günüdür.

Kulis.az bu münasibətlə Kseniya Maksimovanın onun haqqında yazısını təqdim edir.

Sovet dövrünün gəncliyi mütləq qaydada prinsipial kommunist Anna Zegersi oxuyurdu. Lakin məlum səbəblərə görə, onun kitablarına tələbat çoxdan itib, baxmayaraq ki, ədəbiyyatşünaslar hələ də onların ədəbi dəyərini yüksək qiymətləndirirlər.

Anna Zegersin kitabları təkcə nasist dövrünü və “soyuq müharibə”ni yaşamayıb, həm də o dövrün yaddaşını qoruyub saxlayıb. Buna görə də bu gün onları oxumağa dəyər – heç olmasa, keçmiş bir dövrü anlamağa cəhd etmək üçün.

Netti Reylinq (evlilikdə Radvani) əsrlərin qovşağında, 1900-cü ildə ortodoks yəhudiliyi qəbul edən bir ailədə doğulmuşdu və onun taleyi XX əsrdə bütün yəhudi xalqının taleyi ilə sıx bağlı idi.

O, ən gənc yaşlarından davamlı olaraq biliyə can atır, ətraf aləmin mahiyyətinə varmağa çalışırdı. Universitetdə tarix, incəsənət və sinologiya (çinşünaslıq) üzrə təhsil aldı, lakin tezliklə başa düşdü ki, onun həqiqi ehtirası yazıçılıqdır.

İlk hekayələrini artıq 1920-ci illərin sonunda nəşr etdirdi və onları çox sevdiyi niderland rəssamı Herkules Zegersin şərəfinə “Zegers” imzası ilə təqdim etdi. Elə buna görə də ilk resenziyalarda tənqidçilər müəllifin kişi olduğunu ehtimal edirdilər.

1930-cu illərdə bir çox müxalif yazıçılar öz əsərlərində nasistlərin cinayətlərini ifşa edirdilər. Onların əksəriyyətinin kitabları baş verənlərin sadəcə şahidi, təsviri idi.

Anna Zegers isə mövzuya başqa cür yanaşdı: o, kütlələrin niyə Hitlerin ardınca getdiyini təhlil etməyə çalışırdı. Hitler necə oldu ki, ictimai şüuru o dərəcədə iflic etdi ki, xalq müqavimət göstərməyə qadir olmadı?

Nasistlər bir qismini necə qorxudurdular, digərlərini necə aldadırdılar? Hansı sosial, tarixi və psixoloji faktorlar nasist ideologiyası üçün belə möhkəm bir təməl yaratdı?

Bu suallara cavab tapmaq istəyən Zegers əslində ədəbi formada öz araşdırmalarını aparırdı. Məsələn, onun “Qiymətləndirilmiş baş” və “Xilas” əsərləri məhz bu barədədir.

1939-cu ildə yazılmış “Yeddinci xaç” əsəri Anna Zegersin ən yaxşı və tənqidçilərin fikrincə ən yetkin romanı sayılır. “Bu kitab alman antifəşistlərə – ölülərə və dirilərə həsr olunur”, – deyə o, əsərin epiqrafında yazmışdı.

Əsər Vesthofen konslagerindən qaçan yeddi məhbusun hekayəsidir və onlardan yalnız biri xilas ola bilir. Roman müəllifə dünya şöhrəti gətirdi, ABŞ-da isə “ayın kitabı” oldu.

Almaniyada isə “Yeddinci xaç” bir neçə il sonra nəşr edildi.

1949-cu ildə “Ölülər cavan qalır” romanı işıq üzü gördü – bu, 1919-dan 1945-ə qədərki Almaniya haqqında epik bir əsərdir, məhv olmaq üzrə olan bir xalq və rejimlə mübarizə aparan insanların daxili gücü barədə bir kitabdır. Lakin bütün bu emosional təlatümə baxmayaraq, Anna Zegers siyasi traktatlara yuvarlanmadı: onun realist əsərlərində yaşayan insanlar – düşünən, vuruşan, sevən və əzab çəkən insanlar vardı.

Təəccüblü deyil ki, 1933-cü ildə Almaniyada yandırılan kitablar arasında Zegersin əsərləri də vardı və yazıçının özünü Gestapo həbs etmişdi. Doğrudur, qısa müddətlik. Bundan sonra o, Almaniyanı tərk etdi: əvvəlcə Parisə, sonra Marselə, oradan isə Nyu-Yorka, daha sonra isə Mexikoya getdi və yalnız müharibədən sonra Şərqi Berlinə qayıtdı.

Amma Zegersin məcburi mühacirət illərində Almaniyadan gələn xəbərlərə necə diqqətlə və həyəcanla yanaşdığını, kommunist yeraltısından gələn məlumatları necə səbirsizliklə gözlədiyini xatırlamamaq mümkün deyil!

Nə qədər zəifləsə də, boğulsa da, yeraltı hərəkat həmin dözülməz şəraitdə belə mövcud idi. Bundan başqa, Zegers gestaponun zindanlarında olmuş və ya konslagerdən qaçmağı bacarmış adamlarla da görüşürdü.

Tarixdə dəfələrlə olduğu kimi, zaman keçdikcə Zegersin adı yenidən bərpa edildi.

1947-ci ildə ona Almaniyanın ən nüfuzlu ədəbi mükafatı – Georq Büxner Mükafatı təqdim edildi.

1969-cu ildə Anna Zegers Sovet İttifaqına dəvət edildi. Xəstəlik səbəbindən özü gələ bilmədi və onun yerinə o zaman tələbə olan, rus dilini yeni öyrənməyə başlayan nəvəsi Jan Radvani göndərildi.

Berlinin bir küçəsi Anna Zegersin adını daşıyır. Bu küçə Adlershof rayonunda yerləşir – yazıçı 1955-ci ildən ölümünə qədər orada yaşamışdı. Onun mənzili bu gün ev muzeyinə çevrilib.

Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı? Sevgi öləndə belə, bir-birimizi sevəcəyik - Günün mahnısı "Bir, iki - bizimki!" - Qazax Dövlət Dram Teatrının səhnəsində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri