Icma.az
close
up
RU
AVTOBUSDA... Eldəniz Quliyev yazır

AVTOBUSDA... Eldəniz Quliyev yazır

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bir sərnişin mənə yaxınlaşdı, maskasını azacıq endirib düz üzümə:

– Məəə... – dedi.

Sözün doğrusu, əvvəl çaşdım və təəccüblə:

– Sizi başa düşmədim, – deyə mızıldandım. – Nə istəyirsiniz ki?..

Sərnişin heç nə olmamış kimi növbəti dəfə mələdi. Bəli-bəli, sözün əsl mənasında qoyun kimi, keçi kimi mələdi...

– Məə-əə...

Boğazdan gələn bu ekzotik səs, təbii ki, digər sərnişinlərin də diqqətini cəlb elədi...

Neyləycəyimi kəsdirə bilmədiyimdən, susub mat-məəttəl ətrafdakılara baxdım; sanki kimsə köməyə gələcəkdi...

...Sərnişinin budəfəki mələrtisi daha bərk və daha amiranə tərzdə səsləndi:

– MƏƏ-ƏƏƏ-Ə!!!

Nədənsə, özümdən asılı olmadan, yəni qeyri-ixtiyari mən də eyni cür “cavab” verdim:

– Məə-ə...?!

Nəhayət, sərnişin maskasını çıxarıb, rahatca nəfəs aldı:

– Həə, bax bu başqa məsələ, müəllim! - dedi.- Biz hamımız qoyunuq, “nastoyaşi” qoyun!

Bəzi sərnişinlərin qaşları, bəzilərininsə yumruqları düyünləndi. Ancaq aşkar etiraz eləyən olmadı...

Qəribə sərnişin isə sözünə davam elədi və bu dəfə onun dedikləri daha çox monoloqu xatırlatdı:

– Qardaşlar, bacılar, gözümüz görə-görə dənizimizi, meşələrimizi oğurlayıb hasarlayırlar... qoyun kimi, başımızı sallayıb gövşəyirik... Hər dəfə seçkilərimizə mız qoyur, səslərimizi çırpışdırırlar, qoyun kimi susuruq!.. Nöyüt ölkəsində ayda, ya iki ayda bir, benzinin, işığın qiymətini qaldırırlar, yenə də qoyun kimi... “səhər örüşə, axşam yoxuşa”, məzlun-məzlum baxıb dillənmirik... Qaz ölkəsinin qazlı adamları qazın qiymətini kəlləçarxa qaldırıb bizi qaz kimi yolurlar... biz yenə də özümüzü qoyun yerinə qoyuruq və heç "mıqq" da eləmirik! Dükan-bazarlarda qiymətlər əqrəbə dönüb bizi çalır... amma biz yenə də key-key donub qalır, qoyun kimi öz "tupoy" başımızı bir-birimizin dalına soxuruq!.. Hara gedirik, hara əl uzadırıqsa, başımıza qapaz vururlar. Bizi qoyun sanıb yunumuzu qırxır, Nəsimi bilib dərimizi soyurlar. Uzunqulaq zənn edib şallaqlayır, təpikləyirlər... Adam yerinə qoymurlar! Çünki gözəlcə bilirlər ki, ən uzağı, yəni ən yaxşı halda, heç nə – mələşəcəyik...

Qəribə sərnişin bu yerdə dərindən köks ötürüb ətrafa boylandı və...

...və çox boğuq, eyni zamanda olduqca kədərli bir səslə soruşdu:

– Düz demirəmmi, əzizlərim?..

Bax, bu məqamda, doğrudan da, tamamən gözlənilməz bir reaksiya baş verdi...

Nə üçünsə bu sadə suala sərnişinlər, mən də daxil, xorla cavab verdik:

– Məə-əəə!

***

Avtobus tövşüyə-tövşüyə tıxacda " irəliləyirdi...

Sərnişinlərdən biri:

– …Noolsun ki, biz fil qulağında yatmağı sevən millətik, “zato” çörəyi qulağımıza yemirik!..-dedi.

İkinci sərnişin:

– Alə, “akazıvayetsa”, bunnar neçə illərdi ki, çörəyi heyvan buğdasınnan bişirib satıllarmış bizə...

– Heyvan?

– Həə.. yəni mal-qara buğdasınnan...

– Ola bilməz...

– Nöşün olmur, alə?.. İnanmırsan Mameddən, ya Əhməddən soruş.

– Mamed, ay Mamed, bu düz deyir?

Mamed:

– Mooo!..

– Əhməd, qədeş, sən canın, bu hökumət, doğrudan, bizə mal-qara çörəyi yedirir?..

Əhməd:

– Məə-əə!

– Gördün, “vot”! “Lişni” öz qulaqlarınnan eşitdinmi?..

– Qu... quu... ququlu-quu!

***

Pırpız saqqalı bir sərnişin dönüb məndən soruşdu:

-Müəllim, siz bilərsiniz, şəhərin quşları niyə azalıb belə? Sərçələr yoxa çıxıb, qağayılar seyrəlib, qumru quşları heç görünmür... Niyə?

Gözlənilməz sualdan çaşdım...

-Nə bilim, vallah...yəqin ekologiya...ya insanların sıxlığı-filan...

-Yox!- dedi.- Çünki  camaat saxtalaşıb, riyakarlaşıb. Yadlaşıblar. Aralarındakı ünsiyyət bağları çirklənib, qırılıb...çiliklənib... Çünki ölkə müxalifəti göyə mismar vurmaqla, iqtidarı isə buludlardan marojna düzəltməklə məşğuldu..

-Necə yəni... anlamadım, nə dəxli...- Nə deyəcəyimi kəsdirə bilmədim.

-Necəsi-zadı yoxdu. Göy üzünün quşları Yer üzünün insanlarından küsüblər...uçub gediblər...

-Necə...hara gediblər?.. - Yəqin bundan səfeh sual ola bilməzdi ki, verdim...

-Yalan olmayan məmləkətə!

...Avtobus dayanacağa çatdı, qapılar açıldı... Sərnişinlərdən kimsə arxaya boylanıb yoldaşını səslədi:

-Həmzə, ay Həmzə!.. Koroğludu ey, düşməyək?..

***

...Bu dəfə iki sərnişin arasındakı "söhbəti" eşidəndə, inanın, özümə yer tapmadım. Onlardan bir oturacaq qabaqda əyləşmişdim...

Birinci sərnişin:

– ...Belə əndirabadi ölkə olar?! Adambaşına bir polis, bir cüt dəyənək, üç dənə də qapaz düşür... Ağzını açıb ədalətli bir söz deyən kimi, az qala iki gözünü bir deşikdən çıxarırlar!..

İkinci sərnişin:

– Allahına şükür elə ki, bizdə belə deyil!..

Birinci sərnişin:

– A kişi, hara üz tutursan, hayana gedirsən, yalan, fırıldaq, qanunsuzluq... dərdini deməyə bir idarədən-midarədən, təşkilatdan-zaddan tapa bilmirsən!.. Məmurlar yayda sənin əlinə, qışda cibinə baxır!.. Nə səhiyyəsi bir zibildi, nə də təhsili. Qiymətlər od tutub yanır; xəstəlik çox, dərmanlar baha!.. Maaş az, pensiya da dilənçi payı. Vallahi-billahi, yaşamalı ölkə deyil... əslində, heç ölməli ölkə də deyil! Mədəniyyəti mədəniyyətsiz, məhkəməsi məzhəkə... hara gedirsən qarşına çıxan axmaqlar, hara baxırsan, rəqsi təlim eləyən axsaqlar...

İkinci sərnişin:

– Yenə də şükür elə, şükür elə ki, bizdə belə deyil...

Birinci sərnişin:

– Əşşi bu boyda hoqqa, bu boyda həngamə olar?! Ölkə başçısı barmağını nə qədər stola döyəcləməli, iribuynuzlu məmur tayfasına nə qədər deməlidir ki, adam olun, camaatla adam balası kimi davranın, vətəndaşlar rəiyyət deyil, siz  də onun ağası deyilsiniz, atılıb başına dırmaşmayın camaatın, heç kimi incitməyin. Siz onların qulluğunda dayanmalı, problemlərini həll etməlisiniz. Neçə dəfə demək olar axı, bu sizin vəzifə borcunuzdur! Rüşvətə, oğurluğa qurşanmayın! Əl çəkin bu əməllərdən, ölkənin malını-pulunu yeyib-dağıtmayın. Bax təkrar edirəm, qulaqlarınızı yaxşıca açıb eşidin: belə getsə, kimliyindən asılı olmayaraq, çox sərt şəkildə cəzalandıracam!!! A kişi, day adam bunnan artıq nə deməlidir ki?.. Şəhadət barmağını nə qədər silkələməli, nə qədər stola vurmalıdır ki?.. Barmaq da dəmir deyil ki, dözmür, döyənək olub. Di gəl ki, məmur sürüsünün heç vecinə də deyil...

İkinci sərnişin:

– Ox, ax, vay, uyy...

Birinci sərnişin:

– Deyirəm, lappadan yapışasan o məmurların qulağından, dartasan, dartasan... heç bilirsən o pələ qulaqların dalından nə qədər qulaqardına vurulan tapşırıqlar, əmir, göştərişlər tökülər?..

İkinci sərnişin:

– Allahım, deyirəm, nə yaxşı ki, bizdə belə deyil... İrağ olsun, nə yaxşı ki, belə səfehlik bizdən uzaqdı... Şükür, min şükür!..

Bu məqamda istədim geri çevrilib bu qəribə dialoq sahiblərinin üzünə baxım...

...amma çəkindim.

Qorxdum ki, arxaya dönsəm, onlar gözlərimin yaşla dolduğunu görəcəklər...

Eldəniz QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see559

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see398

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see390

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see317

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see253

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see227

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see216

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see207

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see184

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see184

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see176

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see171

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see168

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see166

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see166

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see162

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see161

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see160

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see159

1/16 finalın bugünkü oyunları DÇ 2026 nın təqvimi

30 İyun 2026 09:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri