Icma.az
close
up
RU
Sözün və yaddaşın işığında Aqşin Babayev

Sözün və yaddaşın işığında Aqşin Babayev

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəşad Məcid

AYB-nin sədr müavini


Aqşin Babayev haqqında yazmaq mənim üçün həm doğma, həm də çətindir. Doğmadır – çünki uzun illər ərzində onunla ədəbiyyatın, mətbuatın, sözün ətrafında yollarımız kəsişib. Çətindir – çünki Aqşin müəllim kimi şəxsiyyətlər haqqında danışanda yalnız gördüklərini, eşitdiklərini, oxuduqlarını sadalamaq kifayət etmir. Onun haqqında yazmaq üçün yaddaşımızda qoyduğu izi də sözə gətirməlisən.

Aqşin müəllim elə şəxsiyyətlərdən idi ki, onunla ünsiyyətdən sonra yaddaşında mütləq nəsə qalırdı. Sakitliyi, təmkini, ədəbiyyata münasibəti, sözə ehtiyatla və məsuliyyətlə yanaşması... Əlbəttə, bütün bunların arxasında çox böyük bir yaradıcılıq yolu dayanırdı.

Bu il görkəmli ədib, unudulmaz şəxsiyyət Aqşin Babayevin 90 illik yubileyidir.

90 il Azərbaycan ədəbiyyatının, jurnalistikasının, radio və televiziyasının, elmi və ictimai fikrinin mühüm mərhələlərini özündə birləşdirən böyük bir zaman kəsiyidir. Aqşin Babayev bu zamanın içindən sadəcə keçməyib. O, bu dövrün müxtəlif mənzərələrini görüb, müşahidə edib, yazıb, araşdırıb, öz sözünü deyib.

Mən onu ilk növbədə yazıçı kimi xatırlayıram. Sonra jurnalist, publisist, alim, pedaqoq kimi. Amma bu adların hamısını birləşdirən əsas xüsusiyyət onun əlahəzrət sözə sədaqəti idi.

Aqşin Babayevin yazıçılığı haqqında danışanda ilk növbədə onun hekayələrini xatırlayıram. Onun nəsrində həyatın adi, bəzən gözə görünməyən, digər insanların diqqət etməyəcəyi detallarından böyük mənalar çıxarmaq bacarığı vardı. O, hadisəni süni şəkildə böyütmürdü, uzun-uzadı təsvirlərlə oxucunu yormurdu. Əksinə, çox vaxt bir neçə dəqiq müşahidə, bir neçə xarakterik detal kifayət edirdi ki, qarşımızda bütöv bir insan mənzərəsi yaransın.

Mən onun son illərdə qələmə aldığı hekayələri də maraqla izləyirdim. Həmin hekayələr bir daha göstərirdi ki, Aqşin Babayev zamanın nəbzini tutmağı bacaran yazıçıdır.

Çağdaş ədəbiyyatımızın problemlərindən biri uzunçuluqdur. Xüsusilə nəsrdə geniş təsvirçilik, mövzudan yayınmalar, hadisələrin və obrazların həddindən artıq çoxaldılması tez-tez özünü göstərir. Aqşin Babayevin hekayələri isə bunun tamam əksi idi. O göstərirdi ki, ictimai-siyasi proseslərə münasibət bildirmək üçün mütləq böyük həcmli əsər yazmaq lazım deyil. Bəzən bir hekayə, bir hadisə, bir insan taleyi bütöv bir dövr haqqında daha çox şey deyə bilər.

Onun bir zamanlar qəzet səhifələrindən oxuduğum və elə ilk andan diqqətimi çəkib bu günə qədər də yaddaşımdan silinməyən “Ağrı” və “Divardakı portret” hekayələrində bunu xüsusilə aydın görmək mümkündür.

“Ağrı” hekayəsi, məncə, Aqşin Babayev yaradıcılığının mühüm xüsusiyyətlərindən birini çox dəqiq göstərir: yazıçı gündəlik həyatda hamımızın qarşılaşa biləcəyimiz bir hadisədən çıxış edərək cəmiyyətin ciddi problemini ortaya qoyur. Burada söhbət xəstənin dərdindən çox, insanın dərdinə münasibətdən gedir. Şəfa axtaran insanın qarşısına onun ağrısını yox, pulunu görən bir sistem çıxır.

Hekayədə bir-birinin ardınca səslənən qiymətlər – “qırx manat”, “səksən manat”, “yüz iyirmi manat” – sadəcə rəqəm deyil. Onlar artıq xəstənin ağrısının ölçüsünə çevrilir. İnsan ağrıyır, amma qarşısındakıların diqqəti onun harasının ağrımasına deyil, cibindəki məbləğə yönəlir.

Bu hekayəni oxuyarkən düşünürsən ki, yazıçı çox sadə bir üsulla böyük bir sosial problemi göstərib. Nə uzun izahat var, nə pafoslu ittiham. Sadəcə həyatın özü var.

Aqşin müəllimin ictimai-siyasi proseslərə münasibəti də məhz belə idi. Mən onun haqqında danışarkən dəfələrlə vurğulamışam ki, ictimai-siyasi proseslərə dəqiq, konkret və kəskin reaksiyası onun jurnalist üsyankarlığından gəlirdi. Amma eyni zamanda, onun həlim və yumşaq xarakteri də əsərlərində özünü göstərirdi.

Bu iki xüsusiyyət – üsyankarlıq və həlimlik – ilk baxışda bir-birinə zidd görünsə də, Aqşin Babayev şəxsiyyətində və yaradıcılığında bir-birini tamamlayırdı.

O, haqsızlığa qarşı sərt idi, amma insana münasibətdə həlim. Hadisəni kəskin görə bilirdi, amma insanı mühakimə etməyə tələsmirdi. Bəlkə də onun hekayələrindəki o qəribə təsirin sirri də məhz burada idi.

Aqşin müəllimin ilk hekayəsinin 1958-ci ildə çap olunması onun ədəbi yolunun nə qədər uzun və məhsuldar olduğunu göstərir. 1964-cü ildə “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı işıq üzü görüb. Sonrakı illərdə “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Kişilər az yaşadı”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” və başqa kitabları nəşr olundu.

Bu kitabların arasında onun yaradıcılığının müxtəlif istiqamətlərini görmək mümkündür: hekayə, roman, dramaturgiya, publisistika, elmi araşdırma...

Amma Aqşin Babayevin yaradıcılıq portretində xüsusi yer tutan bir ad var: Nazim Hikmət.

Nazim Hikmət onun üçün sadəcə tədqiqat mövzusu deyildi. Bu ad Aqşin müəllimin yaradıcılıq taleyində ayrıca bir xətt idi. O, Nazim Hikmətlə gənc yaşlarından maraqlanmış, şairlə görüşmüş, onun yaradıcılığını və həyatını araşdırmış, bu böyük sənətkar haqqında illər boyu yazmışdı.

“Nazim Hikmətin yaşamı”, “Yüz yaşlı Nazim Hikmət”, “Nazim Hikmət və Azərbaycan”, “Nazim Hikmət qalaktikası” kimi kitabları onun bu böyük marağının və uzun illər davam edən araşdırmalarının nəticəsi idi. Aqşin müəllimin Nazim Hikmət haqqında danışığını eşidənlər yaxşı bilirlər: o, Nazimdən sadəcə ədəbiyyatşünas kimi danışmırdı. Orada şəxsi yaddaş, gənclik xatirəsi, heyranlıq və böyük sənətə ehtiram bir-birinə qarışırdı.

“Nazim Hikmətdən söz açmaq mənim üçün həmişə bəxtiyarlıqdır” - deyən yazıçı onu özünə ideal seçməklə qalmadı, bütün həyatını Nazimi araşdırmağa həsr etdi. 

“525-ci qəzet”in səhifələrində də Aqşin müəllimin Nazim Hikmət haqqında yazılarını, müxtəlif ədəbi-publisistik yazılarını, hekayələrini, müsahibələrini görmək bizim üçün həmişə xoş olub. Onun “525”lə yaradıcılıq əlaqəsi də təsadüfi deyildi. Aqşin müəllim qəzetin yaradıcı mühitinə, gənc yazarlara, ədəbiyyata və söz adamlarına xüsusi həssaslıqla yanaşırdı. 

“525”in səhifələrində “Aqşin Babayev” imzasının görünməsi ilə birlikdə böyük bir ədəbi məktəbin, uzun illərin jurnalistika təcrübəsinin, zəngin müşahidələrin nəfəsi gəlirdi.

Aqşin Babayevin jurnalistliyi onun yazıçılığına ciddi təsir göstərmişdi. Jurnalist hadisəni görür. Yazıçı isə hadisənin arxasındakı insanı. Bu mənada Aqşin müəllim hər ikisini görə bilirdi. Bəlkə də ona görə onun hekayələrində ictimai həyatla insan taleyi arasında həmişə canlı əlaqə yaranırdı.

O, Türkiyədə çalışmışdı, radio və televiziya sahəsində böyük təcrübə toplamışdı, uzun illər jurnalistika ilə məşğul olmuş, pedaqoji fəaliyyət göstərmişdi. Bütün bunlar onun dünyagörüşünü zənginləşdirmişdi. Amma bütün bu fəaliyyətlərin içində bir şey dəyişməz qalmışdı: yazıçı müşahidəsi. O, həyatın böyük hadisələrini də yazırdı, kiçik görünən hadisələrini də. Amma onun üçün əslində böyük və kiçik hadisə yox idi. İnsan varsa, onun taleyi varsa, orada yazıçı üçün mövzu vardı.

Bu gün onun 90 illik yubileyindən danışarkən əslində bir ömrün yaratdığı böyük ədəbi və mənəvi irsi xatırlayırıq. Özü artıq 6 ildir ki, aramızda olmasa da, kitabları rəflərimizin ən gözəl yerindədir. Hekayələri qəzet səhifələrində və yaddaşlarda yaşayır. Nazim Hikmət haqqında araşdırmaları özündən sonra gələn nəsillər üçün qiymətli mənbə olaraq qalır. “525”in səhifələrindəki yazıları isə həmin illərin ədəbi yaddaşının bir parçasıdır.

Aqşin Babayev öz sözünü deyib getdi. İndi o söz bizim yaddaşımızda yaşayır. Yaxşı söz kimi, yaxşı insan kimi, o da yaddaşımızın ən gözəl yerində qalacaq.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri