Icma.az
close
up
RU
Şirin su qıtlığı getdikcə kəskinləşir

Şirin su qıtlığı getdikcə kəskinləşir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin təsnifatına görə, bir nəfərə düşən illik su miqdarı 1700 kubmetrdən az olan ölkələr su qıtlığı yaşayır. Azərbaycanda isə bu göstərici 1200 kubmetrdən aşağıdır.

İyulun ortalarından etibarən ölkəmizdə hər il təkrarlanan təhlükəli proses başlayıb: temperatur yüksəlir, yağıntılar olmur və nəticədə su ehtiyatları sürətlə azalır. Avqust ayı isə həm istilərin, həm də su qıtlığının ən pik mərhələsi olur. Son 2 ildə yaz və yay aylarında yağan yağışlar problemi müvəqqəti yumşaltsa da, köklü və davamlı həll hələ də tapılmayıb.

Ona görə də artıq Bakı və digər iri şəhərlərdə suyun qrafiklə verilməsi adi hala çevrilib. Aran və bir sıra dağətəyi rayonlarda, Qobustan, Biləsuvar, Neftçala, Saatlı kimi bölgələrdə kəndlər bəzən günlərlə susuz qalır. Dağlıq ərazilərdə, məsələn Yardımlı, Cəlilabad və Lerik rayonlarında da içməli suya çıxış çox məhduddur.

1980-ci illərdə Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 30,9 milyard kubmetr idisə, hazırda bu göstərici 26 milyard kubmetrə enib. Bu ehtiyatların 13,2 milyard kubmetri transsərhəd çayların, 8,4 milyard kubmetri yeraltı suların, 4,6 milyard kubmetri isə yerli çayların payına düşür.

Ölkədə 8 min 359 çay olsa da, onların əksəriyyəti azsulu və kiçikdir. Quraqlıq illərində transsərhəd suların həcmi daha da azalır və yayda artan tələbatla birlikdə böhran dərinləşir. Bu artıq təkcə ekoloji deyil, həm də milli təhlükəsizlik məsələsidir. AMEA-nın hesablamalarına görə, ölkənin su balansı 34–35 kubkilometr təşkil edir ki, bunun da 72 faizi ölkə hüdudlarından kənarda formalaşır. İsti və quraqlıq dövrlərdə bu göstərici hətta 23 kubkilometrə qədər enir. Hər il 3–4 milyard kubmetr keyfiyyətli içməli və suvarma suyu itirilir.

Kür çayı ölkənin “həyat damarı” sayılsa da, səviyyəsi rekord həddə düşüb. Kür çayında suyunun azalmasının səbəblərini bir neçə yerə ayırmaq olar. Ən başlıca amil Kürün transsərhəd çay olmasıdır. Bu da onu göstərir ki, xarici ölkələrin ərazisində, xüsusilə Türkiyə, Gürcüstan, Ermənistanda Kür və onun qollarından çoxlu miqdarda su götürülür.

İkinci səbəb isə Azərbaycanda suya olan tələbatın dəfələrlə artması, nəzərdə tutulmayan su israfıdır. Əkilən və suvarılan torpaqların sahəsi təxminən 2 milyon hektar civarındadır. Nəzərə alaq ki, 2010-cu ildə Azərbaycanda yalnız 1 milyon hektar ərazi suvarılırdı. Bu, təbii ki, suya olan tələbatın artmasına, Kürdə suyun azalmasına səbəb olur.

Təkcə Kür və Araz deyil, həm də Qusarçay, Qudyalçay, Tərtərçay, Həkəri və Kiş çayı kimi mənbələrdə də suyun səviyyəsi xeyli azalıb. İqlim dəyişikliyi, meşələrin qırılması, çay yataqlarında qanunsuz bəndlərin tikilməsi, suyun qeyri-qanuni yönləndirilməsi və idarəetmədəki səhlənkarlıq bu tənəzzülün əsas səbəbləridir.

Mütəxəssislər bildirirlər ki, problemin həlli təkcə suyun bahalaşdırılması və ya cərimələrlə mümkün deyil, həyata keçirilməli əsas tədbirlər var. Onlar isə aşağıdakılardır:

– Dağ və yarımsəhra zonalarında kiçik və orta həcmli su anbarlarının yaradılması;

– çayların mühafizəsi və qanunsuz bəndlərin, qum-çınqıl hasilatının qarşısının alınması;

– köhnəlmiş su kəmərlərinin yenilənməsi və itkilərin minimuma endirilməsi;

– müasir damcı və digər suvarma sistemlərinin genişləndirilməsi;

– artıq su ehtiyatı olan rayonlardan çatışmayan bölgələrə ötürmə sistemlərinin qurulması;

– təmizlənmiş tullantı sularının qeyri-içməli məqsədlərə yönləndirilməsi;

– Kür və Arazın idarəsində transsərhəd əməkdaşlığın gücləndirilməsi;

– elmi və innovativ texnologiyaların tətbiqi.

Eyni zamanda, paytaxt Bakının ətrafında kifayət qədər yeraltı su ehtiyatı mövcuddur. Lakin bu suların əksəriyyəti Xəzərə axır. Onların istifadəsi həm iqtisadi baxımdan səmərəlidir, həm də dəniz suyunun duzsuzlaşdırılmasından daha sərfəlidir. Bununla yanaşı, duzsuzlaşdırma texnologiyası da perspektivlidir. İsrail təcrübəsində olduğu kimi, Xəzər suyunun kimyəvi və mexaniki təmizlənməsi texniki məqsədlərlə istifadə oluna bilər.

Su böhranı Azərbaycanın qarşısında enerji təhlükəsizliyi qədər, bəlkə də daha ciddi bir problemdir. Əgər bu gün elmi əsaslı və kompleks tədbirlər görülməzsə, yaxın illərdə ölkə daha ağır ekoloji və sosial-iqtisadi fəsadlarla üz-üzə qalacaq. Bu məsələ yalnız dövlətin deyil, hər bir vətəndaşın, icmanın və bütövlükdə cəmiyyətin məsuliyyətidir.

Su təkcə təbii sərvət deyil, həm də milli varlığın və strateji gələcəyin təminatıdır. Ümumdünya Resurslar İnstitutunun məlumatına görə, 36 ölkə artıq yüksək su stressi şəraitində yaşayır və bu o deməkdir ki, suya olan tələbat mövcud ehtiyatları aşır. Dünya əhalisinin sürətli artımı isə bu məhdud resurslara təzyiqi daha da artırır. İqlim dəyişiklikləri bəzi regionlarda ekstremal nəticələr doğurur, bir bölgəyə çoxlu yağış düşür, digəri isə daha da quraqlığa məruz qalır.

BMT-nin hesabatlarında su çatışmazlığının mümkün həll yolları sırasında bəndlər və anbarların yaradılması, yağış sularının toplanması, effektiv su kəmərləri, duzsuzlaşdırma qurğuları, təkrar istifadənin genişləndirilməsi və suyun qənaətli istifadəsi xüsusi yer tutur. Baham adaları, Malta və Maldiv kimi ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma ilə qarşılayır. Səudiyyə Ərəbistanı isə 34 milyonluq əhalisinin içməli su ehtiyacının, təxminən, 50 faizini bu üsulla təmin edir. BMT-nin Ətraf Mühit Proqramı bu modelləri yeni çağırışlara cavab olaraq təqdim edir.

Samir ƏSƏDLİ,
siyasi ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see255

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see245

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see238

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see235

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see223

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see222

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see220

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see216

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see212

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see208

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see207

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see202

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see196

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see189

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see184

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see181

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see180

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see176

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri