Icma.az
close
up
RU
Sükan arxasında “TikTok” və həyatla oyun...

Sükan arxasında “TikTok” və həyatla oyun...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yol qəzalarında ölüm hallarının səbəbləri

Son illər yol hərəkəti təhlükəsizliyi sahəsində görülən tədbirlər müəyyən müsbət nəticələr versə də, qəza hadisələri hələ də cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevin açıqlaması vəziyyətin hələ də ağrılı olduğunu göstərir.

2025-ci ildə Azərbaycanda 1 252 nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 689 nəfər həyatını itirib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1427 qəza baş vermiş, 764 nəfər dünyasını dəyişmişdi.

Rəqəmlər hadisələrin sayında 12 faiz, insan tələfatında isə 10 faiz azalma olduğunu göstərir. Bu göstəricilər aparılan nəzarət və maarifləndirmə tədbirlərinin müəyyən səmərə verdiyini göstərsə də, problemin tam həll edildiyini deməyə əsas vermir. Yol-nəqliyyat qəzaları niyə azalmır?

Şöbə rəisinin açıqlamasına görə, yol-nəqliyyat hadisələrinin başvermə səbəblərinin böyük əksəriyyəti insan amili ilə bağlıdır. Sürücülərin və piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, məsuliyyətsiz davranış, özünə həddindən artıq güvən və diqqətsizlik qəzaların əsas səbəbləri sırasında qalır. Xüsusilə sürət həddinin aşılması, təhlükəli ötmə halları və diqqətin yayındırılması ən təhlükəli amillər kimi ön plana çıxır. Məhz bu diqqətsizliyin müasir dövrdə yeni və daha təhlükəli forması sosial şəbəkə asılılığıdır. Daha dəqiq desək, “TikTok” aludəçiliyidir. Bu gün yol qəzalarının bir hissəsi məhz rəqəmsal asılılıq və sükan arxasında diqqətin yayındırılması fonunda baş verir.

Psixoloq Vüsalə Əmiraslanova XQ-yə bildirdi ki, “TikTok” platforması qısa, dinamik və emosional videolar vasitəsilə insan beynində ani həzz mexanizmini işə salır. Onun sözlərinə görə, dopamin ifrazının artması istifadəçidə davamlı olaraq yeni videolar izləmək ehtiyacı yaradır və bu proses tədricən psixoloji asılılığa çevrilir:

– İnsan bir neçə dəqiqəlik fasilədə belə telefonu əlindən qoymaqda çətinlik çəkir. Təəssüf ki, bu vərdiş yüksək diqqət və məsuliyyət tələb edən sürücülük zamanı da davam edir. Bir çox sürücü sükan arxasında olarkən bildiriş səsi eşidən kimi, “bir anlıq baxım”, “iki saniyəlikdir” kimi düşüncələrlə yaranacaq təhlükəyə məhəl qoymur.

Halbuki elmi və praktiki müşahidələr göstərir ki, sürücünün yoldan gözünü cəmi 2–3 saniyə çəkməsi belə ağır nəticələrə səbəb olur. Saatda 60 kilometr sürətlə hərəkət edən avtomobil bu müddətdə 33.3–50 metrdən artıq məsafə qət edir. Bu, sürücünün qarşıdakı təhlükəni görməsi, vəziyyəti dəyərləndirməsi və vaxtında manevr etməsi üçün həyati əhəmiyyət daşıyan vaxtın itirilməsi deməkdir. Yol şəraiti isə daim dəyişkəndir. Qəfil yola çıxan piyada, anidən əyləc edən avtomobil, gözlənilməz maneə və ya hava şəraitinin dəyişməsi sürücüdən saniyələr içində düzgün qərar verməyi tələb edir. Məhz bu anlarda diqqətin telefona yönəlməsi avtomobilin faktiki olaraq nəzarətsiz hərəkət etməsi ilə nəticələnir.

Əslində, saatda 60 kilometr sürət əksər sürücülər üçün aşağı sürət hesab olunsa da, bu zaman avtomobil piyadanı vurduqda, onun ölüm ehtimalı 80 faiz artır. Sürət saatda 50 kilometr olarsa, tələfat riski 60, 40 kilometr olduqda isə 25 faizə düşür.

Məhz bu səbəbdən əksər inkişaf etmiş və yol hərəkətinin təhlükəsizliyi ilə fərqlənən dövlətlərin şəhərlərində əsas küçələrdə sürət məhdudiyyəti saatda 50 kilometr təşkil edir. Təəssüf ki, şəhərimizdə əsas küçələrdə sürət həddi saatda 60, hətta bəzi hissələrdə 80 kilometrdir.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, sürücünün təhlükəni görməsi ilə reaksiya verməsi arasında keçən vaxt reaksiya müddəti adlanır və bu müddət saniyələrlə ölçülür:

– Sürücü avtomobil idarə edərkən hər hansı təhlükə ilə qarşılaşdıqda əvvəlcə onu görür, dərk edir, daha sonra isə qərar qəbul edir. Reaksiya müddəti, adətən, 0,75–1,5 saniyə arasında dəyişir. İlk baxışdan bu zaman intervalı çox qısa görünsə də, yüksək sürətlə hərəkət edən avtomobil üçün bu saniyələr həlledicidir. Xüsusilə təhlükəli vəziyyətlərdə həmin müddət ərzində qət edilən məsafə qəza ehtimalını xeyli artırır.

Anlama müddətinin uzunluğu isə sürücünün diqqət səviyyəsindən, yorğunluğundan, stres vəziyyətindən, yol və hava şəraitindən, eləcə də sürücülük təcrübəsindən asılıdır. Yəni yorğun və diqqətsiz sürücülərdə bu müddət daha uzun olur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini yüksəldir.

Əminliklə deyə bilərik ki, telefonla mesaj yazmaq, video izləmək və ya “TikTok”da canlı yayım açmaq reaksiya müddətini 2 dəfəyədək qədər uzadır. Bu zaman sürücünün həm görmə, həm düşünmə, həm də reaksiya bacarıqları zəifləyir. Nəticədə əyləc gec tətbiq olunur, manevr düzgün hesablanmır və qəza riski kəskin şəkildə artır. Araşdırmalar sübut edir ki, sükan arxasında telefonla məşğul olan sürücülərin yol-nəqliyyat hadisəsinə düşmə ehtimalı dəfələrlə çoxdur və bu qəzalar əksər hallarda ağır xəsarətlər və insan tələfatı ilə nəticələnir.

Artıq bu məsuliyyətsizliyin nəticələri real nümunələrlə də təsdiqlənir. Məsələn, sosial şəbəkələrdə yayılan bir motosiklet videosu geniş müzakirələrə səbəb olub. Videoda paytaxt yollarında hərəkət edən motosikletçinin kəsişmədə “Mercedes” markalı avtomobillə toqquşması əks olunub. Kadrları diqqətlə izlədikdə aydın olur ki, sürücü sükan arxasında sosial medianı izləyirmiş. Kaskına taxılmış kameranın səsi, mesaj gələn zaman səsin kəsilməsi və toqquşma anında səslərin üst-üstə düşməsi göstərir ki, sürücünün diqqəti yola deyil, telefona yönəlib. Yolayrıcında sağdan gələn nəqliyyat vasitələrinə yol verməməsi isə ikinci ciddi qayda pozuntusu kimi diqqət çəkir. Buna baxmayaraq, sürücünün özünü haqlı çıxarmağa çalışması məsuliyyətsizliyin nə qədər dərin olduğunu açıq şəkildə göstərir.

Digər bir nümunədə, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq edərək bu hərəkətləri “TikTok”da paylaşan Tural İbrahimov diqqət şəkir. Sürücülük hüququ olmayan bu şəxs təkcə yol hərəkəti qaydalarını kobud şəkildə pozmayıb, həm də ictimai asayişi nümayişkaranə şəkildə pozaraq digər insanların həyatını təhlükəyə atıb. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.

Bütün bu faktlar göstərir ki, sükan arxasında “TikTok” istifadə etmək artıq tək-tək hallardan çıxaraq təhlükəli tendensiyaya çevrilib. Yol qəzalarının böyük hissəsi məhz bu cür məsuliyyətsiz davranışların nəticəsində baş verir. Sürücülər anlamalıdır ki, sosial şəbəkədə bir neçə “layk”, bir video və ya izləyici heç vaxt insan həyatından üstün ola bilməz. Sükan arxasında telefon, xüsusilə də “TikTok”, sadəcə diqqəti yayındıran vasitə deyil, potensial faciə mənbəyidir.

Bu təhlükəli davranışın arxasında bir sıra sosial və psixoloji amillər dayanır: – Ani populyarlıq və diqqət çəkmək istəyi, “trendə düşmək” arzusu, adrenalin və risk hissi xüsusilə gənc sürücüləri təhlükəli hərəkətlərə sövq edir. Həm də insanların bəziləri “TikTok”u qlobal səviyyədə qazanc mənbəyi görür. Bu səbəblərdən də bəzi sürücülər üçün real təhlükə arxa plana keçir, virtual aləmdə görünmək isə əsas məqsədə çevrilir. Halbuki bu görüntülərin arxasında dağılan ailələr, yarımçıq qalan talelər və geri dönməyən insan həyatları dayanır. Qaydaların nəticəsini yüngül qiymətləndirmək, “bir şey olmaz” düşüncəsi ilə məsuliyyəti üzərindən atmaq cəhdi isə bu faciələrin əsas səbəblərindən biridir.

Hər bir sürücü anlamalıdır ki, avtomobili idarə edərkən yolun hər metri, hər nişanı və hər manevri insan həyatını qorumağa xidmət edir. Diqqət həyat qurtarır, məsuliyyət isə yalnız şəxsi seçim deyil, ictimai dəyərdir. Bu dəyəri qorumaq isə hər birimizin borcudur.

Onu da qeyd edək ki, sürücülərin sükan arxasında telefondan istifadə etməsi qanunvericiliyə əsasən qadağandır və aidiyyəti dövlət qurumu tərəfindən bu kimi hallarla bağlı inzibati tədbirlər görülür. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunub. Məcəllənin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü 50 manat məbləğində cərimə edilir.

P.ƏFƏNDİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri