Sinif otağında məktəblini kontur üstündə döyən şəxsə elektron qolbaq taxıldı
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nizami Hacıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2023-cü ildə Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Kəlbəcər rayonu 20 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nizami Hacıyev tənəffüs saatında həmyaşıdı, həmin məktəbin 9b sinif şagirdi, yetkinlik yaşına çatmayan zərərçəkmiş Mahmud Binnətovun (şərti) olduğu sinif otağına keçib. O, zərərçəkmişdən mobil telefonla danışmaq üçün kontur istəyib. Mahmud isə ona kontur verməyib. Bu zaman Nizami Mahmuda nalayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə qəsdən yumruq və ayağı ilə onun şəxs sifətinə, bədəninin digər nahiyələrinə vurub.
Hadisədən sonra Nizami Hacıyev saxlanılıb və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Kamal Məmmədov

