Icma.az
close
up
RU
Sos! Eldəniz Quliyev yazır

Sos! Eldəniz Quliyev yazır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Eldəniz QULİYEV

(və ya Azərbaycan kinosunun ağrıları)
Təcili tədbir görülməsə faciə qaçılmazdır!.. Söhbət sıxılıb "to be, o not to be?" arasında qalan "Azərbaycanfilm" kinostudiyasından gedir...O kinostudiya ki, xalqımıza saysız-hesabsız sevilən filmlər və dəyərli sənətkarlar bəxş edib. O kinostudiya ki, neçə onilliklərdir milli-mənəvi və əxlaqi dəyərlərin flaqmanı kimi şərəfli missiya daşıyıb. Və nəhayət, o kinostudiya ki...bu gün, az qala aqoniya vəziyyətində, - son günlərini yaşayır...

Ancaq bu barədə bir qədər sonra. Yəni, kinomuzun bugünkü durumuna, ötəri də olsa nəzər salmadan, təhlükənin haradan qaynaqlandığını görmək, anlamaq mümkün deyil.
Azərbaycan kinosu, yaxud milli Azərbaycan kino sənəti dedikdə, biz bəzən hissə qapılırıq. Çünki bu gün, əslində, kinomuzda nə millilikdən əsər-əlamət var, nə də sənətdən...
On doqquzuncu yüzilliyin ən sonunda Lümer qardaşları adicə fotoşəkilləri hərəkətə gətirdilər və adını "sinematoqrafiya" qoydular ("hərəkət edən şəkillər"). Üstündən 15-20 il keçmiş, dahi Çarli Çaplin (Devid Qriffit, Sergey Eyzenşteyin və digərləri), o şəkillərə can verdilər, ruh verdilər... Bu minvalla, belə demək mümkünsə, Lümerlər şəkillərə hərəkət, Çaplin isə bərəkət bəxş elədi. Budur, düz 131 ildir ki, sirli-sehrli bu möcüzə, rəssamlıq, heykəltaraşlıq, teatr və digər otruşmuş incəsənət növləri kimi, özünə məxsus sənət pasportu ilə yaşamaqdadır.
Qəribə də olsa, Azərbaycanda kino istehsalı tarixi əksər Avropa ölkələrindən əvvələ təsadüf edir. Düzdür, bu, özgə söhbətin mövzusudur, ancaq fakt budur ki, hələ də bir çox ölkələrin öz kinostudiyaları yoxdur, onlar kinoya olan tələbatlarını idxal etdikləri xarici filmlərin hesabına ödəyirlər. Bizim ölkənin isə kinosu olub, var və bu kinonun tarixi 1898-ci ildən başlayır. Əlbəttə, bu, qürurvericidir.
Bunları deməkdə məqsədim budur ki, biz öz milli kinomuzu qorumalıyıq, onun büdrəməsinə, yox olmasına və Allah eləməmiş, məhv olmasına imkan verməməliyik!
Ancaq nə yazıq, təəssüf və səd heyif ki, bu gün milli kino sənətimizi hifz etməkdən daha çox, ONU sıxıb-sıxcalayır, son işartılarını da söndürmək istəyənlər var. Yəni,- çevir tatı, vur tatı,- kino sənayesinin inkişafından danışa-danışa, unuduruq ki, bu gün inkişafadan yox, BƏRPADAN söhbət getməlidir. Quru çərhovuza su buraxmadan ora baş vurub çimmək absurd deyilmi?.. Artıq cin şüşədən çıxıb, yəni nə mümkündürsə, əzilib-sınıb-çiliklənib...
Kino industriyası əsasən iki ayağı üstündə bərqərar olmalıdır - kino istehsalı və kino prakatı (satışı). Diqqət yetirin, keçən əsrin 90-cı illərində, siyasi formasiyaların dəyişdiyi zaman kəsiyində bu "ayaqların" hər ikisini zədələdilər, qırdılar. Qəsdən. Kino istehsalı obyektiv və daha çox subyektiv səbəblərdən donduruldu, kino prakat və onun balansında olan kino-teatrlar, əmlaklar isə satıldı, dağıdıldı,- kimlərinsə nəfsinə qurban getdi...Yəqin çoxlarının yadındadır, o vaxt ölkənin bütün kino-teatrları şəhərlərin mərkəzində yerləşirdi. Bakıda və böyük rayonlarda ən prestijli və ən qələbəlik yerlərdə idi. Hazırda həmin kino-teatrları ticarət mərkəzlərinə, iri marketlərə, iaşə obyektlərinə - yeməkxanalara, çayxanalara və digər "xanalara" cevriblər...
Buna bənzər vəziyyət, eynilə milli kino camiəsində də baş verməkdədir. Sanki gözəgörünməz bir əlin (ya barmağın) işarəsiylə, kinematoqrafiya adlandırdığımız görüntü sənətinin "yüyəni"... peşəkarlardan alınıb həvəskarlara - daha çox, çax-çux həvəskarlarına - peşkəş edilib. Yoxsa, zaman-zaman təmtəraqlı və qlamur "premyaraları" keçirilən səviyyəsiz kinofilmlərin: "super!", "molodes!", "şedevr!" və s. bu kimi epitetlərlə möhürlənməsini necə izah etmək olar?!
Nə sirdisə, "milli" kino və TV serialları məhsullarında mövzu bəsitliyi, obrazların, süjet xətti, konfliktlərin primitiv təqdimatı və açılışı, kino (eləcə də televiziya) estetikasına tamamən yad nümunələr, ideyasızlıq, o cümlədən bəsit traktovkadan doğan antisanitar kino epizodları, kobud montaj qüsurları, bayağı musiqi seçimləri, süni aktyor oyunu, işıq və rənglərin harmoniyasından anlayışı olmayan səriştəsiz operator, xaotik rejissor işi və s. və i .a. aşkar pintiliklər ört-basdır edilərək "kadr arxasında" qalır. Qalır, ancaq öz "işini" də görür - zövqümüzü korlayır, ruhumuzu incidir, tamaşaçını düz yoldan sapdırır...
Görünür, kinomuzun mövcud vəziyyəti görüntü sənəti industriyasına cavabdeh olan şəxsləri, qurumları (başda Mədəniyyət Nazirliyi olmaqla) qane edir. Belə hiss yaranır ki, Mədəniyyət Nazirliyi mədəniyyətin, ələlxüsus, kino sənətinin mənasız bir şey olduğu qənaətindədir. Nəhayət və ən başlıcası: görünür, bu hakimiyyətə zövqü korlanmış, inellektsiz, etik və estetik baxışlardan məhrum və dünyaduyumu bulanlıq, daha çox kütlə instinktiylə mövcud olan tamaşaçı lazımdır...
Fikrimcə, bu, çox təhlükəli məsələ olmaqla yanaşı, toplumun genetik koduna, qan nizamına yönəli zərərli (hətta zəhərli) müdaxilə kimi qiymətləndirilməlidir.
Amma, deyirəm, yaxşı ki, bütün bunlara rəğmən, kinonu həyatının mənası sayan istedadlı, bacarıqlı gənclərimiz də az deyil. Onlar, sözün əsl mənasında kinonun fədailəridir. Şəxsən mən ümid edirəm ki, bədii, sənədli kino sahəsini “işğal altında” saxlayan qeyri-peşəkarlıq müvəqqəti bir haldır və nə vaxtsa keçib gedəcək. Çünki heç bir nəhəng qaranlıq və hər hansı qatı zülmət bapbalaca bir şam işığını boğub öldürmək gücündə deyil!..
İndi isə qayıdaq "Azərbaycanfilm" kinostudiyasına... Bu kinostudiya, istəsək də, istəməsək də, bir sənət məbədinə çevrilib.. Neçə-neçə yaradıcı nəsillər üçün milli kino sənətinin abidəsi, beşiyi, müqəddəs ocağı sayılır...
30-35 il əvvəl olduğu kimi, bu gün yenə də kimlərsə doğma studiyamızı kimlərəsə satmaq istəyirlər. Bu dəfə ortaya "Sinema-park" adlı bir biznes layihəsi atıblar və bunun guya, kino sənayesinin inkişafına xidmət edəcəyini bildirirlər. Əvvəla, deyim ki, bu layihə plagiatdır, yəni, illər öncə belə bir layihə vardı, müəllifi də rəhmətlik Rüstəm İbrahimbəyov idi. Məqsədi də Azərbaycan kino sənayesinin müstəqillik əldə etməsi, inkişafı, maliyə baxımından özünü təmin etməsi, "Azərbaycanfilm" kinostudiyasını, eləcə də yerli filmlərin prokat sistemini bərpa edib qorumaq idi. Rüstəm müəllim bu projeni həyata keçirmək üçün şəhər kənarında boş torpaq sahəsi də almışdı. Hazırda təqdim olunan "Sinema-park" layihəsi isə "Azərbaycanfilm" kinostudiyasının binasını və əmlakını bölüb-parçalamaq, əcnəbi investorlara icarəyə vermək və orada gəlir gətirən müxalifət obyektlər və s. açmağı ehtiva edir. Aydındır ki, bu plan, özündə rejissorluqla maklerliyin simbiozunu yaratmış bir qrup işbazın komformist maraqlarına xidmət məqsədi güdür. Belə çıxır ki, istənilən tarixi abidəni, misal üçün, Qız qalasını, ya Şirvanşahlar sarayını hissə-hissə bölüb içərisində "Abidə-park"dan-zaddan cürbəcür "şeylər" yaratmaq olar, - təki gəlir gətirsin, təki mənfəət olsun.(???)
Müxtəsəri, Rüstəm İbrahimbəyovun ovaxtkı layihəsi kinomuzu diriltmək üçün idi, indiki plagiat "Sinema-park" isə kinomuzu məhv etmək üçündür. Buna imkan vermək olarmı? Əlbəttə ki, yox! Biz "Azərbaycanfilm"imizi qorumalıyıq, hər daşında, hər dəhlizində, hər otağında və hər pavilyonunda şirin sənət xatirələri yaşadan doğma studiyamızı ölümdən xilas etməliyik! Bu bizim vəzifəmiz, borcumuz və ALIN YAZImızdır!
Bəli, yeganə istehsalat bazası sayılan kinostudiya uğrunda mübarizə aparılmalıdır. "Azərbaycanfilm"-in yox olması Azərbaycan kino sənətinin, müvafiq olaraq, görüntü kimliyimizin məhvinə aparan yoldur. Yox-yox, əlbəttə ki, kino sağ qalacaq, yaşayacaq, müxtəlif filmlər də çəkiləcək, amma... nə olsun?- əgər dişin "nervisi" çıxarılıbsa, çeynəmək də, qida qəbul etmək də olur, yəni diş öz yerində durur... amma eyni zamanda o diş həm də yoxdur - canı, ruhu yoxdur!..
Nə etməli? Məncə, bu gün ilk növbədə, respublika kinoprakat sisteminin yenidən qurulması təmin edilməlidir, "keçi qiymətinə" satılmış kino-teatrların əsarətdən xilas yolları aranmalıdır. Kino sənayesinin doktrinası yazılmalı, dəqiq fəaliyyət planı müəyyənləşdirilməli və bütün bunların normativ-hüququ bazası yaradılmalıdır. Bunları etmədən, hər hansı inkişafdan-filandan danışmaq yersizdir... Üçgündən bir ağızdolusu, özü də ciddi-ciddi, ağıllı-ağılı kino sənayesinin inkişafı mövzusunda "quş qoymaq" tədbirləri düzənləmək, yumşaq desək, patetikadan başqa bir şey deyil... Qaşlarını çatıb özünü ağıllı və müdrik göstərmək, heç də adamın ağıllı və müdrik olduğuna dəlalət etmir...
P.S. Məşhur Baron Münhanzenin sözü olmasın: "Gülümsəyin cənablar, gülümsəyin! Dünyanın bütün səfehlikləri həmişə ağıllı üz ifadəsiylə həyata keçirilir!.."
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://reyting.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see662

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see137

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see134

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see127

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see127

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see126

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see124

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see122

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see120

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see119

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see118

Ramazanda dondurma yeyin

18 Mart 2025 04:00see118

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see118

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see117

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18 Mart 2025 02:33see115

Uşağa nar vermək təhlükəsizdirmi?

18 Mart 2025 08:04see113

Bölgə klubundan ayrılan baş məşqçinin yeni iş yeri məlum oldu

17 Mart 2025 23:15see113

Çin Sədri ABŞ yə səfər edəcək

18 Mart 2025 08:34see112

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub

18 Mart 2025 12:20see112

Mançester Yunayted biletin qiymətini qaldıracaq

18 Mart 2025 08:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri