Icma.az
close
up
RU
Şirindil Alışanlını necə tanıdım... Mənzərə Sadıqova yazır

Şirindil Alışanlını necə tanıdım... Mənzərə Sadıqova yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Mənzərə SADIQOVA
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru

Şirindil mənim tələbə yoldaşım olub. Biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə qədəm qoyanda yuxarı kurslardakı sayılıb-seçilən tələbələr sırasında onun da adını eşitmişdik. Vilayət Quliyev, Kamran Əliyev, Şirindil Alışanlı (o vaxtlar Alışanov idi), Teymur Kərimli və başqaları... Fakültədə xüsusilə ədəbi tənqid üzrə ixtisas kursunu seçənlər müstəqil düşüncə yürütmək, cəsarətli fikirlər söyləmək, oxucuya təqdim olunan bədii materiala daha açıq gözlə baxmaq, həyata və hadisələrə şablondan kənar münasibət bəsləmək baxımından fərqlənirdilər. Şirindil də sayca çox olmayan belə tələbələrdən biri idi.

Sovet dövrünə aid çox şeyi indi bəyənməsək də, ötən əsrin 70-80-ci illərindəki münbit elmi-ədəbi mühitdə gələcəyin alimləri yetişirdi.

Şirindillə yolumuz növbəti dəfə XX əsrin 80-90-cı illərində, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kəsişdi. Mən hələ İrəvanda ikən elmi işimlə bağlı dissertant kimi bu instituta sıx-sıx gəlib gedirdim. 1987-ci ilin iyununda institutda Gənc Ədəbiyyatşünasların Beşinci Respublika Konfransı keçirilirdi. Tədbiri Ədəbiyyat İnstitutunun gənc alimlər şurası təşkil etmişdi. Tələbə yoldaşımız Arif Əmrahoğlu Məmmədov İrəvana, işlədiyim "Sovet Ermənistanı" qəzeti redaksiyasına zəng vuraraq təkidlə bu tədbirdə iştirak etməyimin vacib olduğunu bildirmişdi. Gəldim. Plenar iclası Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev açdıqdan sonra institutun elmi katibi A.Şirindil "Yenidənqurma və elmi-nəzəri fikir" mövzusunda məruzəsi ilə yeni dövrün elmi-ədəbi inkişaf istiqamətlərinə işıq tutdu. Tədbirdə yüz otuzdan çox məruzə, o cümlədən mənim "C.Cabbarlının dramaturgiyası erməni ədəbi-mədəni mühitində" mövzusunda məruzəm dinlənildi.

Görkəmli ədəbiyyatşünas, elm fədaisi, professor Şirindil Alışanlıdan yazdığım yerdə o konfransı xatırlamağım təsadüfi deyil. Çünki elm aləmində əməkdaşlığımızın təməli orda qoyuldu. Konfransdan bir müddət sonra Şirindil Alışanlı mənim elmi işimə ikinci elmi rəhbər təyin olundu. Görünür, məruzəmdəki yenilik onun da diqqətini cəlb etmişdi. Amma mən bu təyinatı heç də məmnunluqla qarşılamadım. "Hamının bir elmi rəhbəri var, mənim də filologiya elmləri doktoru İsrafil Abbasov kimi elmi rəhbərim olduğu halda, filologiya elmləri namizədi olan ikinci elmi rəhbərə nə ehtiyac?" deyə narahatlığımı büruzə vermişdim. Mənə izah etmişdilər ki, İsrafil Abbasov erməni dilini bildiyi üçün mənbələri yoxlamaq məqsədilə təyin olunub, amma onun elmi indeksi sənin araşdırdığın dövrlə tutmur, ona görə də Şirindil Alışanlı ikinci elmi rəhbər təyin edilib.

Beləliklə, ilk vaxtlarda məndə etiraz doğuran bu təyinat rəsmiləşdi və mənim həyatımdakı ən böyük şanslarımdan (!) birinə çevrildi. Mən bu görkəmli alimin ilk dissertantı oldum. Geniş erudisiyası, dərin biliyi, təmkinli və səbrli davranışı, təmənnasız xeyirxahlığı, dəyərli məsləhətləri, hər cür şəraitdə haqqı müdafiə etmək cəsarəti, sözü üzə deməyi, absurda yol vermədən söylədiyi fikri əsaslandırmaq məziyyəti, dediyini sübuta yetirmək bacarığı, prinsipiallığı, elmi araşdırmalarındakı dərinlik və elmi-nəzəri qənaətlərindəki yüksək səviyyəsi, insan və alim kimi  əxlaqı, içdən gələn səmimiyyəti ildən-ilə Şirindil Alışanlını gözümdə ucaltdı!

1994-cü ildə müdafiəyə hazırlaşırdım. Dissertasiyamın qısa xülasəsini, yəni avtoreferatını çap etdirmək lazım idi. O zaman "Sabah" nəşriyyatının direktoru işləyən Şirindil müəllim həm avtoreferatın redaktəsində, Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun tərtibində mənə çox kömək etdi, həm də lazımi sayda nüsxəni tam təmənnasız çap edərək qaçqınlığın ağır zərbəsinə düçar olmuş məni xeyli xərcdən qurtardı. Avtoreferatımı pulsuz-parasız çap edən naşir Şirindil Alışanlı içdən gələn xeyirxahlığı ilə mənə çox böyük yaxşılıq etmişdi. Bunu heç unutmadım!

...İllər keçəcək, vəziyyətimiz və mövqeyimiz dəyişəcək, təxminən 2020-ci ilin payızında bir telefon söhbətimizdə tədqiqatlarından bəhs edən Şirindil Alışanlı iki kitabını çap etdirmək arzusunu dilə gətirəcək. Həmin vaxt mən Milli Məclisdə işləyirdim və normal maaş alırdım. Şirindilin arzusu mənimçün göydəndüşmə bir fürsət idi. Mənəvi borcumu qaytarmaq üçün fürsət. Dərhal təklif etdim ki, izn ver o kitabların çap xərcini mən çəkim, əsas odur bu qiymətli araşdırmalar sandıqda qalmasın, elmi-ədəbi ictimaiyyətə təqdim olunsun. Şirindil müəllim təklifimə qəti etiraz etdi. Nə qədər dil töksəm də, razılıq vermədi. Nəinki ikisinin, heç bir kitabın çap xərcini ödəməyimə də razı olmadı.

Bəli, professor Şirindil Alışanlı belə şəxsiyyət idi: mərd, gözütox, təmənnasız! Vaxtilə onun 60 illik yubileyinə də əliboş getmişdim. İşdən gec çıxırdım, hədiyyə axtarmağa vaxt yoxuydu, kişi xeylağına gül almaq da mənə qəribə gəlirdi. Yubileydə Şirindil müəllimin ailəsi məni elə səmimiyyətlə qarşıladı ki... Toplaşanlar da tanıdığım ədəbiyyat adamları... Narahatlığım sovuşdu getdi...  

İyirmi ildən çox Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edən Şirindil Alışanlı hey deyirdi ki, gəl sənə bir mövzu verək, doktorluğunu yaz. Arabir həvəslənsəm də, vaxtımın çoxunu alan işimin gərginliyi səbəbindən təklifi qəbul edə bilmirdim. 

Ömür yollarında Şirindil Alışanlı yalnız elmi rəhbərim olmadı, mənim elmi-ədəbi həyatımda izi qalan alim oldu. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Hikmət Məlikzadə "Mənzərə Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri" adlı monoqrafiyasını çapa hazırlayanda filologiya elmləri doktoru, professor, Rusiyanın Estetika və Azad Sənətlər Akademiyasının akademiki Şirindil Alışanlı kitabın elmi redaktoru olmağa razılıq verdi və çox dəyərli məsləhətləri ilə kitabın elmi səviyyəsinə töhfəsini verdi.

Tələbə yoldaşım, elmi rəhbərim Şirindillə bir ortaq nöqtəmiz də vardı: yurd həsrəti. Mən 1988-ci ildə dədə-baba torpağımız İrəvandan deportasiya olunmuşdum, Şirindil erməni işğalında qalan Laçının həsrətini çəkirdi. Təsadüfi deyil ki, 1 dekabr 2020-ci il tarixində ordumuz Laçına girəndə televiziya qarşısında oturub sevinc göz yaşlarıyla o tarixi anları seyr edən mən ilk təbriki məhz ona yazdım.

Bəli, 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Qarabağ müharibəsində Zəfər qazandıq! Bu tarixi hadisə xalqımızın hər bir övladı kimi Şirindil Alışanlını da hədsiz sevindirmişdi.

Onun yurd həsrətinin əks-sədasıydı ki, "Vətən yanğısı" adlı kitabımı çapa hazırlayanda Şirindil Alışanlı böyüklük göstərərək "Bədii yaddaşa çevrilən vətən yanğısı" sərlövhəli giriş sözü yazmışdı və o məqaləni illərdən sonra "Sözün yaşamaq haqqı" adlı kitabına daxil etmişdi.

"Cəfər Cabbarlı dramaturgiyasının təsir dairəsi" adlı monoqrafiyamı çapa hazırlayanda da professor Şirindil Alışanlı kitabın elmi redaktoru olaraq "Klassikin coğrafi sərhədləri" başlıqlı ön söz yazdı. Məqalənin əlyazmasını ehtiramla qoruyub saxlayıram. 

Şirindil yalnız mənə qarşı deyil, hamıya münasibətdə həssas və qayğıkeş idi. Dostlarına canyandıran idi. 2015-ci ilin aprelində hansısa kitabla, yazı-pozuyla əlaqədar məsləhətləşmək üçün Şirindilə zəng vurmuşdum. Telefondan onun hönkürtüsünü eşitdim. Şirindilin ovqatı darmadağın vəziyyətdəydi. Canı yanırdı. İş yoldaşının, ədəbiyyatşünas-alim, tələbə yoldaşımız Muxtar İmanovun övladını itirməsi onu varından yox eləmişdi. Hönkürə-hönkürə dedi ki, Muxtarın oğlu ölüb, ora gedirəm... Bu, sırf Şirindil qəlbinin harayı idi, Şirindilin dostlarına və həmkarlarına səmimi münasibətinin ifadəsiydi. Şirindilin o səsi uzun müddət qulaqlarımdan getmədi, o ovqatı günlərcə yaşadım... Və onu  şəxsiyyət kimi daha bir rakursdan tanıdım.

Qəfil itkilər bizi silkələyir, həyata və insanlara, hadisələrə münasibətdə beynimizdə yeni qatlar açır, bildiklərimizə yeni ştrixlər əlavə edir. Şirindilin dünyadan köçməsi xəbəri də məni qəfil yaxaladı. Möhkəm silkələdi. Gərək səhhətinin yaxşılaşmasını gözləməyəydim, gedib görüşəydim, ən azından zəng edəydim, - deyə durmadan özümü qınayıram. Amma biz insanlar dünənimizə düzəliş vermək iqtidarında deyilik. Mən qızı Ayseldən xəbər gözləyirdim, yaxşı xəbər. Reallıq başqa cür oldu.

Novruzda Şirindilə bayram mesajı göndərdim. "O, mənə dönər, mən də görüş üçün izn alaram", - dedim. Düşüncəmi pozitivə kökləmişdim, sağalacağına ümid bəsləyirdim, çünki ailəsi Şirindilin xəstəliyə qalib gəlməsi üçün fədakarlıqla mübarizə aparırdı. Üç gün sonra Aysel xanımdan kövrək səsli mesaj gəldi: "Mənzərə xanım, gördüm atama bayram təbriki göndərmisiniz. Mən oxudum onu. Çox təəssüf ki, atam onu oxuya bilmədi. Atam rəhmətə gedib. Martın 14-də". Sözün bitdiyi yerdəydim. Gerçəklik çox acı idi.

...Şirindil Alışanlını Ədəbiyyat İnstitutunda, xüsusilə uzun illər rəhbərlik etdiyi şöbədə böyük sevgi qazanıb. Xatirə mərasimlərində bu sevginin şahidi oldum. Onun haqqında indiyədək bilmədiyim çox gözəl fikirlər eşitdim. İnsanlara münasibətdə qayğıkeşliyinin təzahürü olan neçə-neçə əhvalatla tanış oldum. İş yoldaşlarını, yetişdirdiyi alimləri dinlədikcə elmi rəhbərimin beynimdəki obrazı dolğunlaşırdı. Vüqarlı duruşundan, yaltaqlara və yaltaqlığa ikrahla yanaşdığından danışdılar. Elmi işlərin müdafiəsi prosesində obyektiv mövqe sərgilədiyini vurğuladılar. Müasir Azərbaycan ədəbiyyatşünaslığının inkişafı, elmi-ədəbi əlaqələrin yaradılması və milli filologiyamızın dünya arenasında tanıdılması ilə bağlı qayğılarından bəhs etdilər. Professor Şirindil Alışanlının çap olunmamış əsərlərinin nəşr edilməsi vacibliyindən danışdılar. Əmin oldum ki, Şirindil Alışanlının fəal alim mövqeyi elmi-ədəbi mühitdə özünəməxsus yüksək mövqe qazanıb. İnsan kimi xarakterindəki məziyyətlər ona qəlblərdə abidə ucaldıb. Elmi-ədəbi irsi və sevənləri Şirindil Alışanlını yaşadacaq! 

lll

Sənsiz ötən bir ildə ədəbi mühitdə yerin görünür, əziz Şirindil müəllim. Ədəbiyyatşünaslıq elminə verdiyin töhfələr, xeyirxah əməllərin Səni yaşadır. Ruhun şad olsun, rahat uyu!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see127

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see125

Bərdədə Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirildi FOTOLAR

19 İyun 2025 19:02see125

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see123

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see121

Tottenhem milli üzvü üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır

19 İyun 2025 17:14see118

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see115

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see115

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see114

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see113

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see113

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see113

46 illik ömür...

20 İyun 2025 08:17see112

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see112

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see112

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

19 İyun 2025 22:00see111

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see111

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri