Icma.az
close
up
RU
Şükriyyə : taleyimiz, tariximiz və yaddaşımız

Şükriyyə : taleyimiz, tariximiz və yaddaşımız

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkan CƏFƏRLİ

Azərbaycanda yeni dramaturqlar nəslinin teatr səhnələrimizdə fəallığı və tamaşaçıların diqqətini özünə çəkməsi çox önəmlidir. Bəzən düşünülür ki, yeni nəslin pyes yazmağa, teatr üçün nələrsə etməyə marağı, gücü və istedadı çatmır. Bəzi məqamlarla razılaşmaq olar. Ancaq bu gün teatrlarımızda yeni tamaşalar, obrazlar və yanaşmalar da var. Bu baxımdan Cavid Zeynallının "Şükriyyə" pyesi əsasında hazırlanan tamaşanı xüsusi qeyd etmək istərdim. Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqında hazırlanan tamaşa həm də Azərbaycan qadınının böyüklüyünü, mərdliyini və sadiqliyini simvolizə edir. Şükriyyə xanım 1937-ci il oktyabrın 14-də həbs olunub. Ona 8 il həbs cəzası verilib və "xalq düşməninin arvadı" kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

Əvvəla bildirim ki, "Şükriyyə"də hadisələr o qədər canlı və axıcıdır ki, tamaşaçı səhnədə baş verənləri nəfəsini tutub izləməli olur. Tamaşanın həyəcan dolu səhnələri gərginliyi, bir o qədər də emosional atmosferi ilə yadda qalır.

"Şükriyyə"nin səhnə təcəssümü üç istiqamətdə tamaşaçını düşünməyə və nəticə çıxarmağa vadar edir: 1. Zamanın amansız qanunları və qəddar rejimin insanlığa sığmayan siyasəti. 2. İnsanın duyğu və hisslərinin bütün çılpaqlığı ilə nümayişi. 3. Böyük sevginin dolğun və aydın fraqmentlərlə təsviri.

Tamaşa dövrün ağır Stalin ab-havasını məharətlə nümayiş etdirir. Bir anlıq o dövrün soyuq ölüm nəfəsini duymuş olursan. Heç bir güzəştə yer olmayan soyuq bir ölüm maşınının cənginə düşürsən. Bu ölüm maşını "düşünən beyinlərin" yox olması üçün ixtira olunub.

İnsanın duyğuları müxtəlif olduğu kimi, heç də həmişə eynilik təşkil etmir. Tamaşanın əsas qayəsini təşkil edən insanlıq faciəsi və bəşəri duyğular bütün çılpaqlığı ilə səhnədə canlanır. Şükriyyənin Əhməd Cavada olan sevgisi böyüklüyündən əlavə, həm də o qədər incə və zərif təsvir olunur ki, tamaşaçı bunu bütün varlığı ilə hiss edə bilir. Müəllif və rejissor bu mənada alqışa layiq bir iş ortaya qoyublar. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşa sanki qaranlıq dünyanın fonunda işıqlı insanın sükutudur. İnsan faktorunun təsirli ifadəsi obrazların bütün əzab və məhrumiyyətləri ilə önə çəkilərək səhnə əsərini daha da maraqlı edir. Əlbəttə, burada aktyor işini də xüsusilə vurğulamaq lazımdır.

Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) istedadları ilə səhnə əsərinə məxsusi ovqat və rəng qatmağı bacarırlar.

İzlədikcə tamaşadan bir an olsun qopa bilmirsən. Zöhrə rolunu xüsusi qeyd etmək istəyirəm. Zöhrənin tamaşanın əvvəlində "Hələ başınız çox müsibətlər çəkəcək" sözləri adamın iliklərinə qədər işləyir. Çünki özünü səhnədə, hadisələrin içində hiss edirsən. Bir anlıq özünü 1937-ci ilin ağır məngənəsində, sanki o hissləri yaşamış biri kimi görürsən. Bu, çox vacib məqamdır. Tamaşanın düşüncə mexanizmində əsla pafosa və yersiz replikalara yer verilməyib. Çamadanların ifadə etdiyi məna yükündə asılı qalan fikirlər çox dərinə gedir. Ağrılı olsa da, bu, bir həqiqətdir. O çamadanların içinə insan taleyinin bütün ağrıları və kədəri sığışıb. Bu ağrı və kədəri daşımaq isə məhz çamadanların görüntüsündə qabardılır. Bu, Cavid Zeynallının hekayələrində də rast gəlinən tipik insan hisslərinin səciyyəvi təqdimatıdır. O baxımdan müəllifin "Coğrafiya müəlliminin pencəyi" hekayəsini qeyd edə bilərik.

Ümumiyyətlə, C.Zeynallının pyes təcrübəsi nisbətən az olsa da, onun yazıçılıq imkanları uğurlu işin ortaya çıxması üçün kifayət edib. Düzdür, tarixi olduğu kimi yazmaq, onu pyesə çevirmək elə də asan iş deyil. Ancaq əldə xeyli faktların olması bir az işi asanlaşdırır.

Teatrşünas alim İsrafil İsrafilovun da qeyd etdiyi kimi, çağdaş dünyanın teatr seqmentində müşahidə olunan dekonstruksiya meylləri (əslində, bu, meyl yox, baş verən faktdır - İ.İ.) və həmin dekonstruksiyanın təşəbbüskarları və müəllifləri olan teatr xadimləri çağdaş bədii yaradıcılıq ərazisində fəaliyyət göstərən rejissor sənətinə münasibətdə yetərincə güzəştsiz və tələbkar mövqe tutmaqdadırlar". Bu mənada gənc müəllif kimi Cavid Zeynallının teatr dünyasına addım atmağı olduqca cəsarətli və alqışalayiq bir hadisədir.

Tamaşa boyu hadisələr irəlilədikcə hiss və duyğuların çəkisi baxımından gedişat qismən ağırlaşır. Düşünürəm ki, bir az sentimentallığın dozasını azaltmaq olardı. Çünki bu ağırlıq müasir tamaşaçı üçün çoxdur. İndi tamaşaçı səhnədən aldığı stress və depressiyanı asan qəbul edə bilmir. Ancaq ədalət naminə deyilməlidir ki, bu tamaşada stress və depressiv hal ustalıqla, həm də təbii şəkildə çatdırılır.

Düşünürəm ki, tamaşanın auditoriyası yaş etibarilə 18-in üzərindədir. Bu, mənim şəxsi fikrimdir. Ola bilər ki, tamaşaçının psixololoji durumu ilə bu dəyişər. Bir sözlə, "Şükriyyə" psixoloji faktorlarla həm tamaşaçını özünə cəlb edir, həm də onu bir az gərginliyə salaraq bəlli məsafədə saxlayır. Misal üçün, dovşanların alma ağaclarının kökünü yeməsi və bunun qarşılığında bir tikə çörəyin həsrəti çox təsirli səhnələrdən biridir. Azyaşlı uşağın heç nədən xəbəri yoxmuş kimi oyuncağı ilə oynamağı isə ayrıca bir dərin məqamdır. Bu səhnə bəs edir ki, ötürülən əhvalı qəlbən duyasan.

Soyuq Sibiri iliklərinə kimi hiss etdirən səhnələrdə səs amili də xüsusi vurğulanmalıdır. Qatar səsinin kövrəkliyi və həsrəti fonunda duyğulanmamaq mümkün deyil. Bu qatar səsi milyonların ağrılarını ifadə edir. Sanki o səs milyonların ayrılıq naləsidir. O qatar səsində kədər, qəm, hicran iztirabı var...

"Şükriyyə" pyesi "bağışlamaq" və "bağışlanmaq" istəyinin ortaq məxrəci kimi, həm də bütün zamanların ritorik sualı olan "Həyatın mənası nədir?" sualına cavabdır. Həyatın mənasını getdiyin yoldan dönməmək, əqidənə sadiq qalmaq, ölümün üzünə dik baxmaq, sevginin gücünə inanmaq və beləliklə, tarixin parlaq səhifəsinə həkk olunmaq kimi böyük səadətin bir parçası olmaqda görən müəllif burada insanlığın faciəsi fonunda böyük amalların qalıcılığını da göstərmiş olur. İnsan iradəsinin azadlığı və bu iradənin gücü həm psixoloji, həm də fəlsəfi aspektdən çox aydın mənzərə ilə çatdırılır. Bu mənzərə təslim olmamaq, mənən kirlənməmək, ölümün şərəflisini seçmək, insan ləyaqətinin önəmini vurğulamaq kimi cəhdləri birləşdirir.

"Şükriyyə" pyesi müasir teatr anlayışına həm də varislik və tarixizm prinsiplərini yeni formatda təqdim etmiş oldu. Bu format daha real, inandırıcı və dəqiqdir. Tamaşaçı da reallığı, inandırıcılığı və dəqiqliyi ilk anlardan etibarən sezmiş olur. Bu fakt çox önəmlidir. Əgər belə olmasaydı, hadisələr sönük, tamaşa təsirsiz və maraqsız olardı. Ötürülən informasiya və əsas ideya səhnəyə ölü döl kimi düşərdi. Ancaq tamaşanın təbiiliyi və inandırıcılığı elə bir səviyyədədir ki, irəli sürülən ideya səhnədə canlı doğulur.

Bir də xüsusi olaraq qeyd etmək lazımdır ki, tamaşa zaman ölçümünə görə çox uğurlu reqlamentdədir, uzun-uzadı, yorucu deyil, lakonik və aydındır. Düşünürəm, bu da tamaşanı bir udum su kimi içib düşüncə süzgəcindən keçirməyə şərait yaradır.

Yekunda bir qənaəti də vurğulayım ki, zənnimcə, "Şükriyyə" tamaşası dünənin və ya bu günün yox, əsasən sabahın tamaşasıdır. Çünki tamaşanın özəyində duran "bağışlamaq" və "bağışlanmaq" arzusu dünən bitib, bu gün gerçəkləşməyib, sabah isə yenə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri