Şirvan xalçası, Azərbaycan, Qazaxıstan... “İki xalça” baletinin rejissoru Aleksandr Moqilev dünya premyerası haqqında danışır
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Astana Balet" teatrında 17 və 18 oktyabr tarixlərində "İki xalça" baletinin dünya premyerası keçiriləcək. Bu balet beynəlxalq miqyasda əsl sənət əsəri olmağa iddialıdır və tamaşaçılara gözəllik, mistika və tarixlə dolu unudulmaz bir bədii səfər vəd edir.
Bu əlamətdar hadisə ərəfəsində "İki xalça" tamaşasının bədii rəhbəri, rejissoru və baletmeysteri Aleksandr Moqilev Trend-ə beynəlxalq layihə üzərində apardığı iş barədə danışıb.
- Baletdə rejissorluq - tamaşanın bütün yaradıcı elementlərinin baletmeyster ideyasına əsaslanaraq vəhdət içində təşkil edilməsi sənətidir. Bu layihədə siz yaradıcı prosesin üç əsas istiqamətini öz üzərinizə götürmüsünüz. Aleksandr, "İki xalça" baletinin yaradılması üzərində işdən danışın.
- Baletin yaradılması ideyası Mosaic Del Arte layihəsinə məxsusdur. Onun əsas məqsədi - baletə marağı yenidən canlandırmaq və sübut etməkdir ki, incəsənətin sərhədi yoxdur. Biz başa düşürük ki, klassik balet bu gün bəzən müasir tamaşaçıya çətin başa düşülə bilər. Ona görə də məqsədimiz - müasir dil ilə danışmaq, amma eyni zamanda ənənələrə hörmətlə yanaşmaqdır.
Layihə Qazaxıstan, Rusiya, Azərbaycan və Braziliyadan olan nümayəndələrin iştirakı ilə reallaşan beynəlxalq layihədir. Baletin baş prodüseri və librettosunun müəllifi Valeri Kopeykin Şirvan xalçasının tarixindən - Luvr muzeyində saxlanılan qara-qırmızı xalçadan ilham alıb. Məlumdur ki, Azərbaycan xalçaları sadəcə rəngli sapların birləşməsi deyil, tamaşaçı ilə "danışan" və ya xalçaya baxan insanın daxili dünyasını əks etdirən incəsənət əsəridir.
Bizim təqdim etdiyimiz sevgi hekayəsi çox təsirli və dərin məna daşıyır. Süjetə görə, Leyla adlı qız xalça toxuyur, ilk saplar qırmızı - məhəbbətin rəmzidir. Sevdiyi Samirin müharibədə öldüyü xəbərini aldıqdan sonra o, qara saplara keçir. Daha sonra məlum olur ki, Samir ölməyib - Avropaya düşüb, yaralanıb, əsir düşüb və yaddaşını itirib. Orada o, Vyanalı qadın Marqoya rast gəlir və onların arasında hisslər yaranır. Onlar birlikdə yaşayırlar. Amma bir gün onların evinə Leylanın toxuduğu həmin xalça gətirilir. Xalçanın naxışlarına baxaraq Samirin yaddaşı bərpa olunur və o, Bakıya qayıtmaq qərarına gəlir. Marqo onu sevdiyi halda, Samirin içində yenidən alışan həqiqi məhəbbəti görərək onu buraxır. Bakıya qayıdan Samir Leylanın artıq ikinci xalçanı qara saplarla toxuduğunu görür. Lakin onların görüşü Leylanın əlindəki işə rəng qatır - saplar yenidən qırmızıya çevrilir. Məhz buna görə baletin adı "İki xalça"dır.
- "İki xalça" baleti böyükmiqyaslı layihədir - 140-dan çox insan bu layihədə iştirak edir. Siz rəqqas, xoreoqraf və rejissor kimi çoxsaylı layihələrdə iştirak etmisiniz. Bu layihəyə hansı şəxsi ideyalarınızı daxil etdiniz?
- Bu, həqiqətən bizim üçün mühüm layihədir. Burada 50 nəfərlik orkestr, 33 balet artisti, texniki heyət, rəssamlar, proyektor və dekor komandası iştirak edir. Həmçinin kiçik Samir və Leylanı oynayan uşaqlar və Bakının və Vyananın küçələrində görünən "dörd dəcəl uşaq" da var. Səhnədə taleyin simvolik obrazı kimi çıxış edən qonaq viola ifaçısı da olacaq - o, əsas məqamlarda səhnəyə çıxacaq və duyğulu solo ifa edəcək.
Balet üçün xüsusi olaraq bəstəkar Arseniy Smirnov tərəfindən bəstələnmiş musiqiyə mən özüm də ssenari yazmışam. Tamaşada müxtəlif vizual effektlər, proyeksiyalar və rəngarəng dekorasiyalar var. Rəssam Anastasiya Kapustina tərəfindən yaradılmış dekorasiyalar arasında unikal naxışlarla hazırlanmış xalça eskizi də yer alır. Həmin xalça "Azərxalça" ASC-nin ustaları tərəfindən premyera üçün xüsusi olaraq tək nüsxədə toxunub. Kostyumlar məşhur dizayner İqor Çapurin tərəfindən hazırlanıb.
Tarix və əfsanələrə müraciət etmək hər bir rejissor üçün böyük zövq verir. Bu çox dərin bir işdir. Azərbaycan mədəniyyətinə müraciət etdim, xalq rəqslərindəki jest və duruşların mənasını, simvollarını öyrəndim. Çox maraqlı idi. Amma məqsədim sırf xalq rəqsini təkrar etmək yox, onun elementlərini klassik və müasir baletə inteqrasiya edərək neoklassik hərəkət dili yaratmaq idi.
Mənim üçün vizual effektlərlə işləmək də maraqlıdır - klassik baletə, süjetli və əfsanəli əsərə müasir baxış gətirmək imkanı verir.
Məsələn, baletdə Birinci Dünya Müharibəsinin başlandığı səhnə var - burada tamamilə müasir xoreoqrafiya istifadə olunub. Amma başqa bir səhnədə Samir Leylanı rəqsə dəvət edir - bu səhnə tam klassik balet dilində qurulub - puantlar, klassik hərəkətlər.
Klassik və müasir rəqslərin, xüsusi effektlərin, vizual həllərin, dekor və kostyumların harmoniyası baletə xüsusi cazibə və aura bəxş edir. Hətta daha realist səhnələr üçün mən Simonov tüfəngi ilə davranmaq dərsi də almışam - Suvorov məktəbindəki kadetlərin məşqlərini dəqiq əks etdirmək üçün Kreml polk zabiti ilə məsləhətləşmişəm. Hər bir hərəkət, jest və səhnədəki artistlərin yerləşməsi üzərində çox dəqiq və dərindən işlənib.
- Balet sizin üçün ifadə vasitəsi kimi nə dərəcədə əhəmiyyətlidir?
- Balet ən dərin sənət növlərindən biridir. Bu, duyğuların dilidir - başa düşmək deyil, hiss etmək lazımdır. Balet hər tamaşaçıya gördüyünü özünə görə yozmaq imkanı verir. Bu, sözsüz danışan, amma sözlərdən daha güclü olan sənətdir. Balet tamaşasına baxanda sənə nə hiss etməli olduğunu diktə etmirlər - sən özün qərar verirsən, obrazları şərh edir, mənaları kəşf edirsən. Bu, xüsusilə intellektual və mədəniyyətə maraqlı insanlar üçün daha maraqlıdır.
- "İki xalça" baletinin dünya premyerasından nə gözləyirsiniz?
- "İki xalça" - Valeri Kopeykinlə ikinci əməkdaşlığımızdır. Birinci layihəmiz Yunanıstanda təqdim olunan rok-baleti "Kor bağışlama" (Blind Forgiveness) olmuşdu.
"Astanadakı" premyera beynəlxalq səhnəyə layiqdir - bu layihəyə çox böyük zəhmət sərf olunub. Ümid edirik ki, bu tamaşa Avropada, Asiyada və mütləq Azərbaycanda da təqdim olunacaq.
İncəsənət insanı zənginləşdirir və mən inanıram ki, tamaşadan sonra tamaşaçılar əvvəlki kimi qalmayacaq - onlar daha yaxşıya doğru dəyişəcəklər. Qoy onlar bu tamaşanı sadəcə izləməsinlər, onu yaşasınlar. Qoy incəsənət, ehtiras və insan ruhu arasındakı əlaqəni hiss etsinlər. Ümid edirəm ki, "İki xalça" baleti bizim onu yaradarkən hiss etdiyimiz qədər tamaşaçıların da qəlbinə toxunacaq.
Milli.Az


