Icma.az
close
up
RU
Poetik sözün işığında...

Poetik sözün işığında...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(“Generalla söhbət” poeması haqqında bəzi qeydlər)

Xudaverdi Cavadla bizi möhkəm dostluq telləri birləşdirir. Bu dostluq təkcə həyatda deyil, sənətdə də özünü göstərir. İşıq üzü görən elmi, bədii-publisistik kitablarımın əksəriyyətinə redaktorluq edib. Bir şair-publisist kimi dəyərli tövsiyyələri, faydalı məsləhətləri ilə həmişə yaradıcılıq yoluma işıq saçıb. Hətta bir neçə kitabı şərikli imza ilə qələmə almışıq. Təxminən 35 il əvvəl başlayan həm həyat, həm də sənət dostluğumuz indi də davam edir. Həmişə olduğu kimi bu gün də fikirlərimiz üst-üstdə düşür. Görüşürük, görüşməyəndə isə telefon əlaqələrimiz olur. Onda qibtə ediləsi yüksək mənəvi keyfiyyətlər çoxdur. Hazırcavablığı, iti, coşqun təbi var. İllər boyu ondan eşitdiyim bir fikri indi də tez-tez təkrar edir: “Həyatda mövcud olmaq hələ yaşamaq deyil”. Əvvəllər bu sözlərin mahiyyətinə varmazdım, gəlişi gözəl sözlər kimi qəbul edərdim. Lakin illər keçdikcə dərk edirdim ki, bu sözlərin arxasında böyük həyat fəlsəfəsi var. Axı, bu həyatda yox yerində olan o qədər sağ adamlar var ki... Onun narahatlığı əbəs deyilmiş. Qənaətinə görə yalnız özünü deyil, başqalarını düşünənlər, babalardan miras qalan xeyirxahlığı bu gün davam etdirənlər, ürəyi vətənlə, xalqı ilə döyünənlər... yaşamaq hüququ qazanırlar. İstər bədii, istərsə də publisistik yaradıcılığı da məhz bu hislərdən, duyğulardan qaynaqlanır.

Xudaverdi Cavadın çoxcəhətli yaradıcılığında hər şeydən öncə Azərbaycan dilinin gözəlliyi var. Məhz bu dilin emosional, ecazkar təsiri ilə “Generalla söhbət” poemasını birnəfəsə oxudum. İstər-istəməz “Həyatda mövcud olmaq hələ yaşamaq deyil” deyə tez-tez təkrar etdiyi fikrini bir daha xatırladım. Düşündüm ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, əfsanəvi hərbi sərkərdə Həzi Aslanovun ədəbi qəhrəman seçilməsi heç də təsadüfi deyil. Çünki Volqadan Baltikə qədər uzun döyüş yolu keçən Həzi Aslanov iştirak etdiyi bütün müharibələrdə misilsiz qəhrəmanlıqlarla yadda qalıb və mənsub olduğu xalqa əbədi şöhrət gətirib. Hansı ki, Ulu öndər Heydər Əliyev böyük sərkərdə haqqında demişdir: ...”Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir...”

Əsərin ilk oxucusu kimi təəssüratlarım çoxdur. İlk növbədə qeyd edim ki, müəllif poemanı Lənkəran şəhərində həmyerlimiz Həzi Aslanova ucaldılmış abidəyə xitabən 16 söhbətdən ibarət yazıb. Yadımdadır, 2015-ci ildə əsərə 15 söhbətlə son nöqtə qoyulmuşdu. Lakin qələm dostum onu çap etməyə tələsmirdi. Səbəbini soruşduqda dedi ki, Bəxtiyar, işğalda olan torpaqlarımız alınmamış, böyük zəfər sevincini də generalla bölüşməmiş kitabı çapa vermərəm. Çünki 2016-cı ildəki Aprel döyüşü onda tarixi qələbəyə böyük ümid yaratmışdı. Generalla 15-ci söhbətdən 7, Qarabağın işğalından isə 30 il keçirdi. Nəhayət müəllifin ümidi, inamı özünü doğrultdu. 44 günlük müharibə və ondan sonrakı antiterror əməliyyatında ölkəmiz öz ərazi suverenliyini tam bərpa etdi. Müəllifin özünə məxsus coşqun ilhamla qələmə aldığı “Böyük zəfərin təntənəsi” adlı XVI söhbət də poemaya əlavə olundu.

Əsərdə lirik ricətlər daha çox üstünlük təşkil etsə də, epik lövhələr də yer alıb. “Lənkərandan başlanan həyat yolu”, “Ata ocağı” adlanan I və II söhbətlərdə diqqət generalın uşaqlıq, gənclik illərinə yönəldilir. İndi qəhrəmanın ev muzeyinə çevrilən müqəddəs ata ocağında yaşanan acılı-şirinli günlər, öz əlləri ilə həyətində əkdiyi, hazırda yaşı yüzü ötmüş İnnab ağacı, hərbi xidmət illəri, Sovet-Alman müharibəsinə yollananda Nuşu ananın dalınca su səpdiyi... xatırlanır... Volqadan Baltikə qədər döyüş yolu keçən, “cinahlardan zərbə” taktikası ilə dünya hərb tarixinə yenilik gətirən, bütün döyüşləri udan sərkərdənin müəmmalı ölümü Azərbaycanda, eləcə də, Lənkəranda şok vəziyyəti yaradır. Onun qəhrəmanlıqlarla dolu həyatı, döyüş xidmətləri Lənkəranda ucaldılan abidənin açılış mərasimində bir daha dilə gətirilir, sadalanır. Müəllif isə öz təəssüratını poetik misralara çevirir:

Vətənçün atıldın hərbin oduna,
Bitdi zəfərlərlə nigaranlığın.
Öz doğma elinə, ana yurduna.
Gəldi heykəlləşən qəhrəmanlığın.

Abidən önündə baş əyirik biz,
Bura xatirənə hörmət yeridir.
Vətəni sevməyi öyrənirik biz,
Bura bir and yeri, qeyrət yeridir.

Həzi Aslanovun uğurlu hərbi yürüşlərinin xoş sorağı bütün Sovet İttifaqını bürümüşdü. Qəzetlər Azərbaycan xalqının bu cəsur oğlunun döyüş hünərlərindən yazırdılar. O vaxt “Pravda” qəzeti baş məqalələrindən birini Həzi Aslanova və onun cəsur tankçılarına həsr etmişdi: “Düşmənə qalib gəlməyi Aslanovçulardan öyrənin!” Generalın döyüş şöhrəti müxtəlif cəbhələrdə döyüşən həmyerlilərinə böyük ruh yüksəkliyi verirdi. Onlardan biri də 23 yaşlı məşhur snayperçi, Böyük Vətən Müharibəsi Qəhrəmanı, Lənkəranlı Baloğlan Abbasov idi. O, həmyerlisinin döyük uğurlarından doğan sevinci yoldaşları ilə paylaşır, onunla görüşmək arzusu ilə yaşayırdı. Lakin bu, ona qismət olmadı. Hər ikisi bir-birindən xəbərsiz əbədiyyətə qovuşub. Bu görüş həsrətindən doğan sahilsiz kədəri oxucu ilə bölüşən şair yazır:

O, vida edərək görüş yerinə,
Qoydu gözüyaşlı nişanlısını.
O barıt qoxulu döyüş yerinə
Qatdı Lənkəranın gül havasını.

Bir həsrət bürüyüb burda hər yeri,
Həsrətin qoynunda bir məlal yatır.
Görən Baloğlanın varmı xəbəri? –
Dağüstü parkında general yatır...

Həzi Aslanovun tank briqadasında onunla çiyin-çiyinə döyüşənlərdən biri də Lənkəranın Gərmətük kəndindən olan qvardiya mayoru, vzvod komandiri Yədulla İsmayılov idi. Müharibədən sonra kəndə qayıdan Yədulla Həzini qoruya bilmədiyinə görə sakinlərin məzəmmətlərinə tuş gəlir. Keçmiş tankçı ona ünvanlanan sorğu-sualları isə yalnız bu sözlərlə cavablandırırdı: “Həziyə düşmən gülləsi deyil, namərd gülləsi dəydi”. Müəllif keçmiş tankçının general haqqında söylədiklərini poeziyanın ecazkar dilinə çevirir:

Durur qulağımda onun gur səsi,
Ağır döyüşlərin aslanı kimi.
Ona dəyməsə də düşmən gülləsi,
Getdi bir namərdin qurbanı kimi.

Çox ağrı-acılar görüb bu həyat,
Yüz sevinc bir qəmi boğa bilməyir.
General artsa da ilbəil, heyhat
Hər ana Həzini doğa bilməyir.

Poemada tarixi keçmişə nəzər salınarkən Azərbaycanın yağlı tikə kimi həmişə yadellilərin diqqətini cəlb etdiyi, ərazisinin zaman-zaman parçalandığı, xalqımızın yaşadığı ağrı-acılar bir daha xatırladılır. Eyni zamanda dar gündə xalqın yanında olan və onu öz ardınca aparan qəhrəman oğulların, o cümlədən Ulu Babək, Şah İsmayıl, Koroğlu, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə... nəsillərə örnək göstərilir:

Çox təzyiqlər oldu Rəsulzadəyə,
Fəqət inadından dönmədi qəti.
Ucaltdığı Bayraq enməsin deyə,
Yazdı taleyinə Vətən həsrəti.

Milli sərvətləri talan etməyə
Atdılar ortaya yeni bölgünü.
Qalxdı Nərimanov mücadiləyə -
Daşıdı xalqının kədər yükünü.

Generala xatırladılır ki, Sovet-Alman müharibəsində qazanılan qələbədən sonra da sular durulmayıb. Qırmızı imperiya dağıldı. Bu imperiya erməni millətçilərinə havadarlıq edərək xalqımız üçün Qarabağ ağrısı qoyub getdi. 366-cı sovet polku ağır artileriya və tanklarla bütün Qarabağı işğal etdi. Xocalıda əsrin görünməmiş soyqırımı həyata keçirildi. Hələ bu azmış kimi Bakıda dinc əhaliyə qarşı 20 yanvar faciəsi törədildi. Bir vaxt Bakının nefti ilə düşmənin üzərinə gedən Sovet tankları bir gün də Bakıya yeridildi. Və bu da böyük qətliama səbəb oldu. Sovet torpağından düşməni qovan general hardan biləydi ki, vaxt gələcək Sovet rəhbəri erməni millətçilərinin təhriki ilə silahı doğma xalqına qarşı çevirəcək və bu da böyük bir ölkənin dağıdılmasının başlanğıcı olacaq. Elə buna görə də sərkərdəyə müraciətlə deyir:

Sən hardan biləydin cırtdan erməni
Dünya ağalığı fikrinə düşər.
“Böyük qardaş”ından alıb dəstəyi,
Böyük cinayətin məkrinə düşər.

Ya da “Böyük qardaş” pozar ilqarı,
Silahı xalqına çevirəcəkdir.
O vaxt düşmən üstə gedən tankları
Nə vaxtsa Bakıya yeridəcəkdir.

Azərbaycanı dövlət müstəqilliyinə aparan yol beləcə şəhidlikdən keçdi. Müəllif generalı müstəqillikdən doğan sevinclə müjdələsə də, 30 ildən çox yaşanan ağrı-acıları da diqqətə çatdırır. Xüsusilə “Xocalı soyqırımı və ya şəhid qızcığaz haqqında elegiya” adlı söhbətdə ailənin yeganə qızı olan balaca Sevincin həyat hekayəsini həyəcansız oxumaq olmur. Məktəb yaşına az qalan qızcığaz hər gün gəlinciyi, şəkilli kitablarını qucağına alıb yaşıdlarıyla oynayar, yalnız anası səsləyəndə evə gələrdi. Məktəb qapısını döyməyə az qalırdı, anasına deyərdi ki, gəlinciyimi də özümlə məktəbə aparacağam. Lakin bu arzu ürəyində qalır. Balaca Sevinc də Xocalı soyqırımının qurbanı olur. Düşmənlər qızcığazı külə dönən evin döşəməsində yanmış cəsədini gəlinciyini bərk-bərk qucaqlamış halda tapırlar...

Qızcığazın faciəli ölümündən doğan bu müdhiş kədər emosional poetik dillə bizə təqdim olunur:
Öndəydi ömrünün illəri hələ,
Dodağı şəkərdi, dilisə baldı.
Həmişə yatdığı gəlincik ilə
Bu dəfə əbədi yuxuya daldı.

Bəlkə düşməni də dost bilib o gün,
Fəqət əyləncədən ayrılmayıbdı.
Bəlkə gəlinciyi xilas etməkçün,
Onu öz əlindən buraxmayıbdı.

Şair haqlı olaraq diqqətə çatdırır ki, I Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbi ölkəmizdə nizami ordunun hələ yaradılmaması idi. II Qarabağ müharibəsində isə düşmənlə artıq güclü Azərbaycan ordusu döyüşürdü. Ordumuz hələ Aprel döyüşündə öz gücünü göstərmiş və bir neçə strateji yüksəklikləri azad etmişdi. Aprel döyüşünü böyük qələbənin müjdəçisi adlandıran şair yazır:

Qisasla yaşadıq hər axşam, səhər.
Ordumuz bir ümid şöləsi oldu.
Aprel döyüşündə çalınan zəfər
Böyük qələbənin müjdəsi oldu.

“Böyük zəfərin təntənəsi” adlı son söhbətdə artıq 44 günlük Vətən müharibəsi və 3 il sonra keçirilən antiterror əməliyyatı zamanı Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən danışılır. Müəllif böyük zəfərin sevincini də generalla bölüşüb deyir:

General, düşmənin yerdədir dizi,
Gözünün yaşını silməyə gəldim.
Çox böldük səninlə kədərimizi,
İndicə sevinci bölməyə gəldim.

Əsər boyu həmçinin təkcə silahıyla deyil, kəsərli sözü, cəsarətli çıxışları ilə diqqət çəkən, Azərbaycan –Ermənistan münaqiçəsinə həsr olunan Sovetlər qurultayında Sovet rəhbəri Mixail Qarbaçovun birtərəfli, qərəzli mövqeyinə etiraz edərək məntiqi cavab verən Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Ordu quruculuğunda fəal iştirak edən generallar – Zadir Rzayev, Fikrət Məmmədov, öz yüksək vətənpərvərlik nümunəsi ilə bütün xalqı ayağa qaldıran Azərbaycanın Milli Qəhrəmanə Mübariz İbrahimov, general-mayor Polad Həşimov, Macarıstanda Azərbaycan Bayrağının təhqir olunmasına görə ermənini qətlə yetirən Ramil Səfərov və xalqımızın taleyində silinməz iz buraxan digər mərd oğullarımız minnətdarlıq hissi ilə xatırlanır, əvəzsiz xidmətləri poemada öz yüksək poetik ifadəsini tapır.

Dünyanın müasir siyasi mənzərəsindən bəhs edən şair haqlı narahatlıq doğuran məqamlara da toxunmaya bilmir. Göstərir ki, Azərbaycan öz torpaqlarını döyüş gücü ilə geri qaytarsa da, ona ünvanlanan əsassız ittihamlar səngimək bilmir. Dünyanı yenidən bölmək cəhdləri gündəmə gəlib. Xüsusilə, dünyaya demokratiyadan, haqq-ədalətdən dərs deyən Fransa, Almaniya, Avropa Şurası... ölkəmizin qələbəsini həzm edə bilmir, nəyin bahasına olursa olsun, öz maraqları xatirinə Qarabağı əvvəlki vəziyyətə qaytarmaq üçün canfəşanlıq göstərirlər. Təbii ki, bu haqsızlıq da diqqətdən yayınmır. Müəllifin əsərdə haqsızlığa qarşı üsyan kimi səslənən aşağıdakı poetik misralarına diqqət edək:

Haqsızlıq görəndə kükrəyir hiddət,
Bir ölüm sonu var hər yamanlığın.
İnsana qisasdan gəlirmiş qeyrət,
Demə sonu yoxmuş qəhrəmanlığın.

Ümumiyyətlə, yüksək şeriyyət, axıcı dil və zəngin bədii ifadə vasitələri, obrazlı düşüncə... Xudaverdi Cavadın yaradıcılığına xas olan sənətkarlıq xüsusiyyətləridir. Bu baxımdan “Generalla söhbət” poeması uğurlu poetik axtarışların məhsulu kimi yüksək bədii dəyərə malikdir. Cəsarətlə demək olar ki, tariximizin ən mühüm məqamlarına güzgü tutan bu əsər müasir Azərbaycan poeziyasının zənginləşməsində mühüm töhfədir.

Bəxtiyar Hüseynov,
Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Yanvar 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see347

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see327

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see293

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see276

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see251

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see247

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see246

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see246

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see242

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see242

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see232

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see228

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see228

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see210

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see205

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see200

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see199

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see195

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see195

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri