Icma.az
close
up
RU
Sözü at, yiyəsi götürsün

Sözü at, yiyəsi götürsün

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu, bir el məsəlidir və mən bu yazıda  bir çox müşahidələrimə əsaslanmışam 

         Televiziya və radiolar, sosial şəbəkələr, keçirilən tədbirlər və s.  geniş kütlə ilə  daim təmasda olmağın mühüm əlaqə  vasitələridir. Odur ki,  bu tribunadan  istifadə edənlərin  peşəkarlığı, nizam-intizamı, bilik və savadı, dünyagörüşü, səriştəsi, təcrübəsi,  milli-mənəvi yetkinliyi – bu şərtləri daha da  artırmaq  olar – çox vacibdir. Bütün bunlarla yanaşı  nitq və efir mədəniyyəti,  ədəbi dil  normalarına, üslub qaydalarına müntəzəm əməl olunması bu sahədəki  neqativlərdən  xilas olmağın çıxış yollarındandır.

         Bütün bu sadaladıqlarımı əsas tutaraq  bu  yazıda mən  adi  bir  tamaşaçı və  dinləyici olaraq narazılıq və narahatlıq doğuran bəzi məqamlara toxunmaq istəyirəm.

                                               Canlı ifa  qorxusu

         Bəzi zəruri halları, istisnaları çıxmaqla  fonoqram  ifalarından  heç xoşum gəlmir və mən bu cür  ifaları sənət  hesab eləmirəm. Əgər ifaçı fonoqram  arxasında  gizlənirsə və bunu vərdişə çevirirsə vay onun halına. El arasında buna “xaltura” deyirlər.  Hətta yarızarafat-yarıciddi belə deyənlər də olur: “Fonoqramla nənəm də oxuyar. Hünəri varsa canlı oxusun”.

         Bir var, hansısa bir  verilişdə formata və məzmuna, həm də  vəziyyətə uyğun olaraq ifaçının lent  yazısına və  fonoqrama qulaq asasan,bir də var ifaçı necə deyərlər, “bəh-bəh” nən efirə dəvət olunur və  aparıcı da “böyük sevinclə” onun “sənətkarlığını” nəfəs  dərmədən,  dil boğaza qoymadan o ki var  tərifləyir, “buyur-buyur”la onu  oxumağa dəvət edir. Aparıcının  can-dillə  təqdim etdiyi  bu “sənətkar” da özündən  razı  halda  görüntü xatirinə əlinə mikrafon alıb “mahnını verin gəlsin” deyir və “göndərilən” (?!) mahnının ritminə, ahənginə uyğun  olaraq başlayır ağzını  açıb-yummağa. Vəssalam... Fonoqramla “ifa” olunan mahnı beləcə sona yetir.

         Aparıcı əl çala-çala yenə başlayır “ifaçını” möhkəmcə tərifləməyə. Aparıcının  təbrincə desək, bu oldu “gözəl ifaçı”, “gözəl səs sahibi”, hətta “parlayan ulduz”. Aparıcının dönə-dönə dediyi “sağ ol”lar əslində ifaçıya yox,  ifaçının “yükünü” daşıyan fonoqrama düşür.

         Elə bu yerdə  deməliyəm ki, sağ olsun  xanəndə Zabit Nəbizadəni, televiziya verilişlərinin birində  belə bir təklif elədi, dedi: “Yaxşı olar belə  şərt qoyulsun ki, efirə gələn hər bir ifaçı fonoqramsız, canlı oxusun”...

         Gözəl təklif idi. Bu sözü təkcə Zabit müəllimdən yox, digər  bir neçə  istedadlı  xanəndələrdən, müğənnilərdən də  eşitmişəm.  Hətta aparıcılardan da  bu sözü deyən  olub: “ Elə ifaçılar var ki,  onları  efirə  dəvət edirik, amma  tələbimiz canlı  ifa  olduğuna görə  gəlmirlər, daha  doğrusu, gəlməyə ürək  eləmirlər”.

         Aparıcının  gileylənməsi məni  sevindirdi,  öz-özümə  dedim: “Çox şükür ki, gəlmirlər.Təki, belə  olsun, canlı oxuya bilməyənlər, yalnız  fonoqramın ətəyindən  yapışanlar efirə  gəlməsələr yaxşı olar. Heç olmazsa, yorucu, bezdirici,  döyənək  ifalardan  qulağımız bir az dincələr, efirlər də  rahat nəfəs alar...”

         Ümumiyyətlə, sənət meydanı səsinə, istedadına, peşəkarlığına  güvənənlərin yeridir. Burada  başqaları “at oynada” bilməzələr.  

                            “ Əlləri görmürəm... əllər...əllər!..”

         Bu sözləri tamaşıçılara, dinləyicilərə yalvarıb onlardan  alqış istəyən  bəzi ifaçıların dilindən eşidirik. Bu yerdə ustad aşıq Şakir haqqında vaxtilə  xanəndə  İslam Rzayevdən aldığım bir müsahibə yadıma düşdü. Həmin müsahibənin lent yazısını bu gün də əziz bir xatirə kimi saxlayıram.

         İslam  Rzayev deyirdi: “Mən aşıq Şakir sənətinin  vurğunu olmuşam. Onun səsini, ifalarını həmişə xoşlamışam. Bir gün  eşitdim ki, Filarmoniyada aşıq Şakirin iştirakı ilə konsert var. Sevinə-sevinə getdim. Zal tamam dolmuşdu. Bir dənə də boş yer yox idi. Yuxarı tərəfdə bir yer tapıb oturdum. Ayaq üstə duranlar zalın divarları boyunca yan-yana düzülüb dayanmışdılar.  Şakir də Şakir idi də. Boy-buxun, yaraşıq,  nurlu çöhrə... səs də ki, Allah vergisi. Qulaq asdıqca doymurdun. Bir-birindən gözəl ifalar adamı valeh edirdi. Şakiri həm ayaq üstə alqışlayır, həm də səhnədən getməyə qoymurdular. Sayırdım, onu dalbadal düz 7 dəfə səhnəyə qaytardılar. Tamaşaçıların əl  çəkmədiyini  görən konsertin  aparıcısı səhnəyə çıxıb  tamaşaçılara yalvardı ki,  “Siz Allah, daha bəsdir,  insafınız  olsun, adamı bu qədər yormaq olmaz axı, xahiş edirəm əl çalmağı  saxlayın...”

         İslam Rzayevin aşıq Şakir haqqında  olan bu söhbətini yada saldıqca düşünürdüm: Bax, əsl sənət, əsl sənətkar, əsl tamaşaçı sevgisi, tamaşaçı alqışı  belə  olar. Yoxsa ki, bəziləri kimi “Əlləri  görmürəm” deyib tamaşaçıdan alqış umasan?!

         Yaxşı sənət nümunələri, yaxşı ifalar, peşəkarlıqla ərsəyə  gətirilən mahnılar heç vaxt diqqətdən yayınmır. Belə olanda alqışlar özü ifaçını tapır.

         Televiziya verilişlərinin birində  aparıcı Rəşid Behbudovdan soruşdu ki, “Siz hər hansı bir mahnının üzərində neçə gün işləyirsiniz?”

         O, aparıcının  bu sualına acı-acı gülümsəyib dedi: “Gün nədir, sən aylardan danış.  Mən bir mahnının üzərində azı 5 – 6 ay işləyirəm. Onu tam mənimsəməsəm, oxumaram...”

         Yaxşı sənətkar, yaxşı ifaçı olmaq istəyən kəslər dahi müğənninin bu və  digər tövsiyələrini qulaqda sırğa etməlidirlər.

                            Xəbərlərin təqdimatında üslub səhvləri

         Təəssüflər olsun ki, bu səhvlər artıq ənənə halına  çevrilib.  Belə ki, xəbər çatdırılarkən səhv olaraq əvvəlcə xəbərin mətni, sonra isə xəbər müəllifinin, yaxud xəbərin istinad edildiyi mənbənin adı deyilir. Amma əksinə olmalıdır. Yəni xəbəri verən müəllifin  və ya mənbənin adı əvvəldə deyilməli və bundan sonra xəbərin mətni çatdırılmalıdır. Əks halda dinləyicidə çaşqınlıq yaranır.  Dinləyici diqqətini həmin anlarda müvafiq  hədəf üzərində cəmləşdirə bilmir, fikri əsas mətləbdən yayınır.

         Dediklərimi şərti cümlələr əsasında çatdırsam daha aydın  olar. Məsələn, təxminən belə bir xəbər verilir: “Yarışlarda komandamız yüksək nəticələr əldə etdi”. Aparıcı həmin cümləni  çatdırandan sonra onun ardınca deyir: “Bu sözləri komandanın  kapitanı azarkeşlərlə görüş zamanı dedi”.

         Əslində həmin  xəbər üslub tələblərinə uyğun olaraq belə deyilməli idi: “Komandanın kapitanı azarkeşlərlə görüş zamanı dedi: Yarışlarda komandamız yüksək nəticələr əldə etdi”.

         Daha bir şərti cümlə: Aparıcı  yeni bir xəbəri də üslub xətaları ilə çatdıraraq deyir:

“Obyektin tikintisini bu il  başa çatdıracağıq. Bu sözləri idarənin rəisi inşaatçıların  yığıncağında dedi.”

         Əslində  həmin xəbər  belə  ifadə olunmalı idi: “İdarənin  rəisi inşaatçıların  yığıncağında dedi: Obyektin tikintisini bu il başa çatdıracağıq”.

Təəssüf ki, bir çox  rəsmi xəbərlər də səhv olaraq bu şəkildə verilir. Yuxarıda təqdim etdiyim şərti cümlə nümunələrində üslub səhvi göz qabağındadır. Nə vaxtsa və kimlər tərəfindən  ilk dəfə edilmiş bu üslub xətaları sonradan “inkişaf” edərək xoşagəlməz bir ən-ənəyə çevrilib.

Efirdə və yaxud hansısa tədbirlərdə görürük ki, bəziləri danışanda cümlədə sözlərin  yerini  fərqinə varmadan, laqeydcəsinə dəyişdirir. Buna görə də fikir dolaşıqlığı  yaranır, cümlənin mənası itir. Məsələn, şərti olaraq belə bir cümlə deyək: “İdarənin bugünkü tədbirinə xeyli adam toplaşmışdı.” Təəssüf ki, həmin xəbəri çatdıran şəxs qeyd edilən cümləni belə ifadə edərək deyir: “ Bugünkü idarənin tədbirinə xeyli adam toplaşmışdı.” Göründüyü kimi “idarənin” sözü ilə “bugünkü” sözün yerlərinin dəyişdirilməsi fikir dolaşıqlığına səbəb olub.

Təəssüf  ki, danışıq zamanı şərti olaraq məsələn, “cəmiyyətdə bəzi adamlar” əvəzinə “bəzi cəmiyyətdə adamlar”, “Şərqin bir çox ölkələri” əvəzinə “bir çox Şərqin ölkələri”,  “şəhərimizin o zamankı həyatı” əvəzinə “o zamankı şəhərimizin həyatı”, “sərginin bugünkü qonaqları” əvəzinə “bugünkü sərginin qonaqları” və sair bu kimi dolaşıq cümlə quranları da, hətta bəzi seriallarda danışıq zamanı “vsyo”, “uje”, “davay”, “obşim”, “papa”, “mama” və s.deyən personajları da, bəzi verilişlərdə addımbaşı şəstlə “okey” deyən aparıcıları da görürük.

Üslub və nitq mədəniyyəti baxımından  təəssüf doğuran belə   misalların sayı çoxdur.

                                    Köndələn suallar

Nitq  və efir  mədəniyyəti, üslub və  ədəbi  dil normalarına,  nümunəvi davranış tərzinə,  ədəb-ərkanlı geyim şərtlərinə əməl edilməsi çox vacib  olmaqla  peşəkarlığa xüsusi diqqət  yetirilməlidir. Bu cəhətdən  aparıcılıq da yüksək  məsuliyyət, xüsusi  peşəkarlıq, bilik və  savad, natiqlik bacarığı və s.  tələb edən işdir.

Aparıcı həm apardığı verilişin, həm də bütövlükdə  çalışdığı tele-radio kanalının  simasıdır.  Hər bir verilişə  ilk  növbədə  onun aparıcısı  ilə  qiymət verilir. Yəni aparıcı  kimdir, efirdə necə davranır, səliqə-sahmanı, geyim-kecimi, nitqi, danışığı, düşüncəsi, dünya  görüşü, biliyi, savadı, bir sözlə, peşəkarlığı necədir? Aparıcı üçün bunlar  mühüm şərtdir. Odur ki, bu işi öhdəsinə  götürüb tamaşaçı qarşısına  çıxan aparıcı hər şeyi yüz ölçüb bir  biçməlidir.

Aparıcı məsələsində  yaxşı nümunələr çoxdur. Biz bunu izlədiyimiz verilişlərdə görürük və belələrinə  maraqla baxır və maraqla  dinləyirik. Amma bununla yanaşı  təəssüf ki, belə  kinayəli sözləri də eşidirik, deyirlər: “Aparıcı var ki,  heç özünü apara bilmir, nəinki  verilişi...”

Bir neçə sənətçinin dilindən  bunu da eşitmişik: “ Elə aparıcı var ki, dəvət etsə də onun  verilişinə getmirik. Çünki qalmaqal yaradır, adamları üz-üzə qoyur, lazım olmayan sirli məqamları qabartmağa çalışr və sair”.

Verilişə çağırdığı qonaqlardan çox özü danışan, tez-tez müsahibinin  sözünü kəsən, yerli-yersiz mövzudan kənara çıxan, köndələn sualları ilə  qıcıq yaradan aparıcını da  görmüşük...

...Televiziya kanallarından birində  ata-ana öz uşağı ilə birlikdə  bir verilişə dəvət olunmuşdular. İlk  anlardan  özünə məxsus  atmacaları ilə  sözə başlayan aparıcı  bu dəfə  uşağa  üz tutub  ondan  soruşdu: “ Bu gün səhər  evinizdə nə  yemisən?”

Aparıcının   bu qəfil və  gözlənilməz  sualından  diksinən kimi olan  uşaq  nə deyəcəyini bilməyib  duruxdu və utana-utana  başını aşağı dikib bir müddət  sükut içərisində qaldı. Aparıcı uşağın düşdüyü bu çətin haldan  həzz alırmış kimi gözlərini ona zilləyib yenə soruşdu: “Hə, de  görüm  nə  yemisən?”

Aparıcı “əmi”nin  qır-saqqız olub əl çəkmədiyini görən  uşağın sıxıla-sıxıla başını aşağı dikib  lal-dinməz dayanmaqdan savayı çarəsi qalmadı...

Uşağın düşdüyü vəziyyəti “qəh-qəh” çəkməklə yola verən  aparıcı bu dəfə də  uşağa daha bir yersiz sual verib soruşdu: “De görüm, atanı çox istəyirsən, yoxsa ananı?”

Uşaq üçün bu sual o birindən də  ağır idi: necə yəni  “atanı, yoxsa ananı”?! Bunları fərqləndirmək olarmı? Bu fikri xəyalından  keçirən uşaq çox çətin sual qarşısında qalıb udquna-udquna yenə başını aşağı  salıb susdu. Və bir qədər sükutdan sonra yazıq-yazıq başını qaldırıb pərt  halda gah atasının,  gah da  anasının  üzünə baxıb lal-dinməz dayandı. Hansını desin, kimin adını çəksin?.. Axı, hər ikisini istəyirdi...

Aparıcı isə inadından dönmürdü, necə  deyərlər, uşağın iki ayağını bir başmağa dirəmişdi. Uşağın pərtliyinə məhəl qoymadan hey soruşurdu: “Hə, de görüm, hansını çox istəyirsən, atanı, yoxsa ananı?”

Sualdan bezən uşaq nəhayət, özündə güc tapıb dedi: “Hər ikisini...” Bu ağıllı cavab aparıcının  ürəyindən  olmadı...

...Verilişlərin birində aparıcının dəvət etdiyi qonaq söhbət zamanı “ata”, “ana” əvəzinə “papa”, “mama” deyirdi. Aparıcı qonağın bu səhvinə  düzəliş vermək əvəzinə özü də  ona qoşulub “papa”, “mama” deyirdi...

                           Dad “belə deyək”lər əlindən

Əvvəllər danışıqda “deməli” sözü daha çox işlənərdi. İndi də  “belə deyək” ifadəsi möhkəmcə dəbə düşüb. Elə dəbə düşüb ki,  həmin o “deməli”lər “belə deyək”lərin  yanında toya getməliymiş. Dediyim odur ki, indi efirlərdə və ya müxtəlif  tədbirlərdə olan  danışıqlar zamanı ən çox  eşitdiyimiz və  eşitdikcə də yorulub  bezdiyimiz və yeri gəldi-gəlmədi işlədilən “belə deyək” ifadəsidir.  Pis  odur ki,  “belə  deyək” ifadəsini öz  danışığında uzun-uzadı və yersiz işlədənlər arasında bir çox aparıcılar, xəbər hazırlayıb efirlərə təqdim edən bəzi əməkdaşlar,   eləcə də savadlı hesab  etdiyimiz bəzi  tanınmış  ziyalılar, müxtəlif vəzifə  sahibləri də var.  Siz efirlərə diqqət yetirsəniz, danışanlara diqqətlə qulaq assanız mənim bu iradlarımı açıq- aydın görəcəksiniz.

Danışığında “belə deyək” ifadəsinə daha çox aludə  olan  bəzi əməkdaşlar yerlərdən  efirə  xəbər verərkən şərti olaraq təxminən  bu cür danışırlar: “Olduğumuz tədbirdə ... belə deyək, xeyli adam vardı. Gələnlərin arasında...belə deyək, qonaqlar da  vardı. Onların hamısı... belə deyək, çox şən görünürdülər.”

Və yaxud  yersiz və  yorucu “belə deyək”lərlə dolu olan başqa bir şərti cümlə: “Bu gün...belə deyək, sərgi salonunda...belə deyək, xüsusi canlanma vardı. Bura...belə deyək,

xeyli tamaşaçı gəlmişdi. Onlar rəsmlərə...belə deyək, maraqla baxır və...belə deyək, öz təəssüratlarını bildirirdilər.”

Məsələn,  hansısa bir idarənin və ya bir müəssisənin rəhbəri müsahibə verərkən, yaxud da  tədbirdə çıxış edərkən təxminən belə danışır: “Biz...belə deyək,  işimizi layiqincə  qurmuşuq. Ona görə də...belə deyək, hamılıqla sevinirik və...belə deyək, bu uğuru davam etdirəcəyik.”

İndi hörmətli oxuculardan soruşuram: Siz deyin, şərti olaraq misal  gətirdiyim həmin cümlələrdən “belə deyək” ifadəsini çıxarsaq nəsə dəyişərmi və  yaxud cümlədə nəsə bir pozuntuluq yaranarmı? Deyəcəksiniz ki, əlbəttə yox. Elə isə  danışıq zamanı cümlələri bədnam “belə deyək”lərlə yükləməyə nə  ehtiyac var? Axı, bəzilərinin danışığında özünə  möhkəm yer eləmiş həmin “belə deyək”lər  cümlələri ağırlaşdırmaqdan, danışığı dartıb uzatmaqdan və beləliklə də  dinləyiciləri, həmsöhbətləri yormaqdan, bezdirməkdən savayı heç nəyə yaramır.

                           Yerinə düşməyən  ifadələr

Xəbər zamanı tez-tez istifadə olunan “baş tutdu” ifadəsi də əksər hallarda yerli- yerində, mənasına və mahiyyətinə görə  işlədilmir. Məlumdur ki, həlli çox çətin və əlçatmaz olan, uzun müddət həsrətlə  gözlənilən, düzələcəyinə ümid olmayan hər hansı bir iş və ya tədbir, nəhayət, düzəlibsə, bu barədə xəbər verilərkən bu halda burada “baş tutdu”  ifadəsi yerinə düşür. O ki qaldı, xoş məramla, xoş niyyətlə, heç bir  çətinlik-filan olmadan çox  asanlıqla həyata keçirilmiş bir iş və ya  tədbir barədə  xəbər verilirsə burada “baş tutdu” ifadəsini işlətmək tamamilə yersizdir. Çox təəssüf ki, xəbər verilən zaman bəzi hallarda bu ciddi fərqlər nəzərə alınmır.

Dediyimə aid olan belə bir şərti misal gətirək: “Xeyli vaxt idi ki, aramsız yağışlar, güclü sel və daşqınlar çayın üzərində körpü salmağa,  tikinti işləri  aparmağa heç cür imkan vermirdi. Amma neçə  gündən sonra  daşqınlar  səngidi və burada tikinti işləri  nəhayət baş tutdu.”  Göründüyü kimi, həmin cümlədə  “baş tutdu” ifadəsi  yerinə  düşür.

İndi misal  gətirəcəyim şərti cümlədə isə “baş tutdu” ifadəsi yersiz işlədilib: “Yeni dərs ili  gəlib çatdı. Müəllim və  şagirdlərin məktəbə  gəlişi baş tutdu”. Və  yaxud: “Həmişə olduğu kimi, bu dəfə də  tamaşaçıların sərgiyə gedişi baş tutdu”.Həmin cümlələrdə  “baş tutdu”ların yersiz olduğu açıq-aydın görünür.

Təəssüf ki, üslub səhvləri ilə  əlaqədar bu cür nöqsanlara tez-tez rast gəlirik.

Bəzi verilişlərdə onu da görürük ki, dəvət olunmuş bir  qonaq  və ya müsahib söhbətin gedişində hər  hansı  bir sözü, bir  ifadəni və yaxud hansısa bir fikri səhv   deyərkən aparıcı həmin səhvi düzəltməli olduğu halda bilərəkdənmi, ya  bilmədən həmin səhvin üstündən keçir. Görünür ya  bilmir,  ya da məhəl qoymur.

Təəssüf ki, bir çox ifadələr də öz təyinatı üzrə deyilmir. Bu baxımdan bəzi aparıcılar, verilişin qonaqları, eləcə də müxtəlif tədbirlərdə çıxış  edənlər bir çox sözlərin  mənasını  və  təyinatını bilmədiklərinə  görə  danışıqlarında səhvə yol verirlər. Burada “dərc” və “nəşr” sözlərini misal göstərmək  olar.

Məlumdur ki, qəzetlər, kitablar nəşr, məqalələr və digər janrlı yazılar isə  dərc olunur. Amma bəziləri səhv olaraq məsələn: “Filan qəzet və ya kitab dərc olunub”, “Filan

qəzetdə məqalə nəşr olunub” deməklə “dərc” və “nəşr” sözlərini qarışıq salırlar. Axı, məqalə nəşr olunmaz, dərc olunar. Yaxud kitab dərc olunmaz, nəşr olunar. Təəssüf ki, bu sözləri ayırd  edə  bilməyən bəzi ziyalılar da var. Təkcə bu deyil. Danışıq zamanı “azarkeş”i “azərkeş”, “riayət”i  “rayət”,  “rəiyət”,  “mədəni”ni “məəədəni”, “nekroloq”u “nekrooloq”, “monoloq”u   “monooloq”,  “ayaq üstə dayanmaq”ı, “ayaq üstə  durmaq”ı   “ayaqda dayanmaq”, “ayaqda durmaq” və sair kimi deyənləri də  görürük.

Danışıqda  “qarşı” sözü də çox vaxt deyilən fikrə uyğun olaraq işlədilmir və buna görə müsbət bir fikir istər-istəməz öz-özünü  inkar edir. Məsələn, şərti olaraq bu cümlələri nümunə  göstərək: “Mən sənə qarşı əlimdən  gələn yaxşılığı  edəcəm”. “Onun mənə qarşı böyük  hörməti  var”. “Sənə qarşı olan yüksək diqqət azalmır”. “Qarşı” sözünün lazımsız  olaraq “yapışdırıldığı” belə cümlələrin sayını xeyli artırmaq olar.  Göründüyü kimi, həmin  cümlələrdə “qarşı” sözünə qətiyyən ehtiyac yoxdur.

Fikrimi şərti olaraq misal gətirdiyim bu iki cümlə ilə  çatdırsam daha  aydın  olar: “O, haqsızlığa qarşı öz səsini ucaldır”. “Onun el-obaya qarşı  böyük hörməti var”. Hər iki cümlədə “qarşı” sözü işlədilib. Amma 2-ci cümlədəki “qarşı” sözü qondarma olmaqla yersizdir.

Bir çox danışıqlarda bu cür üslub səhvlərini təəssüf ki, tez-tez eşidirik.

Başqa iradlarım da var. Məsələn, necə deyərlər, hay-küylə, onun-bunun sözünü kəsə-kəsə, hər sözünün arasında  kəlmə başı “aaaa”,  “eeee”, “əəəə” deyərək səsini uzada-uzada danışan, beləliklə də dinləyicini bezdirən aparıcını  və  yaxud üzdəniraq “natiqi” necə  dinləyəsən? Eləcə də ekrandan tamaşaçılara baxıb göz vurmaq halları hansı etik normalara uyğun  gələ  bilər?

                   Qulaqları dəng eləyən “sıfır-sıfır”lar

Efirlərdə  hər saatın tamamını  və  ya anonslarda, reklam çarxlarında  vaxtı bildirən rəqəmlərin yanında “sıfır-sıfır” ifadəsinin  təkrar olaraq dönə-dönə işlədilməsi tamamilə  yersiz olmaqla həm də çox yorucu səslənir. Qulaqları dəng eləyən bu “sıfır-sıfır”lar kimin və ya  kimlərin “kəşfidir”, kimlərin “icadıdır”,  efirə kimlər tərəfindən gətirilib, bilmirəm,  amma onu bilirəm ki, daim yersiz işlədilən bu “sıfır-sıfır”lar dillərə, ağızlara düşmüş bir bəladır ki,  hər dəfə səslənəndə  adamı o ki var bezdirir.

Məsələn, təxminən belə deyirlər:  “Saat 19 sıfır-sıfırda filan veriliş olacaq”. “Yarışlar saat 16 sıfır-sıfırda başlanacaq”, “Konsertin vaxtı saat 21 sıfır-sıfıra kimi uzadılıb”, “Tədbirə saat 10 sıfır-sıfırdan 15 sıfır-sıfıra kimi gəlmək olar” və sair və ilaxır. Məgər “saat19-da”, “saat 16-da”, “saat 21-ə kimi”, saat “10-dan 15-ə kimi”, yəni  rəqəmləri “sıfır-sıfır” larsız demək olmazmı? Başqa sözlə desək,  həmin  yorucu “sıfır-sıfır”ları rəqəmlərin yanına, loru dillə desək böyürünə dürtməyə nə  ehtiyac var? Bu vərdişdən yaxa qurtarmaq lazımdır.

Mən  bu yazıda hələlik bəzi məqamlara toxundum. Həmin mövzuda  deyiləsi sözlər isə çoxdur.

Tofiq Abdullayev, 

Yazıçı-publisist   AY və JB-inin  üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see156

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see129

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see128

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see123

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see122

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see120

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri