Sözün əxlaqı: mənəviyyatın əks olunduğu ayna Şahanə Müşfiq yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Şahanə MÜŞFİQ
İnsan tarixi, əslində, sözün tarixidir. Biz dünyanı, gözdən daha çox, sözlə tanımışıq, yəqin ki. "Söz Tanrı ilə insan arasında ilk körpü idi", - deyir müqəddəs kitablar. "Ol!" - deyildi və hər şey yarandı. Söz kainatın başlanğıcında vardı, çünki o, varlığın özüdür. Amma zaman keçdikcə insanın əlində, hər şey kimi, söz də öz ilkin mahiyyətini itirdi. Çünki insan sözə öz niyyətini qatdı, onu saf mənasından uzaqlaşdırdı. Elə o vaxtdan sözün əxlaqı anlayışı yaranmağa başladı. Yəni sözün necə, kimə, nə üçün deyildiyi məsələsi o gün bu gündür insanlığın təməlində dayanır.
Söz yalnız ifadə vasitəsi deyil, həm də əxlaqi hadisədir. "Söz ağzında ikən sən onun ağasısan, ağzından çıxdısa, o sənin ağandır" - deyib bizdən öncəkilər. Bəli, ağzımızdan çıxan hər söz, deyilən hər kəlmə bizim ayrıca məsuliyyətimizdir həm də. Söz birini sevindirə, yaşada bilər; eləcə də öldürə, yandıra bilər. Nahaqdan deməmişdi axı ulu Xətai: "Söz var kəsər savaşı, söz var kəsdirər başı". Ona görə bəlkə ən böyük günahlar da, ən gözəl savablar da dildə baş verir.
Sözün əxlaqı yazıçının, şairin, jurnalistin, siyasətçinin, müəllimin, hətta sadə bir insanın mənəvi səviyyəsini göstərən aynadır. Vicdanı təmiz olmayanın sözü də təmiz olmaz. Hər sözün içində bir niyyət yaşayır. Elə o niyyətin təmizliyi də sözü işıqlandırır.
İnsanın qəlb evindən, vicdan mühakiməsindən süzülüb gələn bir cümlə bəzən uzun, upuzun nitqlərdən daha kəskin, daha təsirli olur. Axı sözün əxlaqı elə vicdanın səsidir. Biz nə qədər istedadlı, bilikli mütəxəssiz, natiq, söz ustası olsaq da, əgər vicdanımız danışmırsa, söylədiklərimiz quruca səsdir, söz deyil.
Ədəbiyyat da, publisistika da, gündəlik həyat da söz üzərində qurulub. Amma hər sözün bir çəkisi var. Hər fikir ifadə azadlığı ilə deyil, daxili məsuliyyətlə ölçülməlidir. Bəzən "düz sözdür" deyirik, amma unuduruq ki, hər düz söz də halal deyil. Çünki bəzən həqiqəti söyləməyin özü də vicdansızlıq ola bilər, əgər o, kiminsə yarasını açırsa, kiminsə namusunu ləkələyirsə, hansısa faciələrə səbəb olursa. Hər həqiqətən hər yerdə söylənməlidirmi? Yox, əlbəttə...
Söz azadlığın deyil, məsuliyyətin övladıdır. Hər kəsin söz azadlığı var, amma hər kəsin söz vicdanı yoxdur. Jurnalist xəbər çatdırarkən, yazıçı əsər yaradarkən, müəllim dərs danışarkən, siyasətçi çıxış edərkən eyni imtahandadır: sözün imtahanı. Məhz burada ölçülür sözün əxlaqı.
Sən yazırsan, kimin qəlbinə toxunursan?
Sən danışırsan, kimin ruhunu qırırsan?
Sən gülüş xatirinə hansısa zarafat edirsən, amma o zarafat kiminsə həyatında iz buraxır.
Sözün əxlaqı ağzından çıxan sözün haraya gedib çıxacağını bilmək, nəzərə almaqdır.
Deyirlər, insanın ən böyük silahı onun sözüdür. Bu fikirlə razılaşmamaq mümkün deyil. Əlbəttə, bizim ən böyük silahımızdır söz. Bəs bu silahdan hansımız necə istifadə edirik? Gözəl bir bənzətmə var: bıçaq birinin əlində mətbəx əşyası ikən, başqasının əlində cinayət aləti ola bilir. Söz də belədir. Eyni kəlmə birinə şəfa verərkən, başqasının qəlbində dərin bir yaraya səbəb ola bilər.
Bir xalqın səviyyəsini onun texnologiyası deyil, dilinin təmizliyi göstərir. Dil pozulanda düşüncə pozulur, düşüncə pozulanda əxlaq da dağılır.
Dilimizə süni şəkildə, heç yaraşmayan biçimdə urcah etdiyimiz ingiliscəyə və digər dillərə xas sözlər də dilimizi pozmurmu?! Yaxud sosial şəbəkələrin inkişafı insanların sözlü deyil, yazılı ünsiyyətini artırdıqca, sözlərin doğru-düzgün yazılışı da getdikcə sıradan çıxır. Artıq gənclər arasında "mesaj dili" deyilən bir dil formalaşıb ki, bu da sözün əxlaq normalarını kökündən pozan bir qüvvəyə çevrilməkdədir.
"Salam" yerinə "hello", "sağ ol" yerinə "bye", "yaxşı" yerinə "ok" deməyimiz, təkcə dilimizə olan hörmətsizliyimiz hesab oluna bilməz. Bu həm də özümüzə, öz kimliyimizə qarşı olan mənəvi yadlaşmadır. Söz yadlaşanda, o, artıq mənasız səsə çevrilir. Halbuki xalqın ruhu onun dilində yaşayır.
Ədəbiyyat məhz bu səbəbdən vacibdir. Çünki ədəbiyyat sözə təmizlik qaytarır. Şeir, roman, esse sözün saflaşdırma mərhələləridir. Yazıçı yazanda təkcə fikrini yox, həm də vicdanını redaktə edir. Ədəbiyyatda sözün əxlaqı bəzən yazılmayan sətirlərdə gizlənir. Yazıçı bəzən bir fikri demir, susur, çünki bilir ki, o, nə qədər həqiqət olsa da, insanın ruhuna, şəxsiyyətinə, ləqayətinə toxuna biləcəyi üçün yanlışdır. Ədəbi əxlaq da məhz həqiqəti insan ləyaqətinə zərər vermədən söyləməkdir.
Hər böyük ədibin əsərlərində bu məsuliyyət hiss olunur. Cəlil Məmmədquluzadə "Anamın kitabı"nda, Sabir satiralarında, Üzeyir Hacıbəyov felyetonlarında, Mirzə Fətəli Axundov komediyalarında sözlə insanı silkələyir, amma təhqir etmir; qınayır, amma alçaltmır. Bu, sözün əxlaqının ən yüksək formasıdır. Yazıçı cəmiyyətin güzgüsüdür. Əgər bu güzgünün öz batinində çat olarsa, insanın üzünü deyil, yara izlərini göstərər. Yarası sızıldayan insanın həqiqət gözünə görünərmi?!
Bu gün söz çoxalıb, amma dəyəri azalıb. Sosial şəbəkələrdə hər kəs danışır, amma az adam söz deyir. Məlumat çoxdur, amma mənalı söz azdır.
Söz ucuzlaşanda insanlar da ucuzlaşır. Çünki artıq fikir dərinlikdən yox, səthdən gəlir. İnsanlar bir-biri ilə söz yox, işarələrlə, "like"larla ünsiyyət qurmağa üstünlük verirlər. İndi sözü anlayan, onun dəyərini başa düşən də çox az qalıb, təəssüf ki...
Sözün əxlaqı isə dil saflığından da çox şeydir. Sözün əxlaqı ruhun saflığıdır, təmizliyidir. Çünki insanın daxili necədirsə, qəlbində nə yatıbsa, dilində də məhz o olacaq. Əlbəttə, bəzən dil yalan danışa bilər, amma onun süniliyi də gec-tez özünü göstərir. "Danış, görüm kimsən" - deyən Sokrat necə gözəl ifadə edib insanın öz dilinin altında gizlənməsini...
Ədəbiyyat təkcə sənət deyil, həm də tərbiyədir. Sözlə insan dəyişir. Sözlə bir cəmiyyət formalaşır. Sözlə bir millət dirçəlir.
Bizim ədəbiyyatımızda sözün əxlaqı hər zaman ön planda olub. Nizami "Xosrov və Şirin"də məhəbbəti ləyaqətlə, Füzuli "Leyli və Məcnun"da eşqi paklıqla, Sabir satirasında tənqidi ədalətlə birləşdirib. Heç biri sözü qarşısındakını alçaltmaq məqsədi ilə işlətməyib. Çünki onlar üçün söz müqəddəs əmanət idi. Onlar sözə xəyanəti insana xəyanətdən daha ağır günah bilirdilər.
Bugünkü yazıçı, jurnalist, müəllif də eyni borcu daşıyır: sözü qorumaq. Çünki sözü qorumaq həm mənəviyyatı, həm insanı, həm də gələcəyi qorumaq deməkdir.
Söz insanın ən incə yerinə toxuna bilir. Bir dəfə deyilmiş sərt bir cümlə illərlə yadda qalır, bir dəfə deyilmiş səmimi söz isə ömürlük güc verir.
Bəzən elə olur ki, bir cümlə insanı həyata qaytarır.
- "Sən bacararsan".
- "Mən sənə inanıram".
Bu sadə sözlər bəzən ən güclü dərmandan belə daha qüvvətli olur.
Cəmi 3 ay məktəbə getmiş məşhur alim Tomas Edisonun həyatı haqqında söylənən bir rəvayət sözün və inamın gücünü ən yaxşı şəkildə ifadə edən nümunələrdən ola bilər, məncə. Belə ki, Edison bir gün məktəbdən evə gələndə anasına bir məktub verir və "Bu məktubu müəlliməm verib və sadəcə sənə çatdırmağımı tapşırıb" deyir.
Anası kağızı gözyaşları içində oğluna oxuyur: "Oğlunuz bir dahidir. Bu məktəb onun üçün çox balacadır və onu öyrədəcək səviyyədə müəllimimiz yoxdur. Xahiş edirəm, onu özünüz öyrədin".
Uzun illər keçdikdən sonra Edisonun anası vəfat edəndə o, artıq yüzilin ən böyük ixtiraçılarından biri idi. Günlərin birində köhnə ev əşyalarını yığışdırarkən qatlanmış bir kağız tapır. Kağızda "Oğlunuz əqli xəstə bir uşaqdır. Artıq onun məktəbimizə gəlməyinə icazə vermirik" yazılmışdı.
Bəli, ananın həmin gün oğluna "oxuduğu məktub" bir uşağın həyatını kökündən dəyişmiş, onu bəşəriyyət tarixinə imzasını həkk edəcək bir alimə çevirmişdi. Sözün əxlaqı hər insanın mənəvi imtahanıdır.
Sözün əxlaqı həm də harada nə zaman susmaq lazım olduğunu bilməkdir. Axı susmaq da danışmağın bir formasıdır. Çünki hər həqiqət hər yerdə deyilməz, hər doğru hər an dilə gətirilməz.
Əgər bir söz mərhəmət deyil, nifrət doğurursa, o söz əxlaqsızdır. Əgər bir söz insanı alçaldır, amma "doğrudur" deyə söylənirsə, o, ədalətli yox, qəddardır. Fikrimcə, əxlaqlı söz həm düz, həm də mərhəmətli olmalıdır.
Bir sıra elm adamı sözün də enerjisi olduğunu iddia edir. Yəni hər kəlmə dua kimidir deyirlər. Dilimizdən çıxan hər söz bizə ya xeyir, ya da zərər gətirə bilir. Qədim atalar "ağızdan çıxan söz geri dönməz" deyiblər. Bəli, bu yuxarıda da dediyimiz kimi, sözün məsuliyyəti ilə bağlıdır. Amma geri dönməyən söz hara gedir? Əlbəttə, o, yavada yox olmur. O, kainata dua kimi qalxır və kiminsə ruhuna toxunur.
Söz insana insanlığı xatırladır. Əgər bu xatırlatma yoxdursa, o söz artıq mənasızdır.
Söz insanı Allahla bağlayan gizli qüvvədir. Çünki dua da, tövbə də, sevgi də sözlə başlayır. Hər səmimi "bağışla" və "təşəkkür edirəm" insanın içindəki nura toxunur.
Bu gün hamımız danışırıq, çox danışırıq, amma az dinləyirik.
Çox yazırıq, amma az hiss edirik.
Çox "paylaşırıq", amma az bölüşürük.
Söz yalnızca informasiya funksiyasına köklənib. Halbuki söz informasiya deyil, mənadır. Biz xəbəri bir saniyədə oxuyuruq, amma bəzən bir şeir misrası bizi illərlə düşündürür, hər xatırlayanda eyni dərəcədə sarsıdır.
Ədəbiyyatın rolu da elə budur: sözü yenidən mənaya çevirmək, cəmiyyətin, medianın, gündəlik ünsiyyətin içində itən dəyərləri söz vasitəsilə bərpa etmək.
Söz insanın özünü formalaşdırır. Uşağa hansı sözləri deyirsənsə, o da elə böyüyür. Cəmiyyətə hansı sözlər yayılırsa, o cəmiyyətin mənəvi səviyyəsi də elə olur. Əgər dildə nifrət, alçaldıcı ifadələr, kinayə çoxalırsa, deməli, qəlbdə sevgi azalır. Əgər dildə "düz söz" çox, "xoş söz" azdırsa, deməli, ürəklərdə mərhəmət çatışmır.
Sözün əxlaqı gələcəyin mənəviyyatıdır. Biz bu gün dilimizi nə qədər təmiz saxlasaq, gələcəyin insanı da o qədər saf olacaq.
Söz sadəcə ifadə vasitəsi deyil, varlığın yaddaşıdır. Sözün əxlaqını qorumaq, əslində, insanın özünü qorumaqdır.
Sözlərimizi düşünərək, məsuliyyətlə seçəndə həm öz ruhumuzu, həm də qarşımızdakı insanın qəlbini qoruyuruq. Bu dünya sözlə yaranıb, sözlə də dağılır. Ona görə sözün əxlaqı insanlığın sütunudur. Bir gün o sütun yıxılarsa, bizə qalan boş danışıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 03 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















