Icma.az
close
up
RU
SABAH Eldəniz Quliyev yazır

SABAH Eldəniz Quliyev yazır

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bütün insanlar qatildir. Vaxt qatili!

Hamımız VAXTı öldürə-öldürə, istər-istəməz günaha batırıq. Amma bu günahdan qurtulub bağışlanmaq haqda heç düşünmürük də...

Əgər, “Sabahımız dünənimizi inkar etməyəndə yaranır” fikri ilə razılaşsaq, onda yəqin ki, bizlər, ara-sıra da olsa, dönüb öz keçmişimizə baxmalıyıq. Baxmalıyıq ki, buraxdığımız səhvlərdən nəticə çıxaraq, ibrət götürək; bir daha yanılıb-peşman olmayaq, ən əsası, tövbə qapıları üzümüzə bağlanmasın. Balıq suda yaşadığını bilmədiyi kimi, biz də BU GÜNü bütünlüklə dərk edə bilmirik. SABAH isə, əlbəttə ki, nə baş verəcəyindən xəbərsizik. Deməli, nə qədər təzadlı səslənsə də, dünyanın zaman adlı axarında ən real və maddi olan elə DÜNƏNdir.

Doğrudan da, tarix nə vaxtsa yazılacaq bir romana, roman isə haçansa vaqe olacaq bir tarixə bənzəyir. Beləliklə...

DÜNƏN

Bəzilərimiz ürək ağrısıyla, “... bu müstəqillik nəmənədirsə, bizlərə düşmədi. Əslində, buna əvvəlcədən heç əsaslı hazırlığımız-filanımız da yox idi”, dedik və bəlkə elə bu səbəbdən də “biz hələ təzə başlayırıq”, “öyrənirik”, “zamana ehtiyacımız var”, “tələsən təndirə düşər” və s. bu kimi bəhanələr gətirib də durduq.

Bacarıqsız və boşboğaz siyasətçilər isə fürsəti fotə verməyib, meydanı zəbt etdilər.

Qanunvericilik, sosial-iqtisadi inkişaf planları, ölkənin prioritet tərəfdaşlıq istiqamətləri, milli-mənəvi və əxlaqi dəyərlər sisteminin yaradılması və neçə-neçə əhəmiyyətli problemlərin həlli səriştəsiz dil pəhləvanlarına tapşırıldı. Yüksək hazırlıqlı professional ordu qurmaq əvəzinə, ölkənin ərazi təhlükəsizliyi təcrübəsiz silahlı dəstələrə (bəzənsə müharibədən öz şəxsi maraqları üçün istifadə edən “kosmopolit” fırıldaqçılara) etibar edildi. Dünya standartlarına cavab verən milli təhsil və səhiyyə sistemi yaratmaq səlahiyyəti maarif, tibb haqqında nağıllar danışan və elə həmin nağılların mənfi personajlarına bənzəyən bivec adamlara həvalə olundu.

Göydən “üç alma” təki qəfil düşən müstəqillik havasından çaşıb-qalmış cəmiyyətimiz isə, hadisələrin aktiv iştirakçısı olmaq əvəzinə, onun laqeyd tamaşaçısına çevrildi.

Bəli, ildırım sürətilə baş verən proseslərin nəticəsi olaraq, mütərəqqi dünya birliyinə qovuşacaq demokratik bir dövlət yaranacağını, ərazisini göz bəbəyi kimi qoruyacaq ordu, nəhayət, əhalinin qarnını doydura biləcək hökumət qurulacağını gözləyən XALQ mat-məəttəl, gözünü döyə-döyə qaldı.

Bu, çox vacib və vacib olduğu qədər də əcaib bir məqam idi. O mənada ki, belə tarixi zaman kəsiyində, yəni siyasi formasiyaların dəyişdiyi bir vaxtda, ziyalı zümrə, əslində, xalqın önünə düşüb ölkənin düzgün inkişafını, iqtisadi, siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərməliydi. Gücü, cəsarəti çatmadı. Təəssüf, çox təəssüf!..

Dünən Ziyalı bəndə xalqın zəkasının, iradəsinin və ruhunun güc mərkəzi olduğunu sübut edə bilməyib... uduzdu. Məmləkətdə baş verən neqativ proseslərdən, cəmiyyəti total satqınlıq və dəllallıq virusundan azad etmək əvəzinə... Ziyalı qorxdu, qorxuduldu və nəticədə, müqavimət göstərmədən, səssiz-səmirsiz siyasət səhnəsindən uzaqlaşdı. Yaxud, uzaqlaşdırıldı.

Dünən Ziyalı konyuktura və qorxudan yaxa qurtarıb, ictimai rəy və ictimai məhəbbət yaratmağa, ona nüfuz etməyə qadir olmadı, xalqın sevincini, kədərini, ağrı-acısını, göz yaşını özünə hopdura bilmədiyindən duruxub başını itirdi.

Dünən Ziyalı, ədəbazların, cahillərin və dələduzların xalqın üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığın müşahidəçisi olmaqla işini bitmiş saydı. Yalan, talan və korrupsiya adlı dəhşətli xərçəng xəstəliyi ölkədə metastaz verib yayıldı,- millətin mütərəqqi düşüncəli kəsimini manqurtlaşdırdı, sındırdı, məhv etdi - Ziyalı susdu.

Yumruğa dönməli olan milləti göz qabağındaca əzib yumağa döndərdilər - Ziyalı yenə də dillənmədi.

Dünən Ziyalı, insanların qəlbində inamın ümidsizliyə, ümidin xofa, hörmətin mütiliyə, səmimiyyətin yaltaqlığa, məhəbbətin nifrətə çevrildiyini gördü, eşitdi, duydu, amma buna mane ola bilmədi. Mane olmağa özündə təpər tapa bilmədi.

Dünən Ziyalı vahid bir təşkilatda toparlanıb mübarizə aparmaq əvəzinə, “biz siyasətə qarışmırıq”, “biz bitərəf insanlarıq”, “biz hesab edirik ki, siyasiləşmiş ziyalı meşədə yetişmiş armud kimidir” və s. bəhanələr arxasında gizlənib, qınına çəkildi. Beləliklə, onlardan bəziləri tədricən mətbəx guşənişinə və bayağı teleserial azarkeşinə, bəziləri isə mənasız çayxana xosunlaşması və qeybət səviyyəsinə endi.

Dünən Azərbaycan ziyalısı öz mövcudluğu ilə partiyaların “dayaq sütunu” funksiyasını daşımasına baxmayaraq, siyasi qüvvələrin fövqündə durmağı və siyasiləri ziyalılaşdırmağı bacarmadı. Ki, onunla hesablaşsınlar, onu eşitsinlər, ondan ibrət götürüb çəkinsinlər, nəhayət, ona hörmət etsinlər.

Dünən ziyalıların bir çoxu, vicdan əzabı çəkmədən, öz aralarından “görkəmli”, “misilsiz”, “əvəzolunmaz” xadimlər seçib, millət vəkili, akademik, xalq yazıçısı və s. təyin etdilər, onları pullu və hörmətli kreslolara oturtdular - bununla, “xadimlərin xədimliyi” məsələsinə rəvac verildi, bununla, “ziyalının ziyanlı” olmasına “yaşıl işıq” yandırıldı.

Dünən ziyalı missiyalı insan təəssüflər ki, rəhbəri - avtoritetdən, demaqogiyanı - vətənpərvərlikdən, şüarı - proqramdan, komformizmi - mövqedən, azadlığı - özbaşınalıqdan, populizmi - ideologiyadan seçib ayıra bilmədi; “siyasi proses” adlı aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmadı. Və elə bu səbəbdən də, sözün əsl mənasında, İŞIQLI İNSAN kimi qəbul olunmadı.

BU GÜN

Neçə illərdir ki, öz gücünü müxtəlif partiya hücrələrində “xərcləyib” puç edən Azərbaycan ziyalısı günü bu gün də anlaya bilmir ki, bütün bu illər ərzində siyasi rəhbərlər (az istisnalarla), onlardan, yəni alicənab, ləyaqətli, nəcib, vicdanlı və satılmaz  ziyalılardan, müvafiq olaraq, onların yüksək elmi, dini dərəcələrindən, şan-şöhrətləri, hörmət-izzətləri və istedadlarından öz merkantil ehtiyaclarını və atamor intellektlərindən doğan, yekə, çox yekə iddialarını gerçəkləşdirmək üçün istifadə ediblər. “Mənəm-mənəmlik” və “nərgiz” mərəzinə mübtəla olmuş (iqtidarlı-müxalifətli), bir çox siyasi liderlərin bəlağətli monoloqları və yağlı dillərinə hələ də inanan sadəlövh Azərbaycan ziyalısı, milləti qəflət yuxusundan oyatmaq, yalanı faş edib həqiqəti üzə çıxartmaq naminə, bircə dəfə də olsun, həmin o liderlərin yaxasından yapışıb ciddi və sərt şəkildə törətdikləri əməllərin səbəbini sormadı, haqq-hesab tələb etmədi. Heyf ki, heç etmək fikrində də deyil...

Bu gün, həmişə olduğu kimi, çoxpartiyalı cəmiyyətin çoxsaylı liderləri “demokratik məmləkət” və “vətəndaş cəmiyyəti” qurmaq uğrunda sönük cəhdlər göstərib, siyasi manipulyasiyalar edir və Ziyalı hələ də boynuna almaq istəmir ki, əslində, bu sayaq qurama piar-texnologiyaların və perspektivsiz siyasi şouların meydan sulamağında, dolayısıyla günahkar məhz O-dur.

Bu gün 25-30 illik ekzeltal siyasiləşmədən sonra Ziyalı bəndə yenə də anlayıb dərk edə bilmir ki,  tarixin, ələlxüsus ölkənin və xalqın taleyinə mənəvi cavabdeh məhz  O-dur.

Bu gün müqavimət hissini itirmiş, zəif iradəli, hürkək Ziyalı bəndə özündə hünər tapıb heç vəchlə etiraf edə bilmir ki, vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, habelə siyasi nihilizm və simasızlığın əsas baiskarlarından biri, bəlkə də, birincisi, məhz  O-dur.

Bu gün Ziyalı öz ənənəvi cəsarətsizliyinin, susqunluq və izolyasiyasının girovuna çevrilərək, hələ də başa düşmür ki, onun işi heç də siyasi proseslərin quyruğunda sürünməkdən, siyasi rəhbərlərin sifarişli musiqisi altında oynayıb ləbbeyk deməkdən ibarət deyil. Onun ALIN YAZISI və ali missiyası taleyüklü hadisə və proseslərin arbitri, istiqamətləndiricisi, nizamlayıcısı olub, pozitiv inkişafın generatoruna çevrilməsində, qaranlığa işıq, bulanlığa duruluq gətirməsindədir.

Bu gün Azərbaycan Ziyalısı qəti şəkildə bilməli, anlamalı, eyni zamanda, bunu digərlərinə təlqin etməlidir ki, ALLAH sevgisi, QANUN və ƏDALƏT hissi hər hansı siyasətdən üstündür. Əks təqdirdə, ölkənin faciə və xaos burulğanına düşməsi labüddür. Ziyalı bilməli, anlamalı və anlatmalıdır ki, bu gün bizlər öz mübarizə immunitetimizi beş qat, on qat artırıb dirəniş göstərməsək, məmləkətin demokratik inkişafının “kəlmeyi-şəhadət”i oxunacaq.

Bu gün Ziyalı zümrə bütün intellekti və səmimiyyətilə, elmlə imanın vəhdətinə, eləcə də dünyəvi dövlətlə dinin harmonik  mövcudluğuna nail olmağa çalışmalı və bunun üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün Ziyalı ortaya konseptual mübarizə fəlsəfəsi, praqmatik, eləcə də kreativ mücadilə modeli qoymalı, xəstə ambisiyalarla  üfürülmüş müstəbeh və yuxulu siyasiləri “fil qulağından” düşürüb, onları effektli, mübarizəyə, ən başlıcası, ədalətsiz rejimi ədalətlə dəyişməyə səsləməlidir.

Güman ki, nə vaxtsa ölkədə yenə də parlament və ya prezidenti seçkiləri keçiriləcək.... Yenə də proseslər, daha döğrusu, ”əvvəli olmadığı üçün sonu da olmayan” seçki  oyunları başalanacaq...  Və Ziyalı bu dəfə tək sözünə, tək vədinə görə heç kimə inanmamalı, xalqa da məhz bunu tövsiyə etməlidir. O, partiyalararası mübahisə və didişmələr səviyyəsinə düşmədən, Azərbaycan dövlətçiliyinə, demokratik islahatlara, millətin mental şüuru və mənəviyyat sisteminə əngəl törədən səbəbləri arayıb-axtarmalı, çıxış yolları göstərməlidir. Əhalinin, “mənlik deyil”, “nə işimə”, “onsuz da heç nə dəyişən deyil” və s. deyən bədbin kəsiminə, yanıldığını, səhv düşündüyünü və belə biganə münasibətlə öz oturduğu budağı baltaladığını izah etməlidir.

Bu gün Ziyalı ölkənin cənnətə dönməsindən daha artıq, cəhənnəmə çevrilməsinin qarşısını almağa cəhd göstərməli, öz həmvətənlərinin düşüncə və qəlbinə hakim kəsilməli, itmiş, yaxud itməkdə olan inamı, etiqadı, ümidi qaytarmağa, onları siyasi kataklizmlərdən, idarə olunan xaosdan, panika və qorxudan, cəhalət və mənəvi aşınmadan uzaqlaşdırmağa və əlbəttə ki, milli mənafeyi və milli dəyərləri öz ürəyi, öz gözü, öz balası kimi qoruyan ləyaqət və vicdan simvoluna çevrilməyə can atmalıdır.

Bu gün Ziyalı bəndə, heç şübhəsiz ki, katarsis, etiraf, tövbə və xəcalət süzgəcindən keçib durulmağa məhkumdur.

Bu gün Ziyalı insan amorf halından qurtulub, ölkənin şərəf və ləyaqətinin məsuliyyətini daşımaq üçün yenidən doğulmalıdır. Əks halda, nə demokratiya, nə inkişaf, nə də ki, əmin-amanlıq nəsib olacaq bizlərə.

Bu gün Azərbaycan ziyalısı, sözün əsl mənasında, fədakarlıq göstərib, yanıb xalqın Məbədə və İşığa doğru hərəkətinə yardımçı olmalıdır...

Şam kimi!

Ki, bizlər bir daha "bizlər bu məmləkətdə heç nəyi dəyişə bilmərik" kimi zərırli kəlmələri dilimizə gətirməyək.

Ki, bizlər nəhayət, VAXT öldürmək kimi çox zərərli milli vərdişimizdən əl çəkək.

Və Ziyalı bütün bu deyilənləri BU GÜN etməsə, onda əmin olun, bir də heç vaxt üzümüzə... SABAH açılmayacaq!..

Eldəniz QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see234

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see159

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri