Icma.az
close
up
RU
Sülh ritorikası arxasında silah ehtirası

Sülh ritorikası arxasında silah ehtirası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Regiona sabitlik lazımdır, İrəvana isə “bahalı oyuncaq”

Ermənistanın Hindistanla silah sevdası hayların hələ də özünü hansı re­allıqda gördüyünü dəqiqləşdirə bilməməsindən qaynaqlanır. İrəvan məsələni özünün müdafiə potensialının gücləndirilməsi kimi əsaslandırsa da, onun bu addımı, əslində, təhlükəsizlik konsepsiyası ilə real siyasi davranış arasındakı ziddiyyəti üzə çıxarır. Belə qənaət formalaşır ki, sülh gündəliyindən danışan Paşinyan hökumətinin paralel şəkildə hücum xarakterli aviasiya və yeni silah platformalarına yönəlməsi, Ermənistanın gələcək kursunu müəyyənləşdirən strateji seçimdir. Proses ölkə daxilində də yeni xətti formalaşdırır. Bir tərəfdə regionda sabitliyə inteqrasiyanı nəzərdə tutan siyasi ritorika, digər tərəfdə isə həmin ritorikanı təkzib edən silahlanma xətti dayanır. Və ən əsası Ermənis­tan öz siyasi xəttinə xəyanət edir. Nəticədə ortaya həm diplomatik, həm iqti­sadi, həm də regional baxımdan cavabı açıq qalan sual çıxır — Ermənistan sülh modelinə keçmək istəyən ölkədir, yoxsa köhnə təhlükəsizlik instinktləri­ni yenidən canlandıran dövlət? 

Ermənistanın Hindistanla görünməmiş həcmdə – təxminən 3–4 milyard dollar dəyərində iri silah müqaviləsi barədə danı­şıqları son mərhələyə çatdırıb və bu paket­də əsas yeri Su-30MKI tipli çoxməqsədli qırıcılar tutur. Müxtəlif mənbələrdə 8–12 ədəd Su-30MKI üçün təxminən 3 milyard dollarlıq çərçivə razılaşmasından bəhs edi­lir, bəzi materiallarda isə sövdələşmənin ümumi həcmi digər sistemlərlə birlikdə 4 milyard dollara çatır. Noyabrın 3-də Er­mənistanın müdafiə naziri Suren Papik­yan “hələlik Su-30MKI üzrə imzalanmış müqavilə yoxdur” deyərək xəbərləri təkzib etmişdi. Lakin bəllidir ki, İrəvan bu addı­mı ötən ay Azərbaycanın Pakistan istehsalı olan 40 ədəd JF-17C Block-III qırıcı təy­yarəsi almasına cavab tədbiri kimi atır.

Rusiya ilə münasibətlərdə yaranmış gərginlikdən sonra Ermənistan 2022–2023-cü illərdə Hindistanla 1,5 milyard dollar­dan çox dəyərə malik müdafiə müqavilələri imzalayıb. Siyahıya Pinaka reaktiv yaylım atəş sistemləri, ATAGS haubitsaları, Akaş hava hücumundan müdafiə sistemləri, ZADS tipli anti-PUA kompleksləri, Kon­kurs tankəleyhinə raketləri və s. daxildir. Yəni Su-30MKI ətrafında müzakirə olunan 3–4 milyardlıq yeni sövdələşmə, əslində, son üç ildə formalaşan Hindistan–Ermə­nistan hərbi xəttinin kulminasiya nöqtə­si kimi görünür və öz miqyası ilə əvvəlki müqavilələri kölgədə qoyur. Ermənistanın Hindistanla silah alveri keçmiş münaqişə psixologiyasının davamı təsiri bağışlayır.

***

Nikol Paşinyanın 2018-ci ildə hakimiy­yətə gəlişinə qədər Ermənistanın ümumi dövlət borcu təxminən 6,5–6,9 milyard dol­lar intervalında idi. 2018-2024-cü illər ara­sında isə bu rəqəm 12,8–13 milyard dollara çatıb. Yəni cəmi 6 il ərzində borc demək olar ki, iki dəfə artıb. Faizlə ifadə etsək, təxminən 90–100 faiz artım diapazonun­dan danışmaq olar. Digər tərəfdən, borcun ÜDM-ə nisbəti 2018-ci ildə təqribən 55–56 faiz civarında idi, pandemiya, müharibə və siyasi sarsıntılar fonunda 2020–2021-ci il­lərdə 63 faizdən yuxarı səviyyəyə yüksəlib, daha sonra 2023–2024-cü illərdə təxminən 50 faiz zolağına geri enib. Amma nominal həcmdə borcun kəskin artdığı faktdır və bu artımın səbəblərindən biri məhz müdafiə xərclərinin rekord səviyyələrə yüksəlməsi ilə bağlıdır.

Müdafiə xərclərinin dinamikası bu təs­viri daha da konkretləşdirir. “Paşinyan təq­vimi” ilə hesablasaq, 1-ci, yəni 2018-ci ildə Ermənistanın hərbi büdcəsi təqribən 513 milyon dollar təşkil edirdi, 2023-cü ildə bu rəqəm 1,3 milyard dolları keçib, ötən il isə 1,4 milyard dollara yaxınlaşıb. 2018-ci ildə 245 milyard dram (təxminən 640 milyon dollar) olan müdafiə xərcləri bu il 667 mil­yard drama (təxminən 1,74 milyard dollar) qədər yüksəlib və bu aralıq dörd-beş il ər­zində hərbi xərcin dollar ifadəsində 1,1 mil­yard artırıldığını göstərir. Beləliklə, İrəvan hər il daha böyük payı müdafiəyə yönəldir, halbuki ərazi ölçüsü, iqtisadi potensial və real təhlükəsizlik tələbləri bu cür sıçrayışlı militarizasiyanı izah etmir.

Burada sual yaranır: bu qədər silah Er­mənistanı həqiqətən xarici təhlükələrdən sığorta edə bilirmi? Su-30MKI qırıcılarının gəlməsi üçün hava limanı infrastrukturu­nun yenilənməsi, texniki xidmət bazasının qurulması, pilotların uzunmüddətli hazır­lığı tələb olunur. Bu isə bir neçə milyard­lıq müqavilədən əlavə, illərlə davam edən əlavə xərclər deməkdir. Həm də nəzərə al­maq lazımdır ki, Ermənistan hava məkanını modern döyüş aviasiyası üçün real, inteqra­siya olunmuş hava müdafiə şəbəkəsinə çe­virə bilmir. Ona görə də bu tip silah müqa­vilələri hərbi balansdan daha çox siyasi nümayiş effekti yaradır. Yəni bu silahlar faktiki olaraq, dövlət borcunun artmasına gətirib çıxarır, amma Ermənistan cəmiy­yəti həm fiskal təzyiq, həm də davam edən riskli geopolitik oyunların yükünü daşıyır. Qısaca, məqalənin əvvəlində deyilən fikri bir daha təsdiqləmək yerinə düşər. İrəvan istifadə etməyi bacarmadığı həmin “oyun­caqları” Bakıya cavab görüntüsü yaratmaq üçün alıb.

***

Hindistanın öz motivləri isə ayrıca təh­lil tələb edir. Yeni Dehli son illərdə “Make in India” çərçivəsində müdafiə sənayesini ixrac platformasına çevirmək xətti götürüb və 2024-cü maliyyə ilində müdafiə ixra­cı 2,4 milyard dollar həddini keçib. Hədəf 2029-cu ilədək qədər bu rəqəmi 500 mil­yard rupi, yəni təxminən 5,8 milyard dollar səviyyəsinə çatdırmaqdır. Filippin, Vyet­nam, İndoneziya kimi dövlətlərlə yanaşı, Ermənistan da bu yeni ixrac strategiyasının sınaq poliqonlarından birinə çevrilib. Bura­da həm Rusiya bazarının zəifləməsi, həm Qərbin Ermənistana “siyasi sığorta” vermə­si, həm də Hindistanın Pakistan–Türkiyə–Azərbaycan xəttinə qarşı simvolik “geopo­litik cavab” nümayiş etdirmək cəhdi hiss olunur. Lakin bu labirintdə vacib məqam odur ki, bu siyasət nə Cənubi Qafqazda sülhü möhkəmləndirir, nə də Hindistanın Avrasiya nəqliyyat şəbəkəsində dayanıqlı tərəfdaş obrazını gücləndirir. Dehli indiyə qədər tanımadığı regiona, heç əyləşmədiyi masaya göz dikib.

Cənubi Qafqaz hazırda yeni nəqliyyat koridorlarının kəsişdiyi, ABŞ, Türkiyə, Rusiya, İran, Aİ və Çin kimi oyunçuların diqqət mərkəzində olan regiondur. TRIPP, Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (İNSTC), Qara dəniz li­manları, Trans-Xəzər dəmiryolu xətti – ha­mısı eyni coğrafiyada bir-birini tamamla­yan zəncir elementləridir. Belə bir məkanda silah ixracını diplomatik alətə çevirməklə İrəvan və Yeni Dehli mədəni körpülərin üzərindən barıt daşıyır. Halbuki Yeni Dehli üçün rasional model Azərbaycan, İran və Rusiya ilə nəqliyyat-logistika tərəfdaşlığı­nı dərinləşdirmək, Ermənistanda isə sivil infrastruktur və iqtisadi modernizasiya la­yihələrinə gələcəkdə sərmayə trendləri ya­ratmaq olardı.

İndiki templə Ermənistan müdafiə xərclərini bir neçə il ardıcıl 1,5–1,7 milyard dollar səviyyəsində saxlayarsa, borcun no­minal həcmi, çox güman ki, 15 milyard dollar həddinə yaxınlaşacaq və borc/ÜDM nisbəti yenidən 60 faiz zolağına çıxacaq. Əksinə, həmin vəsaitlərin sülh sazişinin icrasına, sərhəd rayonlarında infrastruktu­run yenilənməsinə, regiondaxili ticarətə və nəqliyyat-kommunikasiya xətlərinə yönəl­dilməsi Ermənistan iqtisadiyyatının ÜDM artım tempinə bilavasitə təsir göstərə bilər­di.

Reallıq ondan xəbər verir ki, Ermənis­tan bu gün iki model arasında seçim edir: ya borc hesabına alınan silahlarla özünü kağız üzərində “güclü orduya malik ölkə” kimi təqdim etmək, ya da həmin borcu re­giondaxili əməkdaşlıq, nəqliyyat dəhlizləri və sülh gündəliyinin maliyyələşdirilməsi üçün istifadə edən dövlətə çevrilmək. Bi­rinci yol siyasi ritorika üçün əlverişlidir, amma uzun illər boyu Ermənistan cəmiy­yətini borc ödənişlərinə və hərbi risklərin kölgəsinə məhkum edir. İkinci yol isə həm Bakı–İrəvan sülhünün məzmununu real iqtisadi qazanclarla doldurur, həm də Hin­distan kimi üçüncü ölkələrə bu coğrafiyada sivil, iqtisadi əsaslı iştirak imkanı açır.

Hindistanla Ermənistan arasında mü­zakirə edilən 3,5–4 milyard dollarlıq silah müqaviləsi Cənubi Qafqazın gələcək onil­liklərdə hansı model üzrə inkişaf edəcəyini müəyyən edə bilər. Ya region geoiqtisadi dəhlizlərin, sülh və inteqrasiyanın platfor­masına çevriləcək, ya da silah müqavilələri vasitəsilə qlobal rəqabətin yeni cəbhə xətti kimi yenidən dizayn olunacaq. Və burada qərar verən təkcə Ermənistan və Hindistan deyil – Azərbaycan da öz tranzit imkanla­rı, diplomatik çəkisi və sülh gündəliyi ilə bu oyunun qaydalarını formalaşdıran əsas oyunçulardan biridir. Yeni Dehlinin əlinə elə bir fürsət düşüb ki... Hindistan həm cibi­ni doldurur, həm də Pakistanla olan ədavə­tinin acığını çıxmağa çalışır. Ermənistan da, öz növbəsində, Bakı ilə silah yarışında önə keçməyə səy göstərir. İrəvanın bəslədi­yi mənasız ambisiya Cənubi Qafqazı yeni­dən köhnə psixologiyanın orbitinə qaytarır. Amma unudulan odur ki, region artıq o deyil. Burada oyunun nəticəsini silahı çox olan yox, gəldiyi yeri və gedəcək istiqaməti dəqiq bilən tərəf müəyyənləşdirir.

Tural İSMAYILOV,
siyasi şərhçi

Belə bir müqavilə, əgər reallaşarsa, ölkənin maliyyə öhdəliklərini ağırlaşdıra­caq, borcun gələcək xidmət yükünü artıra­caq və büdcə xərclərində ciddi disbalansa gətirəcək. Sosial xərclər, infrastruktur la­yihələri, təhsil və səhiyyənin maliyyələşdi­rilməsi azalacaq – çünki borcun faiz və əsas məbləğ ödənişləri öncəlik götürüləcək.

Silahlanmaya yönələn xərclər həm də regionda sülh prosesinə mənfi siqnal göndərir. Hazırda sülh danışıqları gedirsə, silahlanma planları həmin dialoqun eti­mad atmosferinə kölgə sala bilər. Belə bir addım, görünən odur ki, yalnız qısamüd­dətli “güc mesajı”dır – uzun müddətdə isə Ermənistanın iqtisadi dayanıqlılığını və sosial rifahını sarsıda bilər.

Hazırda regionda sülhə və dialoqa meylli addımlar vacibdir. Hərbi xərc­lər və silah müqavilələri isə bu prosesə mane olur. Ermənistanın silah alışı planı, xüsusən də belə böyük məbləğə hesab­lanmışsa, sülhə getmək əvəzinə, eskala­siyaya yönəlik mesajdır. Bu cür addımlar beynəlxalq aləmdə Ermənistanın sülh tərəfdarı deyil, silah tərəfdarı kimi baxıl­masına səbəb olur. Diplomatik imic üçün bu, ciddi riskdir. Bundan əlavə, belə bir müqavilə sosial risklərlə yanaşı, siyasi riskləri də artırır. Borc yükü artanda, hö­kumət üçün sosial problemləri aradan qal­dırmaq daha çətin olur. Bu isə uzunmüd­dətli sabitliyi təhdid edir.

Beləliklə, silahlanma planları ilə sülh gündəliyinin eyni anda aparılması – həm daxildə, həm regionda – etimad və balan­sın pozulmasına aparan ziddiyyətli stra­tegiyadır. Eyni zamanda silah müqaviləsi bölgədə təlatümü dərinləşdirir. Regionun sülhə və sabitliyə ehtiyacı var – ancaq bu ehtiyac silahlanma ilə yox, dialoq, iqtisadi investisiya və sosial siyasətlə təmin oluna bilər.

Əgər Ermənistan hökuməti prioritet­lərini düzgün qiymətləndirərsə – borcu idarə edə, silah xərclərini azaltmaqla, sosial, iqtisadi və infrastruktur inkişafına yönəlsə – bu, həm ölkə üçün, həm regi­on üçün uğurlu strategiya olar. Amma davamlı borclanma, silahlanma və sülh dialoquna zidd siyasət həm Ermənistanın gələcəyini təhlükəyə atır, həm də regionda sabitliyi sarsıda bilər.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see494

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see299

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see252

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri