Icma.az
close
up
RU
Şlyapalı Mauqli Salam Qədirzadənin hekayəsi

Şlyapalı Mauqli Salam Qədirzadənin hekayəsi

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün yazıçı Salam Qədirzadənin doğum günüdür.

Kulis.az onun "Şlyapalı Mauqli" hekayəsini təqdim edir.

Səbəbkarın evi abad! Təzə mənzilə köçmüşdük, qonşularımı hələ yaxından tanımırdım.

Həmişə əynində boz kostyum, başında yaşıl şlyapa, qoltuğunda qovluq, gözündə çeşmək olan birisi zahirən çox təkəbbürlü adama oxşayırdı. Çallaşmış saçları arxadan az qala çiyinlərinə dəyirdi. Bu, təxminən qırx beş-əlli yaşlarında ucaboy, pəhləvan cüssəli bir kişi idi. Uzun burnu, ağ, ətli sifətini arakəsmə kimi iki hissəyə bölmüşdü.

Hərdən onunla salamlaşsam da, kim olduğunu, harda işlədiyini bilmirdim. Ancaq maraqlanırdım.

Bir dəfə pilləkənlə çox ciddi tərzdə, aram-aram aşağı endiyini görüb onu saxladım.

– Salam, qonşu, – dedim.

Könülsüz ayaq saxladı. Qalın qovluğunu sağ qoltuğundan sol qoltuğuna ötürüb burnunu dikəltdi. Astadan hakimanə bir tərzdə cavab verdi:

– Əleykəssəlam, qadan alım. – Ancaq üzümə baxmadı.

– Mənə sözün vardı?

– Xeyr… Elə belə… Yaman fikirlisiniz.

– Ta onu demə, qadan alım, işim çoxdur. Bu saat heç başımı qaşımağa vaxtım yoxdur.

Mən zarafata keçdim:

– Qonşuluqda adam adama nə gündə gərək olar?! Sizin vaxtınız yoxdur, gəlin, başınızı mən qaşıyım.

Bir balaca eyni açıldı, xəfifcə qımışdı:

– Hankı mərtəbədə olursuz?

– Odur ey… – qapımızı göstərdim, – üçüncü mərtəbədə.

Ayrıldıq. O, həyətə düşdü, mən yuxarı qalxdım.

Bir istirahət günü evdə oturub üzümü qırxırdım. Zəngimiz çalındı. Dəhlizə çıxdım. Gələn o idi. Elə astanada tanış olduq:

– Salman.

Qonşum adını “Canəli müəllim” söylədi.

– Əyləşin, – dedim. – Bu dəqiqə saqqalımı təraş eləyim,sonra sizin qulluğunuzdayam.

Canəli şlyapasını çıxarıb mənə uzatdı. Başının ortasında təmiz, sürüşkən bir meydança parıldadı. O, evə məhrəm adam kimi keçib yuxarı başda divana yayxandı. Eynəyinin üstündən kitab rəflərinə ötəri nəzər saldı.

– Məndə sizdəkindən çoxdur.

– Nə?

– Kitabı deyirəm.

– Hə… Bizim də dövlətimiz bunlardır.

– İndi ta zamana dəyişib, qadan alım. Ticarət işçisinin də evində öz kitabxanası var.

– Kimdir ticarət işçisi?

– Sən…

– Səhv edirsiniz, Canəli müəllim.

Bir an ikimiz də susduq. Qonşum tərəddüdlə dedi:

– Bə kimsə dedi ki, üçüncü mərtəbədə yaşayan univermaqda işləyir, özü də karlı adamdır. Fikirləşdim, belədirsə, gedim kişinin qulluğuna bir salam verim…

Mən qarşımdakı aynadan ona diqqət yetirirdim.

– Univermaqda işləyən bizimlə üzbəüz qapıda olur. Mən jurnalistəm.

Qonşum dizini sığalladı.

– Hə? Nə olar, qadan alım. Elə jurnalistə də salam verməyinə dəyər.

Bu söz mənə yaman yer elədi. Xasiyyətimdi: qəlbimə toxunanın qulluğunda xəcalətli qalmazdım. Gec-tez bu hayıfı ondan çıxmalıydım, məqam axtarırdım.

– Ə, Salman, sənin bu üzqırxan maşınından nə qəribə səslər çıxır…

Fürsət idi. Əks hücuma keçdim:

– Bunu təzə alanda yaxşı musiqi çalırdı. İndi bir az köhnəlib, xaric notlar vurur.

Canəli mənə tərəf çevrilib gözlərini döydü:

– Bıy!.. Məgər musiqi çalan üzqırxanlar da var?

Özümü itirmədim. Səsimə ciddilik qatdım:

– Bəs bunu siz bilmirsiz?

– Yoox…

– Xətrinizə dəyməsin, Canəli müəllim, geri qalmısınız…

– Qadan alım, başım elə qarışıb ki, vallah dünyadan xəbərim yoxdur. Adı nədir o üzqırxanın?

– “Aqidel”.

Duymuşdum: hərif zahirən zəngin görünsə də, daxilən boş adama oxşayırdı.

– Yaponlarınkıdır, – dedim. – “Aqidel” onların bir musiqisidir. Necə bizdə “Qaytağı” yoxdur, bu da elə… Təzə vaxtında mən bununla üzümü qırxanda uşaqlar şıdırğı oynayırdılar. İndi səsi bir az xırıldayır…

Canəli əllərini şappıldadıb heyrətləndi:

– Pa atannan! Yaponlara bax ey!.. Gör nələr icad edirlər! Ondan gərək birini də mən alam.

Hirsim tamam soyumamışdı. Üzümə odekolon püskürdüb ayağa qalxdım.

– Əşi, bu harasıdır?! Yaponlar üzük buraxırlar, qaşında televizor ekranı. Küçədə gedə-gedə bax özünçün, darıxma.

– Sən nə danışırsan, qadan alım!!

– Bəli…

– Rənglimi göstərir?

– Bəli. Özü də yeddi-səkkiz kanallı. Birində futbol, digərində kino, üçüncüsündə, canım sənə desin həkim məsləhəti. Nə bilim, multfilm… heyvanlar aləmində… hansını xoşlayırsan, tut, tamaşa elə.

– Ə, səndə əntiqə söhbətlər varmış, ay Salman, mənim xəbərim yox…

– Gəlib-getmirsiz də…

– Bundan sonra ta hər vıxadnoy sizdəyəm, qadan alım.

O gün Canəli harasa tələsirdi. Çayını yarımçıq içib çıxdı. Onu ötürəndən sonra mən dəhlizdə ayaq üstə donub qalmışdım. Fikirləşirdim, dünyada necə nadan adamlar varmış!

Canəli ilə ikinci görüşdə xoruz səsi eşitməmiş uydurmalar toqquşdurmuşdum. Demişdim ki, 1925-ci ildə Braziliya futbolçuları italiyalılarla oynayanda Peleni meydançada yıxıblar. O da hirsindən rəqib darvazasına elə öldürücü bir zərbə vurub ki, qapıçı kosqarışıq toru yırtaraq on iki metr havaya qalxıb. Ordan da kəlləmayallaq arxa tribunada oturan tamaşaçıların üstünə düşüb. İkisi ölüb, səkkizi möhkəm əzilib.

İnanmışdı. Daha ağlına gətirməmişdi ki, adamda elə zərbə olmaz, 25-ci ildə isə Pele heç dünyaya gəlməmişdi. Demişdim ki, Fransa səyyahı Lope de Veqa Mərakeş cəngəlliklərində meymunların şahmat oynadığını öz gözlərilə görüb.

İnanmışdı. Daha bilməmişdi ki, Lope de Veqa Fransa səyyahı deyil, İspaniya dramaturqudur. Mərakeşdə heç cəngəllik varmı? Oradakı meymunların şüurları nə qədər inkişaf edib ki, şahmat da oynasınlar?..

Demişdim ki, keçən il qəzetlərdə oxumuşam, Pirşağıda dəniz sahilində otuz yaşlı bir cavan qayaların üstündə dayanıb balıq tuturmuş, bəxtindən tilovuna su adamı gəlibdir. Çıxarıb onu sahilə, alıb qucağına, aparıb evlərinə. İndi iki uşaqlı arvadını boşayıb onu almaq istəyir. Amma ata-anası qoymur… Bu dəfə Canəli özünü xam göstərməmək üçün başını tərpədib demişdi:

– O əhvalatı mən də oxumuşam.

Ağıllını aldatmaq çətindir, naşıya isə hər yalanı satmaq olar. Dünyadan bixəbər Canəli mənim nəzərimdə meşədən təzəcə tutulmuş mauqli kimi bir şey idi. Fərq təkcə orasındaydı ki, bu, meşədə yaşamırdı, çılpaq gəzmirdi. Əynində kostyum, başında şlyapa vardı, qoltuğunda qovluq gəzdirirdi. Həm də adam kimi danışırdı. Özündən soruşub öyrənmişdim: Canəli hələ evlənməmişdi. İt saxlayırdı. Səbəbini də belə izah edirdi: “Ağıllı kişinin arvadı da gərək ona bərabər olsun, qadan alım. Ürəyim istəyən ideal qız tapmaq çətindir. Sabah mən dünyanın keçmişindən, gələcəyindən danışanda həyat yoldaşım ağzını açıb gözlərimin içinə baxacaq. Mənə elə qadın lazım deyil, qadan alım”.

Son zamanlar Canəliyə yaman bağlanmışdım. Onsuz darıxırdım. Həmişə də təzə yalanlarım beynimdə hazır idi. Bir sözlə istirahət günlərində – boş vaxtlarım çox məzəli, əyləncəli keçirdi.

Arabir bizim üçün çay gətirəndə arvad hap-goplu söhbətlərimin ucundan – qulağından eşidirdi. Əhvalatın nə yerdə olduğundan xəbərdardı. Onun üçün də məni məzəmmət edirdi:

– Salman, heç utanmırsan, o boyda vidli-fasonlu kişini barmağına dolamısan?! Meymun–zaddı bəyəm səninçün oynadırsan onu?!

– Ay qız, axı mən neyləyim? – deyirdim. – Sazan balığı kimi özü tilova gəlir. Mən zarafatsız keçinə bilmirəm.

***

Növbəti görüşümüzdə Canəli bir qədər dəyişmişdi. Yəqin düşünmüşdü ki, həmişə mən Salmanın sözlərinə heyranlıqla qulaq assam deyər, özü qəzet, jurnal oxumur, heç nə bilmir, danışmağa sözü yoxdur.

Ona görə bu dəfə dünyanın məşhur alimlərindən, yazıçılarından söz salmışdı. Arada bir Şekspirin adını çəkəndə əlüstü, söhbətə qarışmışdım:

– Bilirsiz Şekspir nə millətidir?

– İngilis deyil?

– Xeyr, canım! Çoxları elə bilir. – Uyduracağım yalana bu başdan gülməyim tutduğundan özümü zorla saxladım – Şekspir xalis müsəlmandır.

– Müsəlmandır?!

– Bəli, əsl adı da Şeyxi-Pirdir. Yəni pirin şeyxi. On altıncı əsrin əvvəllərində bir tədqiqatçı onun haqqında monumental əsər yazıb. Kitabının adını qoyub “Şeyx iz pira” Ondan sonra ingilislər kişinin ismini dəyişərək Şekspir eləyib, öz adlarına çıxarıblar.

Canəli qoyun kimi şüursuz bir görkəmdə gözlərini döydü.

– Qadan alım, bə o müsəlman, İngiltərəyə necə gedib çıxıb?

– Çox asan. O zaman bir şeyx kimi ingilis ruhanilərinin həyatı ilə maraqlanıb. Qiyafəsini dəyişərək turistlərlə birlikdə salıb özünü Londona. Orada işin üstü açılandan sonra kişini verbovat eləyib, cibinə zorla ingilis pasportu basıblar. Gözünə döndüyüm şeyx ikicə aya onların dilini öyrənərək başlayıb yazmağa.

Gecədə bir komediya – necədir sizin üçün?! Ölənəcən altüst eləyib höküməti də, quruluşu da…

Canəli yerində qurcalandı:

– Ə, bunu yaz da, qadan alım! Nəyi gözləyirsən?! Hazır bişmiş dissertasiyadır ki!..

– Var elə bir fikrim. Ancaq mən ölüm, başqa yerdə bu barədə danışmayın. Adamlara etibar yoxdur.

Buraya qədər dediklərimi Canəlinin yediyini görüb fantaziyama güc verdim:

– Hə.. Şekspir müsəlmandır, ona şübhə-filan ola bilməz!

Atası da Muğandandır.

– Muğandandır! Onda biz eloğluyuq ki!

– Nə bilmək olar! Sabah onun sehrli sandığı açılandan sonra bəlkə lap qohum çıxdınız.

Canəli bu yerdə təbiətinə rəğmən gürşad bir qəhqəhə çəkib güldü.

Mauqli qonşumun bugünkü normasını da belə verdim, getdi.

***

Bazardan qayıdan arvad başılovlu içəri girdi.

– Ay Salman, heç bilirsən neyləmisən?! Abırdan saldın bizi bu qonşuların arasında! İndi müəllimin üzünə necə baxacağıq?! Ayıb deyil?..

– Müəllim kimdir? Nə xəbər eşitmisən? Açıq danışsana, nə olub?! – deyə arvadın belə həyəcan keçirməsindən heç nə anlamadım.

– Daha nə olacaq?! İndicə qonşulardan öyrəndim: sən demə, bizə gəlib-gedən o şlyapalı kişi ali məktəb müəllimidir! Özü də elmlər namizədi!

Əvvəl bu sözə şübhə elədim. Sonra tərəddüd içində qaldım. Axırda inandım. Bizdə məgər qoltuğundakı qovluğu dolu, şlyapalı başı Canəlininkinə bənzəyən “alimlər” azdırmı? Biri də mənim qonşum!

"Oskar" mükafatının aparıcısı açıqlandı Xanadan tərəkəmə xalçasını qoparan düşmən əli - Həmid Herisçi Danışan ulduzlar - Faiq Xudanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see188

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see146

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri